Nə zamansa bu nişanda bir atam vardı”

 

(Əvvəli ötən şənbə sayımızda)

 

“Nə xoşbəxt imişəm

bir zaman Allah

Xəbərim olmayıb bu səadətdən”

 

Əli Kərim

 

“...Türkiyənin yeddi yüz illik dövlətçilik təcrübəsi var. İndi fikir ver. Son vaxtlara qədər yəni Türkiyənin tam ayağa durub öz sözünü deyənə qədər bütün xarici ölkələrdə çalışan ən bacarıqlı, ən sanballı diplomatları elə şairlər, yazıçılar olublar. Məgər sənin bunlardan xəbərin yoxdur. Axı məncə sən türk ədəbiyyatını pis bilmirsən. Əbdülhəqq Hamid, Yəhya Kamal Bayatlı, Namiq Kamal, Rəşad Nuri Güntəkin, Yaqub Qədri Qaraosman oğlu, Şövkət Məmduh Əsəndal, Sübhi Tanrıver... Əşşi, uzağa niyə gedirsən sənin o stolüstü kitabının müəllifi, o səcdə etdiyin 1952-ci ildə Türkiyənin NATO-ya üzv olmasına birbaşa imza atan Türkiyənin Xarici İşlər naziri olmuş Mehmet Fuad Köprülü, Yurdaqul, Tofiq Fikrət, Sevr müqaviləsinə imza atan Rza Tofiq və s... hansı birini deyim. Axı bütün bunlar vaxtilə Türkiyənin ən bacarıqlı diplomatları olublar. Elə bunun nəticəsində də Türkiyə diplomatiyası bu gün dünyaya meydan oxumaq səviyyəsindədir. Dünya ədəbiyyatının korifeylərini götürək. Fikir ver, indi adlarını sayacaqlarım dünya diplomatiyasının ən bacarıqlıları olublar. Fransız dramaturqu Bomarşedən tutmuş italyan şairi Bokkaçaya qədər Servantes, Alekyeri Dante, Petrark, Jan Jyuseran, məşhur Şamaxı rəqqasəsi əsərinin müəllifi Qabino, Makiavelli, fransız romantizminin banisi Stendal, Alfons Lamortin, Burbon Basset, Fransua Rene Şatabrion elə Çörçelin özü və digərləri və digərləri. Uzağa getməyək. Elə rus diplomatiyasını götürək. Fikir versən görürsən ki, rus diplomatiyasının ən məşhurları elə yazıçılar, şairlər olublar. Puşkin, Tyutçev, Fonvizin, Qriboyedov, A.Tolstoy, İ.M.Muravyov və başqaları. Vaxtilə Rusiya Xarici İşlər naziri olmuş Çiçerinin Motsart haqqında yazdığı əsəri bu gün də elə sevilə-sevilə oxunur. Adam heç inana bilmir ki, belə bir quru adam belə bir əsər yazsın. Əşşi, belə saymaqla qurtaran deyil ki. Sən təsəvvür elə ki, bu gün Rusiya Xarici İşlər Nazirliyinin qırxdan artıq diplomatı Rusiya Yazıçılar Birliyinin üzvüdür. Özü də bu diplomatlar elə-belə adi boş diplomatlar deyillər. Bacarıqlı, çevik diplomatlardır”.

Atam bu diplomatlardan onların apardığı müşavirələrdən, bağladığı müqavilələrdən, gördükləri işlərdən elə maraqlı hadisələr danışırdı ki...

Sonra atam mənə dedi ki, ay oğul, bəlkə fikirləşəsən, bəlkə bunlardan, şair-yazıçı diplomatlardan nəsə yazasan. Axı bu çox maraqlı mövzudur. Hələ işlənilməyib. Mən özüm də yazardım. Amma mən bu sahənin ancaq özümə aid olan hissəsini bilirəm. Həm də yaşım o yaş deyil. Amma sən... həm diplomatsan, həm də ara-sıra nəsə yazırsan. Bu barədə düşün.

