Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

 

 

Şirməmməd HÜSEYNOV

 

 

ÜZEYİR HACIBƏYLİ – 125

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Ordan-burdan

 

Hamı bilir ki, Qafqazda “Tifliski listok” adında bir qəzetə çıxır. Və hamı da bilir ki, bu qəzetənin cürbəcür “satrudnik”ləri vardır və hamı bilir ki, “satrudniklər” haman qəzetədə məqalələr yazırlar. Və hamı bilir ki, o məqalələrin hamısı “doğru”dur. İçində bir kəlmə də “yalan” olmaz. Odur ki, sair qəzetələr “yalan” sözlər yazanda haman “Tifliski listok”ın “doğruçu” yazıçıları səbr edə bilmiyib haman dəm protest edirlər ki, “əşi, neçün yalan diyorsunuz, bir yol da doğru söyləsənizmi?!”

Haman “Tifliski listok” qəzetəsinin doğruçu yazıçılarından birisi bizim “İrşad”ın da “yalanını” tutubdur! Yazıçımız Fərhad Ağayevin “Dövlət dumasında Qafqaz vəkilləri” sərlövhəli məqaləsindən xoşu gəlmiyib ona “cavab” yazır və biz “İrşadçı”ların hamısına məsləhət görür ki, daha bir də “yalan” sözlər yazmayaq, “doğru” danışmağa başlayaq. Məzkur “doğru” yazıçı sözlərinin “doğru”lığındanmı ya nədən isə familyasını gizlədib əvəzində bir “ov” qoyubdur. Yəni başını örtüb quyruğunu göstəribdir. Bu cənab “quyruq” məsumanə bir tərzlə diyir ki, Dövlət dumasına erməni vəkillərinin adına tel göndərilməsində nə var ki? Bu təbii bir işdir!

Doğrudan da cənab “quyruğun” bu sözləri lap həqdir. Dumaya teleqram göndərməyə kimin nə sözü ola bilər? Məsəla: cənab “quyruğun” özü götürüb dumaya yazar ki, ay hürriyyət bahadırları! Müsəlmanlar xuliqandırlar! Amma ermənilər məzlum quzudurlar, özləri də “svoboda” istiyorlar, amma xuliqan müsəlmanlar ona razı olmuyub, bu məzlum quzuları hər yerdə qırırlar!

Cənab “quyruq” dumaya bu cürə teleqram çəksə heç kəs deməz ki, bu “quyruq” provokatordur. Erməni vəkilləri dəxi bu məzmunda teleqram çəkibdirlər. Daha bir artıq söz yazmıyıbdırlar ki, bizim acığımız tutsun! Qərəz cənab “quyruq”un sözləri hamısı “həqq”dir və o sözü də “həqq”dir ki, “İrşad” Fərhad Ağayevin məqaləsini dərc etməklə Dövlət dumasını “oskarbit” edibdir. Çünki, dumada müsəlmanlara xuliqan deyən erməni vəkillərini hər kəs pisləsə bil ki, bütün dumanı təhqir edər. Amma “Tifliski listok” qəzetəsi doğrudur, gürcü vəkili knyaz Baratovu yalançılıqda töhmətləndiribdirsə də yenə xuliqan olmuyubdur və dumanı “oskarbit” eləməyibdir. Çünki .... çünki, knyaz Baratov erməni vəkili degildir! “Listok”un doğma qardaşı “Alik” qəzetəsi də xuliqan degildir. Çünki, o da erməni vəkillərini tərifləyib, müsəlman vəkili Ziyadxanovu pisliyibdir. Belədirmi cənab “quyruq”?

Və bir də cənab quyruq “doğru” diyorsan ki, “İrşad”lılar özlərini saxlaya bilmiyorlar və ədəb-ərkanı çıxıbdırlar! Əgərən “İrşad”lılar heç əvvəldən bir söz danışmayaydılar! Axı müsəlman nədi- “ədəbsizlik” nədi, müsəlman nədi- “obrozovanni” erməni vəkilini pislədi nədi! Doğru diyorammi cənab “quyruq”? Xoşuna gəlirmi bu sözlər? Və bir də cənab “quyruq” sən demişkən dumada müsəlman vəkillərinin hamısını gözləmək nəyə lazım idi? Məgər erməni vəkilləri “hamının” tərəfindən danışmıyordular? Onlar müsəlmanlar tərəfində danışıyordular, ermənilər tərəfindən də. Diyordular ki, müsəlmanlar erməniləri qırırlar qoymuyun. Burada həmi müsəlman sözü var, həmi də erməni! Qərəz cənab “quyruq” sənin sözlərinin hamısı “doğrudur”. Ancaq bir söz var onu deyim xatirinə dəgməsin. Dumanı təhqir edən “İrşad” degil, “İrşad” ancaq öz millətini siz kibi “provakator”un böhtan və iftirasından müdafiə eyliyor. Dumanı “oskorbit” edən o adamlardır ki, siz kibi “quyruq”ların bihəyalıqla yazılmış yalan teleqramını həqiqi hürriyyət bahadırları qabağında oxuyub tülkü hiylələrinizin üstünü quzu dərisilə örtmək istiyor!

