Daş yağan gün

 

Roman

 

(Əvvəli ötən saylarımızda)

 

Andranik danışa-danışa xumarlanıb yuxuya getdi. Gün əyilmişdi. Armenak onu dümsükləyib oyatmaq istədi ki, yığışıb getsinlər. Andranik yuxulu-yuxulu:

– Ara, mənə mane olmayın. Siz rədd olub buradan gedin,-dedi. – Mən istirahət edirəm. Haçan kefim istəsə gedəcəyəm. Bu türk gədəsi yeznə olsa da, fasığ adama oxşayır. Ona etibar eləməyin. Girəvə düşsə başını bədənindən üzün. Qoy düşmənlərimizin sayı heç olmasa bir nəfər azalsın.

Armenakla Akop gördülər ki, Andranik getdikcə sərsəmləyib ağzına gələni danışır, xəcalətlərindən ondan uzaqlaşmaq qərarına gəldilər. Andraniki bulağın kənarında yuxulu vəziyyətdə tək-tənha qoyub, tez Daş dəvədən aralaşdılar.

Andranik hələ da sayıqlayıb əlli dərənin suyunu bir-birinə qatırdı. –Türklər bizə zülm eləyib... Musurman kəndlərini yaxşıca dağıtdıq. Azərbaycanlıları uşaqlı-böyüklü milçək kimi qırdıq... Bu yer-yurdu azərbaycanlıların əlindən zorla qopartdıq... və sair və ilaxır...

Çobanlar bu qanqaraldıcı sözləri eşitməmək üçün sürüləri təpənin o üzünə aşırıb, Andranikdən canlarını güclə qurtardılar.

Nəcəfgilin yurd saldığı yer yol ağzı olduğundan dağbəyi buradan əl çəkmirdi. Zoğal arağının iyinə o, həftə səkkiz, mən doqquz hərlənib-fırlanıb, kəsirdi Akopla Armenakın başının üstünü. Əvvəl-əvvəl bir bəhanə ilə onları asıb-kəsir, akt yazacaqı, yaxalarını milis idarəsinə verəcəyi ilə hədələyirdi. Elə ki, Armenak yağlı dilini işə salıb zoğal arağının adını çəkirdi, Andranik yumşalıb ipək kələfinə dönürdü. Daş dəvənin altında yeyib-içdikdən sonra onlardan əl çəkirdi. Armenakla Akop dağbəyinin əlindən boğaza yığılmışdılar. Yediklərini, Andranik burunlarından gətirirdi. Nəcəf isə əsla dillənmirdi. Və daxilən Andraniklə harada, necə hesablaşacağı barədə düşünürdü.

Artıq yay yarıdan keçmişdi. Dəvələr üzü arana tərəf yatırdı. Yaxın-uzaq təpələrdə, düzlərdə tikilən alaçıqlar günbəgün sökülüb seyrəlir, yollarda köç əlindən tərpənmək olmurdu. Kimsəsiz qalan yurd yerlərindən, boş ağıllardan, qarğa-quzğundan, orda-burda vurnuxan tülkü və çaqqaldan başqa heç nə gözə dəymirdi.

Bazar ertəsi, neçə aydan bəri qonşuluq etdikləri ermənilər alaçıqlarını sökməyə başladılar. Nəcəfin əmisi arvadı Qönçə xala isə həmin gün yola çıxmağı məsləhət görmədi. Nəcəfə təpinib dedi ki, ağlını başına top elə, nəhs iş tutma. Erməniyə baxma, müsəlmançılıqda duz günü yola çıxmazlar, düşər-düşməzi olar. Aya dözən, günə də dözər. Allah qoysa, çərşənbə günü yır-yığış eləyib, cümə axşamının səhəri Allah Məhəmməd Ya Əli deyib tərpənərik. Nəcəf Qönçə xalanın dedikləri ilə razılaşdı. Armenakla Akop köçlü-külfətli yola düşdülər. Onlar bir-birindən mehribanlıqla ayrıldılar. Armenakın Nəcəfə axır sözü bu oldu ki, o Andranikin dediklərinə baş qoşma. Özün görürsən ki, boşboğazın biridir. Sözünün dalını-qabağını bilmir. Ağzına gələni tullayır. Üzü qara olsun, bizim özümüzü də xəcalət elədi. Əslində o Andranikin murdar üzünü görməmək üçün tez köçürük ki, ondan yaxa qurtaraq. Nəcəf, sənə axır sözümüz bir də odur ki, bizdən sonra nə qədər qalacaqsınız, özünüz bilərsiniz, amma çalış Andranikdən aralı ol. Ondan nə desən çıxar. Andraniki bizdən yaxşı tanıyan yoxdur. Yaxşılıqdan başqa əlindən nə desən gələr. Gördün yaxınlaşmaq istəyir, yaxanı onun əlinə vermə. Bir bəhanə ilə aradan çıx.

