Erkən ölən ataların səsi
Günlər hər gün sinəsini bir az da açır ağrıların, kədərlərin üzünə. Günlərin bu qədər həyasız olması onu yox, bizi utandırır... Uzun ayaqlarına ayları, illəri, fəsilləri geyinmiş zamansa, elə hey axır... Zamanın nə mənbəyi var, nə də mənsəbi...
Həyat tək ayağı üstə sıldırımın kanarında dayanmağa nə qədər də çox bənzəyir. Sıldırımda səni aşağıdan çağıranın da güdazına gedə bilərsən, arxadan səsləyənin də. Yapışdığından yıxıldıqca, insanlara güvənin itir, sonra çarəsizliyindən oturduğun budağı da sevə-sevə kəsirsən... Və səni anlamayanlar, sənə ad qoyurlar – Molla Nəsrəddin...
İllər insanı incidir və keçmişə qarşı məni bir qədər soyudur. Gündəlik qayğıların timsalında ətrafdakı adamlara diqqətim günbəgün azalır. Məsələn, hər dəfə evimizə gedəndə atamı görmürəm. Onun bugünkü həyatıma təsiri o qədər azalıb ki, atasızlığa da, səhər əl-üzümü yumaq qədər vərdiş eləmişəm. Anamın həyatımdakı rolu artdıqca məni daha çox o düşündürür. Atamı unuda-unuda anamı sevdikcə, elə hiss edirəm ki, sanki atam heç olmayıb. Hərdən düşünürəm ki, bəlkə elə mən də İsa peyğəmbər kimi Allahın oğluyam?!
Məndən bir başqasına keçək. Məsələn, şair Qulu Ağsəsə...
Qulu Ağsəsin “Hər yer sənsən” adlı şeirlər kitabının arxa hissəsində tərcümeyi-halı belədir: “1969-cu ilin 20 aprel günü Ağsəs Cəfərqulu oğlunun əcəl elçisi kimi bu dünyaya təşrif buyurdum. Kişi məni ixtiyar yaşında dünyaya gətirdiyinə görə hakimi-mütləqin qəzəbinə tuş gəldi və qara-qırmızı vərəqəylə oyundan uzaqlaşdırıldı, odur ki, özümü yaşamağa deyil, boşluğu doldurmağa məhkum olunmuşlardan sayıram”... Qulunun ağrılı sözlərinə nəzər salanda insan onun eynəklərinin altındakı uşaqlıqdan marka kimi topladığı kədərin mənasını daha aydın dərk edir. Bronjilet bizi ölümdən yox, güllədən qoruyur... Bəlkə ölüm də, ataları dünyadan qoruyub... Yaşım çatmasa da eşitmişəm ki, əvvəllər dünya bu qədər çirkli olmayıb, Qulu...
Quludan da iki yaşlı Mətinə keçək...
Çoxlarına imzası yaxşı məlum olan, ötən ilin avqustun 13-də vəfat edən Fərhad Metenin Mətin adında gözəl bir oğlu var. İki yaşlı bu uşağın ilk dediyi söz “dədə” sözüdür... Amma bu sözü o, bacısına deyir... Sanki kiminləsə qeyri-ixtiyari olaraq ata boşluğunu doldurmağa çalışır... M.Şoloxovun “İnsanın taleyi” hekayəsində olduğu kimi insan axtardığını tapmayanda həmdərdi ilə yetinməli olur. Bəzən insanlar şüşəsi qırıq pəncərəyə əski tıxamaqla da olsa, soyuqdan qorunurlar... Həyatdakı boşluqlar, sınıqlar da bax beləcə daha çox nəzərə çarpır. Amma bəzən pəncərə şüşəsinin qırıqları ayağa yox, ürəyə batır. Boşluğu doldurmaq, həm də yoxluğu təkrarlamaqdı...
...həyatdan filimə adlayaq.
Məşhur türk rejisoru Çağan İrmağın “Atam və oğlum” filmində belə bir səhnə var. Sadiq adlı ata xəstəxanada son günlərini keçirəndə 6 yaşlı oğlu Dəniz onu bu vəziyyətdə görür. Xəstə Sadiqin atası yaşlı Hüseyn kişi oğlunun yanına gəlir və təsəlli üçün deyir: “Sən demisən ki, “kaş, Dəniz məni yataqda görməyəydi, həmişə belə xatırlayacaq”, bundan qorxma, övladlar atalarını həmişə xatırlamaq istədikləri kimi xatırlayarlar”.
Sadiq öləndən sonra oğlu Dənizə inadırırlar ki, kitablardan oxuduğun supermen kimi atan da göyə uçub, nə vaxtsa qayıdacaq. Atasının supermenə çevrildiyinə inanaraq taleyi ilə barışan Dəniz, bir gün əlindəki kiçik oyuncaq kamerası ilə çəkiliş apararkən atasını görür. Xəyali olaraq söhbətləşirlər:
– Ata, mən yenə xəyal görürəm?
– Belə olmağı daha yaxşı deyil?
– Yaxşı,
onda niyə sən supermen deyilsən?
– Çünki
sən artıq böyüyürsən, Dəniz.
– İnsan
böyüdükcə xəyalları
kiçilir?
Sadiq oğlu
Dənizin sualına cavab tapmır? Dənizin kilid sualına, Sadiqin cavabı açar ola bilmir. Susur...
Məncə, bütün
erkən ölən atalar, oğulların “niyə tez öldün,
ata” sualına cavab verə bilməzlər. Bəlkə,
atalar bu suallara cavab verə bilməyəcəklərindən
çəkindiklərinə görə, az-az girirlər oğulların
yuxusuna? Bilmirəm...
Haradansa bir səs gəlir... Eşidirəm... Bu səs
gələndə bütün
səslər ayağını
çəkir dünyadan...
Dünyaya yada olmayan, amma bir
qədər uzaqdan gələn səsdi. Bu səs Adam Kukhofun səsidir. 1942-ci ildə müqavimət hərəkatının
iştirakçısı kimi
tutulub, bir il sonra faşist
məhkəməsi tərəfindən
ölüm hökmünə
məhkum edilən bu alman şairi
yenə də 5 avqust 1943-cü il
Əziz oğlum,
ey mənim həyatım, məhəbbətim,
Düşünmə ki, mən səni qoyub gedirəm yetim.
Bizim xalqımız,
yox, yox, bütün insanlıq, yəqin.
Bundan sonra sevimli atan olacaq
sənin.
Söz Adam Kukhofa
verilib. Diqqətlə
qulaq asın, indi o bütün erkən ölən ataların adından çıxış
eləyir.
... Ule, eşidirsənmi?
Biz də
eşidirik...
Hüseyin Fərid
525-ci qəzet.- 2010.- 15 may.- S.21.