Faşizm üzərində qələbədə Azərbaycanın rolu

 

XALQIMIZ HƏM ÖN CƏBHƏDƏ, HƏM DƏ ARXA CƏBHƏDƏ XÜSUSİ RƏŞADƏT GÖSTƏRİB

 

Bu yaxınlarda Rusiya Federasiyasının Krasnodar vilayətinin Tuapse şəhərində “Birlikdə qazanılmış böyük qələbə: Qafqaz Böyük Vətən müharibəsi illərində” adlı beynəlxalq konfrans keçirilirdi. Konfransa mən də dəvət olunmuşdum. Azərbaycandan gedən nümayəndə heyətinin tərkibində tarixçi alimlər, Böyük Vətən müharibəsinin iştirakçıları, o cümlədən, məhz Tuapsedən başlayaraq Berlinə qədər döyüşlərdə iştirak etmiş Böyük Vətən müharibəsi veteranı Bəkir Məmmədov və təyyarçi, Qafqazdan Berlinə qədər döyüş yolu keçmiş Damət Nəbiyev də vardı.

Səfər olduqca maraqlı alındı. Biz, öncə Bakıdan Moskvaya getdik və Azərbaycan nümayəndə heyətini orada Rusiya Prezidenti Administrasiyasının və Avrasiya Araşdırmalar Mərkəzinin nümayəndələri qəbul etdi. Səfər və beynəlxalq konfrans olduqca yüksək səviyyədə təşkil olunmuşdu. Konfransda regionun və Şimali Qafqazın rəhbər işçiləri ilə bərabər, Rusiya Prezidenti Administrasiyasının Regionlararası mədəni əlaqələr idarəsinin rəisi Sergey Vinokurov da iştirak edirdi. Eyni zamanda, tədbirə bütün Qafqaz xalqlarının nümayəndələri dəvət olunmuşdu.

 

Doğma yadlar

 

Konfransda mən bir daha şahidi oldum ki, Şimali Qafqazda yaşayan xalqların Azərbaycana tarixdən, gendən gələn sevgisi, bağlılığı var. Mən konfransda iştirak edən Şimali Qafqaz xalqlarının nümayəndələrinin üzlərinə baxdıqca, onların antropoloji xüsusiyyətlərini analiz etdikcə görürdüm ki, adları, soyadları rus olsa da, onlar tarixin keşməkeşli proseslərində etnik kimliklərini unutsalar da, yaradıcı qüvvə bu xalqları məhz ilkin olaraq hansı şəkildə yaradıbsa, onların antropoloji xüsusiyyətlərini də həmin formada qalmasını təmin edib. Həvəskar antropoloq kimi özüm üçün bir araşdırma apardım və məlum oldu ki, bu insanların beyni, düşüncəsi, mədəni kimliyi, mənəvi kimliyi rus olsa da, bioloji kimlikləri elə türkdür. Bu məqamda istər-istəməz böyük qırğız yazıçısı Çingiz Aytmatovun “Manqurt” obrazı gözümün önündə canlandı. O insanlarda bir doğmalıq var. Görəndə elə bil gen yaddaşından xatırlayırsan ki, sanki köhnə bir dostunu, qədim bir tanışını, bəlkə də qohumunu görürsən. Amma yaxınlaşıb ünsiyyət quranda bu xəyal tamamilə alt-üst olur. Fərqli bir dünyanın fərqli insanları olduğunu anlayırsan.

Lakin bütün bunlara baxmayaraq, bir daha qeyd etmək istəyirəm ki, bütün Şimali Qafqaz xalqlarının nümayəndələri Azərbaycan nümayəndə heyətinə xüsusi münasibət, diqqət göstərirdi. Azərbaycanın inkişafı onları heyran edib. Onlar Azərbaycana gəlmək istədiklərini bildirirdilər. Hətta Rusiya nümayəndə heyətinin tərkibində olan və dostlaşdığımız bir sıra alimlər, məsələn, Senyavski Aleksandr Spartakoviç, Buqay Nikolay Feodoroviç və Bezuqolnıy Aleksey Yuriyeviç bizə yaxınlaşaraq Azərbaycana gəlmək arzularını ifadə edirdilər. Bu tarixçi alimlər Böyük Vətən müharibəsi illərində qələbənin əldə edilməsində Azərbaycan xalqının çox böyük rol oynadığını açıq şəkildə etiraf edirdilər.