O zaman atamın bütün bu dediklərini adi söhbətlər kimi qəbul edirdim. İndi isə... Ay aman mənim atam bütün bunları hardan bilirmiş? Hə... sən demə xarici ölkələrdə çalışdığım bütün bu illər uzunu etdiyim çıxışlar, apardığım danışıqlar, əldə etdiyim məlumatlar, uğursuzluqlarım hamısı elə atamınkı imiş.

Ay Allah bu illər uzunu mən elə atamı təkrarlamışam ki...

Müxtəlif ali məktəblərdə diplomatiya haqqında oxuduğum mühazirələr hamısı elə atamın sözləri imiş ki... Əgər indiki zamanda tələbələrimə az-çox vətənpərvərliyi, millətsevərliyi aşılaya bilmişəmsə demək onlara özüm də bilmədən atamın fikirlərini çatdırmışam. Özümdən heç nə deməmişəm ki...

İndi düşünürəm ki, fərqi yoxdur hansı sahəni seçməyindən asılı olmayaraq əgər diplomat yox lap belə həkim də olsaydım, mühəndis də olsaydım, özümdən asılı olmayaraq özüm nə hiss etmədən elə atamı təkrarlayacaqdım.

Hə... Əgər dünyasını dəyişməsəydi, indi bu ad günündə yenə də həmişəki kimi qürbət ölkələrin birindən ona təbrik üçün zəng edəcəkdim. Özü də səhər erkən, lap hamıdan əvvəl. Çünki əgər günortaya qalsaydı səbrsiz olacaqdı, hövsələsi daralacaqdı. Telefon zənglərinə cavab verib təbriklər eşitməkdən səbri tükənəcəkdi.

Günorta zəng edib təbrik etsəydim mənə qədər çox adam artıq zəng edib onu təbrik etmiş olacaqdı. Günortaya qədər təbriklər eşitməkdən isə bezəcəkdi.

Bir tərəfdən də ki mən... ev adamı olsam da zəng edib uzaqdan-uzağa ona olan təbriklərimlə, öpüşlərimlə izhari məhəbbətimlə onu bezdirəcəkdim. O da hamıya əlacsız qalıb mehribanlıq göstərib birtəhər telefonda gülümsəyib təbriklərə təşəkkür etsə də mənə çatanda ərklik göstərib hövsələsiz halda “yaxşı da ay oğul bəsdi... hə, hə... di yaxşı-yaxşı sən Allah ətimi tökmə” deyib sözümü ağzımda yarımçıq kəsib tələsik dəstəyi yerinə qoyacaqdı. Sonra isə üzünü yanındakılara tutub özünə bəraət üçün – Vallah bezdim bu zənglərdən, Allahu Əkbər... nə qədər zəng olar, adama nə qədər zəng edərlər – deyəcəkdi. Bir müddətdən sonra isə özünə acığı tutub hirslənib – axı mən bu uşaqla niyə belə kobud danışdım, axı niyə onu pərt elədim, sözünü ağzında yarımçıq kəsdim. Düz iş görmədim. Mənə nə deyirdi ki... Uşaq məni təbrik eləmək istədi (yenə də uşaq) mən də ki... Axı o qürbətdədir, təkdir, qəribdir. Özünə hirslənib sonra isə hirsini kiminsə üstünə töküb mənim üçün kövrəlib özü mənə zəng edəcəkdi. Gün ərzində bəlkə də azı beş-on dəfə mənə zəng edib – ay oğul, ay sənin başına dönüm sən Allah məni bağışla deyəcəkdi. Səninlə bir az kobud danışdım. Ə... vallah bilmirəm bu zənglərin əlindən hara qaçım, canımı hara qoyum-deyəcəkdi.

İndi bütün bunlar olmasın nə atam hirslənib sonra kövrəlsin, nə də ki, mən pərt olum deyə özüm səhər tezdən zəng edəcəkdim. (Onsuz da belə pərtlikləri mən çox görmüşəm, hamısına da alışmışam).

