Yazarlar “Nə zamansa bu nişanda bir atam vardı”

 

“Nə xoşbəxt imişəm

bir zaman Allah

Xəbərim olmayıb bu səadətdən”

 

Əli Kərim

 

Əgər dünyasını dəyişməsəydi, indi səksən beş yaşı qeyd olunacaqdı. Əlbəttə səksən dörd il ömür sürmək, özü də elə bir mənalı, həm qalmaqallı, keşməkeşli, həm asudə, həm mübarizəli, həm təhlükəli, həm sakit, həm səsli-küylü, amma mürgüsüz, süstsüz, ayıq bir həyat yaşamaq elə də sən deyən az bir vaxt deyil.

Onun gördükləri, çəkdikləri, bildikləri, kədəri, qəmi dedikləri və deyə bilmədikləri udub içəri verdikləri, onun mübarizəsi, çığırtısı, fəryadı, yanğısı, eşqi, həsrəti vətənə, millətə, xalqa, torpağa, dilə olan sonsuz məhəbbəti qatı millətçiliyi, qorxmazlığı, Allahın ona səxavətlə verdiyi istedadı, bir qədər mülayimliyi, eyni zamanda son dərəcə sərtliyi, əsəbiliyi, coşqunluğu, iradəsi, hikkəsi, düşmənə qarşı olan nifrəti, barışmazlığı, uşaq kimi kövrəkliyi, müdrükliyi, əyilməzliyi, bütövlüyü... bəlkə də bölünsəydi, parçalansaydı yüz nəfərə çatardı.

İlahi... bütün bu dediklərim, sadaladığım xüsusiyyətlər bu arıq bədənə bu zərif vücuda necə sığırmış? Bütün bunları o özündə necə saxlayırmış?

Amma atam bu xüsusiyyətlərin hamısını təkbaşına özü çəkdi, hamısını da axır nəfəsinə qədər özündə saxladı, dəyişmədi, dönmədi. Baxmayaraq ki, özü demişkən “çox da dünya fırlanır” bölünmədi, heç kimə də bu xüsusiyyətlərindən heç nəyi vermək istəmədi. Qıymadı. Amma... təkcə...

Çünki bu xüsusiyyətlərin hamısı bir-birindən çətin, bir-birindən ağır idi, çəkiləsi deyildi, əzablı idi, ağrılı idi. Onun üçün də atam heç kimə bu xüsusiyyətlərindən heç nəyi qıymaq istəmədi. Çünki bütün bunları görüb, başa düşüb dərk etmək, qana-qana yaşamaq, yaşaya-yaşaya qanmaq, bütün bu ağrıları çəkmək, hər şeyi anlamaq böyük müsibət idi, zülm idi.

 

 

“YAMAN OLUR ANLAMAQ DƏRDİ”

 

Rəsul Rza

 

Bu zülmü, bu müsibəti isə atam heç kimə qıymadı, qıymaq istəmədi.

Təkcə...

Bu xüsusiyyətlərindən tək bircə özü demişkən mənə düşdüyü, özü də istəmədən mənə verdiyi vətənə, xalqa olan dərin məhəbbəti, millətə olan qatı sevgisi, dəli kimi məftunluğu oldu. Vəssalam.

Mənə verdiyi tək elə bircə bu oldu. Bu isə yuxarıda sadaladığım bütün bu xüsusiyyətlərin hamısını elə özündə birləşdirirdi. Həm də bu xüsusiyyət bütün bunların hamısından daha ağır, daha zülmlü idi. Çətin idi. Bunu isə atam tək elə bircə mənə qıydı. Özü də çox böyük səxavətlə, özü də istəmədən mənə verdi. Məndən əsirgəmədi.

 

Ax... Sənə nə deyim, ay dədə,

Məni bu dərdə salan yerdə.

 

İ.V.