 

Cəbhəyə göndərilən 33 ton azərbaycanlı donor qanı

 

Tədbirdə Azərbaycan nümayəndə heyətinə söz verildikdə biz əsas etibarı ilə, məhz 700 min azərbaycanlının II Dünya müharibəsində iştirak etdiyini və bunun yarısından da azının geri qayıtdığını bildirdik. Lakin Azərbaycanın qələbəyə verdiyi töhfələr təkcə canlı qüvvə ilə bitmir və mən öz çıxışımı həmin məqamın üzərində qurdum. Qeyd etdim ki, Azərbaycan xalqının 142 övladı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 170 mindən çox azərbaycanlı əsgər və zabit müharibədə göstərdikləri igidliklərə görə müxtəlif orden və medallarla təltif olunub. Mən çıxışımda iştirakçıların diqqətinə digər bir vacib məqamı da çatdırdım. Qeyd etdim ki, mühasirədə olan Stalinqradda yaralanan sovet əsgərlərinin böyük bir hissəsi Azərbaycana gətirilib və o dövrdə 1 milyondan çox əsgər Bakıda yerləşən hospitallarda müalicə olunaraq, geriyə cəbhəyə göndərilib. Həmin vaxt azərbaycanlılar donor olaraq 33 ton qan veriblər. Görün bu verilən qanlar nə qədər həyatı xilas edib.

Çıxışımın bir hissəsini isə təkcə keçmiş SSRİ-nin deyil, eyni zamanda, digər ölkələrin də faşizm işğalından azad edilməsində xüsusi qəhrəmanlıq göstərmiş Azərbaycan övladlarına həsr etdim. Məsələn, bunlardan biri Mehdi Hüseynzadədir ki, o həm İtaliya, həm Yuqoslaviya, həm də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Qeyd etdim ki, o dövrdə alman faşizmi ilk olaraq Mehdi Hüseynzadənin məhvi üçün 40 min mark mükafat təyin edib. Lakin sonradan bu məbləğ 400 min marka çatıb. Bunun özü Mehdi Hüseynzadənin alman faşizmi üzərində qələbədə nə qədər böyük xidmətlər göstərdiyinə bir sübutdur. Bildirdim ki, İtaliyanın Baş naziri Palmiro Tolyatti 1952-ci ildə Moskvada Sov.İKP-nin XIX qurultayında iştirak edərkən Stalinə məhz Mehdi Hüseynzadənin qəhrəmanlığından danışır. Bundan sonra, Stalin Mehdi Hüseynzadənin döyüş yolunun öyrənilib, araşdırılmasına dair göstəriş verir. 1957-ci ildə bütün sənədlər toplanır və Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilir. 1958-ci ildə isə onun haqqında “Uzaq sahillərdə” filmi çəkilir.

Eyni zamanda, Fransanın o zamankı prezidenti Şarl de Qol Moskvaya səfər edərkən Fransada partizan hərəkatında iştirak etmiş azərbaycanlı Əhmədiyyə Cəbrayılovu Stalinə təqdim edib, onun qəhrəmanlığı barədə danışmışdı. Mənim bu sözlərim zalda oturan insanların ciddi marağına səbəb olurdu.

Nümayəndə heyətinin çıxışında o da vurğulandı ki, müharibə zamanı bütün sovet hərbi texnikası tanklar və təyyarələr Azərbaycan nefti ilə doldurulurdu. Daha doğrusu, hərbi texnikanın yanacağının 80 faizi Azərbaycan nefti hesabına təmin olunurdu.

