Bir vicdan rəmzi də dünyadan getdi

 

Nəslimin yapraq tökümü başlandı...

 

(N.Hikmət)

 

Bu yaxınlarda eşitdim ki, tələbə dostumuz Bəxtiyar Məmmədzadə vəfat edib. Bu ani xəbər mənə çox ağır təsir etdi. Heç kəs görməsin deyə gecə İstanbulun sakit küçələrinin birində onu doyunca ağladım, öz-özümə ağı dedim, onun ruhuna Fatihə oxudum. Əlimdən nə gəlir ki... Sonra bir gecə Bəxtiyarı yuxuda gördüm. Yenə də xırda damalı köynək geymiş, adəti üzrə köynəyi şalvarının üstünə salmışdı. Yenə gözündə ucuz gözlük var idi. Hərdən çıxarıb səliqə ilə yavaş-yavaş silirdi. Damağında yox, əlində, iki barmağının arasında ucuz siqaret tutmuşdu. Siqareti siqaretin oduna yandırırdı. Arıq, bir az bükük çiyinlərini sanki heç vaxt düzəlməyəcək şəkildə aşağı əymişdi. Kiminləsə mübahisə edirdi. Kimsə onu təhqir edirdi. Amma Bəxtiyar hamının başının üstündən uzaqlara baxırdı. Bəlkə xəyalındakı köhnə Bakıda, Sovetski küçəsindəki dostları ilə tində söhbət edirdi. O tində yalnız nəşə çəkənlər komalaşıb durmurdular, bir-birinə bıçaq çəkən bir cənub şəhərinin elə oğlanları var idi ki, onlar riyaziyyatdan, kosmosdan, qədim mədəniyyətdən, həyatın, dünyanın çıxış yollarından danışırdılar. Bir tərəfdə nəşə, o biri tərəfdə Füzuli. Bir tərəfdə gec-tez saplanacaq əyri bıçaq, kiminsə kəllə sümüyünü çatladıb deşəcək barmaqlar, o biri tərəfdə orta məktəbi qızıl medalla bitirib qazlı Sovetski suyu ilə gələcəklərinin ilk naxışını çəkən ümid, sevgi dolu yeniyetmələr, cavanlar. Bəxtiyar da onlardan biri idi. Bəlkə də birincisi. Qəribə bu şəhərin təzadı, adamların əksliyi deyildi. Məni heyrətləndirən nəşə çəkən qədeşlə, o biri tindəki kitab adamlarının ruhundakı doğmalıq, qohumluq, eynilik idi. Sərhədlər yalnız ölkələr arasında deyil. Ən böyük sərhəd doğmalar arasındadır. O sərhəd keçilməzdir, qanlı, acı göz yaşları ilə doludur. Bu faciəni Bakıdan yazan bakılı olmayanlar heç vaxt bilməyəcək. Bilmədikləri üçün də yazmayacaq. İnsan bəzən həqiqətin içində ola-ola, onun bir parçası ola-ola həqiqəti dışarda, hardasa uzaqlarda axtarır və təbiidir ki, tapmır, tapa bilmir.

Bu yazını yazanda öyrəndim ki Tofiq də rəhmətə gedib, Bəxtiyardan bir neçə il əvvəl. Allah rəhmət eləsin.

Bəxtiyarın bir sinif yoldaşı, bəlkə də ən yaxın dostu Tofiq Qəhrəmanov idi. Sonralar bu çılğın gənc gözlərini itirdi və evdə oturub yazıçılıq etməyə başladı. Və qabiliyyətli qələm adamları Bəxtiyarı deyil, içində yaşadığı Bakını deyil, ədəbiyyatdakı Bakını yazmağa başladılar. İndi də yaşadığını, yaşamadığını bilmədiyim bu istedadlı və zəhmətkeş yazıçı üçün Bəxtiyarın nə qədər həyəcan keçirdiyini, nələr etdiyini bilən bilir, bilməyən də bilmir.

Bəxtiyarın iki sinif yoldaşı üçün hansı cəfalar çəkdiyinin də uzaqdan-uzağa şahidiyəm. Onlardan biri şikəst idi, o birisi olduqca yoxsul idi. Bəxtiyar onlar üçün də əlindən gələn hər şeyi edirdi. Amma söhbət onda deyil ki, Bəxtiyar dostsevən və ya xeyirxah adam idi. Mən onu vurğulamaq istəmirəm. Bəxtiyarın bəlkə xoşbəxtliyi o dostlarının yaşaması, az-çox uğur qazanması, ailə qurmaları, oğul-uşaq sahibi olmaları idi. Bəxtiyar sanki öz dostlarını deyil, doğma övladlarını oxudurdu, yazılarının işıq üzü görməsi üçün gecə-gündüz can qoyurdu.