– Ay ata, səni təbrik edirəm. Sənə uzun ömür arzulayıram. Sənə qurban olum, ay ata. Nə yaxşı ki, sən varsan yoxsan mən nə edərdim. Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın, yaman qəribsəmişəm, sənin üçün ay ata deyəcəkdim. Özümdən asılı olmayaraq kövrələcəkdim.

O da həmişəki kimi:

– Ə... sən yenə də başladın. Nə ağzına gələni danışırsan, bəsdir də... niyə mənə qarğış edirsən? Ata üçün bu dünyada ən böyük şərəf oğlunun çiyinləri üzərində bu dünyadan köçməkdir. Bir də ki, atası üçün qəribsəyib, darıxan köpəkoğlu gəlib atasını görər. Daha uzaqdan-uzağa zəng edib onu təbrik eləməz. (Eh... ay ata, nə deyim sənə birini bilirsən birini yox. Axı mən... nə isə... ) Mən artıq öz yaşadığımı yaşamışam. Allaha min şükür! Bundan artığını istəmirəm. Mən sənə uzun ömür arzulayıram. Xoşbəxt olasan. Daha sonra atam bütün bu qarşılıqlı izhari məhəbbətdən bezib, xasiyyətinə tam uyğun olaraq

 

“Övladına bircə kəlmə

can söyləməkdən

Övlad üçün can verməyi

asandı ona”

 

Ə.Kərim

 

sözlərinə əlavə edib:

– Bura bax, hə yaxşı... dayan görüm yaxşı yadıma düşdü. Birdən yanında pulun-zadın olmaz ha... Dədən ölməyib ki... dünən görüm puldan-zaddan korluğun yoxdur ki...

– Yox, yox, ay ata nə danışırsan? Varımdır. Heç nə göndərib eləmə. Narahat olma. Vallah varımdır.

– Ə... yaxşı görək... varımdır. Guya ki, mən bilmirəm indi sənin nəyin var, nəyin yoxdur. Onsuz da sabah səhər sənə pul göndərəcəkdim. Mənə qulaq as. Ata verən pul bərəkətli olur, şirin olur. Eh... təki mənim atam sağ olaydı, o da mənə pul verəydi. Vallah ay oğul alıcı quş kimi əlindən alardım. Bir də ki, bu pulu mən sənə göndərmirəm ki, nəvəmə göndərirəm, gəlinimə göndərirəm, ürəyi nə istəyir qoy gedib alsın.

– Ay ata sən Allah bəsdir də... dedim axı varımdır.

– Uzatma dedim. Ə... sən yenə də başladın? Yaxşı sonra qazanıb qaytararsan. İndi isə borc verirəm.

(Eh ay ata... nə vaxt qazanacağam və nə vaxt qaytaracağam?)

Həmişə də söhbətimizin bu yerində vaxtilə Milli Hökumətin başçısı olmuş Nəsib bəy Yusifbəylinin atasına ünvanladığı məktubları yadıma düşür.

Nəsib bəyin atası müəyyən qədər imkanı olan torpaq sahibi, mülkədar idi. Ortabab mülkədarlardan idi. Nəsib bəy Yusifbəylinin harada olmasından, harada yaşamasından, nəçi işləməsindən, kim olmasından, asılı olmayaraq atası Yusif bəyin bir əli həmişə oğlunun üstündə olub. Onu pul cəhətdən korluq çəkməyə qoymayıb.

Nəsib bəy də atasından gələn bu maddi köməyi böyük məmnuniyyətlə qəbul edirdi. Ata oğlunun dəlisi idi. Oğlu onun bu dünyada ən böyük və yeganə iftixar mənbəyi idi. Ata oğlunun bir sözünü iki eləməzdi.

Biçarə Nəsib bəyin isə ömrü boyu pula ehtiyacı olub. Sıxıntı içində dolanıb, maarif nazirinin müavini, nazir, Azərbaycan Demokratik Respublikasının hökumət sədri kimi mühüm dövlət vəzifələrində işləməsinə baxmayaraq, həmişə atası Yusif bəy tərəfindən maliyyə yardımı alıb.

