Sənətdə və həyatda
Ədil İsgəndərov yolu
Bu il Azərbaycan səhnəsinin görkəmli xadimi Ədil İsgəndərovun 100 illiyi tamam olur. Hamının inamla “Ədil” deyə müraciət etdiyi, əvəzində “buyur, qadam” – cavabı aldığı Ədil İsgəndərov Azərbaycan teatrının və kinosunun xoşbəxt sənətkarlarındandır. Bu xoşbəxtlik bəzən zamanın sərt küləkləri ilə rastlaşanda da bu böyük sənətkar sənət naminə ona verilən iztirablara mətanətlə dözürdü. 68 illik bir ömür yaşamış Ədil İsgəndərovu bu gün Azərbaycanda tanımayan çətin tapılar. Geniş tamaşaçı kütləsi, indiki nəsil onu ən çox kino aktyoru kimi tanıyır, hər dəfə də bu böyük sənətkarın televiziya ekranlarında nümayiş olunan filmlərdə Rosselini (“Uzaq sahillərdə”), Kərbəlayı (“Axırıncı aşırım”), Kamilov (“Qanun naminə”), Hatəmxan ağa (“Dərviş Parisi partladır”) və başqa bu səpkili rollarına baxanda böyük estetik zövq alır, onun əvəzsiz ifaçılıq məharəti ilə üzləşirlər. Amma bu rollar, aktyorluq sənəti Ədil İsgəndərovun Azərbaycan incəsənəti üçün etdiyi işlərin onda biri, bəlkə ondan da azdır. Çünki Ədil İsgəndərovun adı çəkiləndə mütəxəssislər ilk növbədə Azərbaycan Milli Dram Teatrının böyük və şərəfli bir dövrünü xatırlayırlar. Bu səhnə ocağına başçılıq edənə kimi o, müəyyən bir hazırlıq mərhələsi keçmişdi. Elə isə sənətkarın tərcümeyi-halına qısa nəzər salaq.
Ədil Rza oğlu İsgəndərov 1910-cu ildə Gəncədə anadan olub. Onun doğulduğu ildə qədim Gəncənin adı Yelizavetpol adlanırdı. Sənətkarın səhnəyə ilk marağı da doğma Gəncədə başlamışdı. Məktəb illəri, yeniyetməlik və gənclik çağları ötən əsrin iyirminci illərinə düşmüşdü. Həmin dövrdə məktəblərdə, fəhlə klublarında “yeni” insanın yetişdirilməsi üçün təhsillə yanaşı, estetik tərbiyə vasitələrindən, o cümlədən, teatrdan da geniş istifadə olunurdu. Demək olar ki, bütün məktəblərdə dram dərnəkləri vardı. Ədil İsgəndərov elə ilk səhnə fəaliyyətinə oxuduğu məktəbdə başlamış, sonrakı illərdə isə işçi klublarındakı dram dərnəklərinə üz tutmuşdu. İyirminci illərin sonu isə Bakıya gəlib, teatr texnikumuna daxil olmuşdu. Texnikumu bitirən kimi də Moskvada Lunaçarski adına Dövlət Teatr İnstitutunda təhsilini davam etdirmişdi. Moskva teatr mühiti, müəllimləri, təcrübə keçdiyi Moskva Bədaye Akademik Dram Teatrı, Vaxtanqov adına Teatr onun bir sənətkar kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edib. O, bu səhnə ocağından çox şey öyrənib, mənimsəyib. Amma yaradıcılığında heç zaman onları təqlid etməyib, yamsılamayıb, öz üslubunu, Ədil İsgəndərov teatrını yaradıb.
Ədil İsgəndərov Azərbaycan Dövlət Dram Teatrında müstəqil rejissor kimi hazırladığı ilk işində – Aleksandr Korneyçukun “Platon Krecet” əsərinin tamaşasında azad təxəyyülün nişanələrini verdi. Əsər görkəmli sənətkarlar – Ülvi Rəcəb və Mustafa Mərdanov tərəfindən təqdim olunmuşdu. Pyesdəki əhvalatlar Azərbaycana köçürülmüş, əsərdəki qəhrəmanlar milli adlarla adlandırılmışdı. Baş qəhrəman Platon Krecetin adı və soyadı “Polad Qartal”la əvəzlənmişdi. Əsər bu adla tamaşaçılara təqdim olundu və böyük uğur qazandı.
