Ay Laçın...
Azərbaycanın
qərb sərhədlərinin qurtaracağında bir rayon
vardı. Soruşanda “dünyanın qurtaracağında
yaşayırıq” deyərdilər. And
içəndə yüz iyirmi dörd min
peyğəmbərə and içərdilər, uşaqlar da
gözlərini döyə-döyə böyüklərə
baxıb huşa gedərdi və Həsənağa
meşəsindən moruq yığmaqdan dönəndə
yüz iyirmi dörd min peyğəmbərin goruna and
içib söyləyərdilər ki, meşədə canavar
görüblər.
Böyüklər
uşaqlara inanardı, çünki sözün
düzünü uşaqlardan eşitməyə vərdiş
eləmişdilər. Burda həmişə
uşaqlara maraqla qulaq asardılar, hər kəs
özünə lazım olan sözü uşaqlardan
alardı, qonşu qonşunun uşağını
danışdıra-danışdıra söz
çəkərdi və dünən qab-qacağı divara
vurub sındıranın kim olduğunu öyrənərdi.
Ona görə də hamı hər gün öz
uşağına öyüd-nəsihət verərdi ki, adam
evdə eşitdiyini çöldə-bayırda
danışmaz, çöldə-bayırda eşitdiyini
evdə danışar. Sonra sandıqda qorunan
qənddandan bir tikə qənd götürüb gizlicə
uşağın ovcuna qoyardılar və elə o axşam
qonşunun arvadı ərinə deyərdi ki, filankəsin
gədəsi yaman bicləşib, bir qırıq boyuyla yerin
altını da bilir, üstünü də.
Azərbaycanın qərb sərhədlərinin
qurtaracağında bir rayon vardı, hər beş addımda
yerin altından bir bulaq qaynayardı, bulaqlar dərə
aşağı süzülüb çay qovşağına
qovuşardı, dumduru Həkəri çayı axa-axa Araza
tökülərdi, Araz Kürə qarışardı,
Xəzərə tökülərdi,
Xəzərdə şəhərin müsəlman
kişiləri, xristian xanımları çimərdi, bu
müsəlman kişilər, xristian xanımlar
çimərlikdən qayıdıb metroya minəndə
yayın cırhacırında altdan-üstdən
qıfıllanmış, başına papaq, əyninə
pencək geyinmiş iki nəfərin
qışqıra-qışqıra nəsə
danışdığını görərdilər,
əvvəlcə narazı-narazı başlarını
bulayardılar, sonra da bir-birilərinə baxıb
gülərdilər. Elə bu vaxt
Azərbaycanın qərb sərhədlərinin
qurtaracağındakı rayonun mərkəzindən
gündə bir dəfə kəndlərə çıxan
avtobus dağların enişiylə uça-uça,
yoxuşuyla zarıya-zarıya yol gedərdi, benzin iyi
götürməyən arvad-uşağın ürəyi
bulanardı, tez-tez maşını saxlayıb
havalarını dəyişərdilər, bumbuz bulaqda əl-üzlərini
yuyub özlərinə gələrdilər və tikanlı
qollarını qayadan uzatmış ağacdan alça
dərib dillərinin altına qoyardılar ki, ürəkləri
toxtaq olsun.
Azərbaycanın qərb sərhədlərinin
qurtaracağında bir rayon vardı. Burda ancaq avtobusda arvadlar
susardı, kişilər danışardı, özü də
elə bərkdən danışardılar ki, elə bil bir
dağdan o biri dağa hay salıb “Qoyma, mal
biçənəyi tapdadı” deyirlər.
Kişilərin səsi arvadların başına
düşərdi, başqa vaxtsa kişilər arvadların
səsindən baş götürüb qaçardılar. Həyətlərin birində dama vurulacağı
günü gözləyən tirlərin üstündə
oturub “Prima”nı
tüstülədə-tüstülədə
siyasətdən, Stalindən, Mir Cəfər Bağırovdan
dəm vurardılar, həftələrlə gecikən
qəzetlərdən son xəbərləri oxuyub dünyadan hali olardılar və robotla şahmat oynayan
yaponların qüdrətinə məəttəl qalanlara
buğda dənəsini qucaqlayıb yuvasına
çəkən qarışqanı göstərib başa
salardılar ki, Allahdan böyük kişi yoxdu, yaponların
qeyrəti çatırsa o robota belə qeyrət, can
versinlər.
