Rəsul Rzanın 100 illiyi Yazıçılar
Birliyində qeyd olunub
Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) xalq şairi Rəsul Rzanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl ədəbi ictimaiyyətin tanınmış nümayəndələri Fəxri Xiyabanda Rəsul Rzanın məzarını ziyarət edib, böyük şairi ehtiramla anıblar. AYB-dəki mərasimi qurumun sədri, xalq yazıçısı Anar açaraq, şairin yubileyilə bağlı silsilə tədbirlər haqqında məlumat verib. Tədbirdə Rəsul Rza adına Ədəbiyyat Fondunun “Ümid işığı” mükafatının təqdimatı olub. Fondun rəhbəri, xalq şairi Fikrət Qoca mükafatı AYB-nin üzvləri, gənc şairlər Qismətə və Mirbəhram Əzimbəyliyə təqdim edərək, onlara yaradıcılıq uğurları arzulayıb. Gənc şairlər mükafat üçün təşəkkürlərini bildirib, şeirlərini oxuyublar. Birliyin sədri Anar şəxsi vəsaiti hesabına gənclərin şeir kitablarını nəşr etdirəcəyini bildirib. Mərasimdə çıxış edən türkiyəli qonaq – Avrasiya Yazarlar Birliyinin sədri, ünlü yazar Yaqub Dəliöməroğlu Rəsul Rza haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb, şairin ədəbiyyatdakı xidmətlərindən söz açıb. Rəsul Rzanın 100 illiyinə həsr olunan tədbirdə iştirakından məmnunluğunu bildirən Y.Dəliöməroğlu yubilyar şairimizin Türkiyədə də çox sevildiyini və rəğbətlə oxunduğunu vurğulayıb. Yaqub Dəliöməroğlu türkiyəli yazarlar adından gətirdiyi hədiyyəni Anara təqdim edib. Tanınmış Türkiyə yazarı və ədəbiyyatşünası İmdat Avşar da Rəsul Rzanın yaradıcılığından məhəbbətlə söz açıb: “Rəsul Rza poeziyası XXI əsrdə də müasirdir, seviləndir. Türkiyədə onun şeirlərinə böyük sevgi var”. “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə jurnalın növbəti sayının Rəsul Rzanın 1938-ci ildə yazdığı və haqqında geniş danışılmayan “Etiraf” adlı şeiri ilə açıldığını bildirib. Tədbirdə iştirak edən Mahirə Abdulla, Yusif Nəğməkar, Qəşəm İsabəyli, eləcədə başqa şair və yazıçılar Rəsul Rza haqqında düşüncələrini, xatirələrini bölüşüblər.
CAVİD
525-ci qəzet.-
2010.- 20 may.- S.7.