Dövlət Filarmoniyasında
Rəsul Rzanın yubiley gecəsi olub
M.Maqomayev adına Dövlət Filarmoniyasında xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş poeziya gecəsi keçirilib.
Gecədə çıxış edən baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev böyük ədibin 100 illik yubileyinin geniş şəkildə qeyd edilməsi ilə bağlı ölkə başçısının imzaladığı sərəncamın ölkəmizdə ədəbiyyatın inkişafına, sənət adamlarına göstərilən diqqət və qayğının daha bir bariz nümunəsi olduğunu diqqətə çatdırıb: “Artıq ölkəmizdə və onun hüdudlarından kənarda Rəsul Rzanın yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir. Zaman göstərir ki, Rəsul Rza poeziyası əbədiyaşardır”.
R.Rzanın 100 illik yubileyi münasibətilə silsilə tədbirlərin keçirildiyini deyən Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar tədbir iştirakçılarına minnətdarlığını bildirib: “XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Rəsul Rza söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək novator şair kimi geniş şöhrət qazanıb. Onun əsərləri gündən-günə gəncləşərək, daim müasir qalır, hər zaman özünə yeni oxucular tapır”.
Yubiley tədbirində çıxış
edən Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu R.Rza
yaradıcılığının bəşəriliyindən, milliliyindən,
onun Vətənə,
torpağa sonsuz sevgisindən söz açıb və şairin qardaş Türkiyədə böyük
maraqla oxunduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış
edənlər şairin
həyat və yaradıcılıq yoluna
nəzər salıblar,
onun Azərbaycan dilinin poetik potensialının yeni-yeni
imkanlarını üzə
çıxardığını vurğulayıblar: “Rəsul
Rza yarım əsrə yaxın dövrdə yüksək
dəyərli bədii
nümunələr yaratmaqla
yanaşı, respublikamızın
elmi-mədəni həyatında
yaxından iştirak edib, dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanınıb. Rəsul Rza öz orijinal
yaradıcılıq nümunələri
ilə daim oxucuları düşündürən
şairlərdən olub”.
Gecədə xalq artistləri Fəxrəddin
Manafov, Xuraman Qasımova, Mələkxanım
Əyyubova, Əminə
Yusifqızı, əməkdar
artistlər Mehriban Zəki, Gülyanaq Məmmədova və başqalarının ifasında
R.Rzanın şeirlərindən
parçalar və sözlərinə yazılan
mahnılar səslənib.
Musiqiçiləri xalq artisti, dirijor
Teymur Göyçayevin
rəhbərliyilə Azərbaycan
Dövlət Kamera Orkestri müşayiət edib.
Yubiley tədbiri çərçivəsində
filarmoniyanın foyesində
R.Rzanın həyat və yaradıcılığını
əks etdirən sərgi nümayiş olunub.
SARA
525-ci qəzet.-
2010.- 21 may.- S.7.