Mən inanıram ki, Bəxtiyar müəllimin ən böyük xoşbəxtliyi jurnalda yeni romanı çıxan Tofiqin kasıb süfrəsində içdiyi çay, şikəst şair dostunun oğlunun toyu, kasıb dostunun ümidlə ona zillənmiş doğma baxışları olub. Və inanıram ki, Bəxtiyar müəllimin həyatının ən gözəl anları elə bu dostlarıyla keçib.

Müəllimlərin içərisində mərhum Samət müəllimə, Samət Əlizadəyə, yenə mərhum dilçi alim Ağamalı Həsənova xüsusi hörmət bəslədiyini bilirdim və bunun da səbəbini bilmirəm. Heç hər şeyin səbəbini də bilməyə ehtiyac yoxdur.

Bu bizim nəslin ilk təbii ölümüdür. Nəhayət, ölüm adlı qaçılmaz gerçək qapısını açıb: “Buyurun, xoş gəlmisiniz” – dedi. Əgər ölüm haqdırsa, bu acı, sıxıntı qədər darlığı, təbiiliyi də qəbul etməliyik. “Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya” budur, başqa bir şey deyil. Başqa olan bizim Allahın zərrəsi olduğumuzdur, ruhumuzun əbədiliyidir. Biz öz ölümümüzə yaraşdığımız kimi, ölümümüz də bizə yaraşır. Bəxtiyar kimi adamların ölümü bu yaraşmanı o qədər gözəl ifadə edir ki, dünyagirlik, bu dünyadan dörd əli ilə yapışmaq anlayışı bir quruşluq əhəmiyyət kəsb etmir. Mal-mülk sahibi, dəstə-tayfa başçısı öləndə sanki dünya dağılacaq. Amma dünya öz işindədir və dağılıb eləmir də. Dağılan insanın bu dünyadakı hökmranlığıdır, yığdıqlarıdır, qurduğu yalançı dünyadır, toxuduğu tordur.

Bəxtiyarın ölümü bu otaqdan o otağa keçmək və ya evdən qapını açıb bayıra çıxmaq kimidir. Kimin cənnətə və ya cəhənnəmə gedəcəyini biz müəyyənləşdirmirik. Allahın işi Allaha aiddir. Bəxtiyar sadəcə bu dünyada, işlədiyi universitetdə, yaşadığı məhəllədə, dərs dediyi tələbələrin həyatında, dostları, qohumları arasında, onu uzaqdan-yaxından tanıyan hər kəsdə bir tutam işıq buraxdı, bir az istilik, bir az insanlıq, bir az inam, bir az da söz-sənət, məhəbbət qoyub getdi. Bu dünya o qədər böyük, gəlib-gedən o qədər çoxdur ki, bir az sözünün özü elə bir dünya qədərdir.

...Erkən ölənlər qalanları xəcalət içində qoyub gedirlər. Ölümə “yaxşı ki, mən deyiləm” deyib düşünənlər də var. Erkən ölümün xəcalətini çəkənlərin də olduğuna inanıram mən.

Ən azı o çəkilməmiş ucuz siqaret, geyilməmiş dama-dama köynək və onu səhər-səhər dərsdə gözləyən tələbələr dəhşətli dərəcədə darıxacaqlar. Sonra yavaş-yavaş siqaret də, köynək də, tələbə də Bəxtiyarsızlığa öyrəşəcək. Bu yalan dünyanın bir yalanı Bəxtiyar adlı gerçək olacaq. Allah rəhmət eləsin...

Sinif yoldaşı Elxan şərqşünaslıq fakültəsinə daxil oldu. Məşhur alim oldu. O biri dostu Moskvanı seçdi. Orda da qaldı, sonra İsrailə köçdü. Başqa birisi politexnik institutunu seçdi. Məşhur avtomatik oldu.

Bəxtiyar ədəbiyyatı seçdi. Onun qızıl medalı, aldığı Lenin təqaüdü, fərqlənmə diplomu Saatlının hansısa uzaq kəndində iki il müəllim işləməyə çatdı.

