Şəstlə, səxavətlə xərclənən ömür

 

1988-ci ilin payız mövsümü idi.

“Sovetlər Birliyi”nin bir birliyi qalmasa da, hələ də “yuxarı”dan “ali göstərişlər” gəlir, “yuxarılı-aşağılı” təpkilər tətbiq olunur, qarmağının ilişgəni qırılmış balıqçı qırmaqdan çıxmağa cəhd edən və buna şansı da olan balığı hər vəchlə əlində saxlamağa çalışdığı kimi, bu Birlik də 15 “qardaş”ın əldən getməkdə olan 14-dən heç olmazsa 11-ni bütün təzyiq və basqı vasitələrindən istifadə etməklə kütləşmiş caynaqlarının arasında sıxaraq, mümkün qədər ləngitməyə çalışırdı.

15 “qardaş”ın – milli mentalitetindən, dini mənsubiyyətindən və cərəyan edən(elətdirilən) hadisələrə fərdi baxışlarından asılı olaraq – hər birinin yurdunda, ocağında müxtəlif “çalar”lı, müxtəlif “ölçü”lü “meydan hərakatı” hökm sürməkdə idi – nizamsız, primitiv, kor-koranə...

“Meydan hərəkatı”nın “bir”i də(elə birincisi) bizim “pay”ımıza düşmüşdü. Necə yəni, “yağlı tikə” ola, onu görən ola, ağzı sulanmaya, əlbəttə ki, bu absurd sayılardı.

Bəli, qədim, Böyük və qüdrətli Azərbaycan dövlətinin ərazisinin beşdə birini “saxlayıblar” “sağolmuşlar”, hələ onu da çöx görürlər bizə. Deyirlər ki, “pay” verdiyiniz Təbrizistan “cənublu”lara, Dəmir Qapı Dərbənd “şimallı”lara, Ulu Türkün Ulu Borçalısı Borçalının “qonşu”larına, Qərb bölgəmiz isə “yazıq” Hayastanlılara azlıq eləyir. Neyləyirsiniz bu Xankəndini, Şuşanı və ona yaxın olan əraziləri. Xanınız yox, Xankəndinə yaylağa gəlsin, həvəsiniz yox, yoxuşa qalxasınız, qışı soyuq, qarlı-qadalı, yayda da ki, dənizi yox çiməsən, bulvarı yox gəzəsən tum çırdıya-çırdıya, kağız tumluq əlində, gələn-gedən əcnəbi qonaqlarımız də baxa sənə, “paxıllıq” eləyə.

Verin Yuxarı Qarabağı da bu “yazıq” millətə, bir az da qayğınız azalsın hündürdə yaşayanlara...

“Portret”ini çəkmək istədiyim günlərin birində, hamımızın “Jiquli” kimi tanıdığımız VAZ-2101 markalı bir maşınla 4 “yol yoldaşı” Hövsandan Bakıya gəlirdik. “Yoldaş”larımın heç biri, heç üzdən də tanış gəlmirdi mənə. Yerim darısqal olduğundan “komfort”um da yox idi. Şəhərə çatacağımı, maşından düşəcəyimi səbrsizliklə gözləyirdim.

Biz “Səməd Vurğun bağı”nın yanına çathaçatda mən beyqəfil, heç onun özünün də gözləmədiyi bir halda bizim kənsayağı, ancaq onun öz ləhcəsilə soruşdum: “Aya, sən Şilyanlı döörsən?”

“Yoldaşım” dooruxdu, duruxdu və bir az ehmal, lakin surətli tərzdə: – “Şilyanlıyam, bəs sən haralısan?” Mən də qonşu Boyatdanam deyə cavab verdim(mən bir dəfə bir nəfərnən söhbət əsnasında Neftçala rayonunun Bankə kəndini nəzərdə tutaraq, ondan soruşanda ki, “sən Bankəlı deyilsən?” – sualıma həmsöhbətim də bax beləcə heyrətlənmişdi).

Bax, beləcə tanış olduq.

