Daş yağan gün

 

Roman

 

(Əvvəli ötən saylarımızda)

 

Nəcəf sakitcə alapaça madyanın hörüyünü açıb, sicimi səliqə ilə dəstələyib tərk xurcunun boş gözünə qoyanda, at onun boyun-boğazını qoxladı. Sonra geri çəkilib kırıldadı. At sanki nə isə duymuşdu, nə isə demək istəyirdi. Nəcəf onun yedəyindən tutub Andranikin yanına gətirdi. Andranik içkinin təsirindən əvvəlcə ata təpinib, ona bir-iki şallaq çəkdi. At başını şax tutub geri dartıldı, yerində eşildi. Andranik sol ayağını üzəngiyə keçirib yəhərin qaşından yapışdı. Və atın belinə aşırılaraq amiranə bir səslə:

– Ara, yeznə, tüfəngi mənə ver, – deyib, kənarda daşa söykənmiş qoşalüləni işarə etdi.

Nəcəf cəld qoşalüləni götürüb ona uzatmaq əvəzinə qundağını sinəsinə sıxdı və barmağını tətiyə keçirib, lüləsini Andranikə tərəf tuşladı. Nəcəf ovunun üstünə atılan şir qəzəbi ilə:

– An-dra-nik!! Neçə gündü mənə türk deyib lağa qoyursan! Müsəlmanlara tutduğun amansız divandan fəxrlə danışırsan! Mən isə səbr edirəm, dözürəm, səsimi içəri salıb dillənmirəm. İndi söz mənimdir!! Cınqırını çəksən və ya yerindən bir balaca qımıldansan, sənin bu tüfənginlə quduz beynini göyə sovuraram. Əlimdən qurtara biləcəyini ağlına belə gətirmə! Sənin ölüm hökmünü əlimdəki qoşalülə verəcək! İnsan qanı tökmək mənim əqidəmə, əxlaqıma yaddır. Məni xəlq eləyən Allah, biət elədiyim Quran, inandığım peyğəmbərimiz adam öldürməyi günah buyurub. Mən isə insan yox, insanların, insanlığın qənimini məhv etməklə yaradanımın qarşısında savab iş görmək istəyirəm! Cə-nab An-dra-nik Po-qos-yan! Onu da bil ki, səni erməni olduğuna görə yox, mənsub olduğun milləti nifrət, lənət hədəfinə çevirən, qatil, cəlladlar cəlladı kimi gəbərtmək istəyirəm!

Andranikin sifəti ağardı, nitqi tutuldu. Gombul bədəni əsməyə başladı. Lakin Nəcəfin bu hərəkətini zarafata yozub, aldadıcı dilini işə saldı. Onu yumşaldıb fikrindən döndərmək üçün cürbəcür alçaq, hiyləgər sifətlərə düşdü:

– Ara, yeznə, başa dönüm, tüpənglə zarapat eləmək olmaz, – dedi. – Əlindən xata çıxar. Lüləsini o tərəpə çevir. – Əlavə etdi.

– Cə-nab An-dra-nik! Bilməlisən ki, əvvəla mənim nə evlənmək fikrim var, nə də evləndirənim. Sizlərdən heç vaxt qız almaq niyyətinə düşməmişəm, düşmərəm də! Çoban dostlarım məni vəziyyətdən çıxardıb, sən əclafın çəngindən xilas etmək üçün yalandan yeznə kimi təqdim etdilər. Armenakla, Akopla yoldaş olmağıma heç də peşman deyiləm. Çünki onlar sadə çoban olsalar da, sənin kimi millətinə töhmət –tənə gətirib, düşmən qazandırmırlar. Adını daşımaqla fəxr etdiyin Andranik isə usanıb həya etmədən, günahsız qanlar axıdan cəllad kimi aləmdə ad çıxarıb. Onu da bilməlisən ki, Andranik Mikoyanların, Şaumyanların dediyi kimi milli qəhrəman yox, milli cəlladdır. Sizi bir də ona görə qətlə yetirirəm ki, qeyri-insani əməlləri ilə millətini qatil, qaniçən kimi tanıdan əclafların sayı heç olmasa bircə nəfər azalsın. Ona görə də şübhə etmirəm ki, ermənilərin ağıllıları bu hərəkətləimə görə məni özlərinə düşmən yox, dost hesab edəcəklər.

