Həsrətin ağır yükü

 

On səkkiz ildir ki, bahar fəsli gözəllik fəslindən çox işğallar fəsli kimi qəlbimdə dərin və sağalmaz izlər buraxıb. Kəlbəcərin, Şuşanın, Laçının işğalı fəsli. Baharı cənnəti xatırladan Laçın, Şuşa, Kəlbəcər dağlarının insanları bu fəsildə nələr çəkirlər bir Allah bilir. Mayın on səkkizi – Laçının işğalı günü yaxınlaşdıqca xəyalımda doğma yerlərimizin, ilk beşiyim olan Güləbirdin bu ayda gül – çiçəyə qərq olan füsunkar gözəlliyini, ağ örpəyini yavaş – yavaş başından atan dağların toylu – büsatlı, çal – çağırlı vaxtlarını acı bir həsrətlə xatırlayıram.

May ayı.... İlin və fəsillərin ən gözəl ayı. May ayı.... İnsanların təbiətlə, gözəlliklə ünsiyyətdə olmağa can atdığı ən munis ay. Və bir də... Bir də bu ayın on səkkizinci günü. 1992 – ci il 18 may. Ən müdhiş bir gün. Həsrətin başlandığı, ağır bir elin yurd – yuvasından didərgin düşdüyü bir gün. Bəli, bir tərəfdə təbiətin sözəgəlməz dərəcədə gözəlliyi, o biri tərəfdə bu xəyali, əlçatmaz gözəlliklər içərisində çırpınan nisgilli bir ürək, didərgin qəlbinin acı fəryadı.... Qismətə, təzada bax ki, may ayı həm də biz laçınlıların sözlə ifadə edilə bilməyən dərd ayımız, nisgil ayımız, didərginlik ayımızdır. Ilin hər fəsli, hər ayı gözəl, vüqarlı, əzəmətli olan, xüsusilə may ayında daha füsunkar olan Laçın dağlarından biz may ayında ayrıldıq... Ayrıldıq deməyə adamın dili gəlmir. Cismimiz ayrılıb. Ruhumuz, fikrimiz, xəyalımız daim o yerlərdə dolaşır.

Ağlım kəsəndən may ayı gələndə ilk olaraq kəndimizdə halal zəhməti, sadəliyi, uşaq saflığı olan, üzündən nur yağan Əlişirin kişinin bir sözü yadıma düşüb: “Ayların içində bir mayı gördüm”. Əlişirin kişi həmişə təbiətin gözəlliyi, bolluğu mənasında bu sözü işlədərmiş. Laçın həsrətilə dünyadan köçən rəhmətlik Əlişirin kişi hardan biləydi ki, may ayı, Laçın, Şuşa elinin dərd ayına dönəcək. On səkkiz ildir ki, may ayı biz laçınlılar üçün məhkum olduğumuz ağrı-acıların, dərdlərin daha da tüğyan etdiyi, qabardığı bir aya çevrilib. May ayında hansı səfalı yerin qonağı olsaq belə bu ayın əsrarəngiz gözəllikləri nəinki qəlbimizi oxşayır, əksinə hər bir laçınlının, hər bir şuşalının dərdini üstünə bir dərd də gətirir, doğma yerlər yada düşdükcə adamın cızdağı çıxır. Sarı Aşığın bir bayatısında deyildiyi kimi:

 

Sızıldatdın aşiqi

Yağa su damar kimi

 

Neçələrimiz 18 may günü televizorda Laçın işğalı ilə bağlı verilişə baxa-baxa ürəyi dayandı. Vətən sevgisi ilə köklənmiş ürəklər bu ağrılara, vətənsizliyə dözə bilmədi.

On səkkiz ildir ki, qəlbimizdə od qalamışıq. İçin-için odlanırıq. Çoxlarımız külə döndü bu on səkkiz ildə. Laçın dərdi ilə baş-başa qalıb ürək naləsini, qəlb fəryadını kağızlara köçürən qələm adamları şeirlər, poemalar yazdı. Ancaq həsrətin ağır yükü hələ də çiyinlərimizdə gedirik. Bu yol, bu əzab qurtarmır ki, qurtarmır.

Yağılara yaylaq olan, övladları, doğmaları qoynundan didərgin düşən Laçınım! Bilirəm ki, may ayında əsrarəngiz gözəlliklərə bülənd olsan da, sən də bizim kimi küskünsən, pərişansan.

Zirvələri göy üzünə dayaq olan Laçınım! Mən səni həmişə ucalıq, əyilməzlik, mərdlik, saflıq, alınmazlıq rəmzi sanmışam. Bu gün səni düşündükcə qəlbimdən sənə xitabən bir fikir keçdi: Ey yaralı dağ qartalı Laçınım! Elə bilirəm ki, bizsiz, tək canınla sinəsindən qan fışqıran yaralı bir qartal kimi son nəfəsinədək düşmənə can vermədən döyüşürsən. Döyüş, Laçınım, döyüş! Oğullarının “ nə baş verib” duyğusu bərpa olunana qədər döyüş. Biz mütləq qəflət yuxusundan oyanacağıq. Biz mütləq səsinə səs verib qayıdacağıq. Biz səninlə, sən bizimlə güclüsən, doğma Laçınım!

Anam Laçınım! Sən ögey-doğma demədən hamımıza səxavətlə qucaq açmısan. Sənin nemətlərinlə böyümüşük. Bilirəm ki, bizsiz qəribsəyən Laçın qayası, İşıqlı, qaragözlü Qaragöl, Əlyetməz, Qannıca, Üçtəpə, Əyriqar, Əriməz, Canqutaran ana övladını gözləyən kimi səbirsizliklə bizi gözləyir. Seyid Həmzə Nigarının, Sarı Aşığın, Soltan bəyin, neçə-neçə müdriklərimizin, el qəhrəmanlarının nigaran ruhu bizi haraylayır.

