Daş yağan gün
Roman
(Əvvəli ötən saylarımızda)
Nəcəf sürünü arxacdan çıxarıb, qabaqda gedən qoşabuynuz erkəcin yönünü düşdükləri yurda tərəf döndərdi. Nəcəf daxili bir təlaş keçirirdi. Düşünürdü ki, sabah-birisi gün dağbəyidən səs-soraq çıxmadığına görə onun ardınca gələnlər məni də sorğu-suala tuta bilərlər. Qırmızıpapaqlılar işə qarışsa, məndən də şübhələnib get-gələ salarlar. Andranik Poqosyanı axırıncı dəfə harda görmüsən?! Kimlə oturub-dururdu?! Kimlərlə söz-söhbəti olub?! Və sair, və ilaxır. Əmimin arvad-uşaqlarını da bu işə qata bilərlər. Mal-qara, qoyun-quzu sahibsiz qalıb oğru-əyrinin əlinə keçər. Axtarış aparıb qoşalüləni tapsalar, qanım gedər. Əllərinə maddi sübut keçəndən sonra yaxamı qurtara bilmərəm... – Nəcəf bütün bunları götür-qoy eləyib əl-ayağa düşdü. Axşamdan alaçığı söküb, fərməşləri qabqarıb, at-eşşəyi yükləyib gecə yarısı yola düşdülər. Ətrafa çökən duman gecənin zülmət qaranlığını daha da artırmışdı. Göz-gözü görmürdü. İrəlidəki döngədən bir qaraltı çıxıb köçə qarışdı. – Yəqin yad heyvandır, azıb. – Nəcəf düşündü və yəqinlik hasil etmək üçün irəli yeridi. Alapaça madyanı görəndə gözlərinə inanmadı. Əlini atın belinə, yal-birçəyinə çəkdi. Alapaça madyanın yəhəri islanmışdı. Üzənginin biri hardasa qırılıb düşmüşdü. At Nəcəfin hənirtisini alanda ürəkləndi.
Onun boyun-boğazını, enli çiyinlərini qoxladı. Nəcəf pıçıltı ilə:- Məni xataya salma, alapaça, yalvarıram, buradan get. Bizdən uzaqlaş. Məni səninlə bir yerdə görsələr, o gorbagor Andranikin ölümünün baiskarı kimi ələ keçərəm. Bizə yazığın gəlsin, köçə yaxın gəlmə. – Bunları deyib atı köçdən uzaqlaşdırdı. Köç dərəyə enməmiş alapaça madyan yenə də peyda oldu. Nəcəfə qısıldı, burnunun körüklərini onun sifətinə toxundurdu. Nəcəf yenə də alapaçanı köçdən aralayıb yoluna davam etdi. Ancaq bir neçə dəqiqə keçməmiş alapaça madyan yenə də özünü köçə yetirdi. Nəcəf alapaça madyanın onlardan əl çəkməyəcəyini görüb bu dəfə başqa yol seçdi. Köçü saxlayıb, gecənin qaranlığında bir çətinliklə atın yəhərinin üstünə naxışlı palaz çəkdi. Keçəni qatırın belindən götürüb alapaçaya yüklədi. Təzə toxunmuş naxışlı palaz atın boynundan-başından başqa hər yerini örtmüşdü. Qönçə xala Nəcəfin bu işləklərinə məəttəl qaldı. O, təəccübünü gizlətmədən:
– Ay oğul, gecənin qaranlığında bu nə pəstahdır çıxardırsan?- soruşdu. – Özgənin atını hara aparırsan? İndi də o qalmışdı ki, bizə at oğrusu desinlər?! El içində biabır olmaqdan qorxmursan?! Bu işin üstü açılsa, hökumət o tərəfə qalsın, əminə cavab verə bilərsən?
–
Qönçə xala, düz deyirsən. Elə məsələ
var ki, sən bilmirsən. Arxayın ol. Burada qorxulu bir şey yoxdur. İndi yeri
deyil, sonra ətraflı deyərəm, bilərsən.
Qönçə xala Nəcəfin
sözünü çevirmədi. Nəcəf
köçü tələsdirirdi ki, səhər
açılmamış Ermənistan sərhədini
sağ-salamat keçsinlər.
