Toz adamlar
Ağdam turistlər arasında maraq doğuran 20 ruhlar
şəhərindən biridir
“Ruhlar şəhəri” – 12
Vaxt adama, əbədiyyət Allaha bağlı anlayışdı.
Ölüm Vaxtdan Əbədiyyətə keçid tunelidi.
Ölüm Vaxtın qurtaran, Əbədiyyətin başlayan nöqtəsidi.
Nöqtə toz boydadı.
Yer kürəsi bir Toz dənəsindən yaranıb!
Cəbrin, riyaziyyatın gücü çatmaz bir Toz dənəsinin Yer kürəsinə çevrildiyi zamanı hesablasın! Səbrinə şükür, Allah!
Tozuna
şükür!
lll
Sinifdə divardakı yazı lövhəsini silmək üçün qızların evdə tikib gətirdiyi yastıqçaları tolazlamaqdan həm də ona görə sadist zövq alırsan ki, dəydiyi yerdə ağappaq tabaşir ləkəsi qoyur, hədəfə dəyməsindən doğan sevinc qələbə atəşfəşanlığı təki ətrafa qar lopalarına oxşayan ağ toz dənələri yayır.
Ən çox belə toz riyaziyyat kabinetində olurdu.
Bizə riyaziyyat dərsini Xalidə müəllimə deyirdi. Çox sərt qadınıydı. Sinifdə gülməz, səs salanı bağışlamaz, yaxşı oxuyanı sevər, amma tərifləməzdi. Onun pis oxuyanları görməyə gözü olmasa da, pis oxuyanların gözü hər yerdə onu görürdü. Qorxudan. Hamı onunla sərhəd saxlamağa çalışırdı. Amma uşaq azadlığına sərhədimi var?!
Bir dəfə yoxlama yazırdıq. İlin sonu olduğundan alacağımız qiymət illikdə həlledici olacaqdı. Hamı məzar sükutu içində baş sındırırdı. Xalidə müəllimə demiş, “başı olanlar baş sındırır” olmayanlarsa gözləyirdilər ki, “başı olanlar” yazsınlar, onlar da xəlvətə salıb köçürsünlər.
Beş-altı nəfər özünə inamla yazırdı. Çoxunun ürək guppultusunu evdə anaları duysa da, sinifdə Xalidə müəllimə eşidəsi deyildi. Bir qrup da vardı ki, aşığını Araz, topuğunu da Kür islatmazdı. Amma hamını birləşdirən bir şey vardı – qorxudan yoğrulmuş sükut.
Qəfil arxa sıradan qopan “Bu nədi ə?” nidası sinfi diksindirdi, başlara qonan ...elm pərisini perik saldı. Müəllimənin “Nəyə qışqırırsan” sualına İlqarın cavabı yerli-yataqlı oldu: “Məllim, görmürsən, mən buna demişəm ki, mənim şəklimi çək, bu da öz şəklini çəkib”. Sən demə, İlqar (indi Moskvada restoran işlədir) onun diaqramını çəksin deyə dəftərini yaxşı əl qabiliyyəti olan Müşfiqə (Kazandadı, sabiq polis polkovnikidi) veribmiş. O da yoxlama dəftərinə diaqram əvəzinə “nemes” şəkli çəkibmiş. Faşist libasında adam şəkli.
Lövhəyə çıxası oldular. Sinfin ən uzun iki oğlanı.
“Başını aşağı əy görüm”. Xalidə müəllimənin şilləsi Müşfiqin onsuz da qara üzündə əl boyda kömür rəngdə ləkə saldı, İlqarın rus sarısı rəngində sifəti sovet bayrağı kimi allandı.
Bu nədi
ki, illik qiymət “3” olsun deyə onlar hələ xeyli Xalidə
müəlliməyə dil tökəcəkdilər. Sonra hər
şey öz qaydasına düşdü, amma arada İlqar
yeni ayama qazandı – “Nemes”.
lll
Rus dili müəlliməsi Nərgiz xanım dərd əhlinin sevimlisiydi. Eşqə düşən uşaqları onun kimi duyan yoxuydu. Mənim yerim müəllimin stolu ilə üzbəüz sıradakı birinci partadaydı. Tərslikdən həmişə yanıma dostların qaraladığı qızlar düşürdü.
İlqar sinfimizə təzə gələn qıza (adını yazmaram) dəli kimi aşiq olmuşdu. Qız əlaçı idi, bəlkə də ona görə özündən iki qiymət aşağı oxuyan, yəni gücü zorla “3”ə çatan İlqarı bəyənmirdi. İşin ağırlığı isə mənə düşürdü. İlqar bir dost kimi onu tez-tez parta yoldaşıma tərifləməyimi, haqqında xoş söz deməyimi təkid edirdi, bir sözlə, indiki dillə desək, yaxşı imicini yaratmağımı istəyirdi. Canımı boğazıma yığmışdı. Mənimsə qədim yunanların sevgi Allahı Eros, romalıların Amur kimi sehrli oxum yoxuydu ki, İlqarın əvəzindən qızın ürəyini nişan alıb atam...
