Verilməyən şans
(Romandan parça)
Rasim Gərayoğluna
...Rayondan öz
maşınıyla Bakıya tək-tənha gələrkən
Rabil yolboyu Muxtarla bağlı il yarım qabaq düşməncəsinə
ayrıldıqları o gərgin saatları, dözülməz
anları deyil, qəribə də olsa, onunla bağlı uzun
illər yoldaşlıq elədikləri günlərdəki
xoş məqamları, “Moskviç” maşınına səkkiz
yüz kiloqram sarımsaq vurub yağışlı,
çamurlu, palçıqlı torpaq yolla Volqoqrada gedərkən
tez-tez yerə dəyib taqqıldayan tüstüboğanı məftillə
çəkib bərkitmək üçün Muxtarın
özünü qabağa verib maşının altına girməsini,
başqa bir vaxt Taqanroq şəhərinin qonaq evində yer
tapmayanda on-on iki yaşlı qız nəvəsiylə
yaşayan qoca rus qadının birgözlü mənzilinin dəhlizində
gecələməli olanda açılıb-yığılan
çarpayını, qalın yorğanı ona verib “mən paltarlı
yataram” söyləyib quru taxta döşəmənin
üstündə uzanaraq odeyalı üstünə çəkməsini,
başqa bir vaxtsa Saratov şəhərinin mərkəzi
küçəsində tanış olduqları iki
sarışın qızdan ən boylu-buxunlusu,
yaraşıqlısı Muxtara meyl eləsə də “Yüz
belə qız qurban olsun sənin vüqarlı duruşuna!
Peşkəşdi qardaş” deməsini, çölün
düzündə süfrə açıb çörək
yeyəndə meyvənin gözəgəlimlisini ona sarı itələməsini,
termosdan çayı birinci onun stəkanına süzməsini,
kolbasanın son dilimi qalanda süfrədən əlini çəkməsini,
süfrəni yığışdırmasını,
qab-qacağı, stəkanları yuduğu anları
xatırlayaraq Bayıl bazarına çatanda
maşının sürətini azaldıb sağa çəkmək
istədi, “bəlkə son görüşümüz olacaq,
burda fərli meyvə olmaz” düşünərək
maşının sürətini artırdı. “Təzə
bazar”ı tələsmədən dolaşaraq meyvələri
gözdən keçirdi. “Görəsən hansı meyvə
ona xeyirdi? Deyilənə görə karalyok...” İri, tünd
narıncı, gözdoyuran karalyokun, nazik
qabığının altında iri gilələri bilinən
Göyçay narının, zərif tükləri
tökülmüş sığallı, şümal, parlaq
Ordubad heyvasının hərəsindən iki kilo, bir kilo da
ucaboy, incə belli gözəlləri xatırladan,
saplağından aşağı getdikcə enlənən
sapsarı armud aldı.
İki nömrəli
qapısı açıq palatın ağzından boylanaraq,
çarpayıdakı xəstələri ani olaraq gözdən
keçirəndə birinin sağ yanağının göyümtül
şar kimi üfürülüb şişdiyini, birinin
alnından yuxarı ucu getdikcə nazilən yeni göyərib
çıxmış cöngə buynuzuna oxşayan
şişi, başqasında isə sallanıb bir
gözünü örtmüş erkək hinduşka pipiyi
kimi qırmızımtıl ət parçasını
görəndə Rabilin bədəni ürpəşdi, “Axı
mənim burda nə işim vardı” düşündü, tez
xəstəxanadan çıxıb getmək istədi,
palatadakı adamların baxışları sanki onu tutub
saxladı, gözlərini xəstələrdən
yayındıraraq onları yoluxmağa gələnlərə
müraciətlə: “Dedilər Muxtar burda yatır?” söyləyəndə
üzü divara sarı xəstə bütün bədəniylə
çevrilib qapıya sarı baxdı, dərhal Rabili
tanıdı, “Ola bilməz... Bəlkə başqa Muxtarı
axtarır” – düşündü.