Hava işıqlaşana
yaxın onlar Gorus şəhərinin
yaxınlığından keçib, Azərbaycan
torpağına çatdılar. Artıq onların üzləşə
biləcəyi təhlükə arxada qaldı. Nəcəf
rahat nəfəs aldı. Gün əyilənə qədər
onlar dayanıb-durmadan yol getdilər. Həsənli kövşənlərinə
çatanda günün saraltısı qalmışdı. Nəcəf
köçü yoldan aralayıb yastı bir təpənin
arxasına döndərdi. O, axşamın düşməsini
gözləyirdi ki, kəndə girəndə
alapaçanı görən olmasın. Əks-təqdirdə
söz-söhbət yarana bilərdi. Qaranlıq çökəndə
sürü kəndə daxil oldu. Artıq əl-ayaq
yığışmışdı. Kəndin ara-bərəsində,
qapı-bacada tək-tük adam görünürdü.
Mikayıl həyətdəki
kötüyün üstündə oturub fikirli-fikirli demisini
tüstülədirdi. Nəcəfin hənirtisini eşidəndə
tez ayağa qalxıb, köçün qabağına
çıxdı. Əvvəlcə Qönçəni atdan
endirdi. Oğlanlarından hal-əhval tutdu. Qoyun-quzunu gümrah
görəndə çiçəyi çırtladı.
Gözü Nəcəfin yedəyində başqa bir ata
sataşanda şübhələnib tez soruşdu:
– Oğul, bu at kimindir?
Nəcəf cavab verə bilmədi.
Mikayılın şübhəsi daha da artdı və eyni
sualı təkrar etdi.
Nəcəf:
– Əmi, bu, uzun məsələdir,
– dedi. – Vaxtilə ermənilərin əsir
götürdüyü Həsənli atlarının cinsindəndir.
Allah-taala elə bir iş işlətdi ki, onu Tanrının
köməyi ilə gavurun əlindən qurtarıb öz
torpağımıza gətirdim.
Mikayıl Nəcəfin nə
demək istədiyini anlamadığından bir qədər əsəbləşdi:
– Oğul, dor-dolaşıq
işlərdən xoşum gəlmir, – dedi. – Bizə
oğurluq yaraşmaz, ocağımız haram
götürmür. Atan Cəbrayıl, goru nurla dolsun, halal adam
idi. Mən də ki, bildiyin kimi gecə-gündüz orucumu
tutub, namazımı qılıb, Allaha dua eləyirəm. Əyri
yola düşüb, nəslimizə-nəcabətimizə
töhmət gətirə bilmərik. Əlim-ayağım dəyməmiş
bu atı hardan gətirmisən, ora da qayrtararsan. Sabah bu
işin üstü açılsa, hökumətdən
yaxamızı qurtara bilmərik. El-oba içində rüsvay
olarıq.
Nəcəf əmisini bir kənara
çəkib, əhvalatı olduğu kimi başdan-ayağa
ona danışdı. Mikayıl
əsl vəziyyətdən hali olandan sonra bir balaca
yüngülləşdi. Və çırağı
yaxına tutub alapaça madyanı başdan-ayağa nəzərdən
keçirəndə, xəyala getdi. Köhnə Həsənlinin
o zamankı gəlhagəlli vaxtları yadına
düşdü:
– Nəcəf, oğul, bu at
Həsənli cinsindəndir, – dedi. – Rəngi, duruşu,
baxışı əsla dəyişməyib. Səhv, düz,
bir halda ki, gətirmisən, gərək bir müddət
üzə çıxartmayaq, tövlədə saxlayaq. Sonra
soruşan olsa, deyərik, yol adamından almışıq.
Dalab vaxtı gələndə cins ayğırla
görüşdürərik ki, nəsli itməsin. İndi
belə cins at harda var?! O vaxt ermənilər buranı
çapıb-talayanda kəndin ilxısını da
yığıb aparıb. Ondan
bəri alapaçanın nəsli kəsilmişdi. Cins at
olması bir də ondan bilinir ki, aradan on illər keçsə
də, yönü bu tərəflərdə olub. Yoxsa
köçə qarışıb gəlməzdi.