Bir dəfə “Lenin yolu” qəzetində “Şəfəq”in (indiki “Qarabağ” futbol komandasının sələfi) oyunçularının şəkli dərc olunmuşdu. Aralarında komandanın gənc üzvü kimi İlqar da vardı. Qəzeti mənə verib parta yoldaşıma, sevdiyi qıza göstərməyi xahiş elədi. Mən də dediyi kimi etdim. “Bura bax!” deyə qəzeti partaya sərib şəkildəki İlqarı nişan verdim. “Kimdi ki?” “Tanımadın? “Nemes”di də. “Nemes” sözünə qəfil elə güldü ki, bütün başlar tennis topuna baxırmış kimi bizə çöndü, dediyimə peşman oldum. Sonra İlqara sarı çevrilib elə baxdı, sanki onun “nemes”ə oxşayıb-oxşamadığına rəy verəcəkmiş. Məzlum-məzlum marıtlayan yazıq İlqar qızın ona zillənən gülüş dolu bu baxışlarını sevgi müjdəsi bilib göydə qapardı. Utanmasaydı...
Sonra
yanıma başqa bir qız gələsi oldu. Ona da Yusif aşiq idi. Qızı
yaxşı görsün deyə həmişə boğaz
çəkirdi, yəni “bu mən ölüm, bir az qabağa
otur”. Üçüncü cərgədən elə
boylanırdı ki, bu həsrətə Nərgiz müəllimənin
də ürəyi dözmürdü. Mənimsə bəzən
tərsliyim tuturdu. Bir dəfə özümü sərdim
partaya, “Hə, di bax!” sözünü elə dedim ki,
bütün sinif eşitdi. İlqarın qəzet əhvalatı
yalan oldu. Yazıq qız qıpqırmızı
qızardı, Yusif də dişi bağırsağını
kəsmiş, qovrula-qovrula qaldı.
Hərəkətimin
orijinallığından təzəcə zövq
alırdım ki, Nərgiz müəllimə kürəyimə
bir yumruq vurub sakitcə keçdi. Ağrısı kürəyimin
yadındadı. Cəzamı çox gözlətmədi. Bir
müddət hər gün dərsə durğuzur,
danışdırır, suala tuturdu. Bununla həm məni cəzalandırır,
həm də iki sevən arasından qaratikanı, müvəqqəti
olsa da, götürürdü. Hər gün dərsə
durmanın səbəbini sonralar bildim. Mərdimazara bu da
azmış.
Nərgiz Mahmudova cavan, həvəsli,
savadlı, genişürəkli bir müəllimə kimi
yadımda qalıb. Hamımız onu sevirdik, onu hirsləndirənə
elliklə etiraz edirdik. Arıq, hündür boylu, zərif,
qıvrımsaç Nərgiz müəllimə Əzizbəyov
küçəsindəki evlərindən çıxıb,
Musəvi küçəsindən keçib, Rəşadgilin
(Rəşad Məcid) əvvəl yaşadıqları
“dördmərtəbə”nin tinini burulub məktəbə
sarı gələndə yerişindən XIX əsr fransız
ədəbiyyatının tipik qadın obrazını
xatırladırdı. Lermontovun “Geroy naşeqo vremeni”,
Turgenevin “Mumu” əsərlərini danışanda məni
tez-tez saxlayır, “Razve?” deyə şübhəylə
soruşurdu. “Elə danışırsan ki, elə bil “Mumu”nu
Turgenyev yox, sən yazmısan”.
lll
Arxasını gətirə
bilmirəm, dostum oxucu, yaza bilmirəm, əziyyət çəkirəm.
Yoxsa sənə hər payız pambıq yığımı
mövsümü çəkdiyimiz səfadan yazardım. Hər
səhər obaşdan tarlalara, guya pambıq yığmağa
getməyimizdən, avtobusda xorla mahnı
oxumağımızdan, “Tapan, tap oğrunu” oynamağımızdan,
kolxozçuların pambığını
oğurlamağımızdan, axşamlar qayıdanda
sürücüləri şirnikləndirib avtobusları
ötüşdürməyimizdən danışmadım. Demədim
ki, min yay tətili bir pambıq mövsümünü əvəz
etməzdi. Ucsuz-bucaqsız ağappaq çöllərdə ən
ürəksiz də sevdasını dilə gətirirdi, bura da
bic-bic uşaqlarla dolu sinif otağı deyil ki, ürək
aça bilməyəsən.