 

Əlbəttə, əgər dünyasını dəyişməsəydi, bu il yubiley ili olacaqdı. Baxmayaraq ki, ad günləri, yubileylər, təmtəraq-filan xoşlamırdı. Deyilən təbrikləri, təmtəraqlı sözləri də elə-belə can dərdi qəbul edirdi. Özü də həmişə deyirdi ki, yetmiş yaşdan artıq yaşanılan hər bir gün Allahın hədiyyəsidir. Yaşadığım həyatımdan ömür payımdan çox razıyam. Allahıma min şükür. Vaxtında bu dünyadan getmək özü elə ən böyük mədəniyyətdir. Sən Allah, daha məni təbrik etməyin. Ayıbdır. (Axı ay ata, bu dünyadan köçmək elə bu dünyaya gəliş kimi insanın özündən asılı deyil ki, mədəniyyət də göstərəsən).

Əgər atamın dediyi kimi yetmiş yaşdan artıq yaşanılan hər bir gün Allahın hədiyyəsidirsə onda belə çıxır ki, atam Allahdan on üç, il altı ay, üç gün hədiyyə alıb. Min şükür.

Əlbəttə, kimsə deyə bilər ki, səksən dörd ildən də artıq yaşamaq elə də az bir vaxt deyil axı... Bəsdir, kifayətdir... Xeyir mən bu fikirlə razı deyiləm. Yox, qətiyyən yox.

Əlbəttə, eqoistlik olsa da, boynuma almalıyam ki, əgər bir kimsədən eşitsəydim ki, filankəs səksən dörd il ömür sürüb, özü də belə bir ömür, belə bir mənalı həyat yaşayıb, ad çıxarıb məşhurlaşıb öz-özümə deyərdim ki, “Daha nə istəyir ki, bəsidir də... Bundan da artıq həyat nəyinə lazımdır ki... gördüyünü görüb, etdiyini edib, dediyini də deyib”.

Amma özümə çatanda isə... Yox, yox səhv edirəm. Əstağfürullah, min dəfə əstağfürullah... heç öz fikirlərimlə də razı deyiləm. Qətiyyən razı deyiləm. Yox mənim atam çox az yaşayıb. Əşşi nə yaşayıb ki, ey... Çünki atanın yaşını soruşmazlar. Ata ömrü heç bir yaş ölçüsünə, ömür çərçivəsinə daxil ola bilməz, sığa bilməz. Ata həmişə hər bir yerdə elə atadır. (Özü də elə bir Ata) “Özü də elə bir ata” kəlməsi hər bir atanın kimliyindən, nəçiliyindən, necəliyindən asılı olmayaraq hər bir ataya şamil olunmalıdır. Çünki ata ən müqəddəs varlıqdır, ata hamıdan güclüdür, ata böyük qüvvədir, ata ən uca bir dağdır. Ata hər şeyə qadirdir.

 

OLMUŞ BİR ƏHVALAT

 

1934-cü il idi. Məşhur Şəki üsyanı çoxdan yatırılmışdı. Ancaq üsyanı törədənlərin axtarışları hələ də davam edirdi. O zaman hələ babamgil Şəkidən Bakıya köçməmişdilər. Atamın da doqquz-on yaşı olardı. Atamın əmiləri də bu üsyanda guya iştirak etmişdilər deyə həbs olunmuşdular. Böyük bir külfəti saxlamaq isə təkcə babamın çiyinləri üzərində idi. Çox çətin idi. Dağdan odun gətirməklə, sonradan onu yandırıb kömür edib satmaqla o böyüklüyündə ailəni zorla saxlayırdı. Günlərin bir günündə babam atamın əlindən tutaraq Şəki milis idarəsinə xahişə, minnətə gəlir ki, bəlkə indi kimisə dinə insafa gətirib heç olmazsa qardaşlarından birini azadlığa buraxdıra bilsin. Yazıq kişi yeganə gümanı gəldiyi özünün zəncirli saatını da götürmüşdü ki, orada kiməsə hədiyyə eləsin.

