“Görkəmli adamların həyatı:
Heydər Əliyev” kitabı türkmən dilində
HADİ RƏCƏBLİ: “TÜRK XALQLARININ BİRLƏŞMƏYƏ,
ÇƏKİCİ BİR NÖQTƏYƏ VURMAĞA BU
GÜN DAHA ÇOX EHTİYACI VAR”
Bu ilin mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı Türkmənistanın paytaxtı Aşqabad şəhərində təxminən 5 saata yaxın davam edən rəsmi və bədii hissədən ibarət olan tədbir və bu tədbir zamanı “Görkəmli adamların həyatı” seriyasından olan “Heydər Əliyev” kitabının türkmən dili versiyasında təqdimatı keçirilib. Qeyd edək ki, Moskvanın “Gənc qvardiya” nəşriyyatında çap olunan kitabın müəllifləri Rusiyadan olan tanınmış publisist Viktor Andriyanov və Milli Məclisin üzvü, yazıçı-dramaturq Hüseynbala Mirələmovdur. Xatırladaq ki, sözügedən kitab bu seriyadan olan 1255-ci kitabdır və indiyə qədər 8 dildə – Azərbaycan, türk, rus, ərəb, fars, ingilis və eyni zamanda, türkmən dili versiyalarında işıq üzü görüb. Yeri gəlmişkən onu qeyd edək ki, adıçəkilən tədbirdə və təqdimat mərasimində Azərbaycandan olan nümayəndə heyəti də iştirak edib və nümayəndə heyətində Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, sözügedən kitabın müəlliflərindən olan Hüseynbala Mirələmov, yazıçı-jurnalist Çingiz İsmayılov, Azərbaycan Dövlət Neft Akademiyasının məsul işçisi, texnika elmləri doktoru Çingiz Məmmədov, Xarici İşlər Nazirliyinin (XİN) Orta Asiya ölkələri üzrə şöbəsinin müdiri Şahin Əhmədov və Azərbaycan Texniki Universitetinin kafedra müdiri Şamil Heydərov təmsil olunublar. Məlum tədbir və təqdimat mərasimi ilə bağlı daha ətraflı məlumat almaq üçün MM-in Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə müraciət etdik.
Kitabın türkmən dili
versiyası necə ərsəyə gəldi...
İlk öncə türkmən xalqının dost, qardaş Azərbaycanın ümummilli lideri Heydər Əliyevi daim sevdiyini, ona sonsuz rəğbəti və məhəbbəti olduğunu dilə gətirən H.Rəcəbli bildirib ki, adıçəkilən kitab rus dili versiyasında işıq üzü görəndən sonra Türkmənistanın hakimiyyət dairələri və ziyalıları onun türkmən dilinə çevrilməsi haqqında da məsələ qaldırıblar: “Əlbəttə, bu yöndə ideyalar, təşəbbüslər həmmüəllifə də çatdırılıb və o, özü buna xeyir-dua verəndən sonra, Türkmənistanın qaydalarına uyğun olaraq, Azərbaycan Xarici İşlər Nazirliyi türkmən hökuməti ilə əlaqələr yaradıb, müvafiq danışıqlar aparıb. Bundan sonra Türkmənistan prezidenti Kurbankulu Berdimühəmmədovun özünün bilavasitə razılığı, təşəbbüsü ilə kitabın tərcüməsi prosesinə başlanıb. İki il ərzində tərcümə daim müəlliflə sıx əməkdaşlıq şəklində gedib. Nəhayət, kitab bu ilin may ayında ərsəyə gəlib və əvvəlcə planlaşdırılan 600 nüsxə əvəzinə 1200 nüsxə ilə çap olunub. Ümummilli liderimizin 87-ci ildönümünə həsr olunmuş tədbirdə, yəni, Aşqabadın ən böyük “GrandTurkmen” otelində hökumət səviyyəsində təşkil olunan tədbirdə bu kitabın təqdimatı keçirildi. Qeyd edim ki, təqdimat mərasiminə bir sıra ölkələrin – Türkiyənin, Rusiyanın, Səudiyyə Ərəbistanının və digər dövlətlərin Türkmənistandakı səfirləri dəvət olunmuşdu. Təqdimat mərasiminə həmçinin Türkmənistanın tanınmış incəsənət, mədəniyyət xadimlərinin böyük əksəriyyəti, bu ölkənin hökumət nümayəndələri, Mədəniyyət Nazirliyinin, Türkmənistan Elmlər Akademiyasının, Türkmənistan Xarici İşlər Nazirliyinin, Türkmənistanın Prezident Administrasiyasının məsul işçiləri qatılmışdı. Həmçinin onu qeyd edim ki, ümumilli liderimizin doğum gününə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə qısa məlumat verdi. Bununla yanaşı, bu mərasimdə ulu öndərimizlə bağlı bir sıra xatirələr dilə gətirildi. Ümumiyyətlə, sözügedən tədbir iki saat yarım davam edən böyük konsert proqramı ilə yekunlaşdı. Konsert proqramında da Türkmənistanın məşhur müğənnilərindən olan xalq artisti Gülşad Qurdova, tanınmış skripkaçı Həsən Heydərov və başqa insəcənət xadimləri gözəl nömrələrlə çıxış etdilər. Məsələn, Gülşad Qurdova türkmən mahnıları ilə yanaşı, məşhur Azərbaycan mahnılarını, o cümlədən ümummilli liderə həsr olunmuş musiqi nömrələrini də ifa etdi və onun ifası gurultulu alqışlarla müşayiət olundu. Bir sözlə, tədbir bir sıra yerli və xarici nüfuzlu televiziya kanalları tərəfindən geniş şəkildə işıqlandırıldı”. H.Rəcəbli sonra bildirib ki, kitabın ərsəyə gəlməsində, ona maliyyə dəstəyi göstərilməsində bir sıra insanların böyük rolu olub.
