Savaşlarda keçən və
sönən ömür
15 İL ƏVVƏL
ÇEÇENİSTANDA HƏLAK OLMUŞ JURNALİST FƏRHAD
KƏRİMOVUN ƏZİZ XATİRƏSİNƏ
“Gedirik Çeçenistana. Orda müharibənin yeni mərhələsi başlayıb” – Bu sözləri “Röyters”in və “Turan”ın əməkdaşı Fərhad Kərimov söhbət zamanı həmkarı Şahin Hacıyevə söyləmişdi. Çeçenistanda müharibə başlayandan o, dəfələrlə ezamiyyətlərdə olmuş, ən qaynar döyüş bölgələrindən Rusiya-Çeçenistan müharibəsini hərtərəfli əks etdirən çəkilişlər aparmışdı. Bütün dünya Qarabağ, Abxaziya, Osetiya müharibələrinə, Gürcüstanda, Tacikistanda baş vermiş vətəndaş müharibəsinə də onun kamerasının obyektivilə baxa bilmişdi.
Növbəti ezamiyyət barəsində eşidən dostu isə onu bu fikrindən daşındırmağa çalışdı. Düz 15 il əvvəl Çeçenistanda peşə vəzifəsini yerinə yetirərkən həlak olmuş həmkarı ilə sonuncu görüşündən Şahin Hacıyev bircə şeyi xatırlayır: “Mən onun xarakterinə yaxşı bələd olduğumdan dedim ki, bu cür risk etmə. Artıq səni hamı tanıyır. Oğlun olub. Onu, ailəni düşün. Sənin bu cür risk etməyə ixtiyarın yoxdur. O, isə üzümə baxıb, güldü, dedi ki, narahat olma, hər şey yaxşı olacaq.” Bu söhbət 1995-ci ilin yazında Fərhad Kərimovun ölümündən iki həftə qabaq olmuşdu...
Onsuz da iş yoldaşları, ailə üzvləri, onu tanıyanlar Fərhad Kərimovun xaraktercə necə inadkar olduğunu, gördüyü işi sona çatdırmağı çox sevdiyini bilirdilər. Sonuncu səfərindən də onu heç bir qüvvə saxlaya bilmədi. Çünki o elə bu peşə üçün doğulmuşdu. Uşaqlıqdan arzulamışdı jurnalist olmağı. Harda bir maraqlı məqalə, şəkil görsə, kəsib saxlayardı. İdman jurnalistikasına həvəsi vardı.
Ağsaçlı Əminə ananın evində onunla üzbəüz oturmuşuq. Onun çöhrəsindəki cizgilərdən hiss edirəm ki, bir ana üçün oğul itkisindən danışmaq, həmin anları yenidən yaşamaq necə ağır və çətindir. Otağa daxil olar-olmaz şkaf rəfində çərçivəyə salınmış foto diqqətimdən yayınmır. Jurnalist Fərhad Kərimovun gülümsər çöhrəsi. Bəlkə də bu foto oğul itkisi ilə barışmayan Əminə anaya yaşamaq ümidi verən və oğul həsrətini bir azca da olsa, ovudan yeganə təsəllisi idi. “Fərhadın çox şəkli məndə yoxdur. Əksəriyyəti ailəsindədir. Məndə olan budur”- deyib şkaf rəfindəki fotonu göstərdi.
Əminə ana və həyat yoldaşı Əsgər bəyi 1946-cı ildə əlaçı tələbə olduqlarına görə Moskva Dövlət Universitetinə oxumağa göndərirlər. Tale elə gətirir ki, ilk övladları da məhz bu şəhərdə dünyaya göz açır.
Anası Əminə Məmmədovanın dediklərindən: “Fərhadın həvəsi jurnalistikaya idi. Atası icazə vermirdi, deyirdi ki, bu, çətin peşədir. Müsahibə almaq üçün gərək üzlü olasan, çox əziyyət çəkməlisən. Ancaq atası rəhmətə gedəndən sonra Fərhad jurnalist fəaliyyətinə başladı. Həmişə yazırdı. Nəyə həvəsi var idi, ona da gedirdi”.
