Orta əsrlər Yaponiyasına səyahət

 

(Əvvəli ötən saylarımızda)

 

Romandakı daymyo Toranaqa obrazı müxtəlif situasiyalarda təsvir edilir. Onun müdrikliyi addımbaşı öz təsdiqini tapır. O, şahinlə ov etməyi də çox xoşlayırdı və bilirdi ki, bu yırtıcı quş onu tərk etdikdən sonra başqa quşları və kiçik heyvanları öldürəcək, istədiyi vaxt öz ovunu yeyəcəkdir. Şahin vəhşi varlıqdır, özünə gəldikdə isə müvəqqəti olaraq yerə bağlı ağadır. Şahinin caynaqları ölüm silahı olmaqla, onun gücü çatdığı canlıları məhv edə bilir. O öz qürbanını caynaqlarında tutub, onu yeməkdən əvvəl dimdiyi ilə tüklərini didməyə başlayır. Toranaqa Ancin-sanı geniş qanadlı şahin deyil, tələ yeminə aldanan quzğun hesab edirdi. Toranaqa rəhm etməyi bacarmırdı, oğlunu və arvadını da öldürmüşdü. Onun özünü də xəbərdar etdirdilər ki, İşido səni körpə uşaq öz anasının döşünü əmən kimi əməcəkdir.

Mariko-san ingilisə öyrədirdi ki, Allah və Şeytanın heç nəyə dəxli yoxdur. Daxili aləm və Zahiri aləmin də, həyat və ölümün də heç nəyə dəxli yoxdur. İndi özün kimi ol, üzərinə həyat dalğalarının əbəs yerə hücum çəkdiyi qaya kimi ol. Bir şeirdə deyildiyi kimi, “Göy Günəş tərəfindən qarsalanır, göz yaşları ilə doludur. Ancaq meşə külək tərəfindən yaralanır, ölü yarpaqlarla ağlayır”. Əlavə edirdi ki, “Mən əgər sözlərdən xəzan yarpaqlar kimi istifadə edə bilsəydim, mənim şeirlərim necə də tonqal qalayardı”.

Yaponların öz dini olan Şinto Kami yolu hesab olunur, min il bundan əvvəl Buddanın yolu olan Buşidodan fərqləndirilmək üçün bu seçilmişdi. Şintoistlər inanc gətirirlər ki, onlar öləndə kamiyə çevrilirlər. O ruha bənzəyir, lakin həm də bənzəmir, Günəşə bənzəyir, lakin həm də bənzəmir də. O göylə yer arasında mövcuddur və Allahın da bu torpağına səfər edirlər və ya onu tərk edirlər, bunların hamısı eyni vaxtda baş verir. Şinto miflərin və əfsanələrin təbiət kultudur, bu əfsanələrdə heç kəs bütünlüklə buna ürəkdən inanmır, həm də hər kəs ümumi qaydada buna pərəstiş edir. Şəxs o vaxt Şintoda olur ki, o, eyni yolla yapon kimi doğulmuşdur.

Ritual yaponların həyatını idarə edirdi, çünki səltənət itaət demək idi. Aşağı daymyolar daha vacib olanları görəndə atdan düşüb, ona baş əyməli idi. Bərabər səviyyədə olan daymyolar görüşdükdə, bu vaxt atdan düşməli və bərabər qaydada baş əyməli və özlərinin ayrıca yolları ilə getməli idilər.

Nəhayət ingilislə Mariko – sanın məhəbbəti axırıncının özünü qurban verməsi hesabına zəfər çaldı. Ancin- sanın ehtirasına cavab olaraq bu gözəl, ağlılı və mərd qadın ona deyirdi ki, əgər mən səninlə tək qalsaydım yalvarmaqla dolu qışqırığın kainatı tutana qədər səni öpərdim. Çünki mənim həyatım səninlə doludur. Görünür doğrudan da həyat yuxu içərisindəki yuxudur.

Mariko-san ingilislə sevgilisinə görə ərinə xəyanət etmiş hesab olunduğundan öz ölümünə hazır idi və ərinə dedi ki, sənin həyatın mənim məqsədimdir. Əri onu döysə də ölümünə razı olmadı.