Mən Bəxtiyardan bir kurs aşağıda oxuyurdum. Bu eynəkli kürən oğlanla heç bir stəkan çay belə içməsəm də, onun buram-buram tüstülənən siqaretinin arxasındakı qeyri-adiliyini, təmizliyini, dərinliyini o qədər aydın görürdüm ki, dost olmasam da, heç bilmədiyim səbəbdən ona dəhşətli dərəcədə həsəd aparırdım. O uzaq kənddə müəllim işləyəndə, o vaxtın məşhur əlaçı tələbəsi, aspirant Sokrat Musa həlak oldu. Qüdrət Cəfərov bir ulduz kimi sönüb getdi. Aydın Məmmədov elmin meyxana, dərviş yolunu seçdi. Onu da zəmanənin boşluğu əjdaha kimi uddu.

Bəxtiyar müəllimin izi-tozu yox idi. Bir dəfə universitetin yanındakı əski küçələrin birində Bəxtiyarı gördüm. Yaxınlaşıb salam verəndə gördüm ki, dəhşətli dərəcədə oxşasa da, Bəxtiyar deyil. Bu oğlan gülümsəyib “Mən Bəxtiyarın kiçik qardaşıyam” – dedi.

Mən müəllim idim. Respublika mətbuatında yazılarım çıxırdı, sürətlə məşhurlaşırdım. Ancaq içimdə bir ağrı var idi – Bəxtiyar məndən yaxşı oxuyurdu, olduqca sadə, təvazökar idi. Səssiz-ünsüz adamın taleyi mənə vicdan ağrısı verirdi. Heç kəsə deməsəm də bu həqiqət mənim üçün vicdan yarası idi. Baxmayaraq ki, mən də kimsəsiz kənd uşağıydım, müəllimlərim məni seçmişdi, boyumu bəsləmişdi və məni universitetin alay oğlu eləmişdi. Bəxtiyarın iddiasız, səssiz-səmirsiz, şöhrətsiz itkinliyi azacıq vicdanı olan üçün ağrı doğururdu və dünyanın ədalət adlı bir ölçüsünə xəyanət idi. Qalanlar ölənlərin yanında xəcalətlidir.

Bəxtiyarla oxuyan, ondan qat-qat zəif, mənən ondan qat-qat aşağı olanlar məşhur alim, rektor oldu, ölən öldü, qalan qaldı. Və günlərin bir günü gördük ki, universitetdə həyasızlığı ilə məşhur olan qəddar və savadsız bir müəllimə onu gətirib və universitetdə müəllim olması üçün rektoru divara dirəyib və istədiyinə nail olub. Mənim də sevmədiyim o qadın, etdiyi bütün pislikləri Bəxtiyarı universitetə gətirməklə elə tərtəmizcə yudu.

Bəxtiyar hazırlıq şöbəsinin müəllimi oldu. Çox gec müdafiə etdi. Daxilində tamam başqa bir dünya olan Bəxtiyar müəllim Allaha o qədər inanırdı ki, bu inam onda mühitə, insanlara nifrət yaratmırdı. Mən hər dəfə uzaqdan onu görəndə, imtahanlar zamanı bir yerdə işləyəndə büllur kimi təmiz adamın bu çirkli dünyadan, bu ikiüzlü alimlərdən nə qədər uzaq, yad olduğunu hiss edirdim və bu hiss mənə qətiyyən fərəh vermirdi, əksinə olduqca kədərləndirirdi. Tez-tez onun yanında Əlağa Vahidin bir az xəstə oğlu Ramizi, Əkrəm Cəfərin yenə bir az nasaz oğlu Sokratı, sinif yoldaşı rəhmətlik İskəndəri, tələbə dostu Ağasını görürdüm. Seyid Əzimdən 100 səhifəlik kiçik kitab yazmışdı. Bu onun müdafiə etdiyi namizədlik dissertasiyası idi. Seyid Əzimin poetikasından idi. Bu balaca kitabın çəkisi minlərlə ağır, sanballı, iddialı, mükafatlı kitablardan ağır idi. Bu kitab da, onu qələmə alan adam kimi yad idi, başqa zamandan gəlib çıxmış qərib kitab idi. Qəribləri kim sevir ki?

Yeganə silahı uzaqlığın rəmzi olan yayda şalvarının üstünə saldığı xırda damalı köynək idi, damağından, əlindən düşməyən siqaret idi. Gözlüyü onu dünyadan, dünyanı ondan gizlətmək üçün Allahın ona verdiyi ən böyük hədiyyə idi.

Əbülfəz Elçibəy ilə də dost idi. Amma onun nə masa dostu, nə də ideya dostu deyildi. Onları birləşdirən qeyri-müəyyən fəlsəfəydimi, müasir dərvişlikiydimi, təmizlik, təmənnasızlıqmıydı, nəydi bilmirəm.