Çaşdığından nə üzünü gizlədə
bildi, nə də cəsarət edib Rabilə salam verə
bildi. İki nömrəli palatadakı xəstələrin
içində görkəmcə ən urvatlı, babat
görünən, saçı tökülmüş,
gözləri böyüyüb az qala bəbəklərindən
düşəcək, boğazının yan tərəflərindən
dərisinin altına sanki dördkünc yastı buz
parçası yerləşdirilmiş Muxtarı güclə
tanıdı, palatını bürüyən gur səsiylə
“Ə, il yarımda yəni elə dəyişmişəm, məni
tanımadın, Muxtar?!” – deyib ağır-ağır ona
sarı yaxınlaşdı. Qabaq-qabağa dayandılar, ancaq
Rabil nəinki qucaqlayıb onu bağrına basdı, onunla
heç əl də tutmadı, eləcə halını
soruşdu, nə vaxtdan xəstəxanada
yatdığını xəbər aldı, cavabı gözləmədən
“Canın üçün dünən eşitdim,
İsrayıl dedi xəstələndiyini, rayonnan birbaşa
bura gəldim...” Həkimlər nə deyir? Haçan
çıxırsan Allah qoysa?...” Muxtar Rabilin verdiyi
sualların heç birinə cavab vermir, utancaqmı,
günahkarmı baxışlarını tez-tez ondan
yayındırırdı. Rabil onun susduğunu görəndə
“Bu dəyqə ağrın-zadın yoxdu ki?” soruşdu. Muxtar
gülümsənərək gözlərini yumub
başını azacıq tərpətməklə
ağrımadığını bildirdi. Muxtarın boynunu
döndərə bilməməsi Rabilə agah oldu: – A Muxtar,
bir cür çıxmasın, niyə dinmirsən, adamın
başına hər şey gələ bilər, xəstəxanaya
da düşər, avaryaya da, həbsxanaya da... – deyib qonşu
çarpayıda yatan xəstənin yanında ayaqüstə
dayanmış kişiyə baxıb sözünə davam elədi.
– Ağsu yenişində avaryaya düşdük.
Üç-dörd il bundan qabaq – deyib Muxtara sarı
çevrilərək “Eləmi?” – dedi, Muxtar yenə gözlərini
qapayıb başıyla onun sözünü təsdiqlədi.
Rabil dönüb qonşuluqdakı kişiyə baxaraq Muxtara
işarəylə sözünə davam elədi – Qolu iki yerdən
sınmışdı, mənim burnum bekaraca
qanamışdı. Köməyə gələn adamlara məni
göstərirdi ki, buna yardım eləyin – deyib yenə Muxtara
baxdı – İndi nə olub sənə, Allaha şükür
ayaqüstəsən... – dedi, əlindəki torbanı ona
sarı uzadaraq – Bunu hara qoyaq? – söyləyəndə Muxtar əlini
yelləyib – Lazım deyil... Boğazımnan heç nə
keçmir...- dedi, Rabil sanki dərin quyunun dibindən gələn
sıxılıb əzilmiş, boğuq səs eşitdi, ilk
dəfə səsin qapqara olduğunu gördü, bədəni
ürpəşdisə də, özünü o yerə
qoymadı. – Allah köməyin olsun, indi iştahın çəkmir,
birazdan yeyərsən, sabah yeyərsən – deyib selofan torbadan
çıxartdığı heyvanın birini onun burnuna
yaxınlaşdırıb – Ordubad heyvasıdı, qoxusu da
adama şəfa verir – dedi, torbanı onun
“tumbuşka”sının yanına qoyub dikəldi, ehmalca
Muxtarın qolundan yapışıb “Gəl balkona
çıxaq” – dedi.
lll
Rabil Bibiheybət məscidinin
yanında maşını saxladı, çətinliklə
cibindən çıxartdığı bir dəstə iri
pulu eşələyərək – Ə, Muxtar, bir
manıtın yoxdu? – deyib zarafatla sözünə davam elədi
– Muxtarın xırda pulla nə işi var, onunku yüzlüklərdi...