Cənab “sotrudnik”! “İrşad”lılar yalan söyləməz və öz insafını da manat yarım pula satmazlar!

 

Filankəs

“İrşad” qəzeti, 3 iyul 1906, ¹ 155

 

 

DOĞRU MEYDANA ÇIXAR

 

Bu gün qəzetəmizdə İrəvan seçkiçiləri tərəfindən Dövlət dumasının sədri cənab Muromsev ilə bərabər İrəvan vəkili Ağaxan İrəvanski cənablarına göndərilmiş teleqramı dərc edib də şad olmağımızı gizləmiyoruz.

Necə şad olmayaq ki, indiyə qədər hər bir böhtan, iftira və ittihamlar altında lal və kar kimi durub da mədari-həqarət olmağa razı olan kimi görünən müsəlmanlar, bu gün bu fürsətli həngamədə və bu böhranlı anda dil açıb danışmağa, özlərini müdafiə etməgə qeyrət etdilər və razı olmadılar ki, yalnız bir Rusiya degil, bütün aləmin hürriyyətpərvərləri yanında “müsəlman” ismi nifrət hissi oyandırmağa səbəb olsun!

Necə şad olmayaq ki, indiyə qədər ətalət və bətalət ilə məşhur müsəlman qeydsiz, qayğısız, mənafei-ümumiyyə və ictimaiyyəsinə etina etmiyən müsəlman, bu saət bu günlərin mənasını anlayıb istəmiyor ki, nahaq yerə zəlil və rüsvayi-cahan olsun!

Necə şad olmayaq ki, indiyə qədər şəxsi işlərinə uyub da gələcəyi nəzərə almayan müsəlmanlar, indi öz əhval və ovzalarına və gələcəkdə ki, mövqelərinə əhəmiyyət nəzəri ilə baxmağa başlayıb, istəmiyorlar ki, hiyləkarların nahaqq böhtanları ucundan axırda millətlərin ən alçaq və ərzəli olsunlar!

Qoy bizim vəkillərimiz müsəlmanlara olan nahaq töhmət və məzəmmətləri eşidib-danışmasınlar,- cəmaət özü danışar, cəmaət özü həqiqəti meydana çıxardar.

Qoy doğru meydanı çıxsın. Onda məlum olar ki, hürriyyət alıb hər bir zülm, sitəm və istibdada intəha çəkmək ilə bərabər, hər bir hiylə və təzviri də aradan götürmək üçün yığılmış millət nümayəndələrini hiylə ilə aldatmaq-cavan dumanı təhqir etmək deməkdir.

Qoy bilinsin ki, dumanı təhqir etmək- dumanın amal və əfkari-aliyəsini təhqir etməkdir!...

Qoy doğru meydana çıxıb, sahibi-vicdan zatların səminə bu sədani eşitdirsin ki, insafdırmı ki, bütün Rusiya millətlərinin içində indiyədək hamıdan alçaq tutulan və hər bir hüquqdan məhrum qalan bir taifə bu gün hürriyyət qazanılan zamanda yalnız bir iftira və böhtan ucundan hürriyyət bahadırlarının da yanında nifrətli və hürriyyətə layiq olmayan görünsün?

Qoy aşkar olsun ki, hiyləkarlar öz hiylə və fəsadlarının üstünü örtmək üçün onsuz da istibdad anında sıxılıb əzilmiş bütün bir milləti nahaq töhmət və məzəmmət ilə əfkari-ümumiyə qurbanı etmək istiyorlar!...

Qoy cəmaətimiz iftiraçılara qandırsın ki, indi biz müsəlmanları ələ dolamaq irəliki kibi asan vəchlə məqdur ola bilməz. Cəmaətimiz, duma qabağında qızarmağa, utanmağa razı olmaz.

