Məryəm Əlizadə: “Altmış yaş sindromu”nun burulğanından az itki ilə çıxmışam...”

 

Onunla ilk görüşümüz “Afinalı Timon” tamaşasının premyerasında olub. Teatrla, tamaşalarla bağlı, eləcə də görkəmli sənətkarlar haqqında yazdığı dəyərli yazılarından qiyabi tanıdığım sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimi Məryəm Əlizadə ilə daxili aləminin güzgüsü olan işıqlı aurasında qısa mükaliməmiz olmuşdu. Onda qətiyyən təsəvvür eləməzdim ki, gülərüz, şirindil, mehriban, həssas və çox yüksək mədəniyyətə malik Məryəm xanımın yaşı altmışın həndəvərindədir. Təbiətin işıqlı rənglərinin çəkildiyi, qadın təravətinin parladığı çöhrəsindən bunu müəyyənləşdirmək mümkün deyildi. Lakin onunla bugünlərdə apardığımız yubiley söhbəti zamanı bu cavan simanın arxasında yaşının müdriklik dövrünə qədəm basan bir insanın zəngin, mənalı həyat yoluna da şahid olduq. O, çox təfsilata varmağı xoşlamır, sükutu ilə daha çox söz deməyə üstünlük verir. Dörd bir tərəfə səxavətlə səpələdiyi müsbət enerjisi isə həyata, insanlara olan sevgisindən qaynaqlanır.

Ədəbi fəaliyyətə 1972-ci ildən “Qobustan” toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlayan M.Əlizadə mətbuatda teatr tənqidinə və teatrşünaslığa dair məqalələrlə müntəzəm çıxış edir. Artıq uzun illərdir milli teatr prosesini araşdıran, istedadlı yetirmələri ilə fəxr edən M.Əlizadə “Teatr: seyr və sehr”, “Unudulmaz səhnə ustaları”, “Sevincin sinonimi”, “Dördüncü ölçünün rəngləri” kimi dəyərli kitabların, “XXI əsr dünya teatr prosesi və Azərbaycan milli teatr sənətinin çağdaş məqsəd və vəzifələri (Müasir teatrda ənənə və novatorluq məsələləri)”, “Müasir teatr sorağında”, “Ondan içəri...” və digər bu kimi qiymətli yazıların müəllifidir.

M.Əlizadənin yaradıcılıq fəaliyyəti, müsbət insani keyfiyyətləri ölkənin tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin də diqqətindən kənarda qalmayıb. Yazıçı Afaq Məsudun M.Əlizadənin alimlik fəaliyyətilə bağlı bu fikri olduqca diqqətəlayiqdir: “Peyğəmbərin “Alim qələmindən sızan mürəkkəbin bir damlası yüz şəhid qanına bərabərdir” ifadəsini yada salanda gözlərim önündə bizim Məryəm xanımın işıqlı siması canlanır”.

Xalq artisti Fuad Poladov M. Əlizadənin Azərbaycan sənətşünaslığında mövqeyini belə ifadə edib: “Məryəm xanımın adı bu gün Azərbaycan sənətşünaslığında xüsusi bir nüfuza malikdir. Bu, təkcə mənim fikrim yox, teatr sənəti ilə ciddi məşğul olan hər bir insanın fikridir. Mən hətta deyərdim ki, Məryəm xanımın adı və imzası Azərbaycan sənətşünaslığında bir brenddir”.

Kinoşünas Aydın Talıbzadə yubilyarı “Azərbaycan teatrının Məryəm”i adlandıraraq onun yaradıcılığını əsl bir tədqiqat obyekti kimi dəyərləndirib.

Dramaturq Əli Əmirli çağdaş Azərbaycan teatrşünaslığında sabit bir Məryəm Əlizadə üslubunun formalaşdığını, onu başqaları ilə qarışıq salmağın mümkünsüz olduğunu deyib.

Yubilyarın həyatı, fəaliyyəti ilə bağlı ən müxtəlif məqamlara toxunduğu söhbətində də bu deyilən sözlərin həqiqət olduğunu bir daha anladıq: Məryəm Əlizadə heç nəyə iddia eləmədən sakitcə öz ömrünü yaşayan, Tanrının taleyinə yazdığı missiyanı həyata keçirən təvazökar sənət fədaisidir.

– “Kiçik Məryəm”in necə bir ailədə boya-başa çatmağı yəqin ki, oxucularımıza da maraqlı olar...