hə, tapdım – deyib manatlığı bir dəstə iri
pullardan ayırdı, maşından düşüb nəzir
qutusuna yaxınlaşdı. Qayıdıb maşina əyləşib
xodladı, qazın pedalını basıb əyləci qəfildən
buraxdı, təkərlərin asfalta sürtünüb
qopartdığı əcayib səsin eşidilməsi ilə
maşının yerindən götürülməsi birdən
oldu, azca sürət götürəndən sonra əyləci
sıxdı, maşın yerindəcə mismarlanıb
qaldı – Hərdən cavanlıq da eləmək
lazımdı – dedi Rabil. Səhər tezdən proflaktoriyada
maşının təkərlərinin balansını
yoxladıb nizama saldırmış, qaykalarını çəkib
bərkitdirmiş, yağını dəyişmiş, çənini
ağzınacan benzin doldurmuşdu. Maşının saz
durumundan ilhamlanan Rabil – Səhv elədik, gərək
Şamaxı yolu gedəydik. Şamaxının mayı,
Ağsuyun dolamaları, meşə, hələ
ağacların tər-təmiz yarpaqları... Bəh-bəh
ölürəm də may ayı üçün... Muxtar onun
sözünü kəsdi, – İstəyirsən qayıdaq
ordan gedək. Hara tələsirik ki? – Yox e, qardaş,
düşər-düşməzi olar. – deyib güzgüyə
baxıb göz vurdu – Sən də ki, maşallah, nazirlik
işçisinə oxşayırsan... Ancaq sən nahaq yerə
bizim dəstəyə qoşulmadın. Mirzənin lopa, salaq
bığını, Dəyanətin elə bil qarnında ekiz
uşaq var, mən onun yanında miniatür oğlana
oxşuyuram. Umudun dorulduya-dorulduya
danışdığını eşidən antaliyalılar
qoyub qaçacaqlar. İçimizdə yaraşıqlı sənsən,
sən də naz elədin...- dedi. Muxtar – Ay Rabil, Evin
üstü açıq qalıb. Mən necə gedim? Səhv
elədim, gərək qabaqca krişasını vurduraydım,
sonra...
– Darıxma, Antalyadan
qayıdıb Volqoqrada bir dəfə də reys eləsək
krişanı da vurarsan, hələ toyunu da eliyərsən –
deyib maşının sürətini bir az da artırdı,
gur səsiylə – Portvelin içində qovluq var, onu bəri
ver – dedi. Şıxov enişiylə
üzüaşağı düşəndə Rabil
açdığı qovluqda üç “paçka”
beşlikdən ikisinin olmadığını görəndə
əyləci necə sıxdısa, arxadan təkərlərindən
ətürpəşdirici səs
çıxara-çıxara gələn “Qaz-24” markalı
maşın ehmalca Rabilin “Moskviç”inə toxundu,
sürücülərin ifadəsiylə deyilsə, bir-birini
öpdü. Xoşbəxtlikdən maşınların
heç birinə xətər toxunmadı. Üzrxahlıq edib
“iyirmi dörd”ün sürücüsünü yola salandan
sonra onsuz da sarsıldığından rəngi qaçmış,
halı və səsi dəyişmiş Rabil təlaş
içində – Ə, partveli görüm – söylədi,
Muxtar həyəcan içində – Nə olub Rabil?
Rabil cavab vermədən
portvelin gözlərini dönə-dönə təlaş
içində eşələyib yoxladı. – Bu nə deməkdi!?
Paçkaların ikisi yoxdu! Min manat! – deyib iri gövdəsini
çətinliklə çevirib arxaya ayaq altlarına baxmaq
istədi – Ə, bir oralara bax – söylədi. Muxtar yan tərəfdəki
ayaq altına, sonra tələsik ayaqlarını təşviş
içində gah oyana, gah bu yana çəkib öz
ayaqaltını gözdən keçirdi – Axı o, iynə
deyil görünməsin – dedi Rabil, qapını açıb
yerə düşdü, hövüllü arxa qapını
açıb ayaqaltlarını gözdən keçirdi, əlini
söykəncəklə oturacağın bitişən yerinə
soxub yoxladı, – Allah sən saxla – deyib, dikələrək
ağır fiziki işdən tər tökmüş adamlar
kimi dərindən nəfəs alıb köks
ötürdü, – Allah sən saxla, mən yuxumu görürəm
nədi – söyləyib sükanın arxasına əyləşdi.
Muxtar da arxadan başılovlu gəlib qabaqda oturdu. – Ciblərinə
bax bəlkə... – Nə danışırsan, nə bəlkə!..