Biz bilirik ki, vəkil seçkisində göstərdigimiz ətalət və qeydsizlik iftiraçıları ürəkləndiribdir. Amma onlar bunu fəramuş etməsinlər ki, indi hər bir bətalətimizin acı səmərəsi bizdən ötrü mühüm bir dərsdir, böyük bir görkdür ki, bunlar ilə nəfbərdar olub xətalarımızı düzəltməgə sürətlə çalışacayıq.

 

Üzeyir

 

“İrşad” qəzeti, 3 iyul 1906, ¹ 155

ərzəl – ən rəzil, çox alçaq adam

təzvir – saxtalaşdırma

 

 

ƏĞRAZİ-ŞƏXSİYYƏ ZAMANI DEGİLDİR

 

a) Əğrazi-şəxsiyyə zamanı degildir.

b) Qövlümüz felimizə mütabiq olmalıdır.

t) Müttəqidən dəm vurub da mütabiqi-məntiq danışmalı.

c) Bir dostun mənafei-şəxsiyyəsini bir millətin mənafei-ümumisinə satmamalıdır.

d) Əgər bir kəs, digər bir kəsin haqqında iftira söyləsə məlumdur ki, bu əməli əğrazi-şəxsiyyə ucundan edər.

Cənab “Bikəs”, binəva Filankəsin haqqında iftira söylüyübdür... pəs görünür ki, cənab “Bikəs”in binəva “Filankəs”ə qarşı şəxsi ədavəti vardır. Yəni “Bikəs” cənabları bu əməli əğrazi-şəxsiyyə ucundan edibdir.

Bunu isbata yetirəlim:

“Bikəs” cənabları diyor ki: “... lazım idi ki, Mərdan bəyi kənara qoyub sair vəkillərimiz intiqad edilsin. Yaxud Mərdan bəy intiqad edilibsə sairləri ilə bərabər intiqad edilsin... Əgər ey Filankəs, mütləq bir vəkili tənqid həvəsində isən o halda Haqverdiyevi, Ziyadxanovu, Muradxanovu, Məhəmmədtağı Əliyevi intiqad et, bunlar ki, Mərdan bəydən artıq iş görmədilər, bir söz danışmadılar!...

Oxucularımızdan artıq-artıq təvəqqe edirəm ki, “İrşad”ın keçən nömrələrini təkrar-təkrar əllərinə alsınlar və o nömrələrdə olan “Ordan-burdan” qismini təkrar-təkrar oxusunlar. Onda görərlər ki, Filankəs dumaya göndərdigimiz vəkillərin hamısını intiqad edibdir. Nə inki tək bir Mərdan bəyi, çünki Filankəs, bir tək Bakı degil, bütün müsəlman millətinin xeyrini nəzərdə tuturdu. Oxucularımız özləri görərlər ki, “Ordan-burdan” qismində yalnız Əlimərdan bəy deyildir. Bütün vəkillər intiqad edilibdir. Bunu görüb də yəqin edərlər ki, cənab “Bikəs” Filankəs haqqında iftira söyləyibdir. Və bunu da əlbəttə ki, əğrazi-şəxsiyyə ucundan edibdir. Çünki, bir adam ilə ədavəti olan şəxs, istər ki, o adam xəlq içində müttəhim olsun....

İmdi insaf edəlim, “Bikəs” cənablarının Filankəsə dedigi: “Görünür ki, qərəzi-şəxsi gözünü bağlayıb qüvveyi-məfkurənizi züllama ğərq edibdir!...” sözlərini Filankəs özü “Bikəs” cənablarına söyləsə yerində olmazmı? Zənnimizcə lap yerində olar!...

b) cənab “Bikəs” Filankəsi ittiham etmək hirsilə yazdığı məqaləsində bəgənilməz bir sifətini dəxi ğəflətən aşkar edibdir. Məlum oldu ki, cənab “Bikəs”in qövlü-felinə mütabiq deyildir. Çünki, cənabın özü bizə təlqin və təbliğ ediyor ki, “əğrazi-şəxsiyyə zamanı degildir”. Amma özü də haman bu təlqin və təbliği necə ki, ifai-sübuta yetirdik, əğrazi-şəxsiyyə ucundan elan ediyor!...

