Dağ əzəmətli söz
ustadı ilə unudulmaz görüşlər
Bu dünya fanidir, fani,
Bu dünyada qalan hanı?
Davud oğlu Süleymanı
Taxt üstündən salan dünya
Xəstə Qasım
Xatirə ədəbiyyatını
çox sevirəm. Çünki oxucunu
yaşamadığı illərə belə, aparıb
çıxara bilir. Necə deyərlər, adamı az qala o
illərdə olan hadisələrin
iştirakçısına çevirir.
Hələ yeniyetməlik illərindən
yazıçılarla ünsiyyətim taleyimdən bir
qırmızı xətt kimi keçir. Avtoqraflı kitablar, əlyazmalar,
məktublar, xatirə əşyaları tez-tez nəhəng
söz sənətkarlarını xatırladır mənə...
Çox maraqlıdır ki, onların əksəriyyətinin
yaradıcılığında Naxçıvan və
naxçıvanlılar mövzusu əsas yer tutur.
Belə
yazıçılardan biri qüdrətli söz sənətkarı,
böyük romançı Süleyman Hüseyn oğlu Rəhimovdur.
1931-ci ildən 1983-cü ilədək Azərbaycan ədəbiyyatının
ən nüfuzlu qələm sahiblərindən olan Süleyman
Rəhimovun yaradıcılığı ilə bağlı
rus, ingilis, fransız, alman və fars dillərində də
xeyli monoqrafiyalar nəşr edilib. Buna əsas səbəb onun
Azərbaycan ədəbiyyatının nəhəng
romançılarından biri olmasıdır. Bu xatirə
yazıda məqsədimiz onun yaradıcılığı
haqqında yazmaq deyil. Çünki onun ədəbi
yaradıcılığı o qədər zəngin və
çoxşaxəlidir ki, bir yazıya sığmaz. Çox
təəssüf ki, onu təkcə sovet dövrünün
ustad yazıçısı hesab edənlər də var. Amma
yox. O, bütün zamanların qələm sahibidir.
1970-ci ildə tələbələrlə
yazıçı Süleyman Rəhimovun görüşü
keçirilən zaman onun cazibədar səsini eşitmiş və
ədəbiyyat haqqında çıxışına maraqla
qulaq asmışdım. Bu görüşün təşəbbüskarı
o vaxtlar V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun
Naxçıvan filialının direktoru, cəsarətli
tarixçi, S.Rəhimovla 1937-ci ildə Şərur rayonunda
birlikdə işləmiş Əli Əliyev idi.
Şahbuza və Şərura
səfər edən yazıçı Naxıçvanda C.Məmmədquluzadə
adına Musiqili Dram Teatrında özünün 70 illiyinə
həsr olunmuş gecədə Şahbuz səfərindən
çox kövrək danışdı. Dedi ki, gedib
yaşadığım evi tapdım. Çox cavankən
itirdiyim oğlum Şamili (Şamonu) bu mənzil sanki
qaytardı mənə... Yazıçının çox təsirlənməsi
zalda qəribə bir kədər dalğası yaratdı...
Onun oğlu Şamo
istedadlı alim və gözəl şair idi. MDU-nu bitirən
və doğma Bakıya dönüb seysmoloq kimi
çalışan Şamo nakam bir tale
yaşamışdı. O, 40-dan artıq elmi işin və
“Yerin strukturunun öyrənilməsi məsələləri”
adlı monoqrafiyanın müəllifi olmaqla bərabər, həm
də “Ayrılıq” adlı şeirlər toplusunu da
çapa hazırlamışdı. Ancaq elmi irsi və
“Ayrılıq” şeirlər toplusu Şamonun
ölümündən 3 il sonra (o, 1965-ci ildə vəfat
etmişdi), yəni, 1968-ci ildə işıq üzü
görə bildi. Onun oğlunun elmi və poetik
yaradıcılığı ilə bağlı
yazıçıya bir neçə məktub
yazmışdım. Bu məktublaşma bizi 1974-cü ildə
Bakıda, yazıçının evində
görüşdürmüşdü. Həmin yay günü
indiki kimi gözlərimin önündədir.