Paçkanın üçü də burdaydı. Üç
gün bunnan qabaq Zakirgilin evinə qoymuşdum... – Muxtar
portvelin gözlərinə yenidən baxa-baxa başını
qaldırmadan – Onda gəl qayıdaq Zakirgilə – dedi, sanki
bütün günah Muxtardaymış kimi Rabil bir az da əsəbləşərək
səsinin lap yoğun yeriylə – Nə gic-gic
danışırsan!!! Bu dəyqə partlayıb öləcəyimi
bilsəm də ora qayıda bilmərəm. Biz namusumuzu
bir-birimizə etibar edirik... – söylədi, bir an araya sükut
çökdü. Birinci sinifdən onuncu sinfə qədər
birgə oxuduqlarını, beşinci sinifdə
dostlaşdıqlarını, bu yaxınlığın,
doğmalığın onların ailələrinə də
sirayət elədiyini, sonra politexnik institutun avtomobil
şöbəsinə qəbul olub oranı
qurtardıqlarını, institutda oxuduqları vaxt bir-birindən
xəbərsiz ikisi də bir qızı sevdiklərini, məsələ
açılanda bir-birinin xətrinə hər ikisi o gözəl
qızdan əl çəkmələrini, evləndikdən
sonra da ailəlikcə get-gəllərini, hətta Zakir evdə
olmayanda onların qapısını ərklə açıb
içəri girməsini, elə evlərindən Zakirin iş
yerinə zəng edib “mən hamama girdim, tez çıx gəl,
bir də bir yarım al gətir” deməsini, onun xanımından
məhrəba alıb hamama girməsini, Rusiyaya səfərlər
zamanı yeri, məqamı düşəndə bunları təfsilatıyla
Muxtara danışmışdı.
Bir dəfə də sözgəlişi:
“Muxtar, özün də bilirsən səni nə qədər
istəyirəm, ancaq mənim bir dostum var bu dünyada, incimə
bu sözümnən, o da Zakirdi” söyləmişdi. Rabilin
hirslənib gur səsini başına salacağından ehtiyat
elədiyindən, qanının qaravaxtı, bəlkə lap
qorxduğundan Muxtar səsini alçaldıb – Qardaş, bir
özünü ələ al, sakit ol, mən demirəm Zakir,
ya onun arvadı... Evdi də hər cür adam gəlib gedir. Hər
halda Zakir bilməlidi.. – dedi. Rabil onun sözünü
yarımçıq kəsib əllərinin ikisini də
qaldırıb bərkdən sükana çırparaq – Bəsdir
də! – qışqırdı, – Dedim ki, mümkün deyil.
Arxadan gələn
maşınların gözübərəli sürücüləri
bir neçə dəfə aramsız siqnallar verir, yolu ilan
kimi əyri-üyrü gedən Rabilin “Moskviçini”
ötüb keçərkən əl-qolunu oynadır, Allah
bilir hansı mərtəbəli söyüşlər
yağdırırdı. Bir dəfə də qarşıdan
sürətlə şütüyən “Kamaz”la baş-başa
gələcəklərini görən Muxtar – Sağa!
Sağa! – qışqıraraq əlini sükana atdı,
xatadan, bəlkə də ölümdən
sovuşduqlarını duyub dərindən köks ötürərək
– İkimizi də öldürmüşdün...
Özünü ələ al qardaş. Fikirləşək
görək neynirik... Sarsılıb bütün ümidini
itrimiş Rabil öz-özünə
danışırmış kimi – Mən batdım... Kimi
inandıra bilərəm itirmişəm. – astadan dedi.
İtiyini tapan adamlar kimi Muxtar nikbin səslə – Düz
sür bizim kəndə, bir inəyimiz var satarıq – deyəndə
Rabil səsini qaldıraraq – Ə, sənin başın əvvəldən
“peraboy” işliyirdi, indisə dayanıb – söylədi.