Sonda mən Sovet İttifaqı Qəhrəmanı, marşal Georgi Jukovun “Bakı neftçiləri cəbhəyə, məhz qələbəni təmin edəcək miqdarda neft verə bildi və bizim böyük vətənimiz buna görə qalib gəldi” fikrini tədbir iştirakçılarının diqqətinə çatdırdım.

 

Gürcü susqunluğu, erməni hay-küyü,

Azərbaycan qətiyyəti və rus təəssübkeşliyi...

 

Beynəlxalq konfransda əsas etibarı ilə qələbənin sovet xalqlarının birgə rəşadətinin, birgə qəhrəmanlığının nəticəsində əldə olunduğu qeyd edilirdi. Lakin təəssüf ki, biz tədbirin ruhuna uyğun olmayan bəzi məqamlarla da rastlaşdıq. Məsələn, tədbiri açar-açmaz Rusiya Prezidenti Administrasiyasının Regionlararası mədəni əlaqələr idarəsinin rəisi Sergey Vinokurov və Rusiya Dövlət Dumasının MDB-də yaşayan həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri A.V.Ostrovski Gürcüstanın ünvanına kifayət qədər ittihamlar səsləndirdi. Öz növbəsində osetinlər və abxazlar da gürcülərin ünvanına kifayət qədər sərt ittihamlar səsləndirdilər. Mən gözləyirdim ki, başda Aleksandr Çaçiya olmaqla, Gürcüstanın nümayəndə heyəti bu ittihamlara lazımi cavab verəcək. Lakin təəssüf ki, onlar küncə sıxışdırılmış vəziyyətdə qaldılar və bu ittihamlara cavab vermək ehtiyacı duymadılar.

Amma Ermənistan nümayəndə heyətinin üzvü, parlamentin deputatı Larisa Alaverdiyan çıxışında Azərbaycanla bağlı bir replika atdı və dedi ki, Şəmkir rayonunda Baqramyanın büstü dağıdılıb, mən arzulayardım ki, o büst bərpa olunsun. Proqrama əsasən, ermənilərin çıxışı bizdən sonra olduğu üçün biz cavab üçün məcburən konfransın plenar iclasının yekunlaşmasını gözlədik və replika vaxtında nümayəndə heyətimizin üzvü Rauf Həsənov söz alaraq, layiqli cavab verdi. Çox hörmətli Rauf müəllim bildirdi ki, “biz bu gün bura Böyük Vətən müharibəsini necə birgə qazandığımızı müzakirə etməyə gəlmişik. Amma çox təəssüf ki, siz Azərbaycanda Sovet İttifaqı Qəhrəmanı Baqramyanın dağılmış büstündən danışırsınız. Əgər mütləq Baqramyandan danışmaq lazım idisə, gərək siz deyərdiniz ki, hələ sovet dövründə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev həmin kəndin sakinlərini, ümumiyyətlə işıq və qaz pulundan azad etmişdi. Bunu demək bugünkü konfransın ruhuna daha uyğun olardı. Yox əgər siz dağıdılmış abidələrdən danışırsınızsa, bəs, onda tarixən Ermənistanda yaşamış 200 min azərbaycanlının və oradan müharibəyə getmiş, rəşadət göstərmiş, həlak olmuş insanların şərəfinə ucaldılmış abidələr hardadı? Bəs, onda işğal etdiyiniz Dağlıq Qarabağda və Azərbaycanın digər 6 rayonunda Böyük Vətən müharibəsinin iştirakçısı olmuş azərbaycanlıların nəinki abidələri, hətta məzarları hardadı? Bəs, onda Şuşada ucaldılmış ən azı Böyük Vətən müharibəsinin iştirakçıları qədər insanlığa xidmət göstərmiş Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəylinin büstü hardadı? Bəli, Şəmkirdə belə bir hadisə olub. Sadəcə, siz Xocalıda soyqırımı törətdikdən, bir gecə içərisində bütöv bir şəhəri qətlə yetirdikdən sonra insanlar emosional şəkildə bu addıma əl atdılar. Amma siz narahat olmayın, ən yaxın vaxtda biz torpaqlarımızı azad edəcəyik və Ağdamda, Füzulidə, Şuşada da, ümumiyyətlə, bütün rayonlarda bu abidələri bərpa edəcəyik” dedi. Çox təəssüf ki, bu tutarlı və obyektiv cavabdan sonra həmişə olduğu kimi yenə də ruslar ermənilərin tərəfini saxladılar. Vinokurov “hesab edirəm ki, Larisa Alaverdiyan burda Azərbaycan nümayəndə heyətinin belə kəskin reaksiyasına səbəb olacaq heç bir söz deməmişdi” dedi.

