Cəfər Xəndan – böyük alim, unudulmaz müəllim

 

Xalqımızın yetişdirdiyi böyük tarixi şəxsiyyətlərin hər biri milli-mənəvi dəyər və sərvətlərimizin zənginləşməsində, ədəbiyyat, mədəniyyət və elmimizin inkişafının müasir səviyyəyə çatmasında çox mühüm işlər görüb, böyük xidmətlər göstəriblər. Belə şəxsiyyətlərdən biri də şair, tənqidçi, ədəbiyyat tarixçisi və nəzəriyyəçi alim, tərcüməçi, gözəl pedaqoq və natiq kimi çoxcəhətli fəaliyyət göstərmiş professor Cəfər Xəndandır.

Cəfər Xəndan Zeynal oğlu Hacıyev 1910-cu ilin 8 mayında İrəvan şəhərində anadan olub. 1918-ci ildə ailəsi ilə Gəncəyə köçən və 1925-ci ilədək Gəncədə yaşayan Cəfər həmin ildə də Gəncə Pedaqoji Texnikumunu bitirib, Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. Universiteti 1930-cu ildə bitirib təhsilini aspiranturada davam etdirib.

1932-1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda assistent, müəllim, dosent, kafedra müdiri işləyib, həmçinin ədəbi prosesdə fəal iştirak edib, “Ədəbiyyat qəzeti”nin məsul katibi, “Gənc işçi” qəzetinin ədəbiyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. 1938-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib.

Bunlardan başqa, Cəfər Xəndan M.F.Axundov adına Müəllimlər İnstitutunda dil və ədəbiyyat fakültəsində dekan, Azərbaycan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, eyni zamanda Azərbaycan Yazıçılar birliyində təşkilat katibi kimi fəaliyyət göstərib. 1939-cu ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Həmin ildə orta məktəb şagirdləri üçün “Azərbaycan ədəbiyyatı (sovet dövrü)” dərsliyini nəşr etdirib. 1940-cı ildə Azərbaycan ədəbiyyatşünaslığında M.Ə.Sabir haqqında ilk monoqrafiya “Sabir (həyat və yaradıcılığı)” adlı kitabı çapdan çıxıb.

1947-1950-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya fakültəsinin dekanı, 1950-1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, 1952-1961-ci illərdə isə həmin universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifələrində işləyib.

Cəfər Xəndan bütün çoxcəhətli ədəbi-bədii, ictimai-siyasi, elmi-pedaqoji fəaliyyəti dövründə yaradıcılıq axtarışlarını daim davam etdirib, bu gün də əhəmiyyətini qoruyub saxlayan, ölkəmizin ali və orta məktəblərində çoxminli tələbə və professor-müəllim kollektivlərinin istifadə edib bəhrələndikləri dərslik və monoqrafiyalar yazıb. Görkəmli alim 1947-ci ildə “1906-1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun ədəbiyyatda inikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.

1948-ci ildə “Ədəbiyyat nəzəriyyəsi” kitabını təkrar çap etdirib, 1949-cu ildə elmi-pedaqoji fəaliyyətinə görə professor elmi adına layiq görülüb. 1951-ci ildə “XX əsr Azərbaycan ədəbiyyatı”, 1952-ci ildə iki hissədən ibarət “Sovet ədəbiyyatı”, “1954-cü ildə Cəfər Cabbarlının həyat və yaradıcılığı”, 1955-ci ildə “XX əsr Azərbaycan ədəbiyyatı tarixi oçerkləri”, 1956-cı ildə “Mikayıl Müşfiq”, “Molla Nəsrəddin”, 1958-ci ildə “Mir Cəlal”, “M.Ə.Sabir haqqında”, 1961-ci ildə “Şairin həyatı”, 1962-ci ildə “Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” adlı kitabları çapdan çıxıb. Professor Cəfər Xəndan üç cildlik “Azərbaycan ədəbiyyatı tarixinin 1957-ci ildə nəşr olunmuş üçüncü cildinin müəlliflərindən biridir.

Professor Cəfər Xəndan Hacıyev Azərbaycan ədəbiyyatı tarixinin bütün dövrlərini, bütün inkişaf mərhələlərini araşdırıb, hər dövrdə, hər mərhələdə hər bir Azərbaycan klassikinin yaradıcılığında müasirliyə xidmət edə biləcək məqam axtarıb, onu dəyərləndirərək, qələm yoldaşlarına bir növ nümunə göstərib.