Maşının sürəti
səksəndən gah altmışa, gah qırxa
düşdüyünü görsə də bir söz deyərsə,
Rabilin yenə hirslənib bağıracağından ehtiyat elədiyindən,
dodaqlarının hərdənbir tərpəndiyini, nəsə
pıçıldadığını gözünün
qırağıyla görsə də, Muxtar səsini
çıxarmadı. Hacıqabula çathaçatda birdən-birə
maşının sürətinin artdığını
gördü. Bir saat öncə söylədiyi inək məsələsini
Rabil sanki indicə eşitmiş, elə bil ümid
işartısı gördüyündən mülayim səslə
– Birisi gün biz uçmalıyıq, iki daşın
arasında inəyinizi kimdi alan? – söylədi. Elə bil
Rabil stresdən çıxıb ayılmışdı,
boğuq tutuqun sifəti durulub özünə gəlmişdi,
maşının sürət göstəricisi doxsan-yüz
arası dəyişir, həmişə olduğu kimi o,
maşını indi çox rahat və səliqəylə
sürürdü. “İnəyinizə nə qədər verərlər?”
soruşanda Muxtar bir qədər çaşdı. Sualın
ciddiliyini, yoxsa dolamaq, ələ salmaq məqsədilə
verildiyini anışdıra bilmədi. “Deyəsən sözlərində
istehza, kinayə var” – düşündü Muxtar. – Lap yüz əlli,
uzaq başı iki yüz verdilər, bunnan yaramı
sağalar?.. – dedi Rabil. Muxtar tələsik və həyəcanla
– Şiferləri də satarıq, mən sonra alaram... – dedi,
Rabil əlini yelləyib, “bu da eləsin yüz-yüz otuz...
bunnan Fatıya tumanmı olar?.. Araya yenə sükut
çökdü. Ləkiyə yaxınlaşanda – Bəs neyləyək
Muxtar? – Rabil soruşdu. Onun səsindəki
arxayınlığa Muxtar təəccübləndi – Deyirəm
bəlkə... – söyləsə də sözünün
dalısını gətirə bilmədi.
– Nə bəlkə? Niyə
susdun? Özgə vaxt dil-dil ötürsən...
– Gedəy bizim kəndə,
dayıma yalvarım...
– Ə, oğraş dayın
pul verəndi!? Görmür neçə aydı şiferləriniz
yerdə qalıb, evinizin üstü krişasızdı?..
Maşını yolun
qırağına çəkib saxladı. – Düş bir
çay içək, başımız açılsın
görək neynirik. Ləkidə bir dostum var. Deməsəm,
sonra görüşəndə üyüdüb tökəcək
bəs mənə niyə demədin...
Çayçıda
barmaqları ilə gicgahlarını sığallayan Rabil –
Başım partlayır – deyib dilim-dilim doğranmış bir
nəlbəki limonun yarıdan çoxunu ağzını
marçıldada-marçıldada iştahla yedi. İki dilim
öz stəkanına, birini də Muxtarınkına saldı,
şəstlə Muxtarın gözünün içinə
baxıb – Sənə nə olub, qanın mənimkindən bərk
qaradı – dedi, yenə cavab gözləmədən
çayçı oğlanı çağırdı,
oğlan tələsik onlara yaxınlaşanda Rabil – İbad
buralara gəlmişdi? – soruşdu. – Dünən gəlmişdi,
dedi Sıktıkvara gedirəm. – oğlan sözünü
qurtarmamış Rabil əlin-əlinə vurub Muxtara baxdı,
hər yerdən ümidi üzülmüş adamlar kimi
başını bulayıb barmağıyla göyə
işarə edib – Gör e, Qurban olduğum bütün
qapıları üzümüzə bağlayıb – söyləyib
armudu stəkanı götürüb bir qurtum içərək
Muxtara – Çayını iç gedək, ürəyim
partlamasa yaxşıdı – söylədi.
Rabil maşına yaxınlaşıb
sol qapını açdı, ancaq oturmadı,
maşının sağ tərəfində dayanmış
Muxtara baxıb – Belə vəziyyətdə adam evini də,
maşını da dəyər-dəyməzinə satmalı
olur. Canın üçün, alan olsaydı – deyib əlni
maşının damına vurub sözünə davam elədi,
– iki min, lap üç min aşağısına verərdim –
dedi. Muxtar “Nə danışıram, hayıf deyil? – söyləyəndə
Rabil – Neyniyim qağa, on nəfərin beşi inansa, beşi
inanmayacaq, məni diri-diri yeyərlər, illahdakı
mırız Seyfi! – danışa-danışa bir əliylə
şalvarının qabaq düymələrini
aça-aça maşının qabağından hərlənib
sağ qapının yanında dayanmış Muxtara
açarı uzadaraq – Nə vaxtandı yandırır,
huşum başımda deyil, özümü rahatdayım –
söyləyib Muxtarın arxasına keçdi. Muxtar azca meyillənib
açarı qapıya salanda çayçı tərəfdən
tuşlanmış projektorun gur işığında onun
şalvarının arxa cibində bir “paçka”
dördkünc beşlik aydınca sezildiyindən Rabil əminliklə
gözlənilmədən əlini atıb onu
çıxartdı, qıfıla saldığı
açarı fırlatmağa macal tapmamış Muxtar diksinərək
ildırım vurmuş adam kimi geri çevriləndə Rabil əlini
atıb onun pencəyinin döş cibindən ikinci
paçkanı çıxartdı, ayaqüstə
ölmüş Muxtarın ağzından “Qaytaracaydım...”