– Tam səmimi olsaq, söyləməliyəm ki, əqidəmcə, “kiçik Məryəm”in yaşam tarixçəsi doğmalarımdan və mənə yaxın olan dostlarımdan başqa heç kimi maraqlandırmamalıdır. Birincisi, ona görə ki, seçdiyim sənətlə bağlı elmi düşüncə yalnız adamın yetkinlik dövründən formalaşmağa başlayır və inkişaf edir. İkincisi, mən son vaxtlar dəbə dönmüş və guya ki, “memuaristika janrı”nda yazılmış bir sıra, belə desək, əsərlərdən, qarabağlılar demiş, “çimçəşmişəm”. Bu cür əsərləri oxuyanda adama elə gəlir ki, hekayətin qəhrəmanı, az qala, dünyaya gəldiyi ilk gündən indiki vəziyyətinə tərəf əzmlə... məqsədyönlü... düşüncəli... iradəli tərzdə pillə-pillə addımlayıb... Ailəmizə gəldikdə isə belə bir qısa avtobioqrafik məlumat verə bilərəm. Atam Əli kişi fəhlə zümrəsinə aid olub. Anam Alagöz xanım Qarabağ bəylərindən Səlim bəyin qızıdır, evdar qadın olub. Qardaşım Əbdül müəllim Azərbaycan müəllimi adını şərəfləndirən ali məktəb pedaqoqudur. Görkəmli psixoloq-alimdir və əsl ziyalıdır. İndi bütün nəslimizin fikri-zikri “Avroviziya” müsabiqəsində çıxış etməyə gərgin hazırlaşan Safuradır (Əbdül müəllimin nəvəsi). Şübhə etmirəm ki, bu gün bütün Azərbaycanın gözü Safuradadır.

– Teatrın həyatınıza daxil olması, ümumiyyətlə, teatra sevginizin yaranma tarixçəsi nə zamandan başlayıb?

– Teatrın həyatıma daxil olması o vaxtkı Teatr Sənəti İnstitutuna qəbul olunmağımdan bir az əvvəl baş verdi. Belə ki, səkkizinci sinifdə oxuyurdum və həkim olmağa hazırlaşırdım. Buna görə də biologiya, kimya və bu kimi fənlərə daha çox üstünlük verirdim. İndiki kimi yadımdadır: günlərin bir günündə (payız çağları idi) evdə oturub anatomiya dərsliyini oxuyurdum. Bir küncdəki televizorda “danışan başlar” özləri üçün nə isə deyirdi. Birdən diqqətimi İtaliya – Vatikan səfəri haqqında çox maraqla danışan bir insanın səsi cəlb etdi. Bilmirəm, nədənsə o səs məni anatomiya dərsliyindən ayırıb ram etdi (özü də ömürlük ram etdi) ... və televizora sarı çönüb qulaq asmağa başladım. Və bir də ayıldım ki, arxamda dayanan qardaşım: “Bu, Cəfər Cəfərovdur” – dedi. Sən demə, sözügedən veriliş bir saata yaxın davam edib və sən demə, mən Cəfər Cəfərovun tilsiminə düşüb, düz bir saat gözümü ekrandan çəkməmişəm. Bu marağımı görən qardaşım (Əbdül müəllim düz 18 yaş məndən böyükdür) özünəməxsus lakonikliklə Cəfər Cəfərov haqqında qısa, amma dolğun arayış verəndən sonra təəssüratım tamamlandı və mən həməncə gələcəkdə həkim olmaqdan imtina edib, onun kimi teatrşünas olmaq istədiyimi ailəmə bəyan etdim. Orta məktəbi bitirdikdən sonra sənədlərimi o vaxtkı M.Əliyev adına Teatr Sənəti İnstitutunun “Teatrşünaslıq” fakültəsinə verdim. Burada işlərim, necə deyərlər, bir az tərs gətirdi. Qəbul imtahanlarını əla verməyimə rəğmən, məni teatrşünaslığa “götürmədilər”, çünki “yer dolmuşdu”, amma qəbul komissiyasının sədri mənə dedi: “Görürəm ki, sən əla hazırlaşmısan və teatrşünas olmağa layiqsən. Amma neyləmək olar, yer yoxdur. Gəlsənə, səni rejissor Tofiq Kazımova göstərim. Bəyənsə, özünün seçdiyi rejissor kursuna götürər, orada bir yer var. Yox, əgər bəyənməsə...” Bu ad da mənə yaxşı tanış idi, çünki qonşuluğumuzda yerləşən Azdramaya tez-tez gedirdim və Tofiq Kazımovun tamaşalarını xüsusilə sevirdim, dəfə-dəfə baxırdım.

... Tofiq müəllimin kursunda bir il oxuyandan sonra o özü məni yanına çağırıb dedi: “İşlərindən görürəm ki, sən daha çox nəzəriyyəyə meyllisən. İstəyirsən, Cəfər qədeşlə danışım, səni öz kursuna götürsün”. “İstəyirsən” nədir, xoşbəxtliyimdən göyün yeddinci qatında idim. Qeyri-təvazökarlıq olmasın, amma indi də təsdiqləyirəm ki, Cəfər Cəfərovdan dərs almaq və peşənin ilkin sirlərini onun kimi bir USTADdan öyrənmək, doğrudan da, böyük xoşbəxtlik idi. Eyni zamanda, indi anlayıram ki, bu xoşbəxtliyin təməlini ilk USTADım Tofiq müəllimdən aldığım, cəmi-cümlətani bir, amma çox dolğun bir dərs ili qoydu. Ona görə bu böyük kişilərin, böyük şəxsiyyətlərin hər ikisini həmişə şükranlıqla yad edirəm və onlara Allahdan rəhmət diləyirəm. O ki qaldı, teatrı sevməyimə, bu hal məndə illər keçəndən sonra yarandı. Təfsilatlara varmadan yalnız onu deyə bilərəm ki, teatrı anlayandan sonra onu sevməyə başlamışam. Əgər bu mürəkkəb, təzadlı, müxtəriz hissə sevgi demək olarsa...