Yəni, bunu xüsusi olaraq vurğulamaq istəyirəm ki, yenə tarixi, ənənəvi situasiya ilə rastlaşdıq. Yenə Rusiya tərəfindən ermənilərin bizim üzərimizə gətirilməsi və Azərbaycanın küncə sıxışdırılması istəyi ortada idi. Lakin kimin nə istəməsindən asılı olmayaraq, Azərbaycan tərəfinin qətiyyətli mövqeyi konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Belə ki, dəhlizlərdə bu mövzu müzakirə olundu və bütün Qafqaz xalqları gəlib bizi bu qətiyyətli mövqeyimizə görə təbrik edir və “siz ermənilərin bu replikasına çox gözəl cavab verdiniz” deyirdilər. Mən bir daha əmin oldum ki, güclənən Azərbaycanın nüfuzu Şimali Qafqaz xalqlarının bizə olan tarixi rəğbətini artırmaqla bərabər, onlarda Azərbaycan sevgisini də oyadır. Çünki onların taleyi həmişə azərbaycanlılarla bağlı olub. Son 100-150 ilə qədər Şimali Qafqazın və bütövlükdə Qafqazın ümumişlək dili türk dili olub. Arzu edirəm ki, gələcəkdə dilimiz və mədəniyyətimiz bu ərazilərdəki ənənəvi nüfuzunu yenidən bərpa etsin.

 

Türk Paşasının soyadını daşıyan erməni

 

Onu da deyim ki, Tuapsedə çox sayda ermənilər məskunlaşıb. Biz şəhərdə gəzərkən onların böyük qisminin Azərbaycana qarşı səmimi münasibət göstərmədiyinin şahidi olduq. Məlum tədbir çərçivəsində proqramdan kənar çıxış edən Yazıçıyan adlı bir erməni isə söz alaraq özünün və qardaşının Tuapse uğrunda döyüşdüyünü iddia etdi. Bu erməni xatirələrini yazdığı kitabı konfransın rəhbərliyinə təqdim etdi və dedi ki, bir azərbaycanlı haqqında da həmin kitabda xatirələr yer alıb. Tədbirin sonunda mən həmin kitabla ayaqüstü tanış olmaq imkanı qazandım. Gördüm ki, kitab başdan-ayağa hədyan və ənənəvi erməni təbliğatı, daha dəqiq desək, erməniçiliyin təbliğatı üzərində qurulub. Birincisi, öz soyadını izah edən müəllif yazır ki, “ermənilər 1915-ci ildə Türkiyədən köçürülən zaman mənim babam türk Paşasının yanına gedib. Babamgil çətinlik çəkməsin deyə, həmin türk Paşası öz soyadını (Yazıçıoğlu soyadını) babamın sənədlərinə yazıb. Sonradan biz bu soyadı Yazıçıyan etdik”. Yəni, mən bunu ona görə misal çəkirəm ki, həmin kitab ermənilərin təbliğatına xidmət üçün yazılsa da, həmin Yazıçıyan özü də bilmədən türklərin ermənilərə necə münasibət göstərdiyinə dair informasiya vermiş olub. Ermənilər iddia edirlər ki, Osmanlı Türkiyəsi guya onlara qarşı “soyqırımı” törədib. Amma bu yazıdan bəlli olur ki, hətta türk Paşası ermənilərin rahat köçürülməsi üçün öz soyadını bir erməni ailəsinə verib.