sözü çıxanda Rabilin “Ananı .....” – deyib onun
ayaqları dünyadan üzülmüş, buz
bağlamış, ölü sifətinə gücü gəldikcə
bircə sillə tutuzdurmağı ilə arıq, şivərək
olsa da, özündən dörd barmaq uca olan Muxtarın bir
papaq kimi yüngülcə uçaraq xəndəyin
qırağına yıxıldığını, oradansa iki
dəfə yoğalanaraq alçaqboylu qamışlığa
düşməyini, bu an onun sinəsindən bir göz
qırpımında qaramtıl ilanabənzər nəyinsə
su kimi axıb yoxa çıxdığını, Muxtarın
“Vay, mama!” deyib pişik cəldliyi ilə ayağa durub xəndəkdən
çıxmasını gördü. Rabil açarı
qapıdan çıxarıb tələsik sükan tərəfə
gəldi, qapını açdı, maşının o biri
yanında özü də nə istədiyini bilməyən
müəmmalı duruşlu Muxtara – Nə olub!? – dedi, sanki cəzasın
çəkib qurtarmış adam kimi, – ancaq
günahkarcasına – Üstümnən ilan keçdi – titrək
səslə dedi Muxtar: “Day sənnən kişi olmaz” – söyləyib
Rabil maşına oturaraq “ürəyinnən maşina oturmaq
keçir, oğraşın” – düşündü. Təkərlərin
arxasından qumu, çınqılı geriyə
püskürən maşın qəfil yerindən
götürülüb uzaqlaşdı.
lll
Balkonda ikisindən başqa
adam olmasa da, boynunu əyərək bir sirr söyləyirmiş
kimi Rabil pıçıltıyla danışır,
baxışlarını nə qədər yayındırmaq
istəsə də özündən asılı olmayaraq
gözləri hərdənbir Muxtarın şüadan
yanmış boğazına sataşır, dərisinin
altında qabarmış yastı, dördkünc buz
parçalarına bənzəyən görüntüdən
eymənərək bədənində üşütmə
hiss etsə də, canıyanan, simsar adam kimi gözlərini
Muxtarın qoruyucu şüşəsi sınmış
maşın farası kimi miskin, zavalı gözünə zilləyib
– Həkimlər nə deyir? – soruşanda Muxtar
gülümsünərək balkona sarı uzanmış
çinar budağının üstündəki tək-tük
qalıb saralmış yarpaqlara işarəylə iki şəhadət
barmağını bir-birinə sürtərək onlara
oxşadığını, tezliklə bu dünyadan
üzülüşəcəyini bildirdi. – Bəsdi sən
Allah, yekə oğlansan! – Rabil bu sözləri ucadan dedi,
Muxtarın sıxılıb əzilmiş, boğuq səsini
xatırlayıb yenə pıçıltıyla sözünə
davam elədi, həm də söhbəti dəyişmək məqsədiylə
– Mən ölüm, ürəyin nə istiyir, hinduşqa,
balıq kababı... Təmiz bal yeri bilirəm. Bəlkə pul
lazımdı, Muxtar canı, nə qədər
lazımdı... – sual dolu baxışlarıyla Muxtardan cavab
gözlədi. Muxtar boğuq göy rəngli xəstəxana
xalatının qolunu yuxarı eləyib saatına baxdı,
qolu son dərəcə arıqlayıb nazikləşdiyi,
qayışın dəmir ilgəyi sonuncu deşiyə
keçirildiyi, saatın biləyin altına çevrildiyi
Rabilin gözündən yayınmadı. Muxtar saatını
çətinliklə hərlədib biləyinini üstünə
aşırdı, başını qaldıraraq ciyərindənmi,
qarnının dərinliyindənmi gələn boğuq səslə
gücənə-gücənə: “Bir saata gəlib aparacaqlar”
– dedi. Rabilin iri pərtləmə gözləri bir az da
böyüdü, – Hara? – təəccüblə soruşdu.