O, hansı
işdən yapışırdısa, orda uğur
qazanırdı. Sonralar
universitetdə oxuyarkən boks çempionu adına da layiq
görüldü. Mərkəzi Ordu İdman Klubunda futbol
oynadı. Lakin heç bir iş onun jurnalistikaya olan sevgisini əvəz
edə bilmirdi. Odur ki, bu sevgi və istək onu “Molodyoj
Azerbaycana” qəzetinə gətirdi. O, burda uşaqlıqdan həsrətində
olduğu mühiti və işi tapmışdı.
1990-cı ilin 20 yanvarı. Qardaşı Seyfulla bəyin sözlərinə görə, Fərhad rahat durmur, tez-tez “Azadlıq” radiosuna zəng edir, informasiya blokadası şəraitində şəhərdə baş verən hadisələr barədə məlumatları dünya ictimaiyyətinə çatdırmağa çalışırdı. Sovet qoşunlarının törətdiyi iyirmi yanvar qırğını ona çox pis təsir etmişdi. Həmin gündən sonra onu hamı saqqalla görməyə başladı. “Fərhad ailədə daxilini açan, hisslərini bildirən adam deyildi. O, saqqalı 20 yanvar faciəsindən sonra buraxdı. Dedi ki, Azərbaycan müstəqil olmayınca, bu məsələlər həll olunmayınca, mən saqqalımı qırxmayacam...”
Üç dost cəbhədə
Keçən əsrin 90-cı illərindən sonra Fərhad Kərimovun səsi-sorağı ən qaynar nöqtələrdən, təhlükəli döyüş bölgələrindən gəlirdi. Harda bir münaqişə zonası var idisə, Fərhad Kərimov orda idi.
O,“Turan”ın, “Röyters”in əməkdaşı kimi Qarabağın ən qaynar döyüş bölgələrindən cəbhədə baş verənləri öz kamerasının yaddaşına köçürməyə, operativ surətdə xarici informasiya kanallarına ötürməyə başladı. Digər həmkarlarından fərqli olaraq onun çəkdiyi canlı kadrları bütün dünya tamaşaçısı izləyə bilirdi. Şahin Hacıyev bildirir ki, o dövrdə müharibə zonalarında çəkilən videoçəkilişlərə tələbat çox olduğundan əksər xarici informasiya agentlikləri belə çəkilişləri apara bilən yerli jurnalistləri axtarırdı. “Mən o zaman xarici informasiya agentlikləri ilə əməkdaşlıq edirdim. Qaynar nöqtələrdə çalışa bilən jurnalistlərə tələbat çox idi. Məndən bu cür adamları soruşanda Fərhad yadıma düşdü. O da xarici kanallar üçün jurnalist kimi fəaliyyətə razılaşdı. “W Tiens”, daha sonra “Röyters” agentliyində operator, stringer kimi çalışmağa başladı”.
“Röyters” agentliyində Fərhad Kərimov Adil Bünyadov və Xalidlə birgə çalışırdı. Hər üçü həmkar, həm də dost idilər. Üç jurnalist Qarabağ savaşı və digər qaynaq nöqtələrdən “Röyters” üçün canlı kadrlar çəkirdi. Düzdür, hər biri ayrı-vaxtlarda müxtəlif qaynar nöqtələrə səfər edirdi. Ancaq bəzən hər üç dostun birgə döyüş bölgələrində işlədiyi günlər də olurdu. “Nəbadə Fərhadın hər hansı bir çəkilişinə mane olmağa çalışaydın. Fərq etməzdi, bu, əsgər, polis, yaxud ixtiyar sahibidir. Özündən çıxardı və öz jurnalist hüquqlarını qorumaq üçün qarşısındakını acılamaqdan çəkinməzdi. Bu yerdə Adil haraya çatardı. İxtiyar sahibinin qılığına girərdi, çəkilişin başa çatmasına nail olardı. Çox vaxt gecələr ezamiyyətə yollanardı. Fərhad yaşından cavan görünürdü, qıvraqlığı və çevikliyi ilə bizi üstələyirdi.” – “Röyters”in keçmiş əməkdaşı Xalid həmkarının xatirəsinə hazırlanmış verilişlərdən birində belə deyib.