Babam atamı dəhlizdə qoyub milis rəisinin otağına girir. Amma heç beş dəqiqə çəkməmiş, qapı zərblə açılır milis rəisi arxadan yumruqla babamı vurub otağından çölə elə itələyir ki, kişi üzüqoylu yerə yıxılıb pilləkənləri aşır.

– Rədd ol burdan ə... bir də ayağın bu tərəflərə dəysə, səni də göndərəcəyəm qardaşlarının yanına – deyir.

Heç nə başa düşməyən doqquz-on yaşlarında olan Bəxtiyar yerə yıxılıb burnu qanayan atasına dəhşətlə baxıb, İlahi pərvərdigara, mənim də atama əl qaldırmaq olarmış? Mənim də atam yerə yıxıla bilərmiş? Mənim də atamın burnu qanaya bilərmiş? – gözləri qəhərdən dolmuş halda milis rəisinə nəsə demək istəyir.

Milis rəisi gözucu atama baxıb:

– Bunu da rədd eləyin burdan – deyib elə otağına daxil olmaq istəyir ki, o zaman atam gözləri yaşla dolmuş, qəhərdən kövrəlmiş halda:

– Sən mənim atamı itələyirsən? Ax... Əgər mən bu hayıfı səndə qoysam, heç atamın oğlu deyiləm – deyir.

Milis rəisi nifrətlə atama baxıb:

– Ə... sən bir buna bax... İlanın balası ilan olacaq.

Sonra üzünü tabeçiliyində olanlara tutub:

– Ə... demədim sizə rədd eləyin bunu burdan.

Bir milis nəfəri atama yaxınlaşmaq istəyəndə babam cəld ayağa duraraq üst-başını çırpıb üzünü həmənki o milisə tutaraq – a bala, uşaqla işin olmasın, gedirik, gedirik” – dedi.

Daha sonra uşaq pərt olmasın deyə, babam fağır-fağır gülümsəyərək oğlunun əlindən tutub evə gəlir. Yol boyu heç biri heç nə danışmırlar. Yalnız babam uşağın könlünü ələ almaq, fikrini dağıtmaq üçün, heç nə olmayıbmış kimi gülümsəyə-gülümsəyə – ay bala, sənə nə alım ürəyin nə istəyir?- deyə soruşur. Uşaq heç nə istəmir. Elə sakit-sakit pərt pəjmürdə evə gəlirlər. Atam deyir ki, həmin gün atası baxışlarını ondan qaçırırmış. Utandığından oğlunun üzünə baxa bilmirmiş. Bütün bu olanlara görə oğlunun yanında belə təhqiramiz alçaldığına görə xəcalət çəkirmiş. Elə oğlu da atasının üzünə baxa bilmirmiş. Bu necə belə ola bilər axı? Axı mənim atam hamıdan güclüdür. Onu niyə vururlar? Atam danışırmış ki, bir neçə gün hər dəfə bu alçaldığı səhnə onun gözləri qarşısında canlananda gözləri dolurdu, kövrəlirdi atasına gizli-gizli baxıb ağlayırdı və birdən özünü saxlaya bilməyib gəlib atasının ayaqlarını qucaqlayıb ağlaya-ağlaya – Ay dədə, mən bu hayıfı onda qoymayacağam. Axı o niyə səni vurdu? Vallah sənin intiqamını ondan alacağam – deyir.

Hətta atam sonralar bu hadisəni özünün “Etiraf” poemasında elə olduğu kimi də qələmə aldı. Günahsız yerə həbs olunan atasına görə Bahadır üzünü prokuror Eyvaza tutub deyir:

 

Dedi: mən gedirəm,

zora nə hacət,

Biz də tanınarıq gələr

bir məqam.

Ancaq Eyvaz kişi,

atama lənət

Əgər bu hayıfı

mən səndə qoysam.

