Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(əvvəli ötən şənbə sayımızda)

 

Hörmətli oxucular, bu məqalədə uzun müddət kölgədə qalan, lakin müəllimlərin metodik hazırlığı və peşəkarlıq səviyyəsinin yüksəldilməsində böyük əhəmiyyət daşıyan metodik xidmət barədə mülahizələrimi diqqətinizə təqdim edirəm.

Məlumdur ki, müəllimlərin davamlı olaraq peşəkarlıq səviyyəsinin inkişafı, fənlərin tədrisi sahəsində yeniliklərlə tanış olması, tədris metodikasının təkmilləşdirilməsi, onların ixtisasartırma ehtiyaclarının müəyyənləşdirilməsi, ümumi təhsil sistemində metodik xidmətin təşkili rayon təhsil şöbələri nəzdində olan metodiki kabinetlər tərəfindən həyata keçirilməlidir.

Mövcud Əsasnamədə də metodik kabinetlər qarşısında xeyli vəzifələr müəyyənləşdirilmişdir:

–Pedaqoji kadrlarla aparılan metodiki işləri istiqamətləndirir, onların təkmilləşdirilməsi, ixtisasının artırılması və yenidən hazırlanması işini təşkil edir.

–Dayaq məntəqələrinin işini təşkil edir, bu prosesə fənlər üzrə ən qabaqcıl müəllimləri cəlb edir, müəllimlərin pedaqoji, psixoloji və metodik sahələr üzrə ehtiyaclarını öyrənir, onların tələbatlarına uyğun təkmilləşdirmə və ixtisasartırma prosesinə hazırlıq işlərini aparır, müvafiq təkliflər hazırlayır, ixtisasartırma təhsili müəssisələri ilə birlikdə proqramların tərtibində iştirak edir, müəllimlərin ixtisasartırma kurslarında iştirakını tənzimləyir.

–İxtisasartırma kurslarından sonra pedaqoji kadrların fəaliyyətini müşahidə edir, qiymətləndirir və metodik kömