Ələmdar Mahirin 60 illiyi Yazıçılar
Birliyində qeyd edilib
Ötən gün Yazıçılar Birliyində (AYB) şair Ələmdar Mahirin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin mətbuat katibi, şair Ədalət Əsgəroğlu yubilyarı Birlik adından təbrik edib.
“Şəms” ədəbi birliyinin sədri, şairə Elnarə Şəms Ə.Mahirin yaradıcılığı ilə şəxsiyyətinin bir-birini tamamladığını qeyd edib, ünsiyyətdə olduqları müddətdə ondan çox şey öyrəndiklərini diqqətə çatdırıb.
Ə.Mahiri “istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı ensiklopediya” adlandıran şair və filoloq Ənvər Nəzərli yubilyarın həyat və yaradıcılığından söz açıb: “1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gələn Ələmdar inanılmaz dərəcədə iti hafizəyə və yaddaşa malikdir. Adları bir çox mütəxəssislərə belə tanış olmayan şairlərin də şeirləri onun sinə dəftərindədir. Hacı Ələmdar Mahirin yaradıcılığının əsasını ilahi və irfani şeirlər təşkil edir”. Ə.Nəzərli şairin yaradıcılığının bədii məziyyətlərindən danışaraq onun şeirlərində təkcə təsvir və təriflə kifayətlənmədiyini, oxucusunu haqq yola, halallığa, ədalətə və mübarizəyə dəvət etdiyini önə çəkib: “Şairin qəzəllərində məhəbbətin yüksək bədii tərənnümü ilə bərabər ictimai məzmunlu qəzəllər də mühüm yer tutur”.
İlqar Fəhmi Ə.Mahirin klassik irsimizin novator davamçısı kimi qələmə aldığı qəzəllərin bədii dəyərindən söz açıb. Gənclərin həmişə onu örnək aldığını, ondan öyrəndiyini qeyd edən İ. Fəhmi ona bundan sonra da yaradıcılıq uğurları arzulayıb.
Xalq artisti Əlibaba Məmmədov çıxışında Ə.Mahir yaradıcılığının yalnız qələm dostları və oxucular tərəfindən deyil, musiqiçilər tərəfindən də sevildiyini nəzərə çatdırıb.
Professor Tərlan Quliyev çıxışında Ə.Mahirin klassik şeirin poetikasına dərindən bələd olduğunu söyləyib: “Hacı Ələmdar Mahir əruza dərindən bələddir. Əslində əruzu dərindən mənimsəmədən, incəliklərinə varmadan yaxşı qəzəl yazmaq mümkün deyil”. T.Quliyev Ə.Mahirin ilahi ilhamdan yaranan şeirlər yazdığını diqqətə çatdırıb.
Əməkdar məşqçi Hicran Şərifov da Ə.Mahirin qəzəllərini klassik irsimizdə yenilikçi ruhla yazılan poeziya nümunələri adlandırıb.
Tədbirdə çıxış edən “Şəms” ədəbi birliyinin üzvləri Xatirə Vaqif, Dilşad Araz Ə.Mahiri özlərinə ustad bildiklərini deyiblər.
Sonda çıxış edən yubilyar yaradıcılığına diqqət göstərən qonaqlara, tədbirin təşkilatçılarına minnətdarlıq edib, yaradıcılığı haqqında fikirlərini bölüşüb.
SARA
525-ci qəzet.-
2010.- 14 may.- S.7.