Azərbaycanlı türkmənlər...
H.Rəcəblinin sözlərinə görə, bu işdə ən böyük rolu olan insanlardan biri, daha doğrusu, həyatı ümummilli liderimizlə bağlı olan, ulu öndərimizə böyük rəğbət bəsləyən və özünü əsl azərbaycanlı hesab edən “Türkmən Xəzər Yolları” firmasının prezidenti Həşim Səftərovdur. Bu adamın taleyində H.Əliyevin rolu çox maraqlı epizodla yadda qalıb: “Bu uşaq 3 yaşı olanda – təxminən ötən əsrin 60-cı illərinin sonlarında – Yalta şəhərində ata-anası ilə birlikdə istirahət edərkən oğurlanır. Bu uşağın tapılması üçün nə az-nə çox 6 ay axtarış aparılır. Bu axtarışa isə o zaman Azərbaycanın təhlükəsizlik orqanlarına rəhbərlik edən mərhum dövlət başçımız Heydər Əliyev olur. Həmin uşaq 6 aydan sonra tapılır və məlum olur ki, onu övladı olmayan KQB sistemində çalışan bir qrup insanlar oğurlayıblarmış. Bu gün artıq həmin uşaq yaşa dolub və öz həyatını Türkmənistanla bağlayıb. Orada iş quraraq “Türkmən Xəzər Yolları” firmasını yaradıb. Deyərdim ki, Həşim Səftərov həmin vaxtdan bu yana Heydər Əliyev şəxsiyyəti ilə, adıyla yaşayıb, sanki ömrünü onunla bağlayıb. Onu da qeyd edim ki, Aşqabadda olarkən Həşim müəllim bizi özünün firması ilə tanış etdi və eyni zamanda, mərhum liderimizin ruhu şad olsun deyə, qurbanlar kəsdirdi. Bununla yanaşı, o, Türkmənsitanda yaşayan bir sıra azərbaycanlılara, sözün yaxşı mənasında, çörək verməklə məşğuldur”. H.Rəcəblinin qeyd etdiyinə görə, Türkmənistanda yaşayan çox maraqlı şəxsiyyətlərdən – azərbaycanlılardan biri də Əsgər Qurbanovdur. Ə.Qurbanov yaşının 50-ni ötməsinə baxmayaraq, Aşqabadda doğulub, boya-başa çatan azərbaycanlılardandır. Onun mərhum atası akademik Abdulla Qurbanov “Türkmən dilinin orfoqrafiyası”, “Türkmən dilinin metodikası”, “Türkmən dilinin əlifbası” kitablarının müəllifidir: “Əsgər müəllim xatırlatdı ki, ulu öndərimiz 1974-cü ildə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi işləyərkən Türkmənistana səfər edir və Türkmənistan Dövlət Universitetində tələbə-müəllim kollektivi ilə görüşür. Bu görüş zamanı Heydər Əliyevə bildirirlər ki, universitetin prorektoru əslən azərbaycanlı olan Abdulla Qurbanovdur. Bu yerdə qeyd edim ki, bu şəxs ayrı-ayrı vaxtlarda, təxminən 30 il Türkmənistan Dövlər Universitetinin rektoru və prorektoru vəzifələrində çalışıb. Mərhum ümummilli liderimiz də məlum görüşdən sonra gecəykən Abdulla müəllimgilə zəng edir və səhərisi gün iki oğlu – Əsgər və İsgəndərlə birlikdə onu qəbul edir. Görüş zamanı dövlət başçımız Abdulla müəllimə Azərbaycanda işləməyi təklif edir. Təklifə görə minnətdarlığını bildirən Abdulla müəllim qeyd edir ki, onun ixtisası türkmən dilidir, ona görə Azərbaycana qayıda bilməz. Bu söhbət, əhvalat bizim üçün də çox maraqlı, əhəmiyyətli oldu. Ümumiyyətlə, bu gün Türkmənistanda – Aşqabadda çoxlu sayda tanınmış azərbaycanlı iş adamlarımız – Sabir, Çingiz, Məzahir, Rafiq, Musa və digərləri var ki, onlarla fəxr etməyə dəyər. Onlar Azərbaycanın müxtəlif bölgələrindən – Ağdamdan, İsmayıllının Lahıc