Prokuror yarımçıq

kəsib sözünü

– Sən bir buna bax

İlanın balası ilan olacaq.

 

İllər ötdü, zaman dəyişdi, dövran başqalaşdı. Atam bir telefon zəngi ilə dünyanın işini aşıran, dağı-dağ üstünə qoyan bir məqama gəlib çatdı. Yay vaxtı Şəkidə istirahət etdiyimiz bir zaman atam maşınla harasa gedirdi. Birdən küçədə yerdə çönbəltmə oturan bir qoca kişini görüb dərhal maşını saxlatdırır. Yaxınlaşıb ona salam verir. Qoca başını qaldırıb:

– Ay bala gözlərim tutulub, görmürəm sən kimsən, kimin oğlusan?

Atam onun çirkli, cır-cındır içində olan geyiminə baxıb köks ötürür heç nə demir. Axı nə desin? Çünki olan olmuşdu. Bir müddət qocaya baxıb elə yenidən maşına tərəf qayıtmaq istəyir ki, həmin qoca kişi:

– Ay oğul, səni tanıya bilmədim axı. Vallah səhərdən də acam, varındısa, mənə pul verəydin – deyib, atama əl açır.

Atam bu ələ baxıb öz-özünə:

– Ay Allah, sən bu dünyanın işlərinə bax – deyir. – Bu əl vaxtilə mənim atamı vurmuşdu. Bu əl mənim atam kimi qüvvətli bir adama qalxmışdı. Bu yalvaran dil vaxtilə bizim bütün nəslimizi təhqir etmişdi. Bu tutulub kor olan gözlər bir vaxtlar bizə nifrətlə baxardı. İndi isə bu gözlər tutulub kor olub, bu əl, bu dil məndən kömək istəyir, məndən imdad istəyir.

Atam yalnız bir kəlmə söz deyir.

– Yaxşı ki, məni tanımadın.

Sonra əlini cibinə salıb vaxtilə milis rəisi olmuş, indi isə küçədə durub ona-buna əl açan bu qoca kişiyə dəqiq yadımda deyil, deyəsən iyirmi beş manat pul verir. Kişi pulun qəpik-quruş deyil, kağız və həm də deyəsən məbləğin böyük olduğunu barmaqları ilə hiss edib dərhal atamın əlindən tutub öpmək istəyir. Atam cəld əlini qaçırır. Qayıdıb maşına oturub cəld raykomun binasına gəlib, katib ilə danışır ki, bu kişinin təqaüd məsələsini bir az artırsın və yaxud heç olmasa ona bir az nədəsə köməklik eləsinlər.

– Bəxtiyar, sən bu kişini tanımırsan? Bu kişinin Şəkidə yıxmadığı ev yoxdur, söndürmədiyi ocaq yoxdur. Bu kişi vaxtilə evlər viran qoyub, ocaqlar söndürüb e...

– Bilirəm, hamısını bilirəm. Amma bu mənim səndən şəxsi xahişimdir...

Atam danışırdı ki, atam yıxılıb pillələri aşan günə qədər elə bilirdim ki, ondan qüvvətli, ondan güclü adam yoxdur bu dünyada. Bu necə ola bilər? Mənim atama kim əl qaldıra bilər? Vallahi atam ailəmi bir-birinə qatar. Amma sonra...

Allah heç bir atanı övladının gözü qarşısında alçaltmasın, əskiltməsin...

Amin... Bu ata üçün də, elə övlad üçün də böyük dərddir, əzabdır, dözülməzdir.

Böyük Çin mütəfəkkiri, akademik, yazıçı Qo Mo Jo “Qırmızı zambaqlar” əsərinin bir yerində yazır. (Əslində bu əsəri yazıçının elə bir növ tərcümeyi-halı da adlandırmaq olar).

