Qalmaz bu dərd, belə qalmaz!...

 

Sənsiz dünyam həzin düşdü.

Hər günümə hüzn düşdü,

Döndün, odun, közün düşdü,

Boş ruhuma savaş gəldin.

Xoş gəldin, dərdim, xoş gəldin.

 

Dərdə xoş gəldin dedi Zakir Fəxri. Qapılarını taybatay açdı onun üzünə. Yalnız şeirindəmi? Yoxsa həyatından boylanan acılarına şirinlik qatdı Zakir müəllim! Dərdi hörmətə mindirdi... Çünki Allahın göndərdiyini qəbul etdi. Qəbul etdi onları qələmə alıb yazılarında yaşatdı. Bəlkə bu bir etiraz səsi idi. Amma yox. Zakir müəllim Allahın bütün qanunlarına baş əyə-əyə, başı üstündə gəzdirən Vətən oğludur, şairidir, atadır, ərdir, qardaşdır. Mənimçünsə sadəcə qonşudur. Qayğıkeş, həssas, üzüyola qonşu...

Tanrı Zakir müəllimə iki qızdan sonra bir oğul payı vermişdi. Üzü nurlu, uşaqdan uşaq, böyükdən böyük... 17 il Mirsadıx cüssəli, atası ürəkli bir oğul onu tanıyanları sevindirə-sevindirə elə hey boy atdı. Əməlləri boyunu da aşdı. Amma ölüm ondan yan ötmədi. Sanki meylini, istəyini Mirsadıxa saldı. Mirsadıx yalnız qonşu balası deyildi. Mirsadıx ayrıca bir qonşu idi. Qayğıkeş, həssas, təəssübkeş, bir qonşu. Atası kimi. Gecə evə qayıdan məhəllə qızlarını nəzərləri ilə bəd insanlardan qoruyan, onları özlərindən xəbərsiz gizli-gizli kənardan evə ötürən qonşu!..

Dərd üstünə dərd qalandı. Zakir Fəxri bir qardaşını Qarabağda itirdi. Oğlunu isə doğmalarına uzanan yollarda. Zakir müəllimin başına gəldisə canıyananlığından, başqalarına biganə qala bilməməsindən gəldi. Vətən dərdi onun saçını ağartdı, oğul dərdi isə saqqalını. Onun, oğlunun qəbir daşı üstündə bir şəkli var. Dədə Qorquda bənzəyir. Amma çarəsizlikdən oğluna nəsihət verə bilmir.

İndi evinə qayıdanda otağına çəkilib işığı da yandırmır, özünü qaranlığa alışdırır.

Kitabını vərəqləyirəm. Dünyayla çarpışır Zakir Fəxri. Dünya mövzusu onun bütün əsərlərinin ana xəttini təşkil edir.

 

Sinəsi tamaha salar adamı,

Qoparıb özündən alar adamı.

Əzizləyib, sonda çalar adamı .

Cavid Qənbəroğlu, yalandı dünya.

Gözəl qız cildində ilandı dünya...

 

Bəlkə Zakir müəllimin boynuna sarılıb bu yalançı dünya? Bilmirəm. Amma onun əzabları ilan təki sürünə-sürünə həbsxana qapılarından tutmuş, ta azadlıq yollarının mübarizə meydanına qədər özünü ədəbiyyat səhifələrinə çırpa-çırpa uzun bir yol gəldi. Bu yol haqq yolu idi. Ömründən-günündən kəssə onu özünə yaxınlaşdırdı. Zakir Fəxri yaşa dolsa da, ən böyük vəzifəsi şairlik oldu. Qələminə sığınıb əlini Tanrının dərgahına uzatdı...

... Kitabının adı da çox maraqlıdır. Qalmaz belə, qalmaz dünya”. Mənsə deyirəm: – “Qalmaz bu dərd, belə qalmaz”...

 

 

Nigar NURAY

 

525-ci qəzet.- 2010.- 15 may.- S.21.