bölgəsindən, Lənkərandan və sair, olan insanlardır ki, bu gün artıq Türkmənistanda nüfuzlu iş adamları kimi tanınırlar. Onlar da görüş zamanı Heydər Əliyevlə bağlı çox gözəl təəssüratlarını, xatirələrini bölüşdülər. Bizim üçün yadda qalan məqamlardan biri də o oldu ki, səfirliyin sürücüsü işləyən Kazım adlı həmyerlimiz əslən Qərbi Azərbaycanın Vedi bölgəsindəndir. O, son dövrlərdə 1988-90-cı illərdə Ermənistandan deportasiya edilmiş və Türkmənistanda yaşayan azərbaycanlılardan birinin övladıdır. Bunları deməkdə məqsədim odur ki, Türkmənistan-Azərbaycan əlaqələrinin qurulmasında, formalaşmasında, inkişaf etməsində ümummilli liderimizin rolu, fəaliyyəti müstəsnadır, danılmazdır”. Söhbət zamanı komitə sədri Türkmənistan, xüsusilə onun paytaxtı Aşqabad şəhəri ilə bağlı təəssüratlarını da bölüşüb.
Aşqabad – abad şəhər...
H.Rəcəblinin dediyinə görə, ötən əsrin ortalarında zəlzələdən yerlə-yeksan, viran olmuş Aşqabad şəhərinin yerində bu gün əsrarəngiz bir Aşqabad qurulub. Bu şəhər ideal təmiz olan bir şəhərdir. Yaşıllıqlarla, gözəl parklarla, geniş meydanlarla zəngin, geniş küçələri olan bir şəhərdir: “Bu şəhərin küçələrində siqaret kötüklərinə rast gəlmək mümkün deyil. Çünki küçələrdə siqaret çəkilmir. Bizim üçün maraqlı məqamlardan biri də o idi ki, Aşqabad əhalisi bu şəhərin gözəl, təmiz, yaraşıqlı olması üçün əllərindən gələni əsirgəmir. Bu gün Bakının möhtəşəm inkişafını, heç müqayisə olunmayacaq iqtisadi inkişafını vurğulamaqla yanaşı, onu da qeyd etmək istəyirəm ki, paytaxtımız Bakını da Aşqabad kimi təmiz və səliqəli görək. Bununla yanaşı, Türkmənistanda, xüsusilə paytaxt Aşqabadda dövlət müəssisələri ilə özəl müəssisələr sanki paralel addımlayırlar. Burada, belə demək mümkünsə, hələ də dövlət müəssisələrinə daha çox üstünlük verilir. Həmçinin sosial müdafiənin bəzi elementləri qalmaqdadır. Amma Azərbaycanda buradan rifah-halı, güzəran qat-qat yaxşı, qat-qat yüksəkdir. Bununla belə bir məqamı da qeyd etmək istərdim ki, Türkmənistanda, Aşqabadda olarkən Azərbaycana, azərbaycanlılara çox böyük hörmət, rəğbət, izzət gördük, hiss etdik. Burada Azərbaycana çox böyük sevgi var. Düzdür, orada olarkən türkmən parlamenti, parlamentariləri ilə tanış ola, onlarla görüşə bilmədik, həmin gün parlamentin iclası keçirilirdi, orada ciddi müzakirələr keçirilirdi, amma bununla belə hesab edirəm ki, türkmən parlamenti və parlamentariləri ilə əməkdaşlıq, əlaqələr bir az da genişlənməli, bir az da möhkəmlənməlidir. Bir daha bildirmək istəyirəm ki, Türkmənistanda, Aşqabadda keçirdiyimiz görüşlər, tədbirlər türkmən-Azərbaycan dostluğuna, əməkdaşlığına çox böyük töhfə, təkan verir və eyni zamanda, bunlar bir daha sübut edir ki, türk xalqlarının birləşməyə, çəkici bir nöqtəyə vurmağa bu gün dünəndən daha çox ehtiyacları, təlabatları var. Bunu isə birləşdirən faktorlardan, arqumentlərdən biri və birincisi məhz Heydər Əliyev faktoru, Heydər Əliyev amilidir”.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.- 2010.- 15 may.- S.8.