“Vaxtilə bu dünyada bir müqəddəs adam tanıyırdım. O da mənim atam idi. İndi o yoxdur bu dünyada. Demək mənim üçün heç bir müqəddəs adam da yoxdur”.

Bu sözləri Qo Mo Jo atasının ölümündən sonra yazıb və atası oğlunun bu sözlərindən, ona qarşı olan belə hədsiz məhəbbətindən xəbəri olmayıb. Qo Mo Jonun atası sadə bir kəndli olub. Torpaqdan, əkin-biçindən başqa bu dünyada ayrı bir şey bilməzdi. Atasının ölümündən sonra özünə gəlməyən yazıçı adıçəkilən əsərində çox böyük fəxarət hissi ilə deyir ki, “mənə bu savadı, bu təhsili, bu ağılı atam verib. Həyatda nəyə nail olmuşamsa hamısı atama görə olub. Bütün bunlara görə ilk növbədə atama borclu olmalıyam”. Amma halbuki dediyim kimi atası savadsız, adi bir kəndli olub. Yazıçı isə deyir ki, “nə qədər bu dünyada yaşasam da atamın ağlının, müdrüklüyünün heç yarısına da çata bilmərəm”.

Karl Marksın atası isə öz dövrünün ən tanınmış hüquqşünaslarından biri olub. Oğul atasının, ata da oğlunun dəlisi idilər. Bir-birlərindən ayrı dura bilmirdilər. Amma birinin sözü də digərinin boğazından keçmirdi. Tez-tez mübahisə edirdilər. Nəticədə K.Marks kirayə ev tutaraq atasından ayrı yaşamalı olur. Sözsüz ki, bu ata-oğulun mübahisəsi adi məişət zəminində olmurdu. Xeyr. Dünyaya baxış, fəlsəfə, müxtəlif ictimai, siyasi formasiyalar və sairə... bu ailənin gündəlik söz-söhbəti, mübahisəsi idi. Amma bütün bunlara baxmayaraq oğul atasının şəklini ömrü boyu üstündə gəzdirir. Ömrünün sonuna qədər də atasının şəklindən ayrılmır. Ən müqəddəs bir ikona kimi atasının şəklinə səcdə edir. Bütün çətinliklərini də, çıxılmazlığını da atasının şəkli ilə bölüşərmiş, saatlarla şəklə baxarmış. Hətta öləndə də vəsiyyət edir ki, atasının şəklini də onunla birgə basdırsınlar. Çünki bu dünyada ən çox sevib, sitayiş etdiyi yeganə şəxs elə atası olub.

Ata-oğul münasibətləri haqqında olan belə misalların sayını istənilən sayda göstərmək olar.

Mən indi nə Qo Mo Jonun, nə Karl Marksın, nə də ki, digərlərinin atalarına olan məhəbbətlərini bir ataya olan tərif kimi vermək istəmirəm. Əlbəttə, bir ata haqqında deyilən və yazılan bu sözlər bir ataya qarşı olan isti münasibət, məhəbbət heç bir atanın tərifi deyildir. Amma nədənsə bu müqəddəs varlığa olan məhəbbət, sevgi, övladları tərəfindən çox vaxt gizli qalır, açılmır, bildirilmir. İstənilən səviyyədə açılıb göstərilmir.

Atam danışırdı ki, atası heç adını da yaza bilməyən savadsız bir kişi olub. Bir neçə il elə mollaxana təhsili alıb. Vəssalam. Amma çox sərrast, öz hədəfinə dəyən müşahidə qabiliyyəti olub. Hərdən oturub mənimlə bu dünyanın gəlişindən-gedişindən, gəlirindən-çıxarından danışanda məəttəl qalırdım ki, axı bu kişi bütün bunları hardan bilir? Axı bütün bu dediklərini o heç bir yerdə oxuya da bilməz. Çünki savadı yoxdur. Fikirləşirdim ki, mən isə ali təhsilli bir adam, aspiranturanı da bitirmişəm, bu gün-sabah müdafiə edib elmlər namizədi, alim olacağam, bu kişi isə mənə bu dünyanın işlərini başa salmaq istəyir. Çox vaxt da atamın dediklərinin fərqinə də varmazdım.