Bir dəfə yenə də atasına məktub yazıb nə iləsə bağlı pul istəyəndə bu dəfə daha atası dözməyib ona belə bir məktub yazır ki...

“Sözüm yox ay oğul sənə yenə də pul göndərərəm. Amma indi səndə də bir az təpər olsun da... Axı mənim də artıq o yaşım yoxdur. Bu gün varam, sabah yox. Bəs sən mənsiz nə edərsən? Səndən çox nigaranam, ay oğul. Vaxtilə sən tələbə idin, təhsil alırdın sənə yardım edirdim. Çünki işləmirdin. Bu mənim atalıq borcum idi. Sənə kömək etməliydim. Təhsil aldın, qurtardın yenə də maddi vəziyyətin düzəlmədi. Evləndin. Ailə sahibi oldun yenə də maddi vəziyyətin düzəlmədiki, düzəlmədi. Yenə də sənə bacardığım köməkliyi edirdim.

Amma indi ay oğul pis-yaxşı özün qurduğun hökumətdir. Mənim hökumətimi bəyənmədin, yenisini özün qurdun. Başa düşə bilmirəm. Bəs sənin qurduğun hökumət sənə niyə yardım etmir?... Yaxşı ay oğul, qurban olaram sənə. Köməklik deyirsən, köməklik edərəm. Nəfəsim ağzımdan çıxana qədər sənə köməklik edəcəyəm. Arxayın ol... Amma yenə də vallah heç nə başa düşmürəm”.

Yox, yox, vallah yox, qətiyyən yox. Məni düzgün başa düşün. Mən nə özümü Nəsib bəylə müqayisə edib bir tuturam, nə də ki, atası Yusif bəyi atam Bəxtiyarla. Yox, bir də yox. Sadəcə olaraq hadisələr arasında bir az yaxınlıq, müəyyən qədər oxşarlıq görürəm. Həm də mənim atam ömrü boyu maaşla, qonorarla, gecədən səhərə kimi stol arxasında oturub şam kimi əriyə-əriyə ailəsini saxlayıb, nə torpaq sahibi mülkədar olub, nə də ki...

Amma mənə isə... Mənə çatanda isə... kövrəlirəm. Ardını yaza bilmirəm, gözlərim dolur.

 

SƏFİRLİK HƏYATIMIN GÜNDƏLİYİNDƏN

 

Pakistan. İslamabad, 1998-ci il iyunu. İstinin hərarəti kölgədə əlli dörd-əlli altı dərəcəyə qədər çatıb. Heç dözüləsi deyil. Göydən yerə elə bil ki, od yağır. Belə istidə nəinki ilanlar lap elə belə daş da mələyər, dağ da. Belə istidə ailəmi burada saxlaya bilmərəm. Uşaqlar məktəbdən tətilə çıxan kimi (övladlarım İslamabadda türk kollecində təhsil alırdılar) Bakıya göndərirəm.

Elə bu günlərdə Hindistan öz nüvə silahlarını sınaqdan keçirdi. Pakistan Hindistana cavab olsun deyə o da öz silahlarını sınaqdan keçirməyə başladı. Onsuz da gərgin olan siyasi vəziyyət bir az da tarıma çəkildi. Ölkə müharibənin bir addımlığında idi. Saatlarla elektrik enerjisini kəsirdilər, vermirdilər. Kondinsionersiz heç beş dəqiqə belə qalmaq olmurdu. İstidən nəfəsimiz kəsilirdi, ölkədə elə bil ki, hava adında heç nə yox idi. Elektrik enerjisini kəsən kimi qaçıb gedib maşında kondisioneri yandırıb elə oradaca gecələyirdik.

