Rəsul Rza poeziyasına
dair üç qeyd
Elə bir zaman gəlmişdir ki, ağılla “duymaq” cəhdləri ürəklə
anlamaq cəhdlərini
üstələyir.
Əbu Turxan
Səməd Vurğun, Rəsul
Rza və fəlsəfi poeziya
Sovet dövründə
milli fəlsəfi fikrə təhlükə
mənbəyi kimi baxan ideologiya Azərbaycan ədəbi fikrində o qədər dərin kök atmışdı ki, ayrı-ayrı hallarda şairlər mahiyyətləri,
ümumiləri tərənnüm
etmək “iddiasına”
düşdükdə, ədəbi
tənqid hətta onların şöhrətindən,
nüfuzundan çəkinməyərək,
kəskin mövqe tutmuş, onları “fəlsəfəçilikdə” günahlandırmışdır.
Lakin XX əsr
Azərbaycan poeziyasında
bu tabunu pozmaq meylləri də güclü olmuşdur. Səməd Vurğun da, Rəsul Rza da bütün “fəlsəfəçilik” ittihamlarına
baxmayaraq, vaxtaşırı
konkretlikdən ümumiyə,
mahiyyətə doğru
addımlar atmış
və fəlsəfi poeziyanın gözəl nümunələrini yaratmışdırlar.
Düzdür, Səməd
Vurğunda fəlsəfilik
tamam başqa üslubda və istiqamətdə, Rəsul
Rzada isə xeyli fərqli formada özünü göstərir. Lakin formalar fərqli olsa da, məğzi
eynidir: poeziya fəlsəfi qata yüksəlir. Səməd
Vurğun fəlsəfə
mərtəbəsinə poetik
vüsət qanadlarında
qalxır. Rəsul Rza isə mahiyyət
dünyasına təhlil
və düşüncə
qapısından keçir.
Lakin heç biri bu mərtəbədə
həmişəlik lövbər
salmır və yenidən hissi dünyanın konkret yaşantılarına qayıdaraq
axıradək öz şair missiyalarını
yerinə yetirirlər.
Əmin ər-Reyhani,
Rəsul Rza və rənglərin fəlsəfəsi
XIX əsrin
axırları, XX əsrin
əvvəllərində yazıb
yaratmış görkəmli
ərəb mühacir
şairi Əmin ər-Reyhani “Bəsirət
gözü” əsərində
yazır: “Bir sanskrit aforizmi “Gözlərə görmə
qabiliyyətini qəlb,
qəlbə isə Öiva verir”, – deyir. Sufi ivang Allahla əvəz edərək bunu qəbul edir. Ona görə, rənglər gözlə
necə görünürsə,
qəlbdə də elə müvcuddur. Lakin dövrümüzün
hansı elm və incəsənət xadimi bir rənglər nəzəriyyəsi inkişaf
etdirib? Onlar yalnızca məsələnin
maddi və fiziki tərəfini diqqətə alırlar. Onlar rəngləri ancaq gözlərlə görürlər.
Əlamətdar haldır
ki, rənglərin qəlbdə yaranan, adi gözlə görünməyən təəssüratlar
ilk dəfə məhz
Azərbaycanda şeirləşdi.
XX əsrin görkəmli
şairlərindən olan
Rəsul Rzanın sanki Əmin ər-Reyhaninin çağırışına
cavab olaraq məşhur “Rənglər”
silsiləsini yazması
dünya ədəbi-bədii
prosesinin bütövlüyünə
dəlalət edir. Və Əmin ər-Reyhani də sanki artıq yazılmış olan bu şeirlər silsiləsinə münasibətini
bildirir: “Şəxsən
mən, mövzunun maddi tərəfini görməkdən çox,
onun haqqındakı fikirləri eşitməyi
üstün tuturam. Doğrudan da, sırf qəlb və zehinlə əlaqəli olan şeylər var.”
Rəsul Rza, Elçin və sözün yeni fazası
Bəli, Rəsul
Rza yaradıcılığında
fəlsəfilikdən söhbət
düşən kimi rənglər silsiləsini
yada salırlar. Bu barədə gedən böyük ədəbi-fəlsəfi
mükalimələr hələ
də zehinlərdən
silinməmişdir. Amma
tənqidin diqqətindən
sanki yayınmış
olan, rənglərin kölgəsində qalan daha rəngarəng fikirlər də vardır.
Dünyanın söz ehtiyatı
nə azdır,
nə az!
Elə şeylər
var ki,
sözlə anlatmaq olmaz.
Gərək özün
görəsən,
duyasan.
Fikrinə toplayıb
ürəyinin başına
qoyasan
isinsin,
əl vuranda
köklənmiş sim kimi dinsin.