Amma indi... indi isə yaşa dolduqca başa düşüb görürəm ki, yox, atam sən demə heç bir yerdə səhv etməyibmiş, bu dünyanın hər bir işindən də hali imiş, xəbərdar imiş. O savadsız atamın dediyi kimi. İndi görürəm ki, bu dünyada təzə heç nə yox imiş. Vallah hər bir şey bu dünyada köhnə imiş. Sən demə dünya bina olandan bu günə kimi hər bir şey təkrarlanırmış. İş heç də savadda deyilmiş, heç çox oxumaqla da deyilmiş. Yox, əlbəttə yox. Axı bu dünya fırlanır. Və fırlandıqca da hər bir şey təkrarlanır, təzələnmir, yox bu bizə belə gəlir ki, dünya fırlanlıqca təzələnir. Vallah yox biz özümüz-özümüzü aldadırıq. Dünya fırlandıqca təzələnmir. Əksinə köhnələr təkrarlanır. Atam deyərdi ki, mən bu fikrə, bu əqidəyə müxtəlif alimlərin kitablarını oxuya-oxuya altmış yaşımda gəlib çıxmışam. Savadı olmayan atam isə heç bir kitab oxumaya-oxumaya bütün bunları mənə əlli yaşında deyirmiş. Dünyanın bir nöqtədən başlayıb, dairə vurub yenidən eyni bir nöqtəyə gəlib çatmasını və bununla da dünya hadisələrinin müxtəlif zamanlarda elə müxtəlif formalarda təkrarlandığını ilk dəfə böyük italyan filosofu diplomat və dramaturqu Nikola Makiavelli özünün “Hökmdar” əsərində elmi dillə yazıb. Atam N.Makiavellinin adıçəkilən əsərini elə altmış yaşında oxuyandan sonra dediyi qənaətə gəlibmiş. Heç Makiavellinin adını belə eşitməyən, onun mövcudluğundan belə xəbəri olmayan atamın atası isə bəs bütün bunları görəsən hardan bilirmiş? Atam öz atasının hər dediklərini sonralar yada saldıqca, xatırladıqca dəhşətə gəlirdi. Deyirmiş – İlahi mənim o savadsız atam nə boyda müdrik bir adam olubmuş. Sən demə mən indiyə kimi yeni heç nə deməmişəm ki, heç nə yazmamışam ki... Elə ancaq atamın dediklərini yazmışam. Sən demə mənim o cild-cild kitablarımın müəllifi də o savadsız atam imiş. Sən demə mən elə onu təkrarlamışam ki... Və bundan sonra bir bu qədər də yaşasam yenə də atamın bildiklərinin, onun müdrkliyinin yarısına da çata bilmərəm.

Atam da hərdən mənimlə dünyada baş verən hadisələrdən, siyasətdən, diplomatiyadan danışardı. Təəccüb edərdim. Heç cürə ağlıma sığışdıra bilmirdim ki, mənim atam diplomatiya sahəsindən xəbərdar olsun və nəsə bu barədə bilsin. Axı o şairdir, xəyalı göylərdə uçur, ədəbiyyatçıdır. Diplomatiya hara, şairlik hara? Diplomatiya hara, lirika hara? Təəccüblüdür. Yox atam dünya siyasəti barəsində naşı adam deyildi. Dünyada baş verən hadisələrdən də əla baş çıxarırdı. Siyasət aləmində gedən oyunları, biclikləri dərhal hiss edirdi, intuitiv duyurdu. Yeri gələndə öz fikrini də bildirirdi. Amma ki, diplomatiya hm...