Lakin Marikonun başı üzərindən ölüm buludu çəkilmirdi. Osakanı tərk etməmək barədə İşidonun əmri qarşısında əlacsız qalıb, ağası Toranaqaya sədaqət naminə qadın özünü öldürməli idi. Seppukunu icra edərkən İşido son anda ona şəhərdən çıxmağa icazə verdiyi barədə imzaladığı sənədi göstərdi və onun özünə sui-qəsdi baş tutmadı. Lakin İşidonun hiyləsinə uyğun olaraq nindzyaların hücumu vaxtı bomba partlamasında Mariko öldü, Bləksorn isə gözlərindən ağır yara aldı. Marikonun cəsədinin yandırılması mərasimində daymyolarla yanaşı heç nəyi görə bilməyən onun ingilis sevgilisi də iştirak edirdi. Müalicə nəticəsində sonralar onun gözlərinin görmə qabiliyyəti bərpa olundu.

Ancin-sanın igidliyini Toranaqa da qiymətləndirirdi, adamlarına göstəriş vermişdi ki, ona hörmətlə yanaşsınlar. Axı ingilis onun özünün və Marikonun həyatını bir neçə dəfə xilas etmişdi. İngilis şturman Osakadan qaçmağa çalışan Toranaqanın həyatını ağlı və şücaəti hesabına başının üstünü alan ölümdən uzaqlaşdırmışdı.

Bləksorn Osakada olarkən gəmisinin yandırıldığını eşitdi. Bu onun vətənə qayıtmaq ümidlərini məhv edirdi. Həmin hadisənin səbəbini Marikonun hələ Edoda olarkən ona yazdığı ilk və axırıncı məktubundan öyrəndi. Yapon qadını xahiş edibmiş ki, ingilis sağ qalsa məktub ona verilsin. Mariko latın dilində yazırdı: “Mən səni sevirəm. Bu məktubu oxumamışdan əvvəl mən Osakada öləcəyəm, güman ki, mənə görə sənin gəmin də məhv olacaqdır... Mənim məhəbbətim, ya səni, ya da sənin gəmini seçmək lazım idi. Bağışla, mən sənin üçün yaşamağını seçdim. Başqa gəmi və başqa həyat qur... Mənim yapon duam – hara deyir ki, sonrakı həyatda necə olursa-olsun mən sənə sevinc gətirəcəyəm və nə qədər sən varsan, səninlə olacağam”.

Toranaqa daymyo Yabunun ona xəyanət etdiyindən halı olsa da, buna uzun müddət dözmüşdü. Lakin əlverişli vaxt yetişən kimi onu seppuku etməyə məcbur etdi. Yabu ölümündən əvvəl kağız, mürəkkəb və fırça istədi ki, öz iradəsi və ölümü barədə şeir yazsın. Onu öz doğma qardaşı oğlu Omi də Toranaqaya satmışdı. Şeirdə bu sözlər var idi:

 

“Nədir buludlar?

Göyə haqq qazandırmaq üçünmü?

Nədir həyat?

Yalnız ölümdən qaçmaq üçünmü?”

 

Toranaqa özünü təhlil etməyi də bacarırdı. Düşünürdü ki, onun doğulduğu həyat nadir nümunədir, səhrada qəflətən qarşıya çıxan çiçəyə bənzəyir, bunun karmadan başqa bir səbəbi yoxdur, bu çiçək tez açılır, tez də yoxa çıxır. İndicə ovucundan uçurduğun şahin ov üçün uçur və şikarı ilə geri qayıdacaqdır. Bir ya iki mövsümdən sonra həmişəlik yoxa çıxmaq üçün o da özünü hava axınına atacaqdır.

Özünü aldatmağa dəyməz, bu məhvedicidir.

Toranaqa ingilisin Marikonun yaxşı və faciəli vaxtlarda, hətta həyatının qışında da sevdiyini bilirdi. O qadın daim onun arzularının sərhədində idi. Və qadına haqq qazandırmaq üçün Toranaqa ürəyində deyirdi ki, Mariko – san şərəflə ölmək və əbədi yaşamaq sənin karman idi. Bu fikirlərinin sapını çözərkən ingilisə müraciət edirmiş kimi dedi: “Ancin – san sən mənim dostumsan, karmana görə sən heç vaxt bu torpağı tərk etməyəcəksən. Mən isə Şoqun olmalıyam”.

Toranaqanın öz məqsədinə çatması naminə çoxları həyatdan məhrum oldu.