Muxtar – Kəndə – deyib azacıq gülümsünərək
– Öl-mə-yə... – əlavə elədi. Rabil əlini
yelləyib, ucadan – Qurtar görək, mən ölüm. –
söyləyib yenə də alçaqdan danışmağa
başladı. – Muxtar, sən belə deyildin axı, adam gərək
heç vaxt ümidin itirməsin, bizim aramızda heç vaxt
gizli söhbət olmayıb, bir cür çıxmasın, bu
günlərdə hansısa qəzetdə oxudum, Braziliyada ölmüş
bir kişini aparıb qəbrə sallayanda dirilib ayağa
durub, adamlarla evinə qayıdıb. Allahın o qədər
möcüzələri var. Sənə nə olub maşallah,
ayaqüstəsən, ağrımırsan, ağlın
başında. Gedib o kəhrizin suyundan içərsən, təmiz
hava, təbii yeməklər... Rabil birnəfəsə
bunları söyləyəndə “Nahaq yerə bizim
aramızda gizli söhbət olmayıb” dedim, elə biləcək
oğurladığı pullara rişxənd edirəm,
düşdüyü ağır vəziyyəti görüb
sevinməyə gəldiyimi düşünəcək” –
fikrindən keçdi. Muxtar yavaşca onun qoluna toxundu, qabaqca
barmağını öz boğazına
yaxınlaşdırdı, sonra əlini qarnının
üstünə qoyaraq – burda da var, yanıram... – dedi. Əliylə
dizini göstərib – Yerə qoyub kəhrizin suyundan doyunca
içib öləydim – söylədi. Rabil onun qolundan ehmalca
tutub: “Gəl gedək içəri, əynin yalındı,
soyuq dəyər. Dedim ölümü yadınnan
çıxar. Cavan oğlansan, iradəylə mübarizə
aparsan, hər şeyə qalib gələrsən. Şəhərin
his-pası, boğanağını, cürbəcür xəstələri
görüb pessimis olmusan, çətini o cənnət-məkan
kəndə çatanacandı, inşallah, hər şey
yaxşı olacaq”. Muxtar azacıq dirəniş göstərib
bir an yazıq-yazıq, yalvarışla Rabilin gözünə
baxdı, bir anın içində ağlından keçən
“Rabil, Allaha and olsun, yol boyu sənin keçirdiyin o gərgin,
ağır anları, ölümə bərabər qəzaları
görəndən sonra pulları qaytarmaq üçün yollar
axtarırdım. Dayımdan borc almaq məsələsini deyəndə
artıq mənim üçün işıq ucu
görünürdü. Çox yox, üçcə dəyqə
mənə fürsət-şans versəydin... Sən
maşında gözləsəydin, dayımgilə girib
çıxmağımla hər şeyi yoluna
qoyacağdım. Dayım olmasa da oğlunu, yaxud arvadını
sənin maşınına mindirib rayon bangına gedəcəkdik,
ora girib, özü də sənsiz, deyəcəkdim bunlar sənin
yanında pul çıxartmaq istəmirlər. Beş-on manat
verib paçkadakı beşlikləri əllilik-yüzlük
olmasa da iyirmi beşlik, yaxud bir paçka onlkq alıb
özünə qaytaracaqdım. Mənim kimi haqq itirən
dünyada tapılmaz. Hər dəfə Rusetdən
qayıdanda bircə həftənin içində mənə
üç yüz, dörd yüz, bəzən beş yüz
rubl verirdin. Raykom katibinin aylıq maaşı o qədər
deyildi. İkimərtəbəli evimiz sənin sayəndə
tikilmişdi. Zakirgildə sənnən açarı alıb
maşında qalmış siqaretimi götürməyə gedəndə
qovluqda pul olduğu ağlıma gəlmirdi.
Qırmızı, dəridən olan yaraşıqlı, həm
də mənə çox bahalı görünən qarnı
şişik dəri portvelini görəndə sanki mənə
onun içinə baxmağı kimsə əmr elədi.
