Afaq Məsudun
yaradıcılığından növbəti dissertasiya
müdafiə olunub
Bir müddət öncə-qəzetimizin əvvəlki saylarının birində Moskva Dövlət Universitetinin Bakı filialının baş müəllimi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Fərqanə Zülfüqarovanın “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” elmi-tədqiqat əsərindən kiçik bir hissə dərc edilib. Niyə məhz bu mövzuya müraciət etməsinin səbəbi ilə maraqlandıqda dissertant indiyədək Azərbaycanda Afaq Məsudun və məşhur ingilis yazıçısı Virciniya Vulfun yaradıcılığının geniş tədqiqata cəlb edilmədiyini nəzərə alaraq məhz bu mövzuya müraciət etdiyini açıqlayıb: “Görkəmli ingilis yazıçısı Virciniya Vulfla Azərbaycan ədəbiyyatının tanınmış siması Afaq Məsudun yaradıcılığı arasında görünən analoji və psixoloji oxşarlıqlar onların yaradıcılığına müraciət etməyimə səbəb oldu. Yaradıcılıqlarına dərindən bələd olduğum Virciniya Vulf və Afaq Məsud hər ikisi psixoloji-modernist nəsrin nümayəndəsidir. Hər iki yazıçının əsərlərində insan özgələşməsi, ikiləşmə, ekzistensial tənhalıq, şüuraltı sirlərin açılması ön plana çəkilir”. F. Zülfüqarova elmi işində hər iki yazıçının yaradıcılıqlarının həm oxşar, həm də fərqli cəhətlərini elmi aspektdən araşdırdığını bildirib: “Dissertasiyada ümumiyyətlə, insanın aqibəti Azərbaycan və Qərb ədəbiyyatının müqayisəli təhlil kontekstində verilib. Məlum olduğu kimi, insan amili Qərbə nisbətən Şərqdə üstünlük təşkil edir. İnsanın ruhi, mənəvi, əxlaqi dəyərləri Şərq aləmində daha önəmlidir. Bu baxımdan Afaq Məsudun “O məni sevir” ilə Virciniya Vulfun “Missis Deloyey” əsərlərinin müqayisəli təhlili zamanı birinci müəllifin yaradıcılığında qadın, ana obrazının daha dərin və canlı alındığı nəzərə çarpır. “O məni sevir”də ana, övladının münasibətindən qıcıqlansa da, sevgisini büruzə verməyi bacarır. Əsərdə ana-övlad məhəbbəti ilahi qatda işlənildiyindən, bu münasibətlərin ən dərin mahiyyəti açılır. Virciniya Vulfda ana-övlad münasibətləri sona qədər açılmır, burada ana övladına vaxt ayıra bilmədiyindən ana-övlad münasibətlərinin mahiyyəti mücərrədliyində qalır. Bu əsəri müəllif öz həyatından yazıb. “O məni sevir”dən fərqli olaraq, “Missis Deloyey”də ananın natamam sevgisi ilə yanaşı övladın anaya istehzalı münasibəti hiss olunur. İntellektual nəsrin görkəmli nümayəndəsi olan Afaq Məsudda insan mahiyyəti intellektual şəkildə büruzə verilir. Bu, əsasən yazıçının şüuraltı qatda işləmək məharətindən irəli gəlir. Virciniya Vulfla Afaq Məsudun yaradıcılıqları bu baxımdan oxşardır. Hər ikisində şüuraltı proseslər ön plana keçir. Afaq Məsudun yaradıcılığında mühüm yer tutan digər məqam – yazıçının hər əsərində rast gəlinən yuxu fəlsəfəsidir. Əsərlərində bəzən onun, yuxularının təsirinə qapılaraq onların diktəsinə qəribə bir müntəzirliklə əməl etdiyi, bəzən isə bu yuxuları gördüyünə görə özünü günahkar hiss etdiyi duyulur”. Dissertantın sözlərinə görə, tədqiqatında yazıçının “Duyğular imperiyası” əsərinə də xüsusi önəm verib: “Qısa esselərin, hekayə və aforizmlərin toplandığı “Duyğular imperiyası” bütövlükdə vahid süjet – insan mahiyyətinin gizli qatlarını açan duyğu süjeti üzərində qurulub. “Duyğular imperiyası”nda yazıçı, insanın şüuraltı dünyasına enir və onun, öz şüuruyla yaratdıqlarından daha yuxarıda olan bir aləmi – ruhi aləmi anlamaq iqtidarında olduğunu isbat edir, dünyanın heç də yüksək vəzifəli şəxslər tərəfindən yox, Tanrının yazdığı qanunlarla idarə olunduğunu ön plana çəkir”.
F.Zülfüqarova Afaq Məsudun yaradıcılığı ilə yaxından tanış olduqdan sonra Azərbaycan qadınının əzminə, qüdrətinə heyran olduğunu bildirərək deyib: “Mən Afaq Məsudun yaradıcılığına dərindən bələd olduqdan sonra gözlərim önündə əsl Azərbaycan qadınının siması canlandı. Boynuna düşən ən mühüm missiya – analıqla bərabər, məişət problemlərinə qərq olan ictimai yüklü Azərbaycan qadını çox güclü və mətindir. Afaq Məsud sübut edir ki, sadaladıqlarımla yanaşı Azərbaycan qadını həm də dünya miqyasında dəyər veriləcək yüksək səviyyəli əsərlər yazmağa qabildir”. Dissertant indiyədək V. Vulfun yaradıcılığı haqqında rus və Azərbaycan dillərində məlumatın yox dərəcəsində olduğunu da vurğulayıb: “Bu dissertasiya vasitəsilə Azərbaycan oxucusu ilk dəfə olaraq Virciniya Vulfun yaradıcılığı haqqında fikirlərlə tanış olmaq imkanı əldə edəcək”. F. Zülfüqarova söhbətində həmçinin Afaq Məsudun yaradıcılığına müxtəlif vaxtlarda Avropada müraciət olunduğunu, ancaq ölkəmizdə onun əsərlərinin ilk dəfə olaraq geniş tədqiqata cəlb edildiyini qeyd edib: “İndiyədək Afaq Məsudun ayrı-ayrı əsərləri haqqında mətbuatımızda məqalələr dərc olunsa da, yazıçının yaradıcılığı geniş anlamda təhlil edilməyib. Ancaq müxtəlif vaxtlarda Avropada- Qərbi Berlində və Vyanada onun əsərlərinə elmi tədqiqat aspektindən müraciət olunub.
Dissertasiyamda yazıçının yaradıcılığını dərindən tədqiq etməyə çalışmışam. Afaq Məsudun yaradıcılığından əsas xətt kimi keçən qadının ekzistensial tənhalığı, insanın mənəvi təkamül prosesi, şüur axını məsələlərinin təhlilini verməyə səy göstərmişəm. Mayın 7-də Milli Elmlər Akademiyasında akademik Bəkir Nəbiyevin rəhbərliyi ilə keçən müdafiədə yazıçı özü də iştirak edib. Afaq Məsud onun yaradıcılığına Azərbaycanda müraciət olunduğundan məmnun qaldığını bildirməklə yanaşı, dissertasiyanı yüksək dəyərləndirib, tədqiqatın alimlik işindən daha yüksək, yaradıcı bir əsər olduğunu diqqətə çatdırıb”.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2010.- 22 may.- S.17.