Xocalı faciəsi zamanı Ağdama pənah gətirmiş qaçqınları və gətirilmiş meyitləri çəkən jurnalistlər arasında saqqallı, xarici görünüşcə əcnəbi jurnalistlərdən seçilməyən bir operator – Fərhad Kərimov da var idi. O, cəbhə təəssüratlarını az halda kiminləsə bölüşərdi.
Son savaş: Çeçenistan
Qardaşı
Seyfulla Kərimovun dediklərindən: “Çeçenistanda
jurnalistlər arasında böyük hörməti və
nüfuzu var idi. Elə jurnalist yox idi ki, orda tək işləsin.
Fərhad isə orada cangüdən, yerli bələdçi
olmadan işləyirdi. Adətən beş-on günlük
ezamiyyətə gedirdi. O, az danışardı. Ailədə
onun hara getməsindən xəbərimiz olmurdu. Onun nə qədər qiymətli
stringer jurnalist olmasından xəbərimiz də yox idi. Biz
bunları Fərhad öləndən sonra bildik”.
Fərhad Kərimov
üçün istər həyatda, istərsə də
peşəsində düzgünlük və obyektivlik öndə
dururdu. Bamut adlı çeçen kəndində sovet dönəmindən
qalmış hərbi bazanı rus qoşunları heç
cür ala bilmirdi. Odur ki, bazanın dağıdılması,
çeçenlərin ordan qaçması barədə
ictimaiyyətə buraxılan şayiə tezliklə Fərhadın
hadisə yerindən çəkdiyi kadrlarla puç edildi. Həmkarı
Şahin Hacıyevin dediklərindən: “O öz çəkilişi
ilə göstərmişdi ki, ruslar Bamuta girə bilməyiblər.
Həmin dezinformasiya xarakterli xəbərlər yayılanda, Fərhadın
hadisə yerindən çəkdiyi kadrları da dünyaya
yayımlanırdı. Bamutu rus qoşunu ala bilməyib. Bu tipli
materiallar, təbii ki, qarşı tərəfi
qıcıqlandırırdı”
O, həm də
hazırladığı materialın obyektivliyi və qərəzsizliyi
üçün hər iki tərəfdə baş verənləri
göstərməyə çalışırdı. Odur ki, Fərhad
dəfələrlə çeçen rəhbərliyindən,
Şamil Basayev, Dudayevdən müsahibələr
almışdı. O, Dudayevdən müsahibə alanda mətbuat
xidmətində çalışan Mövladi Uduqov onun
işığını tuturdu. Sonradan Uduqov nazir vəzifəsinəcən
yüksəldi...
Çeçenistan ezamiyyətlərindən
Bakıya yüksək-əhval ruhiyyədə
qayıdırdı. Çeçenistandan qayıdandan sonra ən
çox işlətdiyi ifadə bu idi: “Telekanallara
inanmayın. Göstərilənlər hamısı
yalandır”.
Rusiya hərbi rəhbərliyi
Qroznı şəhərini hava hücumlarına məruz
qoymadan öncə ultimatumlar verməyə başladı.
Ultimatuma görə tələb olunurdu ki, Qroznıdakı
jurnalistlər dərhal bölgəni tərk etsinlər,
onların həyatlarına zəmanət verilmədiyi
bildirilirdi.