Atam bundan xəbər tutanda çox pis oldu. Kişi heç özünə yer tapmırdı. Hər gün mənə zəng edib, “ay oğul özünə generator al” deyirdi. Elə bütün məsələ də onda idi ki, bizə mərkəzdən göndərilən pul vəsaitində, maddələr cədvəlində generator sözü heç bir bənddə yox idi. Yazılmamışdı. Ona görə də generator nə əlavə texniki avadanlıq, nə də ki, digər alışlar kimi alına bilməzdi. Buna ixtiyarımız yox idi. Maddəni aşa bilərdik. Bunu bizə irad tuta bilərdilər. Bu səbəbi isə heç cürə atama deyib mövcud vəziyyəti başa sala bilmirdim. Amma elə hər dəfə telefonla danışanda deyirdim ki, ay ata arxayın ol, özümə artıq yaxşı bir generator almışam. Əla da işləyir. Heç istini hiss etmirik. Bütün günü kondisionerdə oturub sərinlənirəm. Sən özündən muğayat ol.

Az bir vaxtdan sonra atam hardansa əsl həqiqəti öyrəndi. Bildi ki, generator-filan alıb eləməmişəm, yalan deyirəm, onu sakitləşdirmək üçün belə deyirəm ki, mənə görə narahat olmasın. Amma bunu hardan öyrəndiyini, kimdən soruşduğunu, necə bildiyini indiyə kimi də bilmirəm. Ömrü boyu heç kimin işinə müdaxilə etməyən, heç kimin işinə qarışmayan atam, tək bircə mənim hər bir işimdən dərhal hali olurdu, hər bir addımımdan xəbərdar olurdu. Sanki mənim hər bir addımımı izləyirdi. Mən bunu ona irad tutanda, daha doğrusu belə işlərinə görə ona etirazımı bildirib “Ay ata bəsdir də, axı mən uşaq deyiləm bu nə vaxta kimi belə davam edəcək deyəndə” dillənirdi:

– Səndən çox nigaranam ay oğul. Səndən çox narahatam, ay oğul. Məni də başa düş. Məndən incimə. Çünki təbiət cəhətdən biz ikimiz də elə eyni adamlarıq. Eyni cürük. Xasiyyətcə eyniyik. Mən harda nə səhv edirəmsə, dərhal bilirəm ki, nə zamansa o səhvi sən də edəcəksən. Harda nə qəbahət bir işim olursa bilirəm ki, o qəbahəti sən də edəcəksən. Ona görə də səndən arxayın deyiləm. Ömrümün sonuna qədər də səndən arxayın ola bilməyəcəyəm. Sən mənim təkrarımsan oğul. Sən mən olmaq istəməyən mənsən.

(Axı mən necə sən ola bilərəm ay ata. Vaxtilə dediyim kimi mən bundan sonra lap belə iki yüz il də yaşasam yenə də sənin heç topuğuna da çata bilmərəm. Çünki sən elə sən idin.)

Atamın belə işlərindən vaxtilə heç xoşlanmazdım, acığım tutardı. Onun mənə qarşı olan belə hədsiz və sonu görülməyən qayğılarından bəzən bezərdim də... Onun bu işlərindən inciyərdim də. Ah... Amma indi isə...

 

“Ata silləsinə

ehtiyacım var”.

Adını unutduğum şairdən.

Özü də çox böyük ehtiyacım var.

 

Hə... yayın o qızmar günlərindən birində, Bakıdan İslamabada diplomatik kuryer xidmətinin iki əməkdaşı gəlir. Səfirlikdə görüşdüyümüz zaman onlardan biri mənə bir zərf verib deyir ki, bəs bunu Bəxtiyar müəllim sizə göndərib. Təəccüb etdim. Qəribədir. Axı dünən telefonla danışmışdıq. Heç nə başa düşməyərək zərfi alıb açdım. Zərfin içində bir məktub, bir də...

Aman Allah... Atam mənə generator almaq üçün pul göndərmişdi. Özümə yer tapa bilmədim. Məktubu axıra qədər oxuya bilmədim. Gözlərim doldu. Təkcə bu kəlmələri oxuya bildim.