Və bir də

t) cənab “Bikəs” bizim “məntiqsizligimiz”dən şikayət edib də özü məntiqi filanı şalvarı cibinə qoyur müxalif məntiq sözlər danışır. Məsəla diyor ki:

“Aya Filankəs nəyə çalışır, nəyə qeyrət ediyor? Filankəs anlıyor ki, onun üçün bir ikimci Mərdan bəy olmaq ehtimalı yoxdur. Bunu anladığı üçün Mərdan bəyin məziyyətlərini (??), müvəffəqiyyətlərini (?!!) ləkələməgə qeyrət ediyor? Ləkələmək mümkün olmadığı üçün xəlqin gözünə “Ordan-burdan” namı ilə ixtira etdigi qara şişədən bir çeşmək taqıb istiyor ki, xəlq Mərdan bəyə bu çeşmək mavərasından baxsın!...

Yenə oxucularımızı insaf məqamına çağırıram. Aya cənab “Bikəs” Filankəsin bu xəyalını hardan duydu?

Məgər Filankəsin yazdığı “Ordan-burdan”larında Əlimardən bəy olmaq arzusuna dair bir kinayə belə vardırmı?

Heç bir kinayə və işarə yoxdur. Ancaq bu bir boş sözdür ki, cənab “Bikəs” yazıbdır. Və bunu da sübuta yetirəlim və bunun üçün əvvəlcə cənab “Bikəs”in yazdığı sözləri məntiq daşına çəkəlim: cənab “Bikəs” diyor ki:

Filankəs Əlimərdan bəyi pisliyor və binaənileyh (?) Əlimərdan bəy olmaq istiyor (!). Cənab “Bikəs” özü bilir ki, Filankəs Mərdan bəy arzusunda olduğunu heç bir kinayə və işarə ilə andırmıyıbdır. Ancaq onu (sair vəkillər ilə bir yerdə) pisliyibdir. O surətdə, cənab “Bikəs”in yuxarıda zikr olunan cümlələrindən böylə bir nəticə hasil olur.

Hər adam ki, bir kəsi pisliyor bil ki, o kəs olmaq istiyor! (məntiq elminə aşna olanlar bunu yaxşı bilirlər) Lakin bu bir yalan məntiqdir ki, buna “sufizm” deyirlər. Və bir də əgər cənab “Bikəs”in bu sufizməni məntiq deyib tutsaq o surətdə, bunu deməgə haqqımız olar ki:

“Cənab “Bikəs” Qromıkini, Stolıpini, Pavlovu və sairlərini həmişə pisliyor, binaənileyh cənab “Bikəs” həmişə Qromıkin, Stolıpin, Pavlov və sairləri olmaq arzusundadır. İndi hər nə diyorsunuz isə deyin: Ya cənab “Bikəs” Filankəsə bu xüsusda dəxi bir iftira diyor. Ya da ki, o cənab filvaqe öz pislədigi Pavlov və sairə olmaq xəyalındadır...

s) Cənab “Bikəs” bir dürüst mülahizə edəlim: Özünüzə yaxşı məlumdur ki, bu erməni-müsəlman ixtişaşı düşdükdən sonra ermənilər bizləri neçə curə səqim fikirlərdə ittiham ediyordular. Bunun biri “panislamizm” və digəri isə provokator əlində alət olmaq, yəni xuliqanlıq idi. “İrşad”çılar və həm də “Həyat”çılar (ehtimalsız özünüz də) neçə müddət səy və qeyrət edib bu böhtanı müsəlmanların üstündən atıb, axırda buna müvəffəq oldular ki, ermənilər özləri bu “panislamizm” məsələsinin bihudə söz və böhtan olduğunu iqrar və etiraf etdilər. Lakin bunu iqrar edib də politikalı ermənilər digər bir böhtana dörd əlayaqlı yapışdılar. Müsəlmanlar provakator hökumətin əlində kor alətdir. Yəni xuliqandırlar-deyə hər bir yerdə zurna çaldılar. Millət (həmiyyətsiz naşükür millət) yolunda canını qurban edəcək dərəcə çalışan adamımızı “çerni sotennik”, “pokromşik” adlandırdılar. Canına sui-qəsdlər etdilər və provakator əlində əsil kor alət olan “daşnaksüyun” firqələrinin xuliqanlığını gizlətməgə səy etdilər. Biz “İrşad”çılar dəxi indiyə qədər səy və hümmət ediyorduq ki, nahaq yerə müsəlmanların üstünə qoyulmuş bu xuliqanlıq ittihamını rədd edib və müsəlmanları sairlərin nifrətinə layiq olmağa qoymuyub işin həqiqətini meydanə çıxardaq. Dövlət duması açıldıqda biz hamımız şad olduq ki, bilaxir o ədalət meydanında bizim vəkillərimiz həqiqət halı aşkar edib istibdadzədə müsəlmanları xuliqanlı böhtanı altından təxlis edərlər. Lakin bizim ümidimiz boşa çıxdı və buna da səbəb bizim vəkillərimizin hamısı oldular. Və bizim acığımızın bir çoxunu Əlimərdan bəyin üstünə tökməyimizə də səbəb o idi ki, bizi böhtandan qurtarmaq vəzifəsi əvvəlcə onun borcu idi. Çünki, hamıdan bilgili və işlərə aşina o idi və özü də müsəlman vəkillərinin lideri olmuşdu.

