Beynəlxalq Muzeylər Günü Azərbaycanda silsilə tədbirlərlə qeyd olunub  

 

Ölkənin müxtəlif mədəniyyət ocaqlarında 18 May Beynəlxalq Muzeylər Gününə həsr olunan silsilə tədbirlər keçirilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində (AMMDM) 18 may – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər sosial harmoniya üçün” mövzusunda tədbir keçirilib. 

Muzeyin direktoru, sənətşünaslıq namizədi Alla Bayramova Beynəlxalq Müzeylər Günü münasibətilə muzeydə keçirilən silsilə tədbirlər haqqında danışıb. Sonra muzeyin nəzdində fəaliyyət göstərən qədim musiqi alətləri ansamblı konsert proqramı təqdim edib. Tamaşaçılar muzeyin ekspozisiyası ilə tanış olublar.

Beynəlxalq Muzeylər Günü regionlarda da tədbirlərlə qeyd edilib. Göyçay rayon Tarix-Diyarşünaslıq Muzeyində beynəlxalq muzeylər günü qeyd olunub, xalq şairi Rəsul Rzanın 100 illik yubleyi münasibətilə “Şeir bayramı” keçirilib. Rayon icra hakimiyyətinin şöbə müdiri Rəşad Şükürov, muzeyin direktoru Bəsti Sultanova, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Sahib Şükürov çıxışlarında Beynəlxalq Muzeylər Günü ərəfəsində Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyinin yenidən fəaliyyətə başlamasını əlamətdar hadisə kimi qiymətləndiriblər: “Bu bayram muzey əməkdaşlarını birləşdirir, ictimaiyyətin diqqətini muzeylərə cəlb edir, gənclərin muzeylərə və milli-mənəvi dəyərlərimizə marağını artırır”.

B.Sultanova muzeyin yaranma tarixi, fəaliyyəti və strukturu haqqında məlumat verərək orada təşkil edilən tədbirlərin əhəmiyyətindən danışıb.

Mingəçevir Tarix Muzeyində də Beynəlxalq Muzeylər Günü münasibətilə “dəyirmi masa” və “Muzeylər gecəsi” adlı aksiya keçirilib. Muzeyin direktoru Nofəl Məmmədəliyev “Muzey və turizm”, muzeyin baş elmi işçisi Əmrah Mədətov “Muzeylər sosial harmoniya üçün”, Heydər Əliyev Muzeyinin direktoru Bəxtiyar Mustafayev “Muzeylər cəmiyyətin inkişafında və dəyişməsində ortaq kimi” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə son illər Azərbaycanda turizm və muzeyçilik ənənələrinin nəzərəçarpacaq şəkildə inkişaf etdiyi önə çəkilib. Bayram günü tarix muzeyinin qarşısında nadir eksponatlardan ibarət sərgi təşkil olunub, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.  

Bərdə şəhərindəki Heydər Əliyev muzeyində də Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir olub.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 20 may.- S.7.