Əsir abidələr

 

Abidələr keçmişin yadigarı, tarixin güzgüləridir. Neçə-neçə qaranlıq səhifələrə işıq salan çıraqdır abidələr. Hər parçasında hələ bir çox açılmamış sirlər gizlədir abidələr. Hərdən bizə adi bir daş, qaya kimi görünən abidə divarları zaman-zaman dilə gəlib onların gözü qarşısında yaşanmış əfsanələr, dastanlar söylər. Bizi ağuşuna alıb əsrlər,minilliklər öncəyə aparar abidələr. Bəzən qulağımıza əsrarəngiz səslər gələr, çılpaq divarlar arasından: babaların ayaq səsləri ...

Vətənimizin tarixi kimi, abidələri zəngin, rəngarəngdir. Azərbaycanın demək olar ki, hər bölgəsində öz qədimliyi, memarlıq xüsusiyyətləri ilə seçilən abidələr var. Bu tikililərin hərəsi bir dövrdən xəbər verir. Təəssüflə demək lazımdır ki, dünyanı gəzib müxtəlif ölkələrin abidələrini görmək istəsək , doğma abidələrimizin çoxlarının adından belə xəbərsizik. Məhz bu səbəbdən işğal altında olan ərazilərimizdə yerləşən bir-neçə abidəmiz haqqında qısa məlumat vermək istədim.

Löh qalası Kəlbəcər rayonu ərazisində yerləşir erkən orta əsrlər dövrünə aid edilir. Qalanın belə adlandırılması təsadüfi deyil. Çünki qalanın beli dəvə boynuna oxşayır. Kəlbəcər qayalıqlarının tarixini tədqiq edənlərin fikrincə, bu qalalar karvan yollarının üstündə tikilirmiş bununla da həmin yollara nəzarət olunurmuş. Löh qalasının başında qayadan yonulmuş, dərinliyi 3-5 metrə çatan quyular var. Çox güman ki, həmin quyuların içərisində ərzaq su saxlanırmış. Quyuların içərisində nəhəng palıd ağacları bitib. Qalanın Ləv çayı ərazisində iki mağarası aşkar olunub. Bura ən qədim insan məskənlərindən hesab olunur.

Şıxbabalı türbəsi Füzuli rayonunun eyniadlı kəndi ərazisində yerləşir. Abidənin üzərindəki kitabədən onun 1272-ci ildə tikildiyi aydın olur. Türbə səkkizbucaqlı şəklindədir. Burada yeraltı sərdabə hissəsi var. Şıxbabalı türbəsi səciyyəvi memarlıq xüsusiyyətlərinə malikdir. Günbəzin quruluşu olduqca maraqlıdır. Azərbaycan türbələrinin əksəriyyətində günbəzlər ikiqat olduğu halda, bu günbəz tək qatdır yalnız bir qat daşdan hörülüb. Maraqlıdır ki, ikiqatlı türbələrin günbəzləri dövrümüzə qədər gəlib çatmayıb. Ancaq Şıxbabalı türbəsinin günbəzi öz quruluşunu bu gün qoruyub saxlayır.

Şuşa qalası Şuşa ərazisini əhatə edən qala divarlarıdır. Qala uzun müddət ərzində şəhəri xarici basqınlardan qoruyub yenilməzlik simvoluna çevrilib. Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı (1795, 1797) qala uzun müddət mühasirədə saxlansa da təslim olmayıb. Qalanın əsasının zaman qoyulması haqqında dəqiq məlumat yoxdur. Mənbələr yalnız qalanın monqolların Azərbaycana ikinci yürüşü zamanı (1231) dağıldığı haqqında məlumat verir. Ərazi strateji baxımdan olduqca əlverişlidir . Təsadüfi deyil ki, Qarabağ xanı Pənahəli xan Bayat qalası Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq, 1753-cü ildə Şuşa Qalasının bərpa edilməsi haqqında qərar verir Qarabağ xanlığını mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır. Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir.

Qeyd etmək lazımdır ki, əzəli torpaqlarımızı qəsb edən erməni işğalçıları mədəniyyətimizə, ədəbiyyatımıza, tariximizə təcavüz etməkdədirlər. Onlar tarixi saxtalaşdırmaq üçün hər cür ağılagəlməz yollara gedirlər. Elə abidələrimizi söküb-dağıdır, ya da özlərininki kimi qələmə verirlər. Nəzərə almaq lazımdır ki, silahların müharibəsiylə yanaşı informasiya müharibəsi deyilən bir anlayış da var. Təssüflə demək olar ki, ermənilər bu müharibədə daim bizi üstələməyə çalışırlar. Bunun qarşısını almaq üçün hər birimiz bütün dəyərlərimizi, o cümlədən tariximizi dünya ictimaiyyətinə çatdırmalı, bu sahədə bütün vasitələrdən istifadə etməliyik.

 

 

Şəfanə İbrahimova 

 

525-ci qəzet.- 2010.- 14 may.- S.6.