– Arxayın olun, sizə yaxşı yol! – Nəcəf çoban yoldaşlarına razılaşdığını bildirib, onlardan mehribanlıqla ayrıldı.

 

lll

 

Avqustun ortaları idi. Tək-tük yerlərdə alaçıq görünürdü, dağlar getdikcə qəribsəyirdi, boz torağaylar, səhər-axşam bu yaşıl çöllərə xoş təranələr yayan nəğməkar quşlar dağların kimsəsizləşməsindən məyus olubmuş kimi, mamırlı qayaların çuxurlarına, tikanı adamın əlini ilan kimi sancan gəvən kollarının dibinə qısılmışdılar, həmişəki kimi vəcdlə oxumurdular. Nəcəfin yurd qonşuları köçəndən sonra onun özü də darıxmağa başlamışdı. Hərdən Andranikin səsi gəlirdi. Nəcəf onun qaraltısını görən kimi sürünü başqa səmtə döndərib, əli yüzlərlə müsəlmanın qanına batan və bununla da fəxr edən Andraniklə qarşılaşmamağa çalışırdı. Qoyunları dalda bir yerə verib, özü qənşərdə dayanırdı. Alabəzək tütəyi ilə otu saralıb-solmaqda olan səfalı dağların dərdinə şərik olurmuş kimi qəlbləri ehtizaza gətirən niskilli havalar çalırdı. O, çaldığı tütəyin yanıqlı səsində, Köhnə Həsənlinin xarabalıqlarını, tilsimə düşmüş Daş dəvəni, gecə-gündüz xısın-xısın pıçıldayıb göz yaşı tökən və niskilini bu dağlara-daşlara car çəkən çeşmənin iniltisini, alapaça madyanın gavur əlində girinc qalmasını tərənnüm eləyirdi.

Köçməyə bir gün qalmış Nəcəf qoyun-quzunu el yolundan aralıdakı yamaca verib, özü yumşaq otların üstündə uzanıb dərin-dərin fikirlərə getmişdi. Aranı dağa daşıyırdı, dağı arana. Arabir yay günəşinin ilıq şüaları altında xumarlanıb mürgü vururdu. Bu heyndə arxada at fınxırtısı eşidildi. Nəcəf yerindən qalxıb, həmin səmtə baxdı. Andranik alapaça madyanın üstündə yanpörtü oturub, düz Nəcəfə tərəf gəlirdi. Nəcəf gördü ki, onun gözündən yayınmaq mümkün olmayacaq, çarəsizlikdən Andranikin qabağına yeridi. Andranik lovğa-lovğa:

– Ara, yeznə, haralarda itib-batmısan, neçə gündür görünmürsən,- dedi. – Ki, qorxursan məni qonaq eliyəsən?

– Alaçığımızın qapısı həmişə qonaq üzünə açıqdır. – Nəcəf təmkinini pozmadan ona cavab verdi. – Aclığın varsa, buyurun gedək evə, – əlavə etdi.