Sabirşünaslıq Azərbaycan ədəbiyyatşünaslığının inkişaf etmiş sahələrindən biridir. Məhz bununla əlaqədar professor Cəfər Xəndanın xidmətləri böyükdür. O, Sabiri ədəbiyyatımızın iftixarı hesab edirdi, Sabirə həsr etdiyi məqalələrindən birini “Fəxrimiz” adlandırmışdı. Bütün ədəbi-elmi fəaliyyəti dövründə Sabirin çox zəngin və dəyərli irsinə dönə-dönə müraciət etmiş, ən yaxşı monoqrafik tədqiqatlarında ona daim xüsusi diqqət yetirmiş və mühüm yer ayırıb. Abbas Səhhətin “Sabir İran inqilabına bir ordudan artıq kömək etmişdir”, – sözlərini təkrar-təkrar xatırlayaraq tədqiqatlarında “Sabir və xalq”, “Sabir və zaman” problemlərinin elmi-nəzəri təhlilini verirdi. Görkəmli alim əsərlərində Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətlərini ardıcıl olaraq araşdırırdı, yəni Sabir professor C.Xəndanın nəzərincə xalqını, millətini sevən vətənpərvər, satirik, filosof olmaqla bərabər, həm də zamanını daim qabaqlayan böyük şair idi, dövrü, mühiti, cəmiyyəti narahat edən bütün məsələlər Sabirin əsərlərinin mövzuları idi; bu mövzuların hər biri Sabirana bir düha ilə qələmə alınıb.

Professor C.Xəndan yaşının və elmi yaradıcılığının kamillik çağlarında Cənubi Azərbaycanda ədəbiyyat, mətbuat, maarif və incəsənət, Azərbaycan ədəbiyyatında Cənub mövzusu ilə tədqiqatçı bir alim kimi dərindən maraqlanır, bütün bu məsələləri əhatə edən doktorluq dissertasiyası yazıb müdafiə edir. Bu sanballı elmi-tədqiqat işində Cənubi Azərbaycan ədəbiyyatının 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1946-cı ilə qədər keçdiyi yol, mətbuatın, maarifin, incəsənətin inkişafı ilk dəfə olaraq zəngin ədəbi-bədii, tarixi-elmi mənbələr əsasında sistemli və əhatəli surətdə işıqlandırılıb. Həmin olduqca maraqlı elmi tədqiqat işi tamamlandığı vaxtdan xeyli sonra – 1987-ci ildə görkəmli şair və tədqiqatçı, Azərbaycan və Türkiyə poeziyasının dərin bilicisi Rəfiq Zəka Xəndamın təqdimatı ilə Azərnəşr tərəfindən “Uğur yolu” adında dərc edilib. Lakin professor Cəfər Xəndanın bu əsəri yazıldığı vaxtdan çox sonra çap olunsa da, ədəbi elmi mühitdə daim xatırlanıb, istifadə olunub və istiqamətverici rol oynayıb. Professor Cəfər Xəndanda Cənubi Azərbaycan ədəbiyyatı mövzusuna maraq təsadüfən əmələ gəlməmişdi. Özünün yazdığı kimi, Tehranda çıxan “Ayəndə” məcmuəsində onun baş redaktorunun Azərbaycan xalqının tarixinə böhtan atması vətənpərvər alimin bununla əlaqədar silsilə məruzələr hazırlayıb təbrizlilər qarşısında ardıcıl çıxışlar etməsinə səbəb olub. Beləliklə, “Monqol istilasına qədər Azərbaycan dili və ədəbiyyatı”, “XV-XVI əsrlərdə Təbrizdə ədəbiyyat”, “XVII-XVIII əsrlərdə Təbrizdə ədəbiyyat”, “XIX-XX əsrlərdə Təbrizdə ədəbiyyat” mövzularında məruzələr hazırlanaraq, Təbriz ictimaiyyətinə çatdırılıb. Bütün bunlardan sonra professor Cəfər Xəndanın “Cənubi Azərbaycanda ədəbiyyat, mətbuat, maarif və incəsənət Azərbaycan ədəbiyyatında Cənub mövzusu adlı çox əhəmiyyətli və əhatəli monoqrafiyası meydana çıxıb. Böyük zəhmət və istedadla yazılmış bu əsərdə Türkmənçay müqaviləsindən sonrakı illər və ədəbiyyata ümumi bir baxış, Heyran xanım, Hacı mehdi Şükuhi, 1905-ci il rus inqilabı və 1917-ci ildən sonrakı dövrdə Cənubi Azərbaycanda inqilabi-ədəbi hərəkat, Milli Azadlıq hərəkatının yeni mərhələsində, yəni 1941-1946-cı illərdə ədəbiyyat, mətbuat və incəsənət kimi məsələlər bütün zənginliyi ilə əhatə edilmiş, iki yerə bölünmüş Azərbaycanın milli-mədəni və mənəvi bütövlüyü haqqında qənaət bir daha qüvvətləndirilib. Bu bütövlük və birliyin yaranmasına və möhkəmlənməsinə kömək edən işin bir cəhəti də onunla bağlıdır ki, tədqiqatçı alim Cənub mövzusunun M.F.Axundov, C.Məmmədquluzadə, M.S.Ordubadi, M.İbrahimov, S.Rüstəm kimi bədii söz ustalarının yaradıcılıqlarında tutduğu yeri araşdırır və elmi-nəzəri təhlil süzgəcindən keçirib dəyərləndirir.