Mikayıl irəli yeriyib
alapaçanın boynunu qucaqladı, ala gözlərindən
öpdü, belinə tumar çəkdi. Yedəyindən tutub
tövlənin dib tərəfində bağladı. Nəcəflə
köməkləşib ovxurunu bəs deyincə alafla doldurdular.
Onlar həyətə
çıxanda Mikayıl əlini Nəcəfin çiyninə
qoyaraq:
– Oğul, əvvəla burda
elə bir qəbahət yoxdur, əksinə savaba
çatmısan. O tərəfə qalanda bu, naməhrəm
işdirsə, Allah-taala günahımızdan keçsin. –
Mikayıl bunu deyib üzünü təzə
çıxmış aya tutdu, salavat çevirdi və Allaha
dua elədi...
Nəcəf əmisini kənara
çəkib, qoşalülə əhvalatını da ona
açıb danışdı... Sonra köhnə əckiyə
büküb gizlətdiyi qoşalüləni gətirib
Mikayıla göstərdi. Mikayıl tüfəngi görən
kimi tanıdı və onun
nurdan düşmüş gözləri doldu:
– Oğul, bu tüfəng,
atan Cəbrayılındı, – dedi. –Yuxarı Meşə kənddə
Sərxan adlı kəndxuda varıdı. Çox zəhmli
adamıdı. Hamı onun qabağında zağ-zağ əsirdi.
Kəcdiyi başın sorğu-sualı yoxudu. Öləndən
sonra pərgarı pozuldu. Yurdunda bir oğlu
qalmışdı, o da səfeh çıxdı.
Atasının nəyi varıdı, hamısını
satıb-sovub, sonra da yeri-yurdu bilinməyən bir şəhərli
qızına qoşulub, harasa baş alıb getdi. Sərxanın
arvadı Yasəmən qaldı başsız. O cür
xanım-xatın qadın itə də bir çörək
borcluydu. Yasəmən də əlacsızlıqdan ərinin
tüfəngini satmağa adam axtarırdı. Cəbrayıl
altı kəviz buğda verib, qoşalüləni ondan
aldı. Tüfəngin qundağı köhnədən sədəflə
işlənmişdi. Cəbrayıl sonradan tüfəngin
üstünə öz adını yazdırıb. Kəndimizdə
zərgər barmaqlı bir usta varıdı. O, Cəbrayılın
adını elə yazmışdı ki, hər adam oxuya bilməsin.
İndi təəccüb qalmışam ki, sən ondan necə
baş çıxarda bilmisən?!
Mikayıl qoşalülədən
diqqətini ayırıb, mütəəssir görkəm
aldı:
– Allah-taalanın qəribə-qəribə,
ağlagəlməz möcüzələri var, – dedi.
–Görünür, qoşalülə haçansa
açılıb sahibinin qanını
almalıymıış. Nahaq qan yerdə qalmaz. Alapaça
madyanla, Cəbrayılın qoşalüləsinin hərlənib-fırlanıb
gəlib bura çıxması o göydəki gözəgörünməzin
işidi. Şükr onun kərəminə.
Dağa gedib qayıdandan
sonra Mikayılla Qönçədə, əmisi uşaqlarında
Nəcəfə qarşı xoş bir münasibət
yaranmışdı. Axşamlar evdə yemək-içmək
süfrəsi açılanda Mikayıl Nəcəfi də
çağırıb yanında oturdurdu. Qönçə
xalanın da dilindən – qadan alım, Nəcəf—kəlməsi
düşmürdü. Plov bişirəndə qazanın dibindən
Nəcəfə ayrıca pay çəkirdi. Ancaq Zəriş
məsələsində Nəcəfi yumşaldıb yola gətirə
bilmirdilər. Ona görə
Mikayılın da, Qönçənin də Nəcəfə
olan isti münasibətləri getdikcə soyuyurdu. Evdə
uşaqdan böyüyə hamısı onu burunlamağa
başlamışdı. Mikayılın könlündən
keçirdi ki, Nəcəfin əsgərliyə getmək
vaxtı çatmamış onu tez-tələsik evləndirsin.