İlk beşiyim, son beşiyim Laçınım! Bu gün duyğularım təlatümlüdür.

On yeddi ildir qəlbimdə çağlayan Laçın adlı kədər ümmanının şahə qalxan dalğaları məni daşdan-daşa çırpır. Bu ümmandan xilas olmaq üçün biz səni yağılardan xilas etməliyik, qibləgahım Laçın!

İlk beşiyim, son beşiyim Güləbirdim! Ölsəm əgər ruhumdasan, yaşaramsa canımdasan, qanımdasan! Sarı Aşığın anası olmuş anam Güləbird! Ömrü boyu Güləbirddə yaşamış, özü də elini-obasını sevərəkdən ömür sürmüş, Yaxşı adlı sevgilisinə ömrünün axırınadək vəfalı olmuş Sarı Aşıq bir çox xaqanlardan saraylara dəvət alsa da, var-dövlət təklif edilsə də, doğma Güləbirdini, Həkərisini tərk etmədi:

 

Mən aşiqəm ha Kərim,

Dada yetiş, ha Kərim.

Dünyalar sənin olsun,

Mənə bəsdi Həkərim.

 

Əfsuslar olsun ki, ulularımızın qoyduğu yola sadiq qala bilmədik. Düşmənin hiyləsi güclü, özümüzün təpəri az oldu. Qoruya bilmədik Güləbirdi, qoruya bilmədik təbiətin dilbər guşəsi olan Laçını!

Nə vaxtsa oxuduğum bir fikir yadıma düşür: “Köləlik Vətənin işğalından yox, vətəndaş qəlbinin işğalından başlayır”. Əziz həmvətənlər! Gəlin ruhumuzu, qəlbimizi nəfsimizin işğalından azad edək. Çox şeyə bəs deyək, bir Vətənə sevgimiz tükənməsin!

Çünki, Vətən doyulmazdır. “Hər şey vətən uğrunda” amalına, məfkurəsinə yiyələnək. İnanın ki, onda hər bir nemət daha bol olacaq, hər birimiz daha varlı olacağıq. Həm maddi, həm də mənəvi baxımdan. Çünki Vətən anadır, hər nəyi varsa, səxavətlə öz övladlarına bəxş edəcək. Hər şeydən öncə millətlər içində bizim də milli qürurumuz yüksəkdə dayanacaq. Bax o zaman torpaqlarımız azad olunacaq, dünya birliyində qüdrətli Azərbaycan dövləti diktə edən tərəf kimi məqsədinə nail olacaq.

Qədim-qaim yurdlarımız kimi yaddaşımız da işğal edilir. Zaman keçdikcə yaşlı və orta nəsil, Laçında boya-başa çatmış insanlar yurd həsrətilə dünyasını dəyişir. Gənc nəsil isə Laçını tanımır, Şuşa, Kəlbəcər haqqında təsəvvürləri yoxdur.

Bu yaxınlarda Laçın şəhərinin yubileyi keçirilən zaman qeyri-ixtiyari yadıma bir fikir düşdü: Almaniyanın paytaxtı Berlin şəhərində qatar vağzalında hər gün belə bir elan səsləndirilir: “Berlindən Könisberqə gedən qatar bir saatdan sonra yola düşməyəcək”. Bununla almanlar vaxtilə Könisberqin onların şəhəri olmasını həmişə gənc alman nəslinə xatırladır və unutmağa qoymur. Biz də bu mənada Laçından kənarda doğulan, Laçını görməyən gənclərdə ata-baba yurdlarına məhəbbət hissləri aşılamalıyıq. Laçının qədim tarixini, bu torpaqların əzəli Azərbaycan torpağı olmasını təlqin etməliyik. Yeni nəsil o ruhda tərbiyə olunmalıdır ki, Laçın, eləcə də bütün Dağlıq Qarabağ bizim əzəli torpağımızdır və bu torpaqları azad etməyincə hər bir azərbaycanlının rahat olmağa haqqı yoxdur. Hərə öz gücünü ortaya qoymalıdır: Yüksək intellekti olan intellektini, döyüş bacarığı olan döyüş bacarığını, dövlət iqtisadi, hərbi və diplomatik qüdrətini, habelə dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar da öz köməyini əsirgəməməlidir.

Sonda onu demək istərdim ki, biz çox mürəkkəb bir dövrdə, dünya dövlətlərinin maraqlarının kəskin toqquşduğu bir dövrdə yaşayırıq. Və düçar olduğumuz məsələnin mürəkkəbliyi də hamıya aydındır. Məhz bu səbəbdən də daha böyük qüvvə ilə çalışmalı, var gücümüzlə mübarizə aparmalıyıq. Mən qəti əminəm ki, bizim nicatımız Beynəlxalq Təşkilatlardan daha çox öz əlimizdədir. Hər bir azərbaycanlının bir-birinə arxa-dayaq olmasındadır, dövlətimizin qüdrətli olmasına xidmət etməyimizdədir, milli birliyimizdədir. Laçınlılar həmişə o ruhda olmalıdır ki, biz mütləq doğma torpaqlarımıza qayıdacağıq. Tarixdə yüzillik müharibələr olub və yekunda haqqın ədalətin qələbəsi ilə başa çatıb. Bizim də işimiz haqq işidir. Mən inanıram ki, dövlətimizin uğurlu siyasəti, millətimizin birliyi sayəsində bu qələbəyə nail olacağıq.

 

 

Cəbrayıl Qəhrəmanov

 

525-ci qəzet.- 2010.- 18 may.- S.6.