 

OLMUŞ BİR ƏHVALAT

 

Bir dəfə beşinci kursda oxuduğum vaxt universitetin hərbi kafedrasından təhsil aldığım şərqşünaslıq fakültəsinin dekanlığına zəng edib dedilər ki, hərbi kafedranın müdiri polkovnik Seyidov, İsfəndiyar Vahabzadəni və bir də filankəsi təcili yanına çağırır. Biz dördüncü kursdan artıq hərbi dərslərimizi bitirib qurtarmışdıq. Hərbi toplantı xidmətini də başa vurmuşduq. Təkcə imtahanımız qalırdı ki, o da bu gün-sabah olmalı idi. Həmin gün hərbi kafedraya getdik. Orada bizi mülki geyimli bir nəfər gözləyirdi. Bizimlə çox mehriban görüşdü. Məlum oldu ki, Moskvadan gəlib. O dövrki SSRİ təhlükəsizlik orqanlarının əməkdaşıdır. Rütbəsi mayor, familiyası isə Frolovdur. Bir qədər ordan-burdan söhbət etdik. Gələcək planlarımızla maraqlandı. Sonra dedi ki, istərdik, təhsilinizi başa vurandan sonra dövlət təhlükəsizlik orqanlarında çalışasınız. Bu işə necə baxırsınız? Sonra üzünü mənə tərəf tutaraq: – Bizdə olan məlumata görə siz İrana getməyə hazırlaşırsınız. Dedim ki, bəli sənədlərim artıq Moskvadadır. Amma sizin təklifinizi gərək mütləq evdə atamla məsləhətləşim.

Bir qədər üz-gözünü turşutdu:

– Buna elə bir ehtiyac yoxdur. Onsuz da sizin atanız bundan əvvəl-axır xəbərdar olacaqdır, artıq bir ildən artıqdır ki, biz sizin ailənizlə maraqlanırıq. Hər bir cəhətdən siz bizim meyarlarımıza uyğun gəlirsiniz. (Bəlkə siz mənim meyarlarıma uyğun gəlmirsiniz?) xüsusilə sizin farsca ləhcəniz, rəvan və səlist danışığınız bizim çox xoşumuza gəlir. Elə bil ki, bu saat Tehrandan gəlmisiniz. Birdən-birə mənimlə farsca danışmağa başladı. Onu da deyim ki, farsca çox gözəl və səlist danışırdı. Əgər sarışın olmasaydı, mən elə bilərdim ki, o rus deyil iranlıdır. Dedi ki, sizin bizim orqanlarda işləməyə məgər etirazınız var? Əgər etirazınız yoxdursa siz daha niyə bunu məsləhətə qoyursunuz ki, çoxları bizdə, bizim orqanlarda işləməyə can atır.

Mən bütün bunları atama deyəndə kişi ikrahla gülümsündü. Sonra başını bulayaraq dedi ki, bu Sovetin KQB-si ya çox əla, hətta deyərdim əladan da əla peşəkarcasına işləyir və yaxud da çox pis, lap belə bərbad halda işləyir. Ona görə ki, məni əla tanıya-tanıya, mənim kim olduğumu bilə-bilə, mənim hansı düşüncənin yiyəsi olduğumu bilə-bilə, hər addımımı güdə-güdə, mənim övladımın da məndən eyni tərbiyəni aldığını bilə-bilə, onun hansı ruhda böyüdüyünü görə-görə, onu əla, lap belə məndən də yaxşı tanıya-tanıya hansı hava ilə nəfəs aldığını bilə-bilə ona belə bir iş təklif edirlər. Hansı ağılla bunu sənə deyirlər? Mənim kimi belə bir disidentin övladını öz tərəflərinə çəkmək istəyirlər? Hə... əgər bu belədirsə, onda demək əla işləyirlər. Ay-hay, axı sən bunların heç bir işlərinə yaramayacaqsan, çünki sən elə sənsən. Heç bir vaxt da dəyişməyəcəksən. Yox əgər bütün bunları bilmirlərsə, bizi fərli-başlı lap belə say xatirinə səni işə götürmək istəyirlərsə... onda demək çox pis işləyirlər. Burada orta hədd yoxdur. İndi əgər bu quruluşu qoruyan bunun KQB-si bu sifətdə işləyirsə, gör indi o biri idarələri nə gündədir. Hə... bu sistem çox gedə bilməz. Beş-on ilə dağılasıdır.