“Polad Qartal”dan sonra rejissor, Mirzə İbrahimovun “Həyat” pyesi üzərində işlədi. Məlum olduğu kimi “Həyat” Mirzə müəllimin ilk dram əsəri idi. O zaman gənc yazıçı səhnə qanunlarının tələblərini o qədər də dərindən bilmirdi. Amma bəxti gətirmişdi, çünki əsər Ədil İsgəndərova həvalə olunmuşdu. “Həyat” pyesi Ədil İsgəndərovda başqa bir cəhəti – dramaturqla işləmək bacarığını üzə çıxardı. Bundan sonra gənc dramaturq Cabbar Məcnunbəyovun “Yanar dərə” əsərini uğurla tamaşaya hazırlayan Ə.İsgəndərov 1938-ci ilin may ayında Dram Teatrına baş rejissor təyin olundu.
Gənc baş rejissorun ilk işi isə Səməd Vurğunun “Vaqif” dramı oldu. “Vaqif” Ə.İsgəndərovun yaradıcılıq istedadının ənginliyini, təxəyyül genişliyini, müəlliflə işləmək məharətini üzə çıxardı. Bu tamaşa Akademik Milli Dram Teatrın yaradıcılıq həyatında ən uğurlu tamaşalardan biridir, min dəfədən çox oynanılmışdır. “Vaqif” teatra təqdim olunanda kiçik bir əsər idi, amma rejissorla dramaturqun birgə səyi nəticəsində monumental bir tamaşa alındı. “Vaqif” tamaşası əslində Ə.İsgəndərovun, onun şəxsində Milli Dram Teatrın 1960-cı ilə kimi olan üslubunu müəyyənləşdirdi. Bu üslub isə monumentalizm, əzəmətli tamaşalar silsiləsi demək idi. Ə.İsgəndərov bu üsluba xas öz aktyorlarını yetişdirir, əvvəllər yaradıcılığa başlayan aktyorların bir çoxunu isə bu üsluba uyğunlaşdırırdı. Sonralar adlı-sanlı aktyorlar kimi yetişən Ələsgər Ələkbərov, Rza Əfqanlı, Həsənağa Salayev, Hökümə Qurbanova, Leyla Bədirbəyli, Nəcibə Məlikova və digər bu səpkili aktyorlar Ə.İsgəndərov məktəbinin yetirmələri adlanırdı. Ə.İsgəndərovun hazırladığı tamaşalara bilet tapmaq çətin idi. Bu monumental əsərlərin sırasında neçə-neçə gənc dramaturqların əsərləri var idi. Ə.İsgəndərovun böyüklüyü orasında idi ki, o bu gənc dramaturqların istedadını görür və onları istiqamətləndirirdi. S.Vurğun və M.İbrahimovla yanaşı S.Rəhman, M.Hüseyn, İ.Əfəndiyev, Ə. Məmmədxanlı, C.Məcnunbəyov, Z.Xəlil, İ.Səfərli və digərlərinin dramaturq kimi püxtələşməsində Ə.İsgəndərovun zəhməti az deyil. Milli dramaturgiyamızın yeni nümunələri olan “Fərhad və Şirin”, “Toy”, “İşıqlı yollar”, “Dumanlı Təbriz”, “Xoşbəxtlər”, “Nişanlı qız”, “Nizami”, “Cavanşir” kimi əsərlər xalqımızın istilaçılara qarşı mübarizəsindən, qəhrəmanlıq tarixindən, eyni zamanda həyatdakı naqisliklərin islahı yollarından bəhs edir, bir tərəfdən tamaşaçılarda milli özünüdərki gücləndirir, digər tərəfdən cəmiyyətdəki yalançılığa, insan xislətindəki təkəbbürə, lovğalığa və digər mənəvi çatışmazlıqlara qarşı ikrah hissi oyadırdı. Ədil İsgəndərov yeni dramaturqlar nəsli yetişdirməklə bərabər, Azərbaycan və dünya klassikasına da biganə deyildi. Onun teatrda baş rejissor və bədii rəhbər olduğu dövrdə “Hacı Qara”, “Lənkəran xanının vəziri” (M.F.Axundov), “Ölülər” (C.Məmmədquluzadə), “Aydın”, “Sevil”, “Yaşar”, “Od gəlini” (C.Cabbarlı), “Dağılan tifaq” (Ə.Haqverdiyev) və digər əsərlər uğurla tamaşaya qoyulurdu. Dünya dramaturgiyasından isə V.Şekspirin “On ikinci gecə”, “Otello”, K.Qaldoninin “Mehmanxana sahibəsi”, Lope de Veqanın “Sevilya ulduzu”, A.Ostrovskinin “Günahsız müqəssirlər” kimi klassik əsərlər uğurla tamaşaya qoyulmuşdu. Bu əsərlərin bir qismini o özü, digərlərini isə onunla birlikdə çalışan rejissorlar Ələsgər Şərifov, Mehdi Məmmədov, Əliheydər Ələkbərov, Səttar Turabov, Tofiq Kazımov hazırlayırdı. Gözəl təşkilatçı olan Ədil İsgəndərovun geniş ürəyi vardı. O, teatrda çalışan hər bir rejissor üçün geniş imkanlar yaradır, lazım gəldikdə isə məsləhətlərini əsirgəmirdi.