 

Adıgey Zaur

 

Şimali Qafqaz xalqlarının Azərbaycana sevgisinin nümunəsi olan daha bir məqam barədə də qeyd etmək istəyirəm. Belə ki, biz Krasnodardan Tuapseyə gedəndə bir yeməkxanada yüngül qəhvəaltı etdik. Bu zaman müştərilərə xidmət göstərən bir cavan oğlanın yaxasında Zaur yazıldığını gördüm və onun azərbaycanlı olduğunu düşündüm. Onu çağırıb azərbaycanlı olub-olmadığını soruşduqda cavab verdi ki, “yox mən adıgeyəm. Sadəcə, valideynlərim Azərbaycanı çox sevdiklərinə görə mənim adımı Zaur qoyublar”.

Yəni, demək istəyirəm ki, bu faktın özü də Şimali Qafqaz xalqlarının Azərbaycana necə böyük hörmət və maraq göstərdiklərini təsdiqləyir.

 

Bakı öz haqqını almalıdır

 

Yeri gəlmişkən, qeyd edim ki, Tuapsenin müharibədəki qəhrəmanlığını nəzərə alaraq bu şəhərə “Hərbi şöhrətli şəhər” adı verilib. Bunu nəzərə alaraq çıxışımda qeyd etdim ki, müharibə zamanı şücaət göstərən bir sıra şəhərlərə “qəhrəman şəhər” adı verilib: “Lakin təəssüflər olsun ki, Bakıya bu ad verilmədi. Şəhərlərə bu adı verən komissiya bunu əsas gətirdi ki, Bakı birbaşa bu döyüşlərdə iştirak etmədiyinə görə, ona “qəhrəman şəhər” adı vermək olmaz. Amma mən hesab edirəm ki, bu doğru yanaşma deyil. Bakıya “qəhrəman şəhər” adı verilməliydi. Çünki qələbənin əldə olunmasında Bakının misilsiz xidmətləri var. Arzu edərdim ki, Tuapse şəhərinə gec də olsa, verilən bu ad kimi Bakı şəhərinə də ad verilsin.

Tədbirin əhəmiyyətinə gəlincə, görünən odur ki, nəhayət Rusiya tərəfindən uzun illərdən sonra yada düşüb ki, istər Rusiyanın bugünkü Rusiya kimi mövcud olması, istərsə də bəşəriyyətin faşizmdən xilas olmasında bütün sovet xalqları, o cümlədən, azərbaycanlılar böyük xidmətlər göstəriblər. Son olaraq vurğulamaq yerinə düşər ki, biz öz çıxışlarımızda Azərbaycan hakimiyyətinin Böyük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğı barədə də geniş məlumat verdik. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu qayğı tədbir iştirakçılarının təəccübqarışıq sevincinə səbəb oldu. Mən Prezident İlham Əliyev tərəfindən Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik olaraq 500 manat maliyyə vəsaitinin verilməsi, müharibə iştirakçısı olan və dünyasını dəyişmiş döyüşçülərin ailələrinə də dövlət tərəfindən maliyyə yardımlarının edilməsi haqqında Sərəncamından danışanda, tədbir iştirakçıları bunu böyük rəğbət hissi ilə qarşıladılar.

Yazının sonunda səfərin təşkilatçılarından olan Avrasiya Araşdırmalar İnstitutunun Bakı filialının rəhbərliyinə mənə və səfər yoldaşlarıma unudulmaz günlər yaşatdıqlarına görə təşəkkürümü bildirirəm.

Bakı-Moskva-Tuapse-Bakı

 

 

Hikmət BABAOĞLU

 

525-ci qəzet.- 2010.- 13 may.- S.2.