Tofiq Abdinin “Dövlət çevrilişi”
kitab halında nəşr edilib
Dəyərli şair-publisistimiz Tofiq Abdinin “Dövlət çevrilişi” adlı yeni kitabı işıq üzü görüb. Kitabda müəllifin yaxın keçmişimizin hadisələri və avtobioqrafik səciyyəli məqamlarla zəngin publisistik povesti yer alıb. Kitaba daxil edilmiş əsər əvvəlcə “Azərbaycan” jurnalında çap olunub. Xalq yazıçısı Anarın, millət vəkili, publisist Elmira Axundova və jurnalist Müsəllim Həsənovun əsərin mövzusu, orada təsvir olunan hadisələrlə səsləşən fikirləri kitaba ön söz əvəzi kimi verilib.
Topluda müəllif 20 yanvar hadisələrini, canlı şahidi olduğu o günləri və həmin qətliamdan yaşadığı sarsıntılarına xüsusi yer verib. T.Abdin “bu kitabda 20 yanvar hadisələrini, geniş mənada desək, ermənilərin türklərə atdığı böhtanlara dayanaraq, Azərbaycan qətliamını yeni bir tərzdə, şəxsən gördüklərimə və yaşadıqlarıma arxalanaraq yazmaq fikrində” olduğunu qeyd edir. T.Abdin XX sonunda yaşanan bu dəhşətli hadisəni illər ötdükcə unudacağımızdan, yenə də mənfur qonşularımıza güvənə biləcəyimizdən doğan narahatlığını bildirir: “XX yüz ilin son çərəyində belə bir qətliamın yaşanması XXI yüz ilin son çərəyinin insanı üçün əcaib bir şey kimi görünəcək, amma XX yüz ilin başlanğıcında da belə bir qətliamın erməni – türk savaşının olduğunu bildiyimiz üçün, insanların bunu da çıxdaş etməsini göz önünə gətirə bilərik”.
Sonra müəllif ali təhsil dalınca Bakıya gəldiyi illəri, qarşılaşdığı haqsızlıqları və o zaman üçün çətin bir dönəmdə (yəni “SSRİ-nin insanlara nəfəs aldırmadığı bir zamanda”) başladığı milliyyətçilik mübarizəsindən bəhs edib. 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində hökumət başında duranların, Azərbaycanın təhsil, mədəniyyət, siyasət sahələrində yüksək vəzifədə çalışanların əksəriyyətinin ermənilər olduğunu qeyd edən Tofiq Abdin yazır: “Hər il Bakının institutlarına, universitetlərinə erməni uşaqları alınırdı. Buna görə hər il qəbul zamanı neçə-neçə Azəri, Türk uşaqları boyunlarını bükərək kənardan baxmalı olurdular. Bakıya gəldiyim birinci il bu taleyi yaşayanlardan biri də mən oldum. Bakı bizləri tanımaq istəmirdi”.
Qarşılarına “Güney və Quzey Azərbaycanının birləşdirilməsi və müstəqil bir Azərbaycana sahib olmaq” məqsədi qoyan gənclərin birləşdiyi, milliyyətçilik uğrunda qurulan təşkilatın üzvü Tofiq Abdin çox keçmədən DTK tərəfindən izlənməyə başlayır. Dövlət İncəsənət İnstitutunda qiyabi təhsil alan gənc, “Dumanyan adlı bir erməninin kadrlar şöbəsinin müdirliyini etdiyi” toxuculuq fabrikində işə başlayır. Burda həmin erməninin satqınlığı nəticəsində DTK əməkdaşları tərəfindən tutularaq sorğuya aparılır: “Bu cür tutulmaq da bir növ psixoloji təsir idi və məni bir erməninin əliylə, erməni fitnəsi ilə tutuqlamaq, daha çox əzmək və heysiyyətimə toxunmaq, rəzil etmək məqsədi daşıyırdı”.
DTK-nın mərkəzi binasında keçən uzun-uzadı sorğu-sualları xatırlayan müəllif içindəki qorxunu belə təsəvvür edib: “İçimdəki bu qorxu məni o qədər üzəcək ki, mənim içimdə özünə elə bir yuva quracaq ki, mən özüm də bilmədən bu qorxunu içimdə əməlli-başlı bəsləməli olacam. Pasport kimi bu qorxunu daşıyacağam...”
DTK-da Tofiq Abdinlə apardığı sorğu zamanı ondan nə üçün evində türk ədəbiyyatına aid kitablar olduğunu soruşurlar: “Nə deyəcəyimi bilmirdim. Mən bir kənd uşağı idim və bizim kəndimiz İran Azərbaycanına yaxın olduğundan mənim türk deyilən bir məfhumdan çox-çox sonralar xəbərim olmuşdu”.
Sonrakı səhifələrdə müəllif onun şeirlərinin necə ələ keçdiyini və bu şeirlərdəki misralara görə ittiham olunduğunu yazıb. Tofiq Abdin uzun çəkən sorğudan sonra onun həmin dövrdə Azərbaycan DTK sədrinin müavini olan görkəmli siyasi-ictimai xadim Heydər Əliyevin qəbuluna aparıldığını yazıb və onunla görüş səhnəsini, bu görüşün yazarın sonradan sərbəst qalmasındakı müsbət rolunu da diqqətə çatdırıb.
Nəşrin sonunda xalq yazıçısı Anarın “Şəxsiyyətin miqyası” essesindən parça, millət vəkili Elmira Axundovanın kitabından maraqlı məqamlar, şair Fikrət Qocanın T.Abdinin “Şəhərimiz ayaq açır” kitabına yazdığı ön söz verilib.
Günel MUSAYEVA
525-ci qəzet.- 2010.- 21 may.- S.7.