Ə.İsgəndərovun baş rejissor işlədiyi dövrdə Azərbaycan Dövlət Dram Teatrı o zaman Sovet məkanında sayılıb-seçilən teatrlardan idi. Onun vaxtında teatrın Moskvaya qastrolu zamanı tamaşalar orada çalışan mütəxəssislər tərəfindən maraqla qarşılanırdı. Moskva qastrolları zamanı S.Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, V.Şekspirin “On ikinci gecə”, “Otello”, A.Ostrovskinin “Tufan”, C.Cabbarlının “Almaz” və başqa əsərlər Moskvanın teatr ictimaiyyəti, mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib, paytaxt mətbuatında, incəsənətə, teatra dair çıxan jurnallarda bu tamaşalar nümunəvi əsərlər kimi təhlil olunub.
Ə.İsgəndərovu Azərbaycan teatrının gələcəyi də narahat edirdi. O, 1936-cı ildən başlayaraq, ömrünün sonuna kimi pedaqoji fəaliyyət göstərib. Əvvəl teatr məktəbində, sonra isə Azərbaycan Teatr İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) aktyor və rejissor sənəti fənlərindən dərs deyirdi. Öz tələbələri içərisindən ən yaxşılarını seçib, teatra gətirirdi. Lakin görkəmli pedaqoq bununla kifayətlənmirdi. Dram Teatrında, sonralar “Azərbaycanfilm” kinostudiyasında işləyəndə, orada aktyorluq studiyaları açaraq, ali təhsil almağa imkanı olmayan gəncləri seçib, onları səhnə və kino sənətimiz üçün hazırlayırdı.
1960-cı ildə artıq özünün məktəbini yaratmış, SSRİ məkanında sayılıb-seçilən rejissorlardan olan Ədil İsgəndərov Dram Teatrının rəhbərliyindən uzaqlaşdırıldı. Lakin çox keçmədi ki, “Azərbaycanfilm” kinostudiyasına başçılıq etməyə başladı. Kadrları yaxşı tanımağı, geniş dünyagörüşü, təşkilatçılığı burada da istedadlı və təcrübəli sənətkarın köməyinə gəldi. Bu gün ekranlarda maraqla baxdığımız filmlərin əksəriyyəti Ədil İsgəndərovun “Azərbaycanfilm” kinostudiyasına başçılıq etdiyi dövrdə çəkilib.
Görkəmli sənətkara Azərbaycanın digər teatrlarında da ehtiyac duyulurdu. O, dəvət alaraq Rus Dram Teatrında S.Vurğunun “Vaqif”, Opera və Balet Teatrında R.Qilyerin “Şahsənəm” və digər əsərlərə quruluş vermişdi.
Bəzən ədəbi yaradıcılıq sahəsində də qələm çalırdı. Yazdığı pyeslər Gənc Tamaşaçılar Teatrında, Musiqili Komediya Teatrında tamaşaya qoyulub, radioda səsləndirilib.
Ədil İsgəndərov zəmanəsinin ən yüksək mükafatlarını – SSRİ Xalq Artisti adını, SSRİ Dövlət mükafatını, SSRİ məkanında keçirilən kinofestivalda “Ən yaxşı kişi roluna görə” mükafatı alıb, onlarla orden və medala layiq görülüb. Lakin Ədil İsgəndərovun ən böyük mükafatı ümumxalq sevgisi, özünün yaratdığı üslub, teatr məktəbidir. Onun üslubu və ənənələrindən öyrənmək, bəhrələnmək hər zaman zəruridir.
Maqbet BÜNYATOV
525-ci qəzet.-
2010.- 15 may.- S.26.