Nəhayət, o, İşido üzərində də qələbə çaldı. Həmin ilin onuncu ayının bir sübh çağı Şimal yolunun kənarındakı dağlarda hava dumanlı idi. Toranaqa günortadan sonra döyüşdə qalib gəldi və qətl tufanı başlandı. Qırx min baş yerə sərildi. İşidonun özü əsir götürüldü və camaata göstərilmək üçün öz şəhəri Osakaya zəncirlənmiş şəkildə gətirildi. Vaxtilə bu şəhərdə o, Toranaqanı öldürmək istəmişdi, lakin ingilis özünü dəliliyə vurmaqla axırıncını xilas edə bilmişdi. İşido boğazına qədər torpağa basdırıldı və yoldan keçənlər onun boynunu bambuk çubuğunun iti ucu ilə mişarlayırdılar. Üç gün sonra İşido öldü. Toranaqanın Şoqunluğa yolu açılmışdı və az vaxtdan sonra o, arzusuna çata bildi.

Kitab orta əsr Yaponiyası barədə geniş məlumat mənbəyi olmaqla yanaşı, böyük maraqla oxunur. XVIII əsrin sonu, XIX əsrin birinci yarısında yaşayıb yaratmış böyük yapon rəssamı Hokusay Katsşikonun “Fuci dağına yüz baxış” tablolarına baxdıqca stixiyanın möcüzəli qüdrətinə heyran olduğun kimi, romanda təsvir olunan insan təbiətinin gizli cəhətlərinə, ehtirasların hədd tanımamasına laqeyd qala bilmirsən. Yapon etikasının yad görünən cəhətləri belə, bu xalqın tarixinə olan marağı heç də azaltmır, əksinə bu insanların müəmmalı görünən həyatına və davranış tərzinə daha yaxından nüfuz etmək istəyi yaradır.

Ceyms Klavellin əsəri tarixi faktlara əsaslanır. Baş qəhrəman Con Bləksorn obrazında 1600-cü ildə ilk dəfə Yaponiyaya gələn britaniyalı dəniz səyyahı, şturman və tacir Uilyam Adams təsvir olunmuşdur. O, Toranaqa obrazında verilmiş şoqun Tokuqava İeyasunun müşaviri olmuş və ona qərb gəmisi modelində ilk gəmini düzəltdirmişdi. Şoqun İeyasu Yaponiyda mərkəzi dövlət yaratmış və Tokuqava şoqunları sülaləsinin əsasını qoymuşdu. Kitabda cərəyan edən hadisələrdən üç il sonra – 1603-cü ildə o, imperatoru məcbur etdi ki, ona şoqun titulunu versin və bu vaxtdan Edo dövrü kimi tanınan Tokuqava şoqunatının 250 illik idarəçilik dövrü başlandı. İki il sonra o, hakimiyyəti oğluna versə də, faktiki olaraq ölkənin idarə edilməsini davam etdirdi. Ancin-sama adı altında tanınan Uilyam Adams isə böyük nüfuz sahibinə çevrildi və bir daha vətəninə qayıtmadı, 1620-ci ildə 55 yaşında vəfat etdi. Axı İeyasu qərara almışdı ki, şkiper Uilyam Adams ölmüşdür və samuray Ancin Miura doğulmuşdur.

Lakin romanı heç də etnoqrafik məlumatlar məcmuəsi hesab etmək düzgün deyildir. Əsərdəki qəhrəmanlar müxtəlif əqidəli, mənəviyyatlı insanlardır, bu fərqli həyat tərzləri və talelər tam təsadüfi olaraq bir-birinə birləşmiş, qovuşmuşdur. Rəngarəng saplar hörülüb naxışlı xalça əmələ gətirdiyi kimi, romanda da düşüncələri və hərəkət prinsipləri bir-birinə bənzəməyən adamların dünyasından böyük bir həyat kəsiminin maraqlı mənzərəsi yaranmışdır.