Andranik, Nəcəfin baxışlarında alovlanan amansız qəzəbin qarşısında anbaan kiçilir, yalvarıcı vəziyyətə düşür, miskinləşirdi. O, Nəcəfin əlindən qurtarmaq üçün fürsət axtarırdı. Ancaq bu, mümkünsüz idi. Yuxarıda mamırlı qayalar dikəlirdi. Arxa tərəfi daşa dönmüş Dəvə kəsmişdi. Sol tərəf gicitkan, əvəlik, baldırqan kolları basmış uçurum dərə idi. Yeganə çıxış yolunda isə, ayağının birini irəli, birini geri qoyub, barmağını qoşalülənin tətiyinə keçirmiş Nəcəf dayanmışdı. Andranikin bütün bənd-bərələri kəsilmişdi. Dağdakı adamların da əksəriyyəti yurdlarını tərk edib getdiyindən ətrafda bir nəfər bəni-insan görünmürdü ki, Andranik bu dar ayaqda qışqırıb onları köməyə çağırsın. Nəcəf qızmış nər kimi onu dizinin altına almağa hazırlaşırdı. Ancaq əvvəlcə Andranikin əməllərini üzünə deyib ürəyini boşaltmaq istəyirdi:

– Ey iblisin törəməsi! Əliqulu əvəzinə Əliqul, Həsənli əvəzinə Həsən!.... dediyin kəndləri iki dəfə yandırıb kül eləmisiniz. Adamlarını qırıb yurd-yuvasından didərgin salmısınız. Beş yüz evli Köhnə Həsənli vəhşiliyiniz ucbatından yer üzündən silinib. O boyda kənddən on bir ev qalıb. Bax, budur nijdehlərin, hamazasların, droların, sənin kiimi andraniklərin insanlığa qənim kəsilən çirkin əməlləri. Sən Andranik cəllad adı daşımaqla fəxr edirsən. Mən isə bu işıqlı dünyada ata-ana, bacı-qardaş üzünə həsrət qalmışam. Sizin kimi vəhşilərin qəddarlığı ucbatından tifil yaşlarımdan iztirablı yetim həyatı sürürəm. Gün-güzəranım dağlarda-daşlarda keçir. Cə-nab An-dra-nik! Soruşuram səndən, nədir mənim günahım?! De! Danış! Dillən! Nə üçün bu aylı-ulduzlu, parlaq günəşli, min bir nemətli dünyamı zimistana döndərmisən?!!

Andranikin gözləri bir andaca çuxura düşdü, içkinin təsirindən qızarmış dolu qırmızı sifəti avazıdı. Nəcəfin ittihamlarını dinlədikcə, onun iri cüssəsi alapaça madyanın üstündə getdikcə balacalaşırdı. Cavab verməyə söz tapmırdı. Sanki bayaqkı gur, amiranə, lovğa səsi biryolluq batmışdı. Neçə-neçə türkün, azərbaycanlının qanına batmış əllərinin hərəkəti ilə ilan dili çıxardıb Nəcəfdən aman diləyirdi.

Nəcəfin yaraları qövr etdiyindən qəzəbi soyumaq bilmirdi:

– Enişdə-yoxuşda qamçılayıb təngnəfəs etdiyin, başına minbir oyun açdığın alapaça madyan viran qoyduğun Həsənli atlarının cinsindəndir. Onun baxışlarından sənə qarşı necə nifrət yağdığını dərk etmək fəhmin olsaydı, xəcalətindən bəlkə də yerə girərdin. Lakin xəcalət insani keyfiyyət olduğundan, sən ondan xalisən. Heç bir vəhşi, öz həmcinsini sən Andranik kimi qəddarcasına parçalayıb məhv etmir. Sən isə insan olduğun halda, insanlara vəhşicəsinə qənim kəsilməyinlə fəxr edirsən. Siz Andraniklərin rəzil hərəkətlərini yalnız və yalnız bayquşlar alqışlayır. Çünki bütün canlı varlıqlar arasında yeganə olaraq sizi sevən bayquşlardır. Ona görə ki, bayquş xarabalıqlar aşiqidir. Bu gün Azərbaycanın xarabalığa çevirdiyiniz yüzlərlə cah-cəlallı kəndində bayquşlar ulayır. Bu ulartılar Nijdeh, Dro, Hamazasların qəhrəmanlıq himni kimi səslənir və eşidənlərin qəlbini təlatüma gətirir. Bu xarabalıqlardan gələn ulartılardan siz ermənilər həzz alırsınız. Qarət etdiyiniz qoşalülənin qarşısında, indi tir-tir əsən Andranik! Dediklərimi, yetim qoyduğun günahsız bir məxluqun üzünüzə oxuduğu ölüm hökmü kimi qəbul edin. Siz insanlardan çox Allahın düşmənisiniz. Çünki gözəgörünməzin yaratdıqlarını insan zəkasına sığmayan bir qəddarlıqla məhv edirsiniz. Allah yaradandır, siz isə öldürən. Bununla da insanlardan çox Tanrıya qarşı çıxıb, ona xəyanət edirsiniz. Çünki bütün vücudunuz xəyanətdən yoğrulub. Allahına xəyanət edənlərin bundan qeyri “mükafatı” ola bilməz! Belə bir mükafatı sizdən əsirgəsəm, haqq mənə qənim olar. Cə-nab An-dra-nik! Cəlladlar cəlladı Andranik! İndi əlimdəki qoşalüləni sənin sərxoş kəllənə necə çaxım ki, alapaçaya xətər dəyməsin.