Siz diyorsunuz ki, Urusovun bəyanatından sonra danışmaq lazım degil idi. Buna dair bizim bir sözümüz yoxdur. Bunu biz də siz ilə deyirik. Lakin iş buradadır ki, cənab Urusov durub hökumətin provakatorluğunu aşkar etdi. Erməni vəkilləri isə Urusovdan sonra danışıb müsəlmanları provakator, hökumət əlində xuliqan adlandırdılar. Və bütün duma əhli də, əlbəttə ki, buna inandı. Çünki, əvvəla Urusovun bəyanatı və saniyən müsəlmanların aləmdə hamıdan geri qalmaqları müsəlmanların xuliqan olmaq ehtimalını təqviyət edərdi. Vəkillərimiz isə öz liderlərilə belə buna dair bir söz demədilər. Halbuki, hamımıza məlumdur ki, müsəlmanlardan bəziləri xuliqanlıq edibdirsə də qanmayıb edibdirlər. Amma erməni firqələri qana-qana, anlaya-anlaya provakatorların əlində kor alət olub öz xüsusi məramlarını provakatorların köməgi ilə yürütmək istiyordular....

Siz diyorsunuz ki, Əlimərdan bəy yalqız bir müsəlmanlar degil, bütün Bakı əhlinin bilatəfriq millət vəkili idi. Ona binaən hər millətin ehtiyacatından danışmalı idi. Buna da bizim bir sözümüz yoxdur. Lakin siz bilirsinizmi ki, biz müsəlmanların ehtiyacatı hamılarınkından çox və hamılarınkından artıq əncamə möhtacdır?...

Bizim millətin halı və mövqei sizlərə yaxşı məlumdur. Özünüz də çox gözəl bilirsiniz ki, bizim millətə doğru və canı yanan adamlar lazımdır. Bununla belə bütün bir millətin indiki halının yaxşılanmasını və istiqbalını bir aşinalıq xatirəsinəmi qurban etmək istiyorsınız?...

Sözü insaflıq danışmalı. Biz Mərdan bəyin və sairlərinin bilik və kəmali və buna binaən liderliyə layiq olmağı xüsusunda bir söz danışmamışıq. Biz ancaq onların felinə baxıb dilgir və rəncidə olmuşuq, neçün bu yerləri qatışdırırsınız?...

Sözü müxtəsər edəlim:

Qoy oxucularımız “İrşad”ın keçmiş nömrələrini təkrar ələ alıb “İrşad”çıların vəkillərimiz xüsusində yazdıqlarını beş, altı, yeddi, səkkiz ... yüz dəfə oxusunlar. Əgər o məqalələrdə bir nahaq söz tapsalar, onlar da siz ilə bir yerdə bizi əğrazi-şəxsiyyədə (ki onu siz ancaq özgələrdən görürsiniz) ittiham etsinlər, vəssəlam!

 

Filankəs

“İrşad” qəzeti, 14 iyul 1906, ¹165

əğrazi-şəxsiyyə – şəxsi-qərəz

qövlümüz-felimizə – sözümüz-işimizə

Bikəs – Əli Sərabi Məmmədzadə

intiqad – tənqid

 

 

SEVİNDİLƏRMİ?

 

O vaxt ki, bədbəxtlik üz verib Tiflis erməni-müsəlman “sülh və səlah” komisyonu məclisi açıldı və o vəqtlə öz tərəfgirlik və qərəzlərini biryandan və cəbunluqlarını digər tərəfdən apaçıq bildirmək üçün Aşot kibi bir keşişin səlah dililə general Qoloşçapovu Qarabağa təyin etdilər- Qarabağın bütün müsəlmanları əndişəyə düşüb böylə bir möhlik binagüzarlığa qarşı hamısı bir adam kimi etiraz və protest etdilər. Qoloşçapovu üstümüzə göndərməyin-deyə dad və fəryad etdilər .... Binəvaların əndişəyə düşüb etiraz, dad və fəryad etməgə böyük bir haqları olduğuna ələm və kədərli şahid bu günlərdə Qarabağda Şuşa şəhərində təkrar vaqe olan qırğındır. O qırğın ki, alınan teleqramlara görə Şuşa müsəlmanlarını naçar və naəlac halə salıbdır...