Allaha,
Quran-peyğəmbərə şəkk eləyəndən
gen gəzərdilər, amma mollayla da yaxınlıq
eləməzdilər. Məscid
tikməzdilər, heç məscidin nə olduğunu
bilməzdilər də, öz evlərini Allah evi sayardılar
və elə Tanrıya da öz kasıb komalarından
tapınardılar. Ölülərin ruhu yuxularına
girəndə mollaya “Yasin” oxutdurardılar, dua, cadu
yazdırardılar, amma yenə də mollaya inanmazdılar.
Toyda mollanı araq içməyə dəvət
eləyərdilər, yasda mollanın sözünü
kəsib yanlışını tutardılar. Yazıq
molla da hər gün namaz qılanda alnını
bərk-bərk möhürə basardı, ancaq yenə də
camaat söylənərdi ki, namaz qılan rəhmətlik
Məşədi İlyas kimi olar, alnında möhürün
izi yüz addımlıqdan gözə dəyirdi...
Azərbaycanın qərb sərhədlərinin
qurtaracağında bir rayon vardı. Camaatı ən çox
seldən, ildırımdan, quraqlıqdan, bir də pis
gözdən qorxardı. Ən varlı adamı da
dolanışıqdan gileylənərdi, ən sağlamı
da canındakı ağrılardan söz açardı və
bütün bunları naşükürlükdən
yox, bəd nəzərdən qorunmaq üçün
eləyərdilər. Evləri də çöldən ona
görə bəzəməzdilər,
çəpərlərə də mal kəlləsinin
sümüyünü pis gözü sancmaq üçün sancardılar.
Təkcə
bostanların çəpəri olardı. Evlərə hasar
çəkməzdilər, qapıları
gecə-gündüz açıq qoyardılar və
təkcə qorxmazlıqdan deyildi bu, həm də
mərdlikdən idi.
Ancaq
şər qarışanda mal-heyvanı pəyəyə
qatıb ağzını qıfıllayardılar ki, oğru
aparmasın. Bununla belə, həftə səkkiz-mən doqquz
bir oğurluq olardı. Səhərisi mal-heyvanın
rəddinə düşüb gedərdilər, kimdənsə
şübhələnərdilər. Sonra da ağsaqqallardan
biri Qurana əl basıb and içərdi ki, onun oğlunun
bundan xəbəri də yoxdu. Hələm-hələm
mal yiyəsi hər ağsaqqalın da Qurana əl basmasına
razı olmazdı, çünki belədə o, məğlub
sayılardı, yersiz şübhəsinə görə
gözdən düşə bilərdi və öz halal
malını tələb eləmək haqqı bir yana,
oğrunun qarasınca deyinmək haqqını da
itirərdi.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında
bir rayon vardı. Həyat qışda qurtarardı, yayda
başlayardı. Adamları yaşamaqdan, arıları bal
yığmaqdan, çiçəkləri rəng alıb
rəng verməkdən doymazdı. Yas düşməsə
yay uzunu şənlik olardı, şenlik olardı. Toyda
nəlbəkiləri maşının təkərinə
çırpıb sındırardılar, gəlini ata mindirib
tərkinə də bir oğlan uşağı
oturdardılar, maqnitofonu qoşub oynayardılar, saz
çalıb oxuyardılar, cıdıra çıxıb at çapardılar.
Birinci yerə çıxan atın boynuna qırmızı
şal bağlayardılar, yiyəsinin cibinə pul
basardılar. Birisi də ata qiymət kəsərdi, əlini
kəhərin yalmanına çəkib “Denən Allah xeyir
versin” deyərdi. Ancaq elə o gün
yüz-yüz vuran və aldığı nəməri dominoda
tay-tuşlarına uduzan at yiyəsi ayağa durmaq
istəyəndə yol ayağının altından
qaçardı, birdən yadına düşərdi ki, günortaüstü
də gözü beləcə ayağının
altını görmürdü, bircə onu
görürdü ki, ondan irəlidə bir kənd var və
kəhər madyan bir atı da o kəndə gedən yolda
özündən irəli buraxmayıb. Kövrələrdi,
bu dünyada kəhər madyan ona hər şeydən əziz
gələrdi, özünü qınayardı ki, gör
necə axmaq olmuşam, kəhəri itin-qurdun əlinə
verməyə razılaşmışam. Hirs vurardı
başına, hay salıb uşaqlardan birini
çağırardı, tapşırardı ki, gedin
filankəsə deyin, heç dədəm də gəlsə
kəhəri satmaram, bir torba qızıla da
dəyişmərəm kəhəri. Onu sakitləşdirmək
istəyərdilər, soyuq suyu başından
əndərərdilər, o isə ayağını yerə
çırpa-çırpa “Köpəyoğluyam
kəhəri satsam, at kişinin qeyrətidi” bağırıb
hıçqırardı.
Azərbaycanın qərb sərhədlərinin
qurtaracağında bir rayon vardı. Kişiləri bir gün
ot çalardı, iki gün mütəkkəyə
dirsəklənib qulunclarının ağrısını
çıxarardı. Arvadlar səhər ot yığardı,
günorta evə qaçıb odun doğrayardı,
çörək bişirərdi, axşam inəkləri sağardı,
sonra da uşaqlarının üstünə
çığırardı ki, dinməz durun, dədəniz
yorğundu, qoyun dincəlsin...
Azərbaycanın
qərb sərhədlərinin qurtaracağında bir rayon
vardı. Kişiləri bir-biriylə dalaşan kimi
söz-söhbət yayılardı ki, bunları arvadlar
öyrədib. Vay o günə ki, arvadlardan biri
yad qızı olaydı, yad qızı deyəndə ki,
ərinə əmiqızı, xalaqızı,
dayıqızı kimi yox, bir başqa cür qohumluğu
çataydı. O dəqiqə qayınanası gedib
oturardı qonşuda ki, bəs sümüyümü it
sümüyünə calayıblar, ay el-oba!.. Qonşular
da “can-can” deyə-deyə ona bir stəkan su
içizdirərdilər, bununla da odun üstünə benzin
töküb geri yollayardılar.
Azərbaycanın
qərb sərhədlərinin qurtaracağında bir rayon
vardı. Orda gəlinlərlə qayınanalar
səhər-axşam bir-birini qırardılar. Evdə subay
oğlan olanda qayınananın gəlinlə
düşmənçiliyi lap artardı. Çünki hər
qayınanaya elə gələrdi ki, gəlini onun subay
oğluna öz qohumlarından birini almaq istəyir.
Azərbaycanın
qərb sərhədlərinin qurtaracağında bir rayon
vardı. Orda subay oğlan olmaqdan gözəl heç nə yox idi. Hansı qapıya gedərdin, altına döşək sərərdilər. Hansı ananın halını soruşardın, o dəqiqə nə dərdi-səri vardısa açıb tökərdi. Özü də elə pıçapıçla danışardı ki, elə bil bu dünyada ona səndən yaxın, səndən doğma adam yoxdu.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağındakı rayonda subay olmaqdan gözəl heç nə yox idi. Ot yığmağa gedən qızların maşınların kuzovunda yanından ötüb-keçməsi gözəl idi. Səhəngini götürüb bulaq başına yığışan qızların səni görəndə kiriməsi gözəl idi. Kəndin bütün evlərindən görünən Qara ağac düzündə at çapmaq, hər bazar günü hind kinosu gələndə məktəbin artırmasında yer tutmaq uğrunda çarpışmaq... Gözəl idi. Ay nədi ki, ayın batması da gözəl idi, gün nədi ki, günün çıxması da gözəl idi. Çünki bu, eləcə ayın batması, günün çıxması deyildi. Bu, həyat idi və bu həyatda yaşamağın gözəlliyi idi.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı... O rayon indi yoxdu. İşğal da elə budu.
1999-cu il
Azər QARAÇƏNLİ
525-ci qəzet.- 2010.- 15 may.- S.30.