O gündən başlayaraq
yazıçı ilə aramızda olduqca səmimi bir dostluq
ünsiyyəti yaranmışdı. Bu dostluğu yaşadığımız
illərin xatirələri çoxdur. Onlardan bir yarpaq xatirəni
sizinlə bölüşmək istərdim.
Yazıçı
Naxçıvanı və naxçıvanlıları dərin
bir məhəbbətlə sevirdi. Hətta, o, ustad
yazıçı C.Məmmədquluzadənin 100 illiyi
münasibətilə “Uğundu” adlı satirik hekayəsində
də yuxarıda dediyimiz məsələyə çox
orijinal yanaşıb. Yazıçı Şahbuzda və
Şərurda (o vaxtlar Noraşen adlanırdı) işlədiyi
vaxtları tez-tez xatırlayır və maraqlı söhbətlər
edirdi. Onun Naxçıvanda işləməsi 1936-37-ci illərə
təsadüf edir.
1924-cü ildən
keçmiş SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən
təhlükəli ziyalı kimi nəzarətə
götürülür. Başqa bir tərəfdən də
onun bəy qızıyla evlənməsi xəfiyyəçiləri
daha da həvəsləndirmişdi. Şərurda işləyərkən,
yəni 1938-ci ilin əvvəllərində o, “xalq düşməni”
adı ilə həbs edilib Bakıya aparılmışdı.
Süleyman müəllim nəql
edirdi ki, məni Bayılda saxlayırdılar. Hətta,
yazdığım bir əsərin əlyazmasını mənə
dırnaqlarımla pozdururdular... Qəribə bir təsadüf
məni xilas etdi. Əmim Kərbəlayı Allahverdi Qəhrəman
oğlunun M.C.Bağırovla tanışlığı
köməyimə çatdı və əmim məni xilas
etdi.
Yazıçının məsləhəti
ilə keçən yüzilliyin 80-ci illərində “S.Rəhimovun
Şahbuz və Şərur rayonlarında fəaliyyəti”
adlı sənədli xatirələr yazmışam. Əlyazmanın
çapa hazır variantı onun şəxsi arxivində də
var. Sənədli xatirələr onun verdiyi siyahıdakı
şəxslərin dedikləri əsasında
yazılmışdı.
Dəfələrlə
Naxçıvana yaradıcılıq görüşlərinə
gələn yazıçı bu qədim diyardan
danışmaqdan doymazdı. Xatirimdədir. İlk dəfə
o vaxtkı Yazıçılar İttifaqına məni aparan
yazıçı İmran Qasımova dedi ki, bax, bu cavan
oğlan da naxçıvanlıdır... Məşhur
yazıçılara, şairlərə məni elə ürəkdən
təqdim edirdi ki... sıxılırdım. Hətta
gürcü şairi və tərcüməçi Leyla Eradze
ilə də məni tanış etdi. Leyla xanım və Dilarə
Əliyeva onun “Qafqaz qartalı” ikicildlik romanını
gürcü dilinə tərcümə edirdilər.
1976-cı il martın 26-da
Bakıdaydım. Dedi ki, axşam şair Süleyman Rüstəmin
ad günü təntənəli qeyd ediləcək.
Yazıçılar İttifaqından çıxanda isə
dedi ki, ay oğul, dünyanın işini bilmək olmaz, gəl
gedək bir şəkil aldıraq (elə-belə də dedi).
Qoy bizdən yadigar qalsın. Mən hörmət əlaməti
olaraq onun qolundan tutmaq istədim. Razı olmadı. Mən sənin
qolundan tutacağam. Sən heç vaxt mənim nüfuzumdan
istifadə etmədin. Qoy gələcəkdə baxsınlar
ki, qocaman bir yazıçı cavan bir pedaqoqun qolundan ehtiramla
tutub... Sonralar o, həmin fotoşəkli bir neçə muzeyə,
o cümlədən Naxçıvandakı Ədəbiyyat
Muzeyinə də göndərmişdi.