– Oğul mən burada kondinsionerin altında otura bilmirəm ki, mənim oğlum o istidə qovrula-qovrula qalsın mən isə burda sərinlənim. Ay oğul, Şəkiyə getməliyəm. Amma bunu özümə haram bilirəm ki, mən gedim sərində istirahət edim balam isə istidə qalsın. Vallah yediyimi, içdiyimi özümə haram bilirəm. Səni and verirəm atanın canına, (atam bilirdi ki, bu dünyada ən əziz adamım əstəğürullah Allahım o özü idi. Onun üçün də həmişə məni öz canına and içdirərdi. O mənim yeganə and yerim idi. Yadıma gəlir ki, uşaq vaxtı nəyəsə and içəndə, kimisə nəyəsə inandırmağa çalışanda deyərdim ki, atamın canı, Allahın canı filan işi mən etməmişəm. O zaman atam mənim bu sözlərimə gülərdi. Deyərdi: – Ə... bəsdi məni bu qədər ilahiləşdirmə) tərslik eləmə bu pula generator al!

Bilmirəm bunu haradasa ya oxumuşam, ya da ki, haradansa eşitmişəm. Deyir: – “Xatirələrdə doluxsunurmuş, qəhərlənirmiş, xatirələrdə kövrəlirmiş, bulud kimi dolurmuş, bir himə bənd olur ki, leysan kimi göz yaşlarını töksün”.

 

Ax...

“Nə xoşbəxt imişəm

bir zaman Allah

Xəbərim olmayıb

bu səadətdən”.

 

Ə.Kərim

 

Belə və ya buna bənzər hadisələr. Mən İsveçrədə BMT-nin Avropa bölməsində daimi nümayəndə, səfir işlədiyim vaxtlarda da çox olmuşdu. Dünyanın ən bahalı ölkəsi, Avropanın mərkəzi, ən yüksək ali təhsilin, ən elitar bir cəmiyyətin formalaşdığı belə bir yerdə uşaq oxutdurmaq ən ağlagəlməz bir təsəvvür idi. Bu mənim üçün bir xəyal idi. Qızım Cenevrənin ən seçilən ən bahalı bir təhsil ocağında “Kembric” kurslarında təhsil alırdı. Belə bir təhsil ocağında sözsüz ki, mən təkbaşına qızımı oxutdura bilməzdim. Maddi vəziyyətim buna imkan verməzdi. Mənim bir aylıq məvacibim qızımın aylıq təhsil puluna ancaq çatardı. Qızımın bütün təhsil xərcini isə atam özü çəkərdi. Nə qədər çətin də olsa, nə qədər baha da olsa atam belə bir təhsil üçün qətiyyən heyfislənmirdi. Hər ay vaxtlı-vaxtında təhsil pulunu göndərərdi. Hamıya da fərəhlə deyərdi ki, mənim nəvəm İsveçrədə təhsil alır.

Sonralar qızım Bakıda atamın yaxın dostu dünyaşöhrətli məşhur cərrah, Cənubi Azərbaycanda nəşr olunan “Varlıq” dərgisinin redaktoru Cavad Heyətlə fransız və ingilis dillərində danışanda atam sevincindən heyrətini gizlədə bilməmişdi. Sevincindən gözləri parıldayırdı. Tez-tez deyərdi:

– A kişi, sən bir işə bax l... mənim nəvəm ingilis-fransız dillərində belə sərbəst, belə rəvan danışır. Şekspiri, Hüqonu öz dilimdə oxuyur. Onların dilində danışır.

Amma atam heç bir vaxt mənim uğurlarımla belə fərəhləndiyini bildirməzdi, üzə vurmazdı. Nə mənim farsca belə səlist və rəvan danışığımdan, nə çox erkən yaşlarımdan elmlər doktoru, professor olmağımdan, nə də ki, fövqəladə və səlahiyyətli səfir rütbəmdən bir elə fərəhlənməzdi. Bilmirəm, bəlkə də fərəhlənərdi, sevinərdi, amma ki, bildirməzdi, qətiyyən, üzə vurmazdı.