Düşünürdülər ki, Nəcəf əsgərliyə
gedib-qayıdanacan Zəriş ev işlərinə əl atar,
biş-düş eləyər, lazım olanda inəkləri
sağar, qoyun-quzunun yerini təmizləyər. Və
Qönçənin də işi xeyli yüngülləşər.
Ancaq Mikayıl nə qədər
dəlil-dəlalət eləyirdi, Nəcəfi ipə-sapa gətirə
bilmirdi. Nəcəf də tərs damarına salıb bu barədə
onların dediyinin əksinə gedirdi. Deyirdi ki, qız durur, mən
dururam. İmkan verin əsgərliyimi çəkim
qurtarım, sonra toy məsələsinin üstünə qayıdarıq.
Bir də ki, bu gündən sabaha etibar yoxdur. Şər deməsən
xeyir gəlməz. Əsgərliyin işini bilmək olmaz. Bəlkə
dava düşdü, başıma qəza gəldi. Heç
qayıtmadım, ölüb-qaldım oralarda.
Bu sözdən sonra Nəcəf
gözdən-nəzərdən düşmüşdü. Ona
yad adam kimi baxırdılar. Bir gün Qönçə Zərişə
əl altdan sifariş göndərib, gətirtdi yanına.
Qızı xəlvətcə başa saldı ki, boynunu yerə
soxum, atan evində təmiz adını saxlaya bilmədin. Kənddə
hamının gözündən düşmüsən. Ala itdən
məşhur olmusan. Düz-əyri, orda-burda adına yüz söz
danışırlar. İndən sonra saa heç kəs
yaxın durmaz. Ata evində qalıb qarıyandan sonra kimə
lazımsan! Ondan sonra Allah bilir axırın necə olacaq. Səninki
Nəcəfdir. Guya ki, qalıb gözləyəndə
hürcahına ondan yaxşısı çıxacaq.
Boylu-buxunlu, pəhləvan biləkli oğlandır. Bölək
vaxtından götürüb, əlimizdə-ovcumuzda
böyütmüşük. Necə olsa, öz
uşağımızdır. Dərrakəli də
oğlandır. Səni bura
çağırmaqda məqsədim odur ki, ata-anana baş
töhməti olmayasan, özünə bir yuva qurasan. Oralara
baxma, burda səni məndən başqa kim tanıyır?!
Yaxşı-yaxşı geyinib-bəzənib özünə
sığal-tumar vurub Nəcəfin böyür-başında
hərlənərsən. Oturuşuna-duruşuna fikir ver. Hər
adamın yanında şit-şit danışıb gülmə.
Ağır otur, batman gəl. Özünü abırlı-həyalı
göstər ki, bəlkə Nəcəfin saa meyli oldu.
Nəcəf bircə dəfə
də olsun, çönüb gözünün quyruğu ilə
Zərişə tərəf baxmırdı. Qız ha
çalışırdı ki, üzünə salıb o barədə
Nəcəfə bircə kəlmə söz desin, oğlan
özünü eşitməzliyə vururdu.
lll
Bir neçə gündən
sonra rayonun hərbi komissarlığından Nəcəfə
çağırış kağızı gəldi. Nəcəf
səhər-səhər kənd soveti sədrinin
qabağına düşüb şələli-şüləli
rayon mərkəzinə yollanmalıydı. Anası sağ
olsaydı, əlləri yana-yana axşamdan səhərəcən
əyirdək qızardardı, sacarası bişirərdi,
yağ-yavanlıq hazırlayardı. Uzaq səfərə
çıxan oğluna yol tədarükü görərdi.
Ancaq əmisi arvadı könülsüz-könülsüz Nəcəfin
yoluna dörd büküm
yuxa-çörək, yüngülvari yağ-pendir, on beş
qaynanmış yumurta qoydu.