Qovluğa tələsik baxanda, inan ki, o an portvelin səninki
olduğunu unutmuşdum. Qovluqdakı pul paçkalarını
görəndə elə bildim portvel pulla doludu.
Maşının qapısını bağlayanda sən
yadıma düşdün, paçkaları qaytarıb yerinə
qoymaq istədim. Şeytan yenə məni allatdı, səni həddindən
artıq pullu adam hesab elədiyimnən “əşşi, bunlar
onun üçün semişqa puludu” fikirləşdim. Boynuma
alıram, Rusetdə mənə bəzən iyirmibeşlik, əllilik
verib şey-şüy almağa göndərəndə də,
mənə inandığından çox vaxt qalan
qalığı qaytarmırdım. Mən köhnənin
yaramazıymışam. Mən namərdin andına
inanmayacağından, and içmədən sadəcə deyirəm,
pulları qaytarmaq istəyirdim. Nə sən, nə də
Allahım o iki-üç dəqiqəlik fürsəti –
şansı mənə vermədiniz...” Bu sözləri deməyə
gücü çatmayacağını, deyə bilsə də
Rabilin inanmayacağını bildiyindən
yazıq-yızıq və günahkarcasına onun üzünə
baxaraq, aciz görkəm alıb yalvarışla: – Bacarsan, məni
bağışla – dedi. Rabil anası Zərişin ruhuna and
içib (bu Rabilin müqəddəs andıydı) Muxtarı
inandırmaq istədi ki, xəndəkdən
qışqıraraq durub gələndə onu ilan
çalmış olsaydı, maşınına mindirib təcili
xəstəxanaya çatdırmaq ağlından
keçmişdi. Ancaq bu xoşagəlməz əhvalatı
onun yadına salıb qanını qaraltmamaq üçün
ehmalca onu dəhlizə sarı çəkdi, – Ay Muxtar, nə
danışırsan, Nuhdan qalan işləri necə yadında
saxlamısan... Soyuqdu, gedək palataya. Mənim ürəyimdə
sənə qarşı pis şey olsaydı, yanına gələrdimmi?
– bunları desə də o vaxt yoğalanıb xəndəyə
düşərkən sinəsinin üstündən keçən
qaramtıl şeyin doğrudanmı ilan olduğunu soruşmaq
istədi. Ancaq o hadisəni yenidən yada salmağı, Muxtara
qıymadı. – Mətanətli ol, özündə güc tap
yaxşı ol, inşallah yenə səninlə səfərə
çıxacağıq – sözünə əlavə edərək
sevgiylə altdan yuxarı Muxtara baxıb – Evlənməmisən?
– soruşdu. Muxtar əlinin işarəsiylə evlənmədiyini
bildirdi. İki saylı palatanın qapısının
yanında ayaq saxladı, bir əliylə xalatının
yaxasıyla boğazını örtdü “gərək
qabaqcadan gizlədəydim, yəqin ki, bədəni ürpəşir”
– fikrindən keçdiyindən əl verib ayrılmaq əvəzinə
o biri əlini yuxarı qaldırıb yelləyərək
xudahafizləşdi, boğuq səslə – Tezlikdə toyum
olacaq – deyib günahkar baxışlarını Rabilin
gözündən yayındırdı. Dərindən nəfəs
alıb acı-acı gülümsünərək –Hamı dəvətsiz
gələcək – söylədi. Rabil kövrəldi, onun
üzünə baxmadan, son sözlərini eşitməzliyə
vuraraq – Di yaxşı, – deyib onu qucaqlamaq istədi, ancaq
bacarmadı, əlini ehmalca Muxtarın kürəyinə
vuraraq – Allah amanında, mənnik bir şey lazım olsa, istədiyin
vaxt yanında hazıram – söyləyib ayrıldı, pilləkənləri
enə-enə “Pulları cibindən çıxarandan sonra gərək
vurub xəndəyə salmayaydım”, yenə Muxtarın sinəsindən
sürüşüb gedən ilanı, sonrasa anasının
dediyi “pulları çıxart, ancaq dalaşıb-eləmə”
son sözlərini xatırladı, günahkar kimi xəstəxananın
binasından çıxdı.
(Ardı var)
Azər ABDULLA
525-ci qəzet.- 2010.- 15 may.- S.24