Teatr Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir təşkil edilib
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd edilib. “Muzeylər sosial harmoniya vasitəsidir” devizi altında keçirilən tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunub və “Üzeyir dünyası muzeylərdə” adlandırılıb. Tədbir boyu bəstəkarın əsərlərindən parçalar səsləndirilib, onun həyat və yaradıcılığını əks etdirən səyyar fotosərgi, əsərlərinin səhnə təcəssümü ilə bağlı geyim və dekorasiya eskizləri, digər fond materialları nümayiş etdirilib. Qonaqlara Azərbaycan Dövlət Musiqili Komediya Teatrı aktyorlarının ifasında Ü.Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Koroğlu” və digər əsərlərindən parçalar, Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən “Totem” tələbə studiyasının hazırladığı “Ər və arvad” operettasından səhnələr təqdim edilib. Eyni zamanda tədbir çərçivəsində 5 saylı İncəsənət Məktəbinin şagirdləri arasında “Biz Üzeyir bəyi necə görürük” adlı rəsm müsabiqəsi keçirilib.
Günel MUSAYEVA
525-ci qəzet.-
2010.- 20 may.- S.7.