Siyasi mübarizə və prezidentlik illərində, sonrakı ağır illərdə də onlar görüşmürdülər. Ancaq bu etibarsız dünyada Əbülfəz bəylə Bəxtiyar müəllim dostluğu var idi. Həmin dostluq da bu dünyalı olmadığı üçün tam görünmür və mənim üçün izahedilməzdir. Mühit çirkləndikcə Bəxtiyar müəllim də bu dünya ilə iplərini bir-bir qoparıb atırdı. Onu nə gözəl ailəsi, nə Allaha saf, təmiz sevgisi xilas edə bilməzdi. Bəxtiyar müəllim dəhşətli dərəcədə ağır bir gerçəklə üz-üzə qalmışdı: artıq bu dünyaya vicdan lazım deyildi. Təmizlik dövründən azıb gəlmiş son mogikanlara ehtiyac qalmamışdı.

Dünyada iki cür ağrı var. Birincisi bədən ağrısı, fiziki-bioloji ağrı. Bir də ruh ağrısı, könül ağrısı- görünməyən, bilinməyən, ələ gəlməyən ağrı. Bəxtiyarın ağrısı fiziki ağrıdan daha çox bitib tükənməyən könül ağrısı, qəlb sızıntısı idi. Fiziki-bioloji ağrı Bəxtiyarı öldürə bilməzdi, onu öldürən ruh, könül ağrısı idi. Cəmiyyətə, dövrana sığmayan və bu sığmazlığı utana-utana içində gizlədən adamlar elə bil bu dünyaya vicdansızların, abırsızların, əclafların xəcalətini çəkmək üçün gələnlərdir. Nədənsə həmişə Bəxtiyar deyəndə mən qoraqovuran avqust ayının qəbul imtahanlarını xatırlayıram. Qəribə paradoksdur-qəbul imtahanlarını hazırlayanlar, şişib yerə göyə sığmayanlar yada düşmür. Onun-bunun əziyyətini çəkən kasıb ziyalıların ümidsiz qələmi və fikir adamlarının övladları üçün özünü oda yaxan Bəxtiyar yada düşür. Avqust bitəndən sonra Bəxtiyarın arvad-uşaq yanında yenə əli boş, cibi boş halda siqaret sümürməsi yer üzünün izaha, təhlilə gəlməyən qəribə bir səhnəsidir. Bəxtiyar qohum-qonşu tənbehi içində sevindirən o idi ki, kənddən- kəsəkdən, dağlı məhəlləsindən beş-üç layiqli, qabiliyyətli dayısız uşağa əl tuta bilmişdi. Möhtac ziyalı dostları Ağasının, İskəndərin, nə bilim kimin övladlarına əl tuta bilmişdi. Kasıbın da, kimsəsizin də Allahı var. O Allah da Bəxtiyarı yaratmışdı ki bu kimsəsizlərə yaraya bilsin.

Heç bir şeyə təəccüblənməyən bu qəribə adam sanki bu dünyaya bir dəfə də gəlmiş, bu mürvətsiz dünyanı bir dəfə də yaşamışdı. İndi yaşadığı bu dünyada hər şey ona əlinin içi kimi aydın görünürdü. Dama-dama köynəkli ucaboy, beli bir az əyilmiş bu qəribə müəllim həyatın və insanın bu başından baxıb o başını görürdü. Görmək, anlamaq asan deyildi.

Təbiət də, dünya da zəmanəyə artıq olan hər şeyi özü yeyib bitirir. Yavaş-yavaş və sıra ilə gedirik. Bizi gözləyən var. Burada gecikmək adlı bir şey yoxdur. Hər kəs öz vaxtında, öz vədəsində gedir. Geridə əməl qalır. Yaxşı və pis əməllər. O geridə qaldığını sandığımız irəlidə bizi gözləyir. Onların arasında əlində kitab, tələbə yoldaşımız – kürən saçlı, kürən bığlı, ucaboylu, dama-dama köynəkli Bəxtiyar da var. Səhər-səhər sinfə ilk gələn şagird, tələbə kimi sonra gələnləri qarşılayan tək bizi qarşılayacaq və sonra dərs başlayacaq. O dərsi də hamıdan yaxşı anlayan və dərk edən qızıl medallı, fərqlənmə diplomlu Bəxtiyar olacaq.

Taleyi onun alnına birincilik yazıbsa bu dərsin birincisi də o olacaq.

Allah sənə rəhmət eləsin, Bəxtiyar.

Əgər imkanın olsa, dönüb tək bir dəfə geri baxa bilsən bizi bağışla.

Hər şey üçün bağışla...

 

 

KAMİL VƏLİ

 

525-ci qəzet.- 2010.- 22 may.- S.20.