Bu söhbətdən təxminən 12-14 il sonra Sovet sistemi dağıldı. Bizim aramızda olan bu söhbət zamanı Sovet imperiyasının qılıncının dalı da kəsirdi, qabağı da. Və o vaxtlar heç kim də inana bilməzdi ki, az bir vaxtdan sonra belə bir qüvvətli imperiya dağıla bilsin. Yox... Bu sistemin nə zamansa məhv olacağını hamı bilirdi. Buna heç bir şəkk-şübhə yox idi. Amma 1975-ci ildə bu sistemin ömrünə müddət qoymağı isə yalnız atam kimi tək-tük olan müdriklər bilə-bilərdi, görə bilərdi. Atam hər bir həyat hadisəsini intuitiv hiss edirdi. Bu atamın yaşadığı quruluşun apardığı siyasətə olan münasibəti və konkret fikri.

Amma ki, diplomatiya, hm...

Atam dünyanın ən məşhur diplomatlarından danışardı özü də saatlarla danışardı. İndi də nə bilim, Taleyrandan, Jozef Fuşedən, Ribbentrondan, Qraf Çianodan, Masoukodan elə maraqlı hadisələr danışardı ki, heyrət edərdim, deyərdim. – Ay ata, sən bütün bunları hardan bilirsən axı? Mən ömrümün az qala yarısını xarici ölkələrdə keçirmişəm. Sənin yanında yaşımdan böyük danışmaq kimi çıxmasın, bu sahədə saç ağartmışam, diplomatiya sahəsində çalışmışam, səfir işləmişəm, amma sən indi bu dünyanın ən maraqlı sahəsini mənə öyrətməyə çalışırsan... diplomatiya və şairlik. Axı bu iki söz bir-birlərini tam inkar edir. Bu iki söz bir araya sığa bilməz axı. Atam mənim bu sözlərimə gülərdi.

– Eh, ay oğul, sən hələ indiyə kimi bilmirsən ki, dünyanın ən məşhur, ən nəhəng diplomatları elə şairlər, yazıçılar, ədəbiyyatçılar olublar. Çünki diplomat öz xalqını, öz millətini xarici ölkələrdə qoruyur, sinəsini öz xalqına, öz vətəninə sipər çəkir. Şair, yazıçı qədər öz xalqının millətinin dərdlərini, əzablarını bilən ikinci bir adam yoxdur. Şair, yazıçı qədər öz xalqının yaralarını duyan və bu yaralardan göynəyən ikinci bir adam da yoxdur. Şair, yazıçı qədər öz xalqını, öz millətini sevən ikinci bir şəxs də yoxdur. Şair, yazıçı qədər də öz milləti, öz xalqı yolunda döyülən də yoxdur bu dünyada. Şəxsən mən tanımıram. Hiyləgərlik, söz oynatmaq, kələk gəlmək bütün bunlar diplomatiyanın ikinci bir tərəfidir. Ucuz tərəfidir. Əsl tərəfi deyil.

Diplomatiyanın əsas tərəfi millətsevərlik, vətənpərvərlikdir. Öz xalqını tanımaqdır, öz xalqının vurğunu olmaqdır. Əgər vətən sevgisi, millət yanğısı ürəyində yoxdursa, səndən diplomat olmaz. Bu mümkün deyil...

 

 

(Ardı var)

 

İsfəndiyar VAHABZADƏ

 

525-ci qəzet.- 2010.- 15 may.- S.22-23.