Qobustanda kitab bayramı
Qobustan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşəbbüsü ilə rayondakı Heydər Əliyev adına parkda kitab bayramı təşkil edilib. Qobustan rayon MKS-nin direktoru Adilə Cəbrayılova tədbir haqqında məlumat verərək, hələ qədim dövrlərdən insanların kitabla sıx bağlı olduğunu və məhz bu ehtiyacları müqabilində kitabın yeni-yeni formalara düşərək təkmilləşdiyini və formalaşdığını bildirib: “Oxucular arasında kitaba məhəbbət oyatmaq, kitabın nüfuzunu qaldırmaq üçün tədbirlərin müxtəlif formalarından biri də kitab bayramıdır”.
Tədbirdə məktəblilər arasında şeir müsabiqəsi də keçirilib. Qobustan şəhər Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri səslənib. Kitab bayramında 500 nüsxədən çox kitab sərgilənib. “Azərbaycanın sönməz günəşi”, “Yeni kitablar”, “Xarici ölkə ədəbiyyatı”, “Qədim, doğma Qobustanım”, “Ən maraqlı kitablar”, “Uşaqlar bizim gələcəyimizdir”, “Qadın yazıçılarımız”, “Qobustanın gənc yazarları”, “2010-cu il Ekologiya ilidir” başlıqlı sərgilər nümayiş etdirilib.
SARA
525-ci qəzet.-
2010.- 14 may.- S.7.