...Qənirə müəllimə
sinif rəhbərimiz olub, həm də ədəbiyyat dərsi
deyirdi. Əvvəlki sinif rəhbərimiz isə onun institutu təzə
bitirib gələn, bizə Azərbaycan dili dərsi deyən
qızı Nərgiz müəllimə idi (bu yerdə ilk
müəlliməm Şəfiqə xanımı anmasam, onun
unudulmaz təbəssümünü xatırlamasam mən də
“vicdanını abort etdirmiş”lərdən /Ramiz Rövşən/
olaram). O vaxt 12 yaşım vardı. Gənc müəlliməm
Nərgiz Həsənovanın İntibah rəssamlarının
çəkdiyi qadınlara bənzəyən çöhrəsi
mənim qadın gözəlliyinə açılan
duyğularımın təzəcə pöhrələyən
yeriydi...
Pambıqlıqda bəzən
nahar yeməyi vaxtı bütün sinif bir yerə
toplaşırdı. Hamı gətirdiyini ortaya qoyurdu. Hər
kəs matah malını ilk olaraq müəlliməyə verməyə
can atırdı. Bir gün pambığa atamın Bakıdan gətirdiyi,
Ağdamda hələ çoxlarının
tanımadığı feyxoa meyvəsi apardım. Bir neçəsini
Qənirə müəlliməyə verdim. Nə qədər
desəm də, inandıra bilmədim ki, pambıq qozası
deyil, təzə meyvə növüdü. “Feyxoa nədi,
pambıq qozasıdı ey bu”. Əlacsız qalıb birini
dişləyib göstərdim, sonra da marçıldadıb
iştahla yedim. Bundan sonra “pambıq qozaları”nı qəbul
elədi. “Kişidən papiros iyi gələr” deyən Qənirə
müəllimin mərd, kişiyana hərəkətlərini
az görməmişdik. Elə xatirəmdə mərd, həm
də baməzə qadın kimi də qalıb.
Heç “Faşizm üzərində
qələbənin 40 illiyi”nə həsr olunan respublika məktəblilərinin
teatr festivalından da söz açmadım. Bilirsən
partizan dəstəsinin komandiri forması necə
yaraşırdı mənə? Şəhər, sonra region məktəbləri
arasında birinci olduq. Məktəbimiz respublikada ikinci yeri
götürdü. O da Yusifin Mikayıl Mirzə sayaq şeir
deməsinə görə.
İndi Bakının hər
yanında “Çay ev”ləri açılır. Amma bizim
üç mərtəbəli “Çay evi”nə
çatanı olmaz. Heç ondan da bəhs etmədim, dostum
oxucu! Çayxananın üçüncü mərtəbəsində
ucadan danışmırdılar. Belə bir qayda qoyan yox idi.
Amma orada hamı astadan, bəzən lap
pıçıltıyla söhbət edirdi. Bura məscidin
minarəsinə çox yaxın idi, azanı lap
qulağının dibində oxuyurdular. Bəlkə buna
görə buranın sakit aurası vardı... Bəlkə elə
bu auraya görə məktəbimizin sevdalanmış
oğlanları buranı seçirdilər. Yaxın dosta
ürək boşaltmağa burdan gözəl yermi
tapılardı...
lll
Deyirlər, doğulanda
insanın taleyi alnına yazılır və “yazıya pozu
yoxdu”. Bizdə belə olmadı. Ağdamsızlıq (fələk)
taleyimizi ömür ağacının elə yenicə cücərən
anında yaxaladı, alnımızdakını pozub yerində
nə yazdı, hansı xətlə yazdı, biz bir yana, sonra
özü də oxuya bilmədi. Fələk
(Ağdamsızlıq) divara dəyən tabaşirli
yastıqçadan qopan toz dənələri kimi hərəmizi
bir yana uçurtdu, bir diyara saldı. Elbrus haqq
dünyasına, Bəhruz tutulub Vladivostoka (Allah
qapısını açsın!), Rauf, Müşfiq Kazana,
İlqar Moskvaya üz tutdu. Biri Şəkiyə, digəri
Bakıya – hər yerə, hər yana səpələndilər.
Harda desən varıq, Ağdamdan savayı...
Bayırda külək əsir.
Havada toz dənələri oynaşır. Görən haradan,
kimdən qopub bu toz dənələri... Hara uçurlar belə...
Bəlkə bizdən ayrılıb hesaba gəlməyən
zaman sonrası kiməsə Yer olmaq üçün yola
çıxırlar?!
...Yer kürəsi bir Toz dənəsindən
yaranıb! Xatırlayıram!
Cəbrin, riyaziyyatın
gücü çatmaz bir Toz dənəsinin Yer kürəsinə
çevrildiyi zamanı hesablasın! Səbrinə
şükür, Allah!
Tozuna şükür!
Lent.az
“525”dən: Müəllifin qəzetimizin
ötən şənbə sayında dərc olunmuş “Ruhlar
şəhəri” silsiləsindən 12-ci yazısının sərlövhəsi
belə oxunmalıdır: “Sümük abidə”.
Vahid QAZİ
525-ci qəzet.- 2010.- 15 may.- S.9.