Andranik onun başının üstünü alan ölüm təhlükəsindən xilas olmaq üçün instinktiv olaraq, vəhşi bir səslə bağırıb atın üstündən kənara atılmaq istəyəndə, Nəcəfin barmağını keçirdiyi tətiyin biri geri çəkildi. Əldəqayırma patronun barıtı çox olduğundan ona tuşlanan güllə hədəfindən bir qədər kənara yayındı. At hürküb şahə qalxdı və sol tərəfdəki sərt yamacla üzü aşağı götürüldü. Andranikin ayağı üzəngidə ilişib qaldığından, at qaçdıqca onun cantaraq bədəni yerlə sürünür, başı daşdan-daşa dəyirdi. Gicitkan və baldırğan kolları al qana boyanmışdı. Dərə aşağı axan dupduru su qırmızı rəngə çalırdı. Alapaça madyan isə kol-kosun üstündən sıçrayıb, aşağıdakı gölməçələrə tərəf qaçırdı.

Nəcəf qəlbi bir yerə qalxıb bu məşum mənzərəyə baxmaq istədi. Dərənin qurtaracağına duman çökdüyündən Andranik, atqarışıq gözdən itdi. Nəcəf ətrafa göz gəzdirdi. Xoşbəxtlikdən heç kəs görünmürdü. Nəcəf hələ də özünə gələ bilməmişdi. O, izi itirmək üçün əlindəki tüfəngin lüləsini qundağından ayırıb insan ayağı dəyməyən dərin bir çuxura atmaq istəyəndə gözü silahın üstündəki sədəf işləmələrə sataşdı. Bu incə naxışlarda çətin nəzərə çarpan hərflər Nəcəfin diqqətini cəlb etdi. Sədəflə “Cəbrayıl” yazılmış sözləri güclə oxudu. –Bu qoşalülə bəlkə atamın olub. Əmim görsə tanıyar. Tüfəngi kənara tullamayım, əmimə göstərsəm, o, düzünü bilər. Yoox, qoşalüləni atmaq nədi? Özümlə düz kəndə aparım. – Öz-özünə düşündü və silahı qatlayıb qoltuğunun altında gizlətdi. – Köçəndə fərməşin dərin yerinə qoyaram, heç kəs bilməz. Yolda kimdi bizi yoxlayan?!

Nəcəf hərtərəfli fikirləşib, qoşalüləni xəlvət Həsənliyə aparmaq qərarına gəldi...

Hava getdikcə dolaşırdı. Dağları duman-çən bürüyürdü. Əvvəl çiskin gəldi, sonra tək-tək yağış atdı. Səmada sıxlaşan buludların arasında gözqamaşdırıcı işıq şaxələndi. Bir-birinin ardınca güclü ildırım çaxdı. Şiddətli yağış başladı, ətraf dağlar lərzəyə gəldi. Nəcəf tez qoyunları dalda bir yerə yığıb, yağışın səngiməsini gözlədi. Çox keçmədi ki, hava ayazıdı. Bulud layları uzaqdakı dağların arxasına çəkildi. Nəcəf sıldırım yamacla xeyli aşağı enib ətrafı vərəvurd elədi. Alapaça madyan sel sularının gur axınından bir qədər aralıda, sakitcə otlayır və hərdən devikib yan-yörəsinə boylanırdı. Onun islanmış yəhəri sürüşüb qarnının altına düşmüşdü. Andranikin nə ölüsü görünürdü, nə dirisi. Bayaqkı yağışdan sonra qalxan sel, onun cəsədini ağzına alıb hara isə aparmışdı. Nəcəf dərəni addayıb, alapaça madyanın yəhərini düzəldib axırıncı dəfə atla görüşmək istədi. Ancaq getdikcə güclənən çamır qoxulu bulanıq sel ona imkan vermədi. Alapaça madyan selin o tayından Nəcəfə tərəf boylanıb, əhdinə çatıbmış kimi, bir-iki dəfə təntənə ilə kişnədi. Nəcəf selin kənarı ilə xeyli aşağı getdi. Lakin gözünə heç bir qaraltı dəymədi. – Yəqin hardasa meyidi lil basıb, çətin ki, onu tapmaq mümkün olsun. – Nəcəf öz-özünə düşündü. Və uzaqdan-uzağa alapaça madyana əl eləyib geri döndü.

