Qəlb necədirsə,
həyat da elədir!...
ELÇİNİN AD GÜNÜNƏ
Biri var idi, biri yox idi, İlyas adlı bir oğlan var idi. O, çox açıqürəkli bir uşaq idi. Hər gün atasıynan ova gedər, atasını seyr edərdi. İlyasın atası da çox yaxşı insan idi, ailəsinin ehtiyaclarını qarşılamaq üçün əlindən gələni edirdi. Ovda atasını seyr edərkən İlyasın həmişə atasının öldürdüyü heyvanlara və quşlara yazığı gələrdi, ona görə də atasıyla ova getməyi heç istəməzdi. O atasından soruşanda ki, niyə məni özün ilə ova aparırsan, atası belə cavab verərdi: “Bax, oğlum və öyrən. Bir gün mən qocalanda sən mənim yerimə ova gedib bizim üçün pul qazanıb yemək gətirəcəksən”.
İlyas 14 yaşına çatanda atası onu birinci dəfə ova göndərdi. O, bu işi bacarmalıydı, yoxsa atasının, anasının üzünə necə baxardı? İlyas bir-iki saat meşədə heç bir heyvana rast gəlmədi və sonra uzaqdan bir ceyran gördü. O heç istəmirdi, amma məcbur idi, ona görə uzaqdan atəş açdı. Lakin güllə ceyrana yox, ağaca dəydi. Ceyran güllənin səsini eşidib qaçmaq istədi, amma İlyas artıq ona yaxınlaşırdı. İlyas ceyrana çatanda o yerində niyəsə durmuşdu və tərpənmirdi. İlyas öz-özünə “bu niyə belə durub” – deyərək, ceyranı nişan aldı və nişan aldıqdan 1 saniyə sonra onun gözünün qabağına çoxlu ceyran balaları gəldi. Onlar öz aralarında oynamağa başlamışdılar. İlyas bu mənzərəyə baxarkən ağlamağı gəlirdi: “Mən bu ceyranı öldürsəm, balaları da aclıqdan öləcək və heç vaxt xoşbəxt ola bilməyəcəklər”. Bunların hamısı ancaq ona görə olacaqdı...
İlyas evə çox üzgün qayıtdı və atası soruşanda ki, pul, ya yemək qazana bildin, o, atasına yox cavabı verdi. Günlər keçirdi, İlyas ova gedə bilmirdi, ona görə də hər gün bazarda işləməli, 1 manat qazanıb, ailəsinə ancaq yemək olaraq, çörək və biraz da su gətirməli olurdu. Qoca atası hər gün İlyasa görə ova gedir, amma qoca olduğundan çox vaxt evə heç bir şey gətirə bilmirdi.
Bir gün İlyas ancaq çörək yeməkdən bezib, yenidən özünü ovda sınamaq istədi. O bu dəfə quş vurmağa qərar verdi. İlyas öz-özünə deyirdi ki bəzən qara quşlar insanları incidirlər, ona görə mən bir balasız qara quş tapsam yaxşı olar. İlyas göydə qara bir quş gördü və onu nişan alanda göydəki gözəlliklər – buludlar, Günəş, göy səma və bunlarla bərabər çoxlu balaca quşlar onun gözünün qabağında canlanmağa, uçmağa başladılar...
İlyas evə qayıdır və öz-özünə fikirləşirdi ki, balasız ayı tapsam, yaxşı olar. Heç olmasa dərisini satıb bazardan yemək ala bilərəm. Ayılar da insanları incidirlər axı...
....Və İlyas uzaqdan bir ayı gördü. Ayı nə silahı, nə də İlyası görürdü. Və yenə də... üç ayı balası İlyasın gözünün qabağında oynamağa başladı....
Əslində o balaca quşlar, balaca ayılar, balaca Ceyran balaları
orda yoxuydular. Sadəcə İlyas böyükürəkli
olduğu üçün
onun gözlərinin önünə öz beyninin dediyi yox, ürəyinin dediyi gəlirdi. İlyas görürdü ki, bunlar necə xoşbəxt bir ailədir və o onların sevincini dağıtmaq istəmirdi.
Beləliklə İlyas
heç bir heyvanı vura bilmirdi, amma öz-özünə deyirdi:
“Kaş bu heyvanları vura bilsəydim. Heyvanlar, quşlar insanı
incidə bilir. Mən isə onları incidə bilmirəm!!!”
Belə düşünərək İlyas
evə qayıdırdı
ki, birdən qabağına 5 böyük
ayı, 20 qara quş və 5 ceyran çıxdı. İlyas düşündü
ki, hə, mənim axırım gəldi. Bunlar indi məni
yeyəcəklər. Gərək bunları
vaxtında öldürəydim,
ancaq mənim ürəyim buna razı olmadı.
Heyvanlar İlyasa yaxınlaşdıqça,
İlyasın qorxusu
get-gedə artırdı. Heyvanlar
isə İlyasın ətrafında durub oynamağa başladılar
və İlyas onda başa düşdü ki, əgər sən bir şeyə zərər verməsən,
o da sənə zərər verməz...
10.05.10, Bakı
Eldar SALAYEV
525-ci qəzet.- 2010.-
13 may.- S.7.