 

Bircə kəlmə söz açmazdı

qəlbindəkindən

Bildirməzdi övlad üçün

çox yandığını.

 

Əli kərim

 

Amma nəvəsinin əvvəllər İsveçrədə oxuyub sonra isə Fransada təhsilini davam etdirməyindən sonsuz dərəcədə sevinərdi, fərəhlənərdi.

 

lll

 

Atam sırf müsəlman təbiətli, hər bir məsələdə qayda-qanun güdən milli adət-ənənəyə son dərəcə riayət edən bir adam idi. Xeyir köhnə fikirli deyildi, konservator deyildi. Qətiyyən yox. Nədənsə biz həmişə kiminsə haqqında filankəs müsəlman təbiətli, milli adamdır deyəndə dərhal fikirləşirik ki, həmin adam köhnə fikirlidir, geridə qalmışdır. Xeyr atam müasir, açıq fikirli, hər bir yerdə yenilikçi demokratik bir adam idi.

Deyirdi ki, hər bir xalqın, hər bir millətin yaratdığı öz demokratiyası özünəməxsus olmalı, onun öz adət və ənənəsinin milli dəyərlərinin üzərində qurulmalıdır.

Amerikanın öz adətlərinə uyğun olan öz demokratiyası var. Avropanın öz demokratiyası, Rusiyanın öz demokratiyası var mənim də özümün başa düşdüyüm öz azadlığım, öz demokratiyam olmalıdır. Vəssalam. Amerikanın azadlığı, Avropanın sərbəstliyi mənə örnək ola bilməz. Bu mənə yaddır. Mənim sərbəstliyim, mənim azadlığım onların gördüyü, onların bildiyi əməl etdiyi demokratiyadan fərqlənməlidir. Mən demirəm ki, mənim qanunlarım, demokratiya bildiyim zat onlarınkından yaxşıdır və yaxud da onlarınkı bizimkindən pisdir. Xeyr. Mən nə Amerikanın demokratiyasını qəbul edə bilərəm, nə də ki, Avropanınkını. Doğrudur, Amerika azadlıq ölkəsidir. Buna heç kim heç nə deyə bilməz. Amma ki, bərabərlik ölkəsi deyildir. Mənim demokratiyam, mənim azadlığım, sərbəstliyim öz köküm, öz milli dəyərlərim, yazılmamış amma əməl olunan dədə-bala qanunlarım üzərində qurulmalıdır. Yoxsa ara qarışar, məzhəb itər. Böyük-kiçik hörməti aradan götürülər. Əlbəttə, Avropada hər nə yaxşı varsa mən onu inkar etməməliyəm. Əksinə onu götürməliyəm, özümünküləşdirməliyəm, öyrənməliyəm. Bu vacibdir, bu dünyanın qanunudur. Amma öz yaxşılarımı da unutmamalıyam. Onların adətlərini öz adətlərim üzərində qurmamalıyam. Onlar mənim yaxşılarımı, yaxşı adətlərimi götürmürlərsə özləri bilərlər, bu onların öz işləridir. Halbuki mənim yaxşılarım onlarınkından qat-qat çoxdur, daha gözəldir. Amma mənim adət-ənənəmə də hörmət etməlidirlər, ona hörmətlə yanaşmalıdırlar, onu pisləməməlidirlər. Yoxsa arada yaxınlıq, qarşılıqlı hörmət itib-batar, bir-birimizə hörmətsizlik yaranar”.