Bəli Qarabağ müsəlmanları etiraz etdilər, fəryad çəkdilər, deputatsiya cəm edib Tiflisə yügürdülər. Canişin hüzuruna ərizələr göndərdilər. Yalvardılar, yaxardılar ki, əgər filvaqe Qarabağın əsəfli övzaini yaxşılatmağa, islahə çalışırsınız isə Qoloşçapovu göndərməyin, göndəribsiniz də geri çağırın. Ölkəni təhlükəyə salmayın. Lakin... yarım milyona qədər bir cəmaətin bu dad və fəryadına qulaq asan olmadı, etina edən tapılmadı. Yarım milyondan ibarət bir cəmaətin sədayi-istimdadi vəhşi bir biyabanda nalə edən səs kimi təsirsiz qaldı....

Xüsumət komisyonu adı ilə təsmiə olunmağa layiq olan erməni-müsəlman komisyonunun həlakətli qərardadi əncampəzir oldu: millətçilik gözlərini kor və qulaqlarını kar və bəsirətini yox etmiş Aşot nam keşişin arzuyi-xəyanətkaranəsi hasil oldu: Qoloşçapov top və tüfəng ilə Qarabağa yollandı. Yollanıb da o gündən etibarən Qarabağ müsəlmanlarının, onsuz da qara günlərini züllam içinə qərq etməyə çalışdı. Bu cənabın bir neçə ay müddətində orada törətdiyi işlərini gələcəkdə bir-bir tedad edərik. İndi onu diyəlim ki, general Qoloşçapovun ədalətsizlikləri və müsəlmanların qışqırıqları heç bir kəsə əsər etmiyordu. Atılmış qığılcımın alovlanıb ətrafa yayılması heç bir kəsin diqqətini cəlb etmiyordu. Guya hamı, öylə lazımdır-deyə gələcəkdəki təhlükəni nəzəri-etibarə almıyordu. O tərəfdə isə müsəlmanların hər bir cövr və zülmə taqət və dəvamı qəzəbnak generalı daha artıq qeyzləndirib günlərin bir günündə bütün acısını müsəlmanların üstünə tökəcəyini andırırdı....

Əcəba, müsəlmanların günahı nə idi? Bir taqım erməni və müsəlman quldurlarının gəlib-gedəni qətl, qarət və əsir etmələrimi? Yoxsa cənab generalı istəməməklərimi?

Əvvəla quldurluq qədim əyyamdan bəri bütün Qafqazda və baxüsus Qarabağda adi bir sənət mənzələsində olmuş isə də bu axırımcı illərdə, cəmaət bir qədər dərrakə məqamına gəldiginə görə, yavaş-yavaş azalmaqda idi. Bütün cəmaət də buna sevinirdi. Çünki, quldurların azalması cəmaəti vahimə və əndişədən qurtarıb, rahat və sakitlik ilə kəsbkarına məşğul olmağa müsaidə verirdi. Lakin bu bədbəxt illər yetişib, bütün Zaqafqaziya düşmənçilik oduna yandıqdan sonra quldurluq təkrar şiddətlənib cəmaəti yenə narahat etməgə başladı. Cəmaət quldurlar əlindən dad çəkib yalvarıyordu ki, bu quldurları kənar və tələf etmək üçün hökumət tərəfindən ciddi tədbirlər görünsün. Hətta bəzi yerlərdə cəmaətin özü hökumət ərbabının bietinalığını görüb özbaşına quldurlar ilə dava başlıyordu və onların yədi-zalimanəsindən qurtarmağa çalışıyordu. Cəmaət diyordu ki, biz onsuz da dağılıb istitaətdən kəsilmişik, olub-qalanımızı da quldurlar aparsa bizdə dirilik üçün heç bir vasitə qalmaz. Aya quldurların rəf və dəfinə canu-dildən səy edən və hərdəm qorxu çəkib talan və qarətə giriftar olmaqdan xilas olmaq arzusunda olan bir cəmaəti quldurluq bəhanəsilə müqəssir və müttəhim etmək insafdırmı və bu quldurluq bəhanəsilə bütün bir cəmaətə cəbr və zülm etmək rəvadırmı?