– Üslub baxımından Azərbaycan teatrı sizin teatrınızdırmı?

– Bu suala teatrşünaslıq baxımından dəqiq cavab verməkdən ötrü öncə onu deməliyəm ki, çağdaş Azərbaycan teatrı yekxassəli üsluba malik deyil, çünki bu gün teatr şəbəkəmizdə müxtəlif üslublarla işləyən teatrlarımız çoxdur: Akademik Milli Dram Teatrı, YUĞ, Pantomim, Şəki, Gənc Tamaşaçılar, Musiqili Komediya Teatrları və sair. Bunlardan bəziləri “mənim” teatrımdır, bəziləri ilə qapalı qarşıdurmadayam, bəziləri haqqında obyektiv münasibətimi gizlətmirəm, amma bir teatrşünas kimi mənim elmi araşdırma obyektim ümumən milli teatr prosesidir. Odur ki, bu mənada, mən milli teatrımızı bir tam kimi qəbul etməyə məcburam və onu differensasiya etmirəm.

– Dünya teatr prosesi ilə milli teatr prosesinin müqayisəli təhlili barədə nə deyə bilərsiz?

– Bu suala cavab verməkdən ötrü iki yolum var: ya sonuncu kitabımın (“Dördüncü ölçünün rəngləri” – böyük USTADım Tofiq Kazımovun yaradıcılığına həsr edilib) məzmununu təfsilatı ilə danışmalıyam, ya da ki, bir neçə aforizmlə canımı qurtarmalıyam. Birinci yol, təbii ki, məqbul deyil, ikincisinə cəhd edim, görək nə alınır... Qədim latınlar deyirmişlər ki, “hər şey müqayisədə dərk olunur”. Fransızlar isə deyir ki, “istənilən müqayisə axsayır”. Bir-birinə zidd olan bu iki aforizmdən belə bir nəticə çıxarmaq olar: teatr prosesimizi necə var dərk etməkdən ötrü onu mütləq dünya teatr prosesi ilə müqayisə etmək gərəkdir. Amma dərk etdiyimiz qənaətlər “axsayacaq”, yəni, tam mənada, korrekt olmayacaq. Deməli, ən doğrusu, ortada durub da müqayisəyə çox uymadan dünya teatr prosesinin nailiyyətlərindən faydalanmaqdır. Cavabımın paradoksal olmasına görə üzr istəyirəm, amma milli teatr gerçəkliyinin özü də, elə bir növ, paradoksaldır axı.

– Dərs dediyiniz tələbələrin səviyyəsi Azərbaycan teatrının gələcəyi haqqında nikbin proqnozlar verməyə imkan yaradırmı?

– Bu gün Azərbaycanda istənilən fəaliyyət sahəsində yetişən gənclər gələcəyimizə ümidlə baxmağa əsas verir.

– Sizin fikrinizcə, Azərbaycan reallığında teatr tənqidçisi nəyəsə nail ola bilirmi?

– Nəinki Azərbaycan, hətta dünya teatr məkanında tənqidçi milli teatr prosesinin üzvi iştirakçısıdır. Amma onun teatr prosesinə təsiri o qədər də geniş deyil, çünki istənilən prosesdə olduğu kimi, teatr prosesinin inkişaf dinamikasının da həlledici amilləri daha dərindədir. Onları sadalamaq çox vaxt və yer aparar.

– Son dövrlərdə diqqətinizi çəkən tamaşalar olubmu?

– Olub: Vaqif İbrahimoğlunun yeddi gənc rejissorla birgə təqdim etdiyi “Mən, Məhəmməd Füzuli...” səhnə divanı və Azər Paşa Nemətin hazırladığı “Afinalı Timon”, “On ikinci gecə” tamaşaları.

– Bəlli bir yaşı keçməyiniz sizdə yaşla bağlı daha çox qadınlara xas olan kədər hissi doğururmu, yoxsa yaşanılmış ömrün hər anı sizin üçün dəyərlidir?

– Kədəri deyə bilmərəm, amma bu yaş həddinə çatan bütün normal insanlar kimi, “60 yaş sindromu”nu yaşamışam və şükürlər olsun ki, onun burulğanından az itki ilə çıxmışam. Siz Allah, təfsilatları soruşmayın...

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2010.- 15 may.- S.15.