Nəcəf axşam tərəfi
qoyun-quzunu yerbəyer eləyəndən sonra bir bəhanə
ilə evdən çııxıb Köhnə Həsənlinin
xarabalıqlarına üz tutdu. Atası Cəbrayılın,
anası Mehribanın, bacı-qardaşlarının
yaşadıqları evin yerini tapdı. Evin suvaqsız
divarları qalırdı. Qapı-pəncərələrinin
yeri bilinirdi. Uçuq dəhlizin baş tərəfində
qaralmış daşlardan hiss olunurdu ki, bura ocaq yeridir. Evin his
vurmuş buxarısı da yerində idi. Nəcəf qəhərini
boğub, çör-çöp topladı, buxarının
qabağında ocaq qaladı. Əlini ovuşdura-ovuşdura
alovun istisinə tutub üzünə çəkdi. Yan üstə
oturub, yumru, qara daşların birini dirsəyinin altına
çəkdi. Bu daşı anası Mehribanın
qaladığı oçağın tüstüsü
qaraltmışdı. Ona görə də bu qara daşlar, Nəcəfə
qu quşlarının tükündən hazırlanan
yastıqdan da çox-çox yumşaq və rahat idi. Nəcəf
bir balaca gözlərini yumdu, özünü ata-anası,
bacı-qardaşının arasındakı kimi hiss etdi. Onda
elə təsəvvür yarandı ki, sifətini isidən
ocağın şöləsi yox, başını dizinin
üstünə qoyduğu anasının ilıq nəfəsidir.
Nəcəf xumarlanıb, huşa getdi. Yuxu dünyasında
ata-anası, bacı-qardaşı ilə
görüşüb həmsöhbət oldu. Başına gələnləri
danışdı. Nəcəfin qohum-əqrəbası
başına yığışıb, əsgərliyə
getməsi münasibətilə ona xeyir-dua verdilər.
Atası Cəbrayıl: – Oğul, yaxşı yol, – deyib
boynunu qucaqladı, üzündən öpdü. Anası
Mehriban bölək vaxtında itirdiyi sonbeşik
balasını bağrına basıb göz yaşı
tökdü və həyətdən çıxanda
arxasınca su atdı. Nəcəfdən olsa, doğma kəndindən,
ata-analı, qardaş-bacılı, qohum-əqrəbalı
dünyasından ayrılmazdı. Sübhə qədər
bax, beləcə bəxtəvər anlarını
yaşayardı. Ancaq ocaq söndüyündən
üşüyən kimi oldu. Yarıyuxulu gözlərini
açanda gördü ki, qaralmış ocaq
daşlarının arasında bir ovuc isti kül qalıb. O,
yerindən qalxıb üzünü bir vaxt atasının həvəslə
hördürdüyü, anasının xalı-xalça
asdığı divarın daşlarına sürtdü.
Qapı-pəncərənin uçuq tağlarını
öpüb, ata-babasının izi olan xaraba yurdu ilə
xudahafizləşdi. Köhnə Həsənlinin ibadət yeri
olan məscidin sükuta dalmış uçuq minarələrinə
baş çəkdi. Bir vaxt burada “Allahu-Əkbər” sədaları
ucalırdı. Nəcəf ermənilər tərəfindən
məhv edilmiş Allahın evinə yaxınlaşanda onun
uçuqlarından bir neçə bayquş qalxıb gecənin
dərinliyində gözdən itdi. Erməni cəlladlarının
vəhşiliyi ucbatından camaatın inam yerində bayquşlar məskən
salmışdı. Nəcəf məscidin
qarşısında diz çöküb, Allaha dua oxudu,
Tanrıdan imdad dilədi. Sonra Köhnə Həsənlinin
xarabazarlıqlarını tərk edib, qənşər bir
yerdə ayaq saxladı, üzünü evlərinə tərəf
çevirdi. Təkrar-təkrar ata-anasını səslədi.
Onun məşum səsi xarabalığa çevrilmiş kəndin
uçuq divarlarında əks-səda verdi. Nəcəfin
gözlərindən leysan kimi yaş süzülürdü.
O, axırıncı dəfə kədərli
baxışları ilə kimsəsiz kəndinə niskilli nəzər
salıb, valideynlərinin yeri bilinməyən məzarları
ilə xudahafizləşdi.
(Ardı var)
Əli İLDIRIMOĞLU
525-ci qəzet.- 2010.- 21 may.- S.7.