Qədim tarixə sivilizasiyaya malik olan bu xalqın özünəməxsus həyat fəlsəfəsi qəribəlikləri ilə yanaşı ibrətamizdir. Təbiətin xeyli xəsislik göstərdiyi, ancaq sakinlərinin nəsillər boyu iradəsi zəhməti ilə gözəlləşən zənginləşən bu ölkəyə heyran olmamaq mümkün deyildir. Sadəcə olaraq bu ölkəyə açıq ürəklə yanaşmalısan, əvvəlcədən gəldiyin düzgün olmayan rəyi kənara atmalısan. Onu ağılla dərk etmək mümkün deyilsə, ürəklə anlamaq lazımdır. Ernest Heminqueyin bir gözəl şəhər haqqında dediyi sözləri bu ölkəyə şamil edib, demək istəmirəm ki, oxucu, Yaponiya həmişə sənin üçün bayram olacaqdır. Ancaq bu ölkəni dərk etmə adama yalnız sevinc gətirəcəkdir. Təbiətə pərəstiş edən bir xalq, əgər bunu dini ehkama çevirmişdirsə, ən azı hələ min il əvvəl gözəlliyin dünyanı xilas edəcəyi mülahizəsinə gəlməyi bacarmışdı. Bu xalq insanın öz həyatının, öz xoşbəxtliyinin yaradıcısı olması barədə qədim yunan fəlsəfəsinin irəli sürdüyü ideyanı gerçəkləşdirə bilmişdir. Lakin yaponlar heç sadə bir şəkildə olan, nəfsini saxlayan həyat tərzini, xarici aləmin həyəcanlarından uzaqlaşmaq, könül sakitliyinə qovuşmaq prinsipini qəbul etmirlər. Onlar əylənməyi, şadlanmağı da bacarırlar. Onların saldığı şəhərlərə, tikdirdikləri körpülərə, estakadlara baxanda elə təsəvvür yaranır ki, hər bir nəsil elə bil ki, əbədi yaşamağı düşünür, şənlik etmələrinə, əylənmələrinə, yeyib-içməklərinə, sakuranın cəmi bir həftə davam edən çiçəklənməsinə qibtə olunan bir heyranlıqla tamaşa etmələrinə baxdıqda isə, adama elə gəlir ki, onlar ömürlərindəki axırıncı fürsəti əldən vermək istəmirlər.

Yaponiya təbiəti insana qarşı heç vaxt əliaçıqlıq göstərməmişdir, ona həyat nemətlərini asanlıqla verməmişdir. Belə şərait adamları zəhmətə alışdırırdı, zəruri yaşayış şərti kimi əməksevərliyə sövq edirdi. Təbiətdən heç nəyi hazır şəkildə ala bilməyən yapon daha çox öz qüvvəsinə, səyinə bel bağlamışdı, lap qədim dövrlərdən bu qaydada formalaşmışdı. Axı insan cəmiyyətinin uşaqlığı da öz xüsusiyyətlərinə malikdir. Tərbiyəsiz uşaq da, yaşlı adamlar kimi ağıllı hərəkət edən uşaqlar da olur. Qədim yaponları yəqin ki, normal uşaqlar saymaq olardı, çünki onlar öz gələcək inkişafları üçün belə möhkəm bünövrə yaratmışdılar. Bu gün bu xalq müasir sivilizasiyanın inkişafına nəhəng töhfələr verir. Yaponların öz vətənlərini insanın firəvan yaşaması üçün lazım gələn hər şeylə təmin edən bir diyara, az qala yerüstü cənnətə çevirmək sahəsindəki fərasətinin birinci əlaməti axırıncı təsdiqi bu ölkədəki proqressin səviyyəsi, qazanılan nailiyyətlərdir.

Bir yapon müdrikinin kəlamına görə, qələbənin əldə edilməsi imkanı düşməndən asılıdırsa, məğlubedilməzlik sənin özündən asılıdır. Qabiliyyəti, yenilik hissinə sönməz həvəsi yaxşı ənənələrə sədaqəti, mübaliğəsiz deyilsə, bu xalqa öz hərtərəfli istedadını nümayiş etdirməyə imkan vermişdir. Kimsə kor-koranə qaydada əhəmiyyətsiz bir şeyə sitayiş edirsə, bu inancın özündə qüsur vardır. Təəccüblənmək üçün isə bu ölkədə çox şey vardır. Yapon xalqının müasir həyat fəlsəfəsi göz qabağındadır ona haqq qazandırmaq üçün heç bir izaha da ehtiyac yoxdur. Ölkə isə təbii insanlarının əli ilə yaradılmış gözəlliyinə görə valeh olmağa layiqdir bu hissi etiraf edənləri qınamaq da haqsızlıqdır.

 

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2010.- 13 may.- S.4.