“Hər çəkilişə
gediş qırıcı təyyarələrin
döyüş zərbəsi endirmək üçün
hücumuna bənzəyirdi. Həmin vaxt hər
qayıdış jurnalistlər üçün böyük
bir bayrama çevrilirdi. O vaxtlar Qroznıda 150-dən çox
xarici jurnalist işləyirdi. Səhv etmirəmsə,
dekabrın 18-i Qroznı kütləvi şəkildə
bombalanmalı idi. “Röyters” rəhbərliyi Londondan 10-dan
çox əməkdaşının oranı tərk etməsi
barədə tələbini yaydı, əks halda onların işdən
çıxarılmaq qorxusu var idi. Fərhad “Röyters”in
Qafqaz bürosu üzrə şefi ilə Qroznıda
qalmağı qərara aldı. Bu hadisə göstərirdi
ki, ancaq jurnalist marağına və hadisələri sonacan
işıqlandırmağa görə bu addımı
atırdı.” – Bunları isə“Röyters”in keçmiş əməkdaşı
Xalid söyləyir. O, Qroznıda həmkarı Fərhad Kərimovun
həyatını təhlükəyə ataraq necə unikal
çəkilişlər etməsi epizodlarından birini belə
xatırlayır: “Biz Qroznıdan 5 dəqiqə idi ki,
uzaqlaşmışdıq, səmada 3 qırıcı təyyarə
göründü. Biz şəhərin kənarında kamazda
idik. Kamazda 30-a yaxın döyüşçü vardı.
Artıq bombalar ətrafımıza düşməyə
başlamışdı. Onda Fərhaddan tələbim o oldu
ki, özümüzü maşından atmalıyıq. Həmin
an heç çəkiliş aparmaq barədə fikirləşmirdim.
Maşın Dudayevin yaraqlı əsgərləri ilə dolu
idi. Fərhad mənim heç bir iradımı eşitmirdi,
artıq kamerasını göyə tuşlamışdı.
Kamerasında qırıcı təyyarələri axtarır,
onların şəhəri necə bombaladığını
çəkmək istəyirdi. O, həmin anı çəkməyə
nail olmuşdu”.
Ölümün bir addımlığında...
Fərhad Kərimov dəfələrlə
təhlükələrlə üzləşmişdi. Hər
dəfə də ölüm təhlükəsi onun bir
addımlığından ötüb keçirdi.
Şahin Hacıyev həmkarının
onunla bölüşdüyü bir neçə epizodu
xatırlayır: “Çeçenistanda bombaya
düşdüyündən danışırdı. Deyirdi ki,
maşınla getdikləri zaman bombaya düşüblər.
Maşını saxlayıb tərk etmişdilər.
Bombaların səsi gəlsə də, heç kimə
heç nə olmamışdı. Bir dəfə də o, mənə
zirehli jiletini göstərmişdi. Qroznıda olarkən onu
mütləq geyinərdi. Jiletində iki qəlpə
parçası qalmışdı. Deyirdi ki, bu jilet
olmasaydı, öləcəydim”.
Əminə ana deyir ki, Fərhadın
tez-tez qaynar nöqtələrə səfərləri adiləşmişdi
onlar üçün. Odur ki, oğlu heç vaxt
yaxınlarından onu yola salmalarını xahiş etməzdi.
Ancaq sonuncu səfər zamanı Əminə ana oğlunun
xahişini yerinə yetirir: “Fərhad kiçik oğlum
Seyfullanın iş maşınında aeroporta yola
düşdü. Əvvəlcə Moskvaya qızı
Günayın ad gününə getməli idi. Yola
düşməzdən qabaq mənə baxıb dedi ki, mən
də onlarla gəlim. Dedi ki, ana, məni yola sal. Elə bil
ürəyinə nəsə dammışdı. Əvvəllər
heç vaxt onu bu cür yola salmamışdım. Bu onun
axırıncı səfəri oldu. Onlar üç yoldaş
idi. Səfərlərə növbə ilə gedirdilər.
Axırıncı dəfə Fərhad getməli deyildi, o,
Çeçenistandan təzəcə gəlmişdi.
Yoldaşlarından birinin atası xəstə idi, xahiş
etmişdi ki, bu dəfə onun yerinə Fərhad getsin, gələn
dəfə də o, gedər. Görünür, alın
yazısı belə imiş” – Əminə ana
sözünü bitirə bilməyib kövrəlir, göz
yaşlarını saxlaya bilmir...