Mən Əzizov Fəxrəddin Seyfəddin oğlu – 1954-cü ildə Ucar rayonunun Boyat kəndində doğulub, boya-başa çatmışam, Nizami Tağı oğlu Məmmədov isə məndən 4 il əvvəl – 1950-ci ildə, Ucardan gələn əsas poçt yolu bizim kəndimizdən keçən, Boyatla təxminən 5-6, rayon mərkəzi iləsə 24-25 kilometr arası olan, Azərbaycanda mövcud olan üç Şilyan kəndindən – (biri Kürdəmir Şilyanı və ya Göyərçin Şilyanı), Ucarda isə mövcud olan iki Şilyan kəndindən biri – Yuxarı Şilyan(bu kəndi Əbdürrəhman Şilyanı da adlandırırlar) kəndində(digəri isə Tiflis-Bakı magistralının sağ kənarında yerləşən Təzə Şilyan) doğulub, boya-başa çatıb...

Qısa və ayaqüstü söhbətləşmə zamanı, Nizami müəllimin o vaxtkı M.F.Axundov adına “Rus dili və Ədəbiyyatı İnstitutu”nun(indiki Bakı Slavyan Universiteti) məzunu və aspirantı olmaqla, filologiya elmlər namizədi, həmin institutun “XX əsr rus ədəbiyyatı” kafedrasının dosenti olduğunu öyrəndim, öz növbəmdə isə o vaxtkı D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu(indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirib, Respublika Yerli Sənaye Nazirliyinin Maliyyə şöbəsinin müdiri vəzifəsində çalışdığımı onun diqqətinə təqdim etdim...

Biz Nizami müəllimlə yaxınlaşdıq, dostlaşdıq, ailəvi gediş-gəlişimiz də oldu. Nizami müəllimlə qaynayıb-qarışandan sonra, onun Yuxarı Şilyan kəndindən olan, ancaq Zərdab rayonunda o vaxtlar fəaliyyət göstərmiş Camışçılıq sovxozunun sürücüsü işləmiş Tağı kişinin oğlu oldugunu da bildim.

Tağı kişini ərazidə, xüsusilə də bizim kənddə yaxşı tanıyırdılar. Mən uşaq idim, o məni tanımasa da, mən onu tanıyırdım. Çünkü mən çox vaxt evləri poçt yolunun qırağında, kəndin ortasında dördyol deyilən yerin kəsişməsində, M.Füzuli adına kolxozun İdarə Heyətinin İnzibati ərazisi və binası ilə üzbə-üz yerdə yerləşən ana babam Alıoğlu Firudingilin həyətində olardım və demək olar ki, kəndimizin içindən keçən bütün maşınların markasını, dövlət nömrə nişanlarını, sürücülərini və maşınların hansı təşkilata mənsub olduğunu və s. belə əzbərdən bilirdim. Hətta rayonların əksəriyyətinin avtomobil-nömrə nişanlarının seriyalarını da bilirdim, eləcə də şofer Tağını da(onu belə çağırırdılar) tanıyırdım.

Biz hər ikimiz artıq Hövsan qəsəbəsində yaşamırıq. Mən ailəmlə 1993-cü ildən Yeni Əhmədli qəsəbəsində, Nizami müəllim isə öz ailəsi ilə Nizami rayonunun 8 kilometr qəsəbəsində yaşayırıq. Indi də əlaqələrimiz və təmaslarımız davam edir. Nizami müəllimin gözəl ailəsi var. Onun üç övladının – Şəbnəm, Gülay, və Raminin toylarında iştirak etmişik. O, babadır, 2 nəvəsi var.

Nizami Məmmədov filologiya elmlər doktoru – Bakı Slavyan Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professoru, Azərbaycan Beynəlxalq Universitetinin “Rus dili və ədəbiyyatı” kafedrasının müdiridir. Nizami müəllim geniş spektrli zəka sahibidir. Onun leksikonu son dərəcə zəngin və rəngarəngdir. Gözəl natiqlik məharətinə malik olan Nizami müəllim, bəlağətli danışmağa üstünlük verəndir də. Nizami müəllimin bu və ya digər elmi və ya bədii əsər barədəki mülahizələri, miqyasından asılı olmayan auditoriyanı özünə cəlb etməyə, onun diqqətini yetərincə məşğul etməyə qadirdir. O, söhbətin predmetini məzmunlu məcraya yönəltməklə fikrini dolğun və lokanik şəkildə çatdırmağa çalışan müasir təfəkkürlü, proqmatik düşüncəyə malik nadir ziyalılarımızdandır.

