Uğurlu və əbədi yazıçı
ömrü
Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm”i ilə erkən gəncliyimdə rastlaşmışam. Fəlsəfi örtüyə bürünmüş ilahi məhəbbətin təmiz havası bu əsərdən məni elə vurub ki, həmin vaxtdan Elçin mənim sevimli yazıçılarımın siyahısında ön cərgədə öz yerini tutub. Sonrakı dövrlərdə oxuduğum “Ölüm hökmü” isə stalinizm dövrünün bütün dəhşətlərini əslində olduğu kimi qavramağıma yardım edib. “Ölüm hökmü” ilə mən çox yox, yaşadığım dövrdən cəmi 70-80 il əvvəl gah dövrün tələbinə uyaraq, gah da mənəviyyatsızlıq bataqlığına sürüklənmiş vicdanları ilə təkbaşına qalan insanların fitvasıyla yaşanan faciələrin əsl miqyasını dərk etdim. Mən onda anladım ki, məclisdə ilk badəni “ulu rəhbər”in, “ellər atası”nın şərəfinə qaldırmamaq, öz övladının yanında belə həqiqəti dilə gətirə bilməmək necə olur... Onda anladım ki, 37-ci illər repressiyasının insanların beyninə yeritdiyi zəhərli ideologiyanın təsiri ilə insanlar cismən məhv edilməkdən əlavə, onların inamı öldürülüb. Yəqin ki, həmin vaxtlarda insanları daha çox qorxudan da, qaranlıqda qapılara gələn qara-qara maşınların içərisinə basılıb aparılan insanların qara taleyindən daha çox, rejimin insanların bir-birinə bəslədiyi inamını öldürməsi idi. Çünki dünyada ən dəhşətli şey insanın inamını, ümidini-uğrunda yaşadığı ən başlıca nəsnəni öldürməkdir. Elçinin sözügedən əsərində də daha çox insan inamına kəsilən ölüm hökmünün tragediyası öz əksini tapıb. Amma ölüm həm də həqiqətlərin üzərinə örtülən yalan pərdələrini qaldırmağa, haqqı ortaya çıxarmağa kömək edir. Bu baxımdan “Ölüm hökmü”ndə əsl həqiqət elə ölümün vasitəsi ilə oxucuya çatdırılıb.
Elçinin “Bir görüşün tarixçəsi”, “Dolça”, “Toyuğun diri qalması”, “Hövsan soğanı”, “Gül dedi Bülbülə”, “Ömrün son səhəri”, “Mehmanxana nömrəsində görüş”, “Dünyanın bəxtəvəri” və digər çoxsaylı əsərlərində məzmun və məna yükünün orijinal ifadəsi oxucunu düşünməyə vadar edir.
Amma məni Elçin yaradıcılığında daha çox ovsunlayan haqqında çox az söz açılan yazıçının cib dəftərindən qeydlərdir. Bu qeydlərdə məni sehirləyən başlıca amil burada xalq yazıçısının əsl yaradıcılara məxsus öncəgörənliklə gələcəyi qələmə ala bilmək bacarığıdır. Onun yol qeydlərində, qısa oçerklərində bəsirət gözü ilə gördüyü hadisələrin sonradan həyata keçməsi heyrətləndiricidir. Bunu xüsusilə yazıçının Ankarada olarkən yazdığı “Bir kərə yüksələn bayraq” yazısında görmək mümkündür: “İndi elə bil ki, “Dədəman” otelindəki bu nömrənin pünhanlığı içində mən üç dəfə deyilmiş o “Azərbaycan” kəlməsinin pıçıltısını eşidirəm. “Bir kərə yüksələn bayraq bir daha enməz!” Görəsən doğrudanmı belə olacaq? O üçrəngli bayraq haçansa yenə də Azərbaycanı təcəssüm edəcək? Nə zaman? Beş ildən sonra? On ildən sonra?” 1988-ci ilin 23 may tarixində yazıçının öz-özünə bu sualı verməsi təsadüfi idimi? Bəlkə də bu əsl söz adamlarına məxsus uzaqgörənliyin təzahürü idi idi? Yaxınlaşan o günü yazıçı hiss edirdi... 5-10 il də yox, aradan cəmi üç il keçəcəkdi... O müqəddəs bayraq yenidən yüksələcəkdi...
Xalq yazıçısının 1987-ci ildə, Mərdəkanda qələmə aldığı “Ağabəyim ağa” yazısında o, sanki yenə də baş verəcək faciələri əvvəlcədən görür: “Əslində hər adamın içində öz Şuşası var, bəzən heç bundan özünün xəbəri olmur, amma ürəyi o şüşənin içindədi, öz Şuşasındadı ...Bu nə müdriklik dərsidi belə mən verirəm? Bu nə nəsihətdi belə?...”
Sanki hər şey – Qarabağla bağlı həsrət, nisgil, ağrı, hələ Şuşa işğal olunmamışdan əvvəl yazıçının ürəyinə dammışdı... Kaş ki onda bilsəydik... Kaş ki onda bu yazıların ilahi bəsirət dərinliyinə varsaydıq...
O adda-budda qeydlərə hərdən indi də nəzər salanda fikirləşirəm ki, bəlkə xalq yazıçısı yenə çox yaxın gələcəyin xoş proqnozunu hiss edərək cib dəftərinə nələrsə yazır... Bəlkə elə o qeydlərdə bizim Qarabağa qayıdışımıza işarə edən nələrsə var...
Ədəbiyyatın canlı klassiki bu gün – mayın 13-də ömrün 67-ci yazına vida deyəcək. Nəhs hesab olunan bir gündə dünyaya uğurlu bir yazıçı ömrü yaşamağa gələn söz ustadı kamillik yaşına SÖZlə gedir. Onu SÖZ gələcəyə aparır, ona SÖZ verilib. Bu SÖZü maestro Niyazinin vəfatı münasibətilə yazdığı “İllər keçəcək” yazısında görmək olar. O, yenə də öncədən hər şeyi görməyi bacarıb: “Xalqının hissləri ilə yaradan sənətkar heç vaxt xalqından uzaq düşmür, yüz illər keçir və keçir, amma sənətkar öz xalqı ilə birlikdə olur...bu yerdə ölüm gücsüzdür”.
Xalqa bağlı 67 iliniz mübarək, əziz xalq yazıçısı! Xalqımızın
yaşı qədər
ömrünüz olsun!
SARA
525-ci qəzet.-
2010.- 13 may.- S.7.