Şeirin birinci hissəsində “duyğu sözdən daha zəngindir” həqiqəti
ifadə olunur. Amma bu fikir
ilk baxışda nə
qədər “məsum”
görünsə də,
Azərbaycan poeziyasında
sözün qüdrəti
haqqında qərarlaşmış
başqa bir həqiqətlə, yumşaq
desək, uzlaşmır.
Çünki ənənəvi
poeziyada duyğu da, fikir də
həmişə sözün
kölgəsində qalmışdır.
Əlbəttə, klassik
poeziyada söz həm də logos mənasında işlədildiyindən
elə bir ziddiyyət yoxdur. Lakin ədəbi tənqiddə söz sözü diferensiallaşdırılmadığından
bu məna xüsusi vurğulanmamış,
söz fikir və duyğudan fərqli müstəvidə,
onların yalnız ifadəçisi kimi başa düşülmüşdür.
Yəni klassikada sinkretik söz (loqos) anlayışı haqqında yüksək pafosla deyilənlər adi danışıq dilindəki sözə şamil edilməklə fikrin və duyğunun payı mənimsənilmiş olmuşdur.
İkinci fikir bədii-poetik yaradıcılığın
çox mühüm bir cəhətini əks etdirən fəlsəfi ideyanın bədii yolla ifadəsidir. Əslində,
biz bu barədə yazmışıq. Təbii
ki, şeirlə yox, fəlsəfi esse kimi. Mən
fikri duyğuların sıxlaşıb formaya düşməsi kimi, bərkimiş, kristallaşmış,
buzlaşmış hiss kimi
izah etmişəm. Və əksinə, fikir buxarlananda yenidən seyrəlir, qəlibdən çıxır,
duyğulaşır, azad
nəfəs alır, bir düşüncə hadisəsindən bir könül hadisəsinə
çevrilir. Amma biz bu esseni Rəsul
Rzadan yarım əsr sonra yazmışıq, həm
də bədii yaradıcılığın deyil,
fəlsəfi-estetik araşdırılmaların
nəticəsi olaraq. Və yalnız təsadüfən Elçin
Əfəndiyevin “Seçilmiş
əsərləri”nin 7-ci cildini
vərəqləyərkən oxuduğum bu kiçik şeir parçasında mənim
uzun-uzadı izah etməyə çalışdığım
bir mətləbin obrazlı şəkildə
qısa və yığcam deyilişinə
rast gəldim.
Elçin bu şeir haqqında yazır: “Əsrlər keçir, insan təfəkkürü dünyanın
elmi dərkində səsdən iti sürətlə inkişaf
edir, məsafələr
işıq illəri ilə ölçülür,
nüvə protona və neytrona parçalanır və nə yaxşı ki, belə bir
zamanda, elmi-texniki inqilab dövründə Azərbaycan poeziyası, Rəsul Rzanın bu şeirindəki kimi, sözlə – saysız-hesabsız sözlərlə
ifadə olunmayanı belə duymaq və duydurmaq əzmindədir”. Paradoks da özünü elə bunda göstərir ki, “duydurmaq” üçün şairin yenə də sözdən başqa silahı yoxdur. Lakin bu
söz daha o sözdən deyil. Bu söz artıq “ürəyin başında
isinmiş”, “köklənmiş”
sözdür. Necə
ki, nəyi isə nəyə isə hazırlamaq üçün, yetişdirmək
üçün “islağa
qoymaq”, “duza qoymaq” lazım gəlir. Yəni söhbət hissin yetişməsindən, “dəyməsindən”
və ancaq bundan sonra “dərilməsindən”
gedir.
Bəli, bir tərəfdə ənənəvi
sözün qüdrəti,
o biri tərəfdə
sözlə ifadə oluna bilməyən, sözün potensialından
kənara çıxan,
sözə sığmayan
duyğuların mübhəmləri.
Və bu mübhəmləri də
işıqlandıra biləcək
yeni ifadə vasitələri. Bu yeni – yenə də sözdür. Lakin sözün ənənəvi
olmayan yeni imkanları üzə çıxır. Daha doğrusu, fikrin yeni çalarları ifadə olunur. Şairin dediyi kimi, “duyğu fikrə toplanıb ürəyin başında
isidilir” və ancaq bundan sonra
söz üçün
əlçatan olur. Burada istər-istəməz
Əbu Turxanın hisslərin ağıl vasitəsilə modulyasiyasına
dair təlimi yada düşür: Hiss uzaq məsafələrə
fikrin qanadlarında gedir.
Səlahəddin XƏLİLOV
525-ci qəzet.- 2010.- 21 may.- S.2.