Gənc vokalçı İsmayıl Yunusov daha bir konsertdə uğurla çıxış edib

 

Dövlətimizin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı bu gün hər addımda hiss olunur. Məhz bu diqqətin nəticəsidir ki, gənc istedadlar kiçik yaşlarından öz bacarıqlarını nümayiş etdirmək imkanı qazanırlar. Belə istedadlı gənclərimizdən biri də İsmayıl Yunusovdur. O, əslən şuşalı olmasına baxmayaraq, nə Şuşada anadan olub, nə də Qarabağ torpağını görüb. Amma soykökünə layiqli bir davamçı kimi bu gün öz səsi ilə peşəkar musiqini insanlara təqdim edir. İ.Yunusovla ilk tanışlığımız ötən bazar günü Rəşid Behbudov adına Mahnı Teatrında Rauf Hacıyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində, bəstəkarın adını daşıyan 15 saylı musiqi məktəbinin konsertində oldu. Hər il təşkil edilən ənənəvi konsert proqramında yerli və xarici bəstəkarların əsərləri, eləcə də müxtəlif xalqların mahnıları səsləndirildi. Burada İ.Yunusov Üzeyir Hacıbəyovun “Arşın mal alan” operasından Əsgərin ariyasını ifa edirdi. Konsertdən sonra gənc istedadla söhbətimiz zamanı o bildirdi ki, kiçik yaşlarından musiqiyə maraq göstərib və Rauf Hacıyev adına 15 saylı musiqi məktəbinin fortepiano sinfində oxuyub. Onun sözlərinə görə, bir müddət sonra müəlimlərinin təkidi ilə vokalist kimi çıxış etməyə başlayıb. İsmayılın 15 yaşı olmasına baxmayaraq, artıq musiqi sahəsində uğurlara imza atıb. Bu il keçirilən Nazim Əlivedibəyov adına gənc ifaçıların 5-ci ümumşəhər müsabiqəsinin laureatı adını alıb. İ.Yunusov həmçinin 2009-cu ildə “Azərbaycan dünyam mənim!” adlı müsabiqənin qalibi olub. Teymur Göyçayevin rəhbərlik etdiyi Dövlət Gənclər Simfonik Orkestrinin solisti kimi müxtəlif ölkələrdə Azərbaycanı təmsil edib. Qeyd edim ki, İ.Yunusov da, bir sıra istedadlı yaşıdları kimi, prezident təqaüdçüsüdür. İ.Yunusovun peşəkar musiqiçi kimi yetişməsində əməyi olanlardan biri də tanınmış sənətçi Anar Şuşalıdır. Tələbəsinin gələcəkdə uğurlar qazanacağına əmin olan A.Şuşalı bildirib ki, İsmayıl gözəl səsə malikdir: “İndi onun yaş dövrü ilə əlaqədar səsində dəyişiklik gedir. Buna baxmayaraq, biz çalışmalarımızı davam etdiririk və müsabiqələrə hazırlaşırıq. Son müsabiqədə də uğurlu nəticə ilə çıxış etdi və bu da həm məni, həm də valideynlərini sevindirdi. Əgər İsmayıl gələcəkdə də bu cür çalışsa, öyrədilənlərə ciddi əməl etsə, həqiqətən də əsl peşəkar musiqiçi kimi sənət aləmində öz yerini tutacaq”.

 

 

BƏXTİYAR

 

525-ci qəzet.- 2010.- 18 may.- S.7.