Və saniyən, bu quldurların getdikcə şiddətlənməsinə səbəb əsasən kimdir? Qanıb-qandırmaz hökumət ərbabının qaidə və nizamdan kənar rəftarı degilmi? Adamın lüt və üryan halda əhl və əyalını qabağında dögdürüb də abrısını tökən və namusuna toxunan vicdansız bir pristavın hüzuruna getməkdənsə qaçıb quldur olmağı səlah bilən adamların quldurçuluq etmələri buna şahid degildirmi ki, hökumət əhli Zaqafqaziyadan quldurluğu qazımıyordu, bəlkə şiddətləndirirdi? Hökumət əhalinin bir çox vəqt kazak və strajnikləri xəlvət yerlərdə gizlədib də müsəlman əhlini müsəlman ya erməni quldurlarının qabağına davaya göndərməsi neçə-neçə qanlılığa səbəb olmuyordumu? Və bu qanlılıq ucundan da quldurluq getdikcə artmıyordumu?

Və bundan sonra insafdırmı ki, hamıya müzurr olan bir neçə quldur üstündə bütün bir cəmaət top və tüfəng atəşinə yaxılsın? Və insafdırmı ki, general Qoloşçapovlar bu gunə rəftarın adını “usmireniyə” qoysunlar?....

Şuşadan çəkilmiş teleqramlar şəhərin müdhiş və təhlükəli halını bildirirlər agentstvonun müsəlman ziddinə yazan və müsəlman başına gələn zülmləri həmişə gizlətməgə çalışan Tiflis agenti dəxi insaf məqamına gəlməyə bilmiyib yazıyor ki, şəhərin müsəlman hissəsi topa tutulubdur. Xüsusi müxbirimiz Ağdamdan yazıyor ki, şəhərdən əvvəlcə on iki və sonra da igirmi top səsi eşidildi. Şəhər dörd tərəfdən yanmaqdadır!... Neçün, nə üstə? Çünki, (bu da agentstvonun deməginə görə) general Qoloşçapovun mənzilinin yanında müsəlmanlar tərəfindən bir nəfər erməni ölübdür və müsəlmanlar polisə əhlini gülləliyibdir. Əvvəla agentstvonun sözünə bir o qədər etibar etmək çətindir. Çünki, teleqram Tiflisdən verilibdir və Tiflis agentinin məramı hər halda müsəlmanları ittiham etməkdir. Və saniyən, tutalım ki, müsəlmanlar tərəfindən bir nəfər erməni vaqeən öldürülüb və polisə də güllələnibdir. Aya bəs sair müsəlmanların təqsiri nədir ki, top ilə var yox evləri dağıdılır. Arvad uşağın təqsiri nədir ki, top səsindən vahiməyə düşüb bağrı yarılırlar? Neçün əsil müqəssiri tutub tənbeh etməyib şəhərin yarısını dağıdırlar? Neçün əhalini sakit etmək əvəzində qırğına bais olurlar? Məgər qulduru tutmaq, qatili tapmaq bacarılmadıqda bütün bir şəhəri topa tutub xarabaya döndərmək lazım gəlir?? Öylə isə bir Şuşa şəhəri degil, bütün Rusiya top-tüfənglərə tutulub, atəşlərə yaxılıb alt-üst edilməliydi.

Cürət ilə demək olur ki, erməni ölümü degil, polisənin güllələnməsi degil, general Qoloşçapovun Qarabağ müsəlmanlarına qarşı olan büğz, ədavətidir və düşmənin təhrikidir ki, onun ucundan bütün şəhər böylə bir dəhşətli zərərə uğraşır. O yerdəki hökumət əhli bir millətə sarı üzgördülük elədi-digər millətin halı vəximdir. Büğz və ədavət hakimin gözünə qara pərdə çəkib qoymaz ki, haqq-nahaqdan seçilsin. Büğz və ədavət hakimin vicdan və insafını alıb qoymaz ki, nahaq yerə icra olunan cövr və zülm onun qara qəlbinə əsər etsin.

Qoy şəhər yansın, qoy cəmaət qırılsın, qoy arvad-uşaq qoşun əl-ayağı altında itib batsın. Qoy düşmənin xəyanətkaranə hücumu axırıncı dəfə hər bir həst- nisti nabud və münhədim etsin-təki ... xain erməni-müsəlman komisyonçuları öz qərardadlarının arzu etdikləri nəticəsini görüb əl çalsınlar, təki Aşotlar muradlarına çatıb şadlığından qol tutub oynasınlar. Təki Qoloşçapovların zülm və istibdadı dillərdə söylənib, büğz və insanı gözü görmək istəmiyən adamları sevindirsin....