1960-cı ildə ilk dəfə
Azərbaycanın xalq yazıçısı adına layiq
görülən. Süleyman Rəhimova 1975-ci ildə Sosialist
Əməyi Qəhrəmanı adı verildi. Süleyman
müəllim hər dəfə “Qızıl Ulduz”a sevinclə
baxırdı.
Yazıçılara
böyük qayğı göstərən ümummilli
liderimiz Heydər Əliyev Moskvadan görkəmli həkimləri,
professorları Azərbaycana dəvət edirdi ki, xəstə
yatan qələm sahiblərini müalicə etsinlər.
Süleyman müəllim 1977-ci ilin iyununda Mərkəzi Komitənin
xəstəxanasında müalicə olunurdu. Özünəməxsus
zarafatla dedi ki, həkimim də naxçıvanlı Qədimovlardan
birinin qızı, məşhur rejissor Həsən Seyidbəylinin
həyat yoldaşıdır. Elə həmin gün
ümummilli liderimiz Heydər Əliyev yazıçıya zəng
etdi. Xeyli danışdılar.
Çox qəribədir,
1987-ci ildə Vəzirov bir iclasın stenoqrammasını mətbuatda
çap etdirmişdi. Həmin yazını “Literaturnaya qazeta”
(Moskva) dərc etmişdi. O iclasda Süleyman Rəhimovun dediyi
bir cümləni çox çevirirdilər.
Yazıçı həmin iclasda demişdi: “Heydər Əliyevi
Allah bizə bəxş edib!”.
Buna görə Süleyman Rəhimovun
37-ci ilə aid işlərini yoxlayırdılar ki, ona ləkə
yaxsınlar. Amma arxivlərdə onun kimsəyə yamanlıq
etməsi haqda heç nə tapa bilmirdilər. Bu vaxtlar
çox təəssüflənirdim ki, Süleyman Rəhimov
sağ deyil. O, Vəzirovun dərsini verərdi. Mən
ondakı cürətə yaxşı bələd idim.
Süleyman Rəhimovu
görkəmli dövlət xadimləri Əziz Əliyevlə
və Həsən Əliyevlə qırılmaz dostluq telləri
bağlayırdı. Oğlunun ölümündən sonra dərin
kədər içində yazıb-yaradan yazıçı
nakam övladı Şamonun məzarı üstündə
gözəl bir abidə qoydurmuşdu. Memar və heykəltəraş
Ömər Eldarovun yaratdığı abidə, elə bil ki,
canlı idi.
Süleyman Rəhimov xalq
yaradıcılığından, əsatirlərdən bəhrələnsə
də, yaratdığı əsərlər reallıqla daha
çox bağlıdır. Buna görə də
yazıçının cəsarətinin və cürətinin
paxıllığını çəkənlər
tapılırdı. Amma bu qüvvələr Süleyman Rəhimovun
dağ cürətinin önündə davam gətirə
bilmirdilər. Çünki onun əsərlərindəki
hadisələrin mayası real həyat idi.
Yazıçının işlətdiyi ifadələr tutumlu
və sərrast idi. Hər dəfə görüşüb
ayrılarkən deyirdi ki, hökmən mənimlə son
görüşə gələrsən.
Çox təəssüf
ki, 1983-cü ilin sentyabrında Süleyman Rəhimovla vida gəlib
çatdı. Mən də M.Maqomayev adına filarmoniyada
yazıçının son görüşündə oldum.
Böyük yazıçı Fəxri Xiyabanın girəcəyində
torpağa tapşırıldı. Axşamçağı
saat 17-də vida mərasimi başa çatdı. Mən inana
bilmirdim ki, elə təkcə “Kəsilməyən kişnərti”
əfsanəsi ilə müdriklik səlahiyyətini qazanan
yazıçı ilə bir daha görüşməyəcəyəm.
Ancaq əmin oldum ki, onun xeyirxahlığı,
insanlığı, saflığı və azadlıq
mübarizəsini öyrədən cild-cild əsərləri
bütün yüzilliklərdə hər nəslin
yaşıdı olacaq.
Musa QULİYEV,
AMEA Naxçıvan Bölməsi,
Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun elmi işçisi
525-ci qəzet.- 2010.- 18 may.- S.7.