Keçmiş iş
yoldaşları deyir ki, son vaxtlar Fərhadla “Röyters”in
Moskvadakı ofis işçiləri arasında
narazılıq olmuşdu. O, işdən ayrılaraq başqa
agentliyə keçəcəyini söyləyirdi. Ancaq
“Röyters” onun kimi peşəkar stringer jurnalistini itirmək,
onun başqa agentlikdə çalışmasını istəmirdi.
Odur ki, “Röyters” Fərhadın “Assoşieyted Press”lə əməkdaşlığına
bir şərtlə razı olmuşdu ki, o yenə də
onlarla birgə çalışsın. Bu, informasiya
bazarında üstünlüyünü qorumağa
çalışan nüfuzlu informasiya agentliyinin Fərhad Kərimova
peşəkar operator, stringer kimi verdiyi qiymətin göstəricisi
idi.
“Çeçenistanda
Assoşieyted Pressin əməkdaşı qətlə
yetirilib”. Axşam Rusiya kanallarından birində
aparıcının söylədiyi bu xəbər Kərimovlar
ailəsini təşvişə saldı. Qardaşı dərhal
televiziya kanallarına zəng vurub, Çeçenistanda
müxbirlərinin olub-olmadığını soruşurdu. “Bəlkə
Azərbaycandan başqa müxbir var?” Ancaq heç bir kanal həmin
vaxtlar dünya mediasının və ictimaiyyətinin diqqətində
olan bu müharibə ocağına müxbir göndərməmişdi.
Artıq xəbər öz təsdiqini tapırdı.
Son yadigar: Quran və nişan üzüyü...
Qardaşı Seyfulla dəqiq
olmayan xəbərlərə inanmaqdansa, hər şeyi öz
gözlərilə görmək istəyirdi. Artıq 1995-ci
ilin mayın 25-də o, Çeçenistanın Şuan kənd
məzarlığında qardaşının məzarı
önündə idi. “Şuan kəndinə çatanda
artıq Fərhadı dəfn etmişdilər. Qəbrini
açdırdıq. Baxdım ki, Fərhad özüdür. Kənd
soveti mənə barmağından
çıxarılmış nişan üzüyünü
verdi. Üzərindən götürülüb ailəsi
üçün saxlanılan əşyaları arasında
Quran da var idi. Ancaq kamerası və kaseti yox idi.
Götürmüşdülər. Yəqin elə kadr çəkmişdi
ki, onun yayımlanmasını istəməyiblər. Onun itkisi
ailəmiz üçün böyük faciədir. Bir
qızı, bir oğlu var...” – qardaşı Seyfulla kövrələrək
söhbətinə yekun vurur.
Seyfulla bəy 1995-ci ildə
qardaşı Fərhadın nəşini Vətənə gətirmək
istəsə də, bu bir neçə ildən sonra çətinliklə
reallaşır. İndi Fərhadın məzarı Xırdalan
məzarlığında atası ilə yanaşıdır.
Son vaxtlar Moskvada ev almaq, ailəsilə
birgə orda yaşamaq və işləmək istəyirdi. Həmkarları
ilə birgə böyük yaradıcılıq planları,
yeni tipli televiziya kanalı açmaq arzusu da var idi...
Rori Pek mükafatını qızı aldı
Onun Çeçenistan
müharibəsinin gedişində apardığı çəkilişlər
1995-ci ildə dünyada ən yaxşı teleçəkiliş
kimi tanındı və ölümündən sonra “İlin ən
yaxşı teleoperatoru” kimi beynəlxalq mükafata – Rori Pek
mükafatına layiq görüldü. Hər cür təhlükə
və çətinlikləri ilə sevdiyi peşəsinin ən
dəyərli hədiyyəsini sağlığında almaq
ona qismət olmadı. Rori Pek mükafatı Londonda qızı Günaya təqdim
edildi. Bəlkə də ömür vəfa etsəydi, hələ
neçə-neçə çəkilişlərdə sadiq
yoldaşı kamerası ilə unikal kadrlar çəkəcək,
digər nüfuzlu mükafatlara layiq görüləcəkdi...
Əfsanə BAYRAMQIZI
525-ci qəzet.- 2010.- 20 may.- S.5.