Andranikin kefi duruldu:

– Ara, belə ki, danışırsan, pis yeznə olmayacaqsan,- dedi.- Ki, düzünü axtarsan, bu gün çörək yeməmişəm. Ancaq evə getsəm, uşaqlara əziyyətinə olar. Yaxşısına odur ki, sən bir toyuq soyutması elətdir, bir az da pendir-çörək götür, get həmişəki yerə. Mən də yuxarılara baş çəkib gəlirəm. Orada görüşərik. Bildin də, haranı deyirəm? Daş dəvənin altındakı bulağın üstünü... Səndən də şikayət var, eli, guya ki, gecələr qonşu permaların örüşünü otardırsan. Onlar bilsə ki, bizim yeznəmiz olmusan, mənə belə yalanlamazlar. Mən də belə səfeh sözlərə baxmıram. Deyirəm, rədd olun gedin başımdan. O türk balası parağat adamdır, elə iş görməz.

Nəcəf and-aman elədi ki, istər gecə olsun, istərsə gündüz, heç kimin örüşünə qoyun buraxmayıb. Sonra da Andranikin könlünü almaq üçün:

– Yolunu çoxdan gözləyirəm, – dedi. – Elə yaxşı yerdə əlimə düşmüsən. Dediyin qaydada, mən həmin yerə gedirəm. Sən də gəl, ancaq ləngimə.

...Nəcəfin başqa çarəsi yox idi. Qonaqlıqdan boyun qaçırsaydı, Andranikin əlindən qurtara bilməzdi. Ona görə də məcbur olub, tez-tələsik yemək-içmək hazırlığı görüb, Andranikdən qabaq Daş dəvənin altından çıxan bulağın başında oldu. İçərisində araq-konyakdan başqa hər cür yemək olan dəstərxan açıb Andraniki gözlədi. Çox keçmədi ki, Andranik özünü yetirdi. Andranik süfrədəki yeməkləri görəndə gözləri işıqlandı. Tez atdan düşüb çiynindəki qoşalüləni bir kənara söykədi. Tərkindəki sicimi açıb alapaça madyanı hörüklədi. Yəhərin qaşındakı balaca heybədən araqla dolu iki yarımlitrlik şüşə çıxardıb ortalığa qoydu. Və sonra Nəcəfə mərhəm nəzər salıb:

– Armenakla Akop ki, sənnən yoldaş olublar, dostluq eləyiblər, ağıllı iş görüblər. Elə ki, bizim yeznəsən, sənə hörmətim artıb, – deyib kədərli köks ötürdü. – Ara, Nacap, Silva kepimə xarablayıb, – əlavə etdi. – Moskvada oxuyan qızımı deyirəm. Ondan pis xəbər gəlib. Sabah gərək idarədən icazə alıb təcili Moskvaya gedim.