Nizami müəllim zəhmətkeş, barmağı qabarlı və məhsuldar alim və ədibdir. O, bir sıra elmi monoqrafiyaların, 300-dən artıq məqalənin, 11 dərslik və dərs vəsaitinin və bir neçə bədii kitabın müəllifidir. Onun nasirliyi ilə yanaşı şairliyi də var. O, nəsrdə öz sözünü deyə bildiyinə əmindir, lakin “şeirlə ciddi məşğul olsam, burada da yadda qalan nümunələr yarada bilərəm”, deyir.

Masamın üstündə Nizami Tağısoyun müəllifi olduğu və 2009-cu ilin sentyabr ayında öz avtoqrafı ilə mənə bağışladığı 8 adda müxtəlif janrlı kitabları yer alır.

Nizami Tağısoyun “Axtaracaqsan məni” adlı kitabını vərəqləyərkən müəllifin müxtəlif illərdə qələmə aldığı şeir nümunələri ilə üz-üzə qalırsan. Kitab 5:- müəllifin əziz anasına ithaf etdiyi “Vətən məhəbbəti”, “Sevgi şərqiləri”, “Dostlarıma”, “Kövrək duyğular” və “Poemalar” bölmədən ibarətdir. Kitabda yer almış şeirlər təmiz hisslərin, ilıq nəfəsin, kövrək pıçıltıların hədsiz sevgisinin məhsuludur desəm, heç də yanılmaram.

Bax bu misralarda deyildiyi kimi: –

 

...Çaylar şır-şır axacaq,

Güllər ətir saçacaq.

Kəndə toy qurulacaq,

Axtaracaqsan məni.

Məni çox anacaqsan,

Yollara baxacaqsan.

Ürəkdə yanacaqsan,

Axtaracaqsan məni...

 

Nizami Tağısoyun növbəti şeirlər toplusu “Bəlkə dünya öz yolunu çaşıbdı” adlanır.

Bu kitaba müəllifin müxtəlif illərdə yazdığı şeirləri və “Təzadlar” adlı poeması daxil edilib. Kitabda müəllifin sevgi nisgili və Vətən yanğısı daha qabarıq şəkildə hiss olunmaqdadır.

Nizami Tağısoyun Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Azad Nəbiyevin elmi redaktorluğu, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü-professor Nizami Cəfərovun və filologiya elmləri namizədi Ağaverdi Xəlilin rəyçi olduqları və filologiya elmləri namizədi, dosent Rüstəm Kamalın “Ön söz”ü ilə başlayan və “Mütərcim” nəşriyyatında 2009-cu ildə nəşr edilərək oxuculara təqdim olunmuş növbəti kitabı “ŞİLYAN: özü-sözü – çeşmənin gözü” adlanır.

Bu kitabı müəllif – “el-oba gözündə kişiliyi, mərdliyi və dəyanəti ilə tanınan, daim düzlüyü ilə ucalan Şilyanın müdrik ağsaqqallarına, dili bayatılı, sinəsi nağıllı ağbirçəklərinə oğul sevgisiylə ithaf” edib.

Müəllif bu kitabı, el-oba sevgisiylə yaşayan, el sözünü yüksək dəyərləndirən, el deyiminə hörmətlə yanaşan insanlar üçün nəzərdə tutulduğunu qeyd etməklə, kitabda Şilyan və şilyanlılar haqqında tarixi-etnoqrafik məlumatlar, Şilyanlıların alqışları, qarğışları, andları, sınamaları, and, inam yerləri, ayamaları və ləqəbləri, bayatıları, lətifələri, uşaq oyunları, Azəri türkcəsinin Şilyan şivəsi, yerli dialektdə işlənilən söz və ifadələrin özəllikləri, folklor nümunələri, Şilyan şairlərinin yaradıcılığından verilmiş örnəklər və Şilyanın təpərli kişilərinin həyatından səhifələr ilk dəfə çap edilib, oxucuların zövqünü oxşamaqla, onların şilyanlıların qeyri-adi müşahidəçilik qabiliyyətinə, müdrikliyinə, baməzəliyinə və hazırcavablığına maraqlarının bir az da artıracağına ümid bəsləməklə qələmə alınıb.