 

Üzeyir

 

“İrşad” qəzeti, 16 iyul 1906, ¹ 166

möhlik – çox təhlükəli

əsəf – təəssüf

xüsumət – ədavət

təsmiə – adlandırılan

tedad – bir-bir sadalama

yəd – zor, güc

istitaət – iqtidar

büğz – kin, nifrət

həst-nisti – var-yoxu

 

 

Ordan-burdan

 

Qarabağda, Şuşa şəhərində “sülh” olubdur. Hər kəs öz “işinə” məşğuldur. Məsəla: hakimin “işi” odur kimə hökm edib cəmaəti qırdırsın. Şuşa hakimi haman bu “işə” məşğuldur. Qoşunun “işi” odur ki, top və tüfəng atıb evləri darbadağın etsin. Şuşa qoşunu haman bu “işə” məşğuldur. Şəhər kişilərinin “işi” odur ki, evi-eşigi darbadağın olanda, qovm-qardaşı qırılanda əlini qoynuna qoyub naəlaclıqdan məzlum-məzlum durub baxsınlar. Şuşa şəhərinin kişiləri haman bu “işə” məşğuldurlar. Şəhərin arvadlarının “işi” odur ki, əri, qardaşı, oğlu öldürüləndə başını açıb, saçını yolub, şaxsey təpib ağız desinlər. Şuşa şəhərinin arvadları haman bu “işə” məşğuldurlar.

Şəhərdə “sakitlikdir”: yəni bazar-dükan örtülü, küçələrdə şəhər əhlindən bir zinəfs tapılmaz, gedib-gələn yox. Yollar hamısı bağlı. Şəhər “qaidə”yə düşübdür: yəni toplar baqaidə atılır. Şəhər dörd tərəfdən baqaidə yanıb, evlərə top və tüfəng gülləsi dəgib hamısı baqaidə dağılır, güllə dəgən adamlar baqaidə ölürlər və ölü sahibləri də baqaidə matəm saxlıyorlar. Qərəz şəhərdə “sülh”dür. Hər kəs öz “işində”, öz “gücündə” və hər yerdə tamam “sakitlik” bərqərardır. Görünür ki, general Qoloşapovu Qarabağa “sülh” üçün göndərən həriflər çox arif və gələcəyi nəzərdə tutan adamlar imişlər ki, bu gunə təcrübəli iş tutubdurlar..... Həqiqət, rəvayət edirlər ki, Şuşa şəhərində bu gunə “sülh”, “qaidə” və “sakitlik”in davamı yalqız bir general Qoloşçapovdan asılıdır. Odur ki, onun Qarabağdan çıxıb sair yerlərə getməsini “sülh” tərəfdarları heç bir vəqt arzu etmiyorlar...

 

lll

 

İrəvanda dəxi “sülh və məsalət” bərqərardır, belə ki, hərçəndi müsəlmanlardan hər gün, günün günorta çağı bir-ikisini durduğu yerdə öldürürlərsə də, yenə də arada ədavət və düşmənçilik yoxdur. Buna da səbəb İrəvanın “sülh və saziş” komisyonu olubdur. Belə ki, bu komisyon bir gün keyfinin duru vaxtında söhbət üçün yığışıb deyibdir ki, gəliniz “barış oyunu” çıxaraq. Müsəlman cəmaəti bu “oyun”a uşaq kimi sevinib haman da bir “barışıq oyunu” çıxardıbdırlar və bir qədər zarafat və lətifə sözlərdən sonra dağılıb bunu qərar qoyubdurlar ki, əgər o tərəfin adamı bu tərəfin adamından birisini öldürsə, heç işiniz yoxdur. Qatili tapıb tənbihə etmək lazım degil, qoyun özü bilsin! Ona görə “barış oyunu”nun sabahı günü ermənilər də “atəşbazlıq oyunu” çıxardıb, bu “oyun”a bir qədər rəng vermək üçün o saət bir-iki müsəlmanı da vurub öldürdülər ki, hamının xoşuna gəlsin və hamı da oyundan razı qalsın.... Əlbəttə, hamı razı qalıb “oyunbaz”lara afərin oxuyubdurlar....

 

 

Filankəs

“İrşad” qəzeti, 18 iyul 1906, ¹ 168

 

(Ardı var)

 

Üzeyir HACIBƏYLİ

 

 

525-ci qəzet.- 2010.- 15 may.- S.18-19.