Atam deyərdi: – “Əgər bu dünyada yəhudilik, buddizm, xristianlıq və islam dini kimi dörd ideologiya mövcuddursa və bu ideologiyanın dördü də Asiyada yaranıb sonradan bütün Asiyaya, ağız büzən Avropa ölkələrinə, Amerikaya yayılıbsa onda demək Asiya daha mədəniyyətli və elmi cəhətdən daha irəlidədir. Avropanın icad etdikləri ixtiralar, kəşflər isə hələ məlum deyil ki, bəşəriyyəti inkişafa doğru aparır, yoxsa ki, geriyə sürükləyir. Bunu gələcək göstərəcək. Dünya təkcə biznesdən, alqı-satqıdan, iqtisadiyyatdan ibarət deyil. Bütün bunlar insanı insan sifətindən çıxardır. İqtisadiyyat da, alqı-satqı da ilk növbədə ideologiyanın üzərində qurulmalı, ideologiyaya xidmət etməlidir. Yoxsa bəşəriyyətdə vəhşiləşmə gedər. Əgər biz də həm ideoloji cəhətdən həm də ideologiyadan doğan mədəniyyət və elmi cəhətdən daha irəlidəyiksə, onda mən nəyə görə Avropaya inteqrasiya olunmalıyam. Və bunu da özümə bir şüar kimi qəbul etməliyəm. Heç gör Avropa Asiyanın yaxşılarını görüb Asiyaya inteqrasiya deyirmi? Əlbəttə yox. Deməz də, çünki öz milli dəyərlərini qoruyub saxlayır. Enşteyn deyirdi ki, texniki inkişafın müqabilində insanlıq çox ləng inkişaf edir. Texniki tərəqqi Avropada, insani tərəqqi isə Asiyada irəliləyir”.

Qloballaşma bütün millətlərin, bütün sivlizasiyaların bir-birinə qarışması deməkdir. Millətlərin bir-birinə qarışması isə bəşəriyyətin ən böyük faciəsidir. Orta əsrlərdə dünyada cəmisi altı-yeddi dövlət mövcud idi. Bu isə elə əsl qloballaşma olub, qloballaşma dövrü olub. Bəs onda bu niyə indiyədə kimi davam etmədi, parçalandı? Özünü doğrultmadı. Doğrulda da bilməzdi. Əvvəllər internasionalizm deyib bar-bar bağırırdıq. Dilimizin əzbəri elə bu zəhləm getmiş internasionalizm kəlməsi olub. Sonradan məlum oldu ki, internasionalizm SSR-i tərkibində yaşayan ancaq və ancaq Orta Asiya xalqlarına və bir də bizə şamil olunub. (Yəni türk xalqlarına) Nə gürcülər buna əməl etmədi, nə ermənilər, nə baltik ölkələri buna getdi, nə də ki, digərləri.

Yaponları götürək. Ağlı-zəkası ilə iyirmi beşinci əsrdə yaşayırlar, öz milli dəyərlərinə, öz adət-ənənələrinə görə isə on beşinci əsrdən kənar çıxmayıblar. Bütün dünyaya da meydan oxuyurlar. Avropaya inteqrasiya kəlməsinə də gülürlər. Çünki görürlər ki, bütün Avropa xalqları elə gizlində Yaponiyaya inteqrasiya edirlər. Yapon mədəniyyətini, əxlaqını öyrənirlər. Bütün dünya İsrail dövlətinə hörmətlə yanaşır. Çünki İsrail ilk növbədə özü-özünə hörmət edir. Hər bir keçmiş adətinə hörmətlə yanaşır. Heç bir dəfə görmürsənmi desin ki, gəlin Avropaya inteqrasiya edək. Deməz də. Çünki pis-yaxşı özünün kökdən gələn dədə-babadan qalan öz adəti, ənənəsi var”.

Mən də atamın öz atasından, o da öz babasından götürdüyü, heç bir yerdə demədiyi, heç bir kitabda yazmadığı, amma riayət elədiyi, adət-ənənəyə kökdən gələn demokratiya üzərində köklənmiş bir adamam. Avropanın ağız büzdüyü, anlamadığı adət-ənənəyə üstünlük verən bir adamam. Baxmayaraq ki, uzun müddət Avropada yaşamışam, bütün Avropanı da qarış-qarış gəzmişəm.

 

 

(Ardı var)

 

İsfəndiyar VAHABZADƏ

 

525-ci qəzet.- 2010.- 22 may.- S.22-23.