Kitabda yer almış, yuxarıda sadaladığım “Şilyan özəllikləri”ndən bəzi nümunələr:

alqışlar: “Ovun qannı olsun”, “Əllərin dam odu görməsin” və s.

qarğışlar: “Səni şaqqar-şaqqar yanasan”, “İçin pətə-pətə olsun” və s.

andlar: “Ay haqqı”, “Nar piri haqqı” və s.

sınamaları: – “Qız gəlin köçəndə dalınca daş atarlar”, “Toyu təzə olmuş iki gəlinin üz-üzə gəlməsi pis əlamətdir” və s.

and, inam yerləri: –“Haqverdi baba ocağı!”

ayamalar və ləqəblər: –Nurulu məhləsi:- “Dılıdıy Soltan”, Abuşdu məhləsi: – “Mıymıy Qasıməli”, Əhməddi məhləsi: – “Lıpnıdidi Abdulməcid”, Cındarrı məhləsi: – “Gözəmə Sadəddin”, başqa məhlələr: – “Dakka Nuğay” və s.

bayatılar: –

 

“Əzizinəm Şilyana,

Bənd kənara, şil yana.

Vətəndə hər yan gözəl,

Mən məftunam Şilyana”.

lətifələr: – “Keçən əsrin 50-ci illərində Həşimli Əhmədin oğlu Tofiq, Paşa əminin maşınında köməkçi işləyirmiş. Tofiq olduqca cır adam imiş. Kim onu dindirsə, onda ona o qədər acı və çılğın cavab verərmiş ki, onu dindirən peşiman olarmış. Necə olursa, yenə camaat arasında Tofiqin heç kimin xoşuna gəlməyən hərəkətlərindən danışanda, şofer Tağı (ona həm də rus Tağı deyirdilər) özünü saxlaya bilməyib deyir: Ayə, ondan danışmayın, “on tselıy meşok otrava!”

– Azəri türkcəsinin Şilyan şivəsi: – “düəcər – didərgin”, “əltək – zəif”, “əzvayış – vəziyyət, hal” və sair və ilaxır.

Göründüyü kimi, bütün nümunələr ayrı-ayrılıqda orijinal, özəl və təkrarolunmazdır.

... Nə az, nə çox, bax beləcə tanıyıram 60-ı xırıd eləmiş təəssübkeş həmyerlim, əziz dostum, peşəkar pedaqoq, istedadlı qələm sahibi, həmkarım, nasir, şair, tənqidçi, folklorşünas, ən önəmlisi isə gözəl insan, dəyərli vətəndaş, nümunəvi ailə başçısı, qayğıkeş ata və nəvəcanlı baba – Nizami Tağıoğlunu.

60 il azdırmı, çoxdurmu!? Hər halda bunu Ulu Tanrımız bizdən daha yaxşı bilir.

Mənim fikrimə gəldikdə isə 60 il tarix baxımından – kiçik bir an, zaman baxımından – yaşanılan həyat payı, ömür baxımından – gəldiyin yolda buraxdığın, səni yaddaşlara yaza biləcək bir iz(əməl, iş və s.), şəxsiyyət baxımından isə, “səndən sonra” rəhmət və ya ... sahibi olmaqdır.

Başqa sözlə desək, hər yaşanılan gün, insanın ilk növbədə özünün-özünə, bütövlükdə isə içərisində yaşadığı cəmiyyət qarşısında ciddi bir hesabatıdır.

Nizami Tağısoyun 60 illik “hesabat”ı “Balans komissiyası” tərəfindən qəbul ediləcəkmi? Mübaliğəsiz – “HƏ”! Çünki bu “hesbat”ın DEBETi ilə KREDİTi “öpüşür”, maliyyəçi dili ilə desək. Bu da sevgidən, həyat eşqindən yaranır. Nizami Tağısoyun sevgisi isə öz içinə sığmayan asimanə bir eşqdir. Deməli, həyatın davamına həm lüzum var, həm də buna Nizamisevərlərin mənəvi ehtiyacı və təlabatı var.

Allahın nursifətli bəndələrindən olan Nizami Tağıoğlu!

Şəstlə, səxavətlə xərclə ömürü, Allahın verdiyi ömür payını, elə Allahın özü üçün, özün üçün, bir cıqqan da bizlər üçün!..

 

 

Fəxrəddin MEYDANLI,

şair-publisist

 

525-ci qəzet.- 2010.- 22 may.- S.21.