Professor Cəfər Xəndan şair, tənqidçi, tərcüməçi kimi də maraqlı bir yaradıcılıq yolu keçib. O, “Bəyaz gecələr” (1936), “Cəbhə şeirləri” (1942), “Qafqaz” (1942), “İlk ayrılıq” (1944), “Mübarizə yollarında” (1946) kimi kitablarında toplanmış şeir və poemaları ilə oxucuların estetik zövqünün formalaşmasında, insanların mənəvi dünyasının yetkinləşməsində iştirak edib. Onun C.Cabbarlı, S.Vurğun, M.Müşfiq, Mir Cəlal, S.Rüstəm, R.Rza kimi müasirləri, qələm dostları haqqında məqalə və kitabları, bunlarda əksini tapan fikir və mülahizələr ədəbi-elmi mühitdə, canlı ədəbi prosesdə, çoxsaylı oxucular arasında geniş əks-səda doğurub, xüsusi marağa səbəb olub. C.Xəndanın Nizami Gəncəvinin qəzəllərindən yüksək məharətlə etdiyi tərcümələri böyük Ü.Hacıbəylinin diqqətini cəlb edib, bu, nəticədə “Sənsiz”, “Sevgili canan” kimi əsl incəsənət nümunələri olan romansların yaranmasına səbəb olub. M.Fətəli Axundovun “Puşkinin ölümünə Şərq poeması”nın Cəfər Xəndan tərəfindən fars dilindən Azərbaycan dilinə tərcüməsi bu əsərin Azərbaycan dilinə üç ən yaxşı tərcüməsindən biridir. C.Xəndanın fars dilindən Azərbaycan dilinə yüksək poetik tərcümələrini əhatə edən Nizami Gəncəvinin “Lirika” (1940), M.F.Axundovun “A.S.Puşkinin ölümünə Şərq poeması” (1962), Heyran Xanımın “Qəzəllər” (1975) kitabları geniş oxucu kütləsi, ədəbiyyat, sənət və elm adamları tərəfindən böyük maraq və məhəbbətlə qarşılanıb. Bu tərcümələr Azərbaycan tərcümə sənətinin tarixində olduqca mühüm yer tutmaqdadır.

Cəfər Xəndanın poetik tərcümələrinin uğurlu alınmasının səbəblərindən biri tərcümə üçün müraciət etdiyi əsərin yazıldığı dili mükəmməl bilməsi ilə əlaqədardır. İkinci səbəb isə tərcüməçinin şair təbiəti, yüksək şairlik duyğusu və istedadı idi.

Ali və orta məktəb dərsliklərinin müəllifi Cəfər Xəndanın müəllimlik fəaliyyət haqqında da olduqca xoş və şirin xatirələr söylənilir. Görkəmli alim, şair, tənqidçi, tərcüməsi, nəhayət böyük müəllim və dost kimi maraqlı bir ömür yolu keçmiş Cəfər Xəndanın müxtəlif ədəbi-elmi növ və janrlarda 30-a qədər kitabı çap olunub. Bunlardan birincisi 1936-cı ildə “Azərnəşr”in buraxdığı “Bəyaz gecələr” adlı şeir kitabıdır. Bu ilk kitabın redaktoru Cəfər Xəndanın qələm dostu, istedadlı şairimiz Mikayıl Müşfiq olub. Repressiya qurbanı olan Mikayıl Müşfiqə bəraət verildiyi 1956-cı ildə onun haqqında çap edilmiş ilk kitabın müəllifi isə professor Cəfər Xəndan oldu.

Cəfər Xəndan Azərbaycan elminin inkişafında olduğu kimi, elmi kadrların hazırlanmasında da böyük xidmətlər göstərib. Onun rəhbərliyi altında onlarla elmlər doktoru və elmlər namizədi yetişib.

C.Xəndanın tələbələrindən xalq şairi Hüseyn Arifin “Ustad Cəfər Xəndana” adlı şeirində böyük alim və müəllim “həmişə xoş sifət, açıq, mehriban, qaynar baxışları gülümsəyən”, “şirin səsli, təmiz gülüşlü, hafizəsi ağlı heyran qoyan, qeyri-adi təsir gücünə malik bir insan” kimi yad edilir.

Professor Cəfər Xəndan böyük alim və böyük müəllim idi O, indi də onu tanıyanların, ardıcıllarının və tələbələrinin, ondan öyrənənlərin hamısının yaddaşlarında beləcə qalmaqda və yaşamaqdadır. Gələcəkdə də belə olacaq.

 

 

Tofiq HÜSEYNOĞLU,

filologiya elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2010.- 19 may.- S.7.