Andranik sözün dalını gətirmədi. Oxunu atıb yayını gizlətdi. Əslində məsələ başqa cür olmuşdu. Andranik Moskvadan qayıdandan bir neçə gün sonra Silvanın əri Solomon Betker onu evindən qovmuşdu. Betker əvvəldən şübhələnmişdi ki, Silva təkcə ona yox, başqalarına da dil verib və çoxları ilə intim əlaqə saxlayırmış və bətnindəki uşaq da başqasındandır. Betkerin əvvəlki arvadı Yelena onun yerinə su calayıb, ailəsini dağıdan Silvanı izlətdirib, cavan bir oğlanla biabırçı vəziyyətdə şəklini çəkdirmişdi. Betkeri tovlayıb onun ailəsinə nifaq salan Silvanın, oynaşları ilə eyş-işrətdə olarkən gizlicə çəkdirdiyi şəkilləri paketə qoyub ərinə göndərmişdi. Solomon Betker fotoşəkilləri görəndə dəhşətə gələrək, elə həmin gün üzü üzlər görmüş pozğun qadını evdən qovmuşdu. Həm də Silva ilə şərtləşmişdi ki, qarnındakı altı aylıq uşağı doğulandan sonra həkim müayinəsindən keçirəcək, onların qan qrupu uyğun gəlsə, uşağa himayədarlıq edib həddi-buluğa çatana qədər ona aliment verəcək. Uşaq başqasından olduğu təqdirdə onu özünə yaxın qoymayacaq. Silva uşağın başqasından olduğunu bilirdi. Və bilirdi ki, Betkerin dediyi kimi, uşaq yoxlamadan keçsə və bic olduğu sübuta yetərsə, rüsvay olacaq. Ona görə uşağı bir gecənin içində tələf etmişdi. Sonra da özünü duruluğa çıxartmaq üçün atası Andranikə belə bir məktub yazmışdı ki, Solomon Betker alim olsa da insanlıqda haqqı yoxumuş. Məni hər gün döyür, incidir, təhqir edirdi. Ona görə də Betkerə tüpürüb ondan boşandım. Və o cür əclaf adamdan olan uşağın sonra başımıza əngəl ola biləcəyini nəzərə alıb rədd elədim... Ata, siz burda olanda özümü sındırmamaq və qanınızı qaraltmamaq üçün ərimlə mənim aramdakı konflikti açıb-ağartmırdım. Sən demə, Betker əvvəlki arvadı Yelenanı sevirmiş. Ondan ayrılmağa peşman imiş. Ona görə də gündə bir bəhanə tapıb məni incidirdi ki, baş alıb gedim, Yelenanı geri qaytarsın. Yelena onun əclaf adam olduğunu bildiyi üçün Betker nə qədər yalvarsa da, onu yaxına buraxmırdı. Yelena podruqalarına deyirmiş ki, Betkerin əlindən canımı güclə qurtarmışam. İki dünya bir olsa, təzədən onunla bir yastığa baş qoya bilmərəm. Oğlanları da ondan üz döndərib. Çoxlu mübahisələrdən sonra Yelena oğlanlarının dərdindən Betkerlə razılaşıb. Onlar indi bir yerdə yaşayırlar. Əslində Yelena özü də yönlü vücud deyil. Ancaq innən sonra bunların mənə dəxli yoxdur, özləri bilər. Bir sözlə, Betkerlə aralandığım üçün özümü xoşbəxt hesab edirəm. Ona görə də anamı başa sal ki, məndən ötəri xiffət eləməsin. Sən özün də bu məsələni ürəyinə salma.

Andranik Silvanın adını təəssüflə çəksə də, onun yazdığı məktubu, başına gətirilən əhvalatları açıb-ağartmadı. Bircə onu dedi ki, Silva xəstələnən kimi olub, gərək Moskvaya gedəm. Nəcəf onun dediklərinə inandığı üçün, Andranikin dərdinə şərik olurmuş kimi:

– Allah şəfa versin, – dedi.

Andranik kədərini biruzə verməmək üçün özünü nikbin göstərməyə çalışırdı. O, stəkanını doldurub:

– Ara, Nacap, gəl daşı ətəyindən tök, mənim xatirimə heç olmasa, əlli qram vur, – deyib nə qədər təkid etsə də, Nəcəfi inadından döndərə bilmədi.

Andranik əlindəki araq dolu stəkanı boşaltdıqdan sonra ara vermədən ikinci stəkanı doldurub:

– Yaxşı, içmirsən içmə, – dedi. – Bunu da sənin əvəzinə içirəm. Ki, yeznəmiz olubsan, əziyyətini çəkmək mənə borcdur.

Nəcəf:

– Sağ ol, – deyib Andranikə razılığını bildirdi.

Andranik bir stəkan da vurub arxası üstə uzandı və əllərini daraqlayıb boynunun ardına keçirərək, xumarlanmış gözlərini Daş dəvəyə zillədi, nə isə xeyli fikirləşdi. Nəcəfə tərəf dönmədən:

– Nacap kirvə, – dedi. – Ki, yeznəmiz olubsan sənə inanıram. Bir-iki söz var, deməsəm qarnımı deşəcək. Ara, Nacap, ağlıma gəlib ki, müsəlmanların Allahı mənə qəzəb eləyib. Erməni-müsəlman davasında o işləri ki, gördük, onu Allah bağışlamayacaq. Fikirləşirəm ki, getdikcə axırım xarab olur, işlərimə düz gətirmir. İki oğlum olmuşdu, hazırlaşırdım ki, birini evləndirim, gəlinim olsun. Qız da tapmışdım. Ki, səhər toyları olmalı idi, maşın vurdu, sağ qalmadı. İkinci oğlum da biriynən dalaşdı, bıçaqlayıb öldürdülər. O da əlimizdən getdi. Silva da ki, Moskvadan pis məktub yazıb. Arvad da nə xəstəlik tapıbsa, doxturlar sağalda bilmir. Ey astos! Nacap kirvə, nə ki, axmaq işlər görmüşəm, gəlib çıxır qabağıma. – Hi... hi... – Andranik dəli sərsəri kimi öz-özünə güldü:

– Ara, Nacap kirvə, elə bilirsən kepimə pis olur?!-sözünə davam etdi.- Hi...hi... Ara, onsuz da hamımız ölməliyik. Ancaq torpaq qalacaq. Üçtəpə, Qanlıca, Tağ yurd dağları, bütün Zəngəzur həmişə bizim olacaq. İnsan ki, var, müvəqqətidir. Torpaq isə əbədidir. Ona görə ötəri həyatımızı itirsək də, daimi olan torpaqlar qazanmışıq. Mən Andranikin altmış, yetmiş, lap elə yüz il ömrü olsun, üstündə ki, kep eləyirik, bu torpaqların milyon illərlə yaşı var, on o qədər də, bəlkə də çox yaşayacaq. Yeznə, sən çobansan, həm də musurmansan, belə şeyləri anlaya bilməzsən! – Hi...hi... – Andranik bu kəlmələri işlədib fəxrlə irişdi. – Ara, onda sən uşaq olardın, eli, heç nəyi bilməmisən. Musurman kəndlərinə hücum çəkirdik, adamları qırırdıq, evləri yandırırdıq, nə ki, mal, qoyun, at, qatır, gəbə-kilim, yorğan-döşək, mis qablar var, hamısını daşıyıb gətirirdik. Qapı-pəncərələri də söküb aparırdıq. Andranik Ozanyan, Nijdeh, Hamazas, Dro əmrinə vermişdilər ki, Ermənistan saldatlarından hər hansı biri müsəlmanı diri buraxsa, güllələnəcək. Biz də onların dediyi kimi eləyirdik. Heç bilirsən bu əllərimlə nə qədər müsəlman qırmışam?! Keçən səfər Moskvaya gedəndə vaqonda Eduard adlı osetinqarışıq bir gürcü ilə yoldaş oldum. Onun başı yaxşı işləyirdi. Çox şey bilirdi. Alim olmuşdu. Həmişə onunla sözümüz çəp gəlirdi. Amma şondığa hamısını doğru danışırdı. Arxivləri açıb baxanda, bilib ki, nə qədər müsəlman qırılıb, çoxlu-çoxlu da erməni ölüb.

Andranik sərxoş olduğundan nə danışdığını bilmirdi. Onun ağlına nə gəldisə, birdən yan üstə çönüb, Nəcəfə müəmmalı nəzər yetirdi:

– Ara, Nacap, səni yeznə bilib bu sözləri danışdım, – dedi. – Ki, ağzından çıxsa, əlimdən qurtarmayacaqsan, qulaqlarını dibindən kəsacağam.

Nəcəf dillənmirdi. Andranik danışdıqca qarşısında hərzə-hədyan danışan bu cəlladın səsini necə kəsəcəyi barədə düşünürdü. Andranik yeyib-içib, sinəsindəki köhnə əhvalatları açıb-tökəndən sonra ayağa qalxdı:

– Ara, Nacap, bizdən ki, qız almısan, ona görə sənə inanmışam, – dedi. – Atın hörüyünü aç, gətir, getməliyəm...

 

 

(Ardı var)

 

Əli İLDIRIMOĞLU

 

525-ci qəzet.- 2010.- 14 may.- S.7.