Andranikin əli yüzlərlə insan qanına batsa da, Nəcəf etiqad etdiyi dinə xilaf çıxıb bəlkə də ona yazığı gələrdi, əfv edərdi, qətlə yetirməzdi. Əslində onun ölüm fərmanını ilxısından didərgin düşən alapaça madyan, bir də ki, qarət etdiyi qoşalülə yerinə yetirdi.

Bu dumanlı-çiskinli, yağmurlu, yağışlı dağlar isə, insan cəlladından doğma sakinlərinin qisasını alırmış kimi, onu ucuz bir kəfənə büküb, urvatla dəfn etməyə aman vermədi və coşqun selləri ilə çirkab sulara qərq etdi. Onun cəsədi kəsif qoxusu gələn qatı lillə örtüldü.

–Tanrı, hər bir bəndəsini xəlq edəndə, mərhəmətini əsirgəmir. İnsan isə insanlığını itirib, yaradanının yolundan çıxanda, gec-tez işlətdiyi bəd əməllərin amansız cəzasını çəkməyə məhkum olur. – Nəcəf Həsənlinin möminlərindən eşitdiyi bu kəlamları yadına salıb, fikirli-fikirli sərt yoxuşu qalxıb, Daş dəvənin səmtindəki qoyunlara tərəf yönəldi. Yad hənirtilərdən bezib, gecə-gündüz dərdini-kədərini dağlara pıçıldayan bulağın saf suyundan içib, bir anlığa dincini aldı. Onun niskilli baxışları uzaqları dolaşdı.

Ağ çalmalı dağların başını qara dumanlar aldı. Hava yenidən sərtləşməyə başladı. Günbatan tərəfdən gələn uğultu Nəcəfin tükünü ürpəşdirdi. Üçtəpə ilə Qanlıcanı ayıran qoşa təpələrin arasında, yerlə göyü birləşdirən və iri zavodların nəhəng borularından qalxan bozumtul tüstüyə bənzər sütun göründü. Nəcəf ömründə ikinci dəfə idi ki, belə bir möcüzənin şahidi olurdu. Köhnə adamların bəziləri buna burağan və ya burulğan deyirdi. Üç il əvvəl belə bir hadisə baş verəndə çoban yoldaşları Akopla Armenak onu tornado, qasırğa kimi izah edirdilər. Deyirdilər ki, belə hadisələr ən çox Amerika tərəfdə baş verir. Onlar da bunu kəndlərindəki müəllimlərindən eşitmişdilər. Tüstüyə bənzər sütun hərəkət etdikcə qabağına keçən alaçıqları, mal-heyvanı cənginə alıb göyün yeddi qatına qaldırırdı. Nəcəf qorxurdu ki, alapaça madyan burulğana düşüb yox olsun. İncəvara burulğan at olan yerdən yan keçdi. Və uzaqdakı alaçıqları və onun ətrafında olan mal-qaranı süpürüb apardı. Sonra qəlbi bir yerdə dayanıb, yerlə göy arasında cərəyan etməyə başladı. Axırda səmanın ənginliyində dəmirçi kürəsindən çıxan yumru şar kimi közərib qeyb oldu. Nəcəfə elə gəldi ki, bu, eşitdiyi qasırğa və ya tornado yox, arxa-arxaya duran bakirə dağların erməni hiyləsinə, müsəlmam sadəlövhlüyünə qarşı amansız üsyanıdı.

 

 

(Ardı var)

 

Əli İLDIRIMOĞLU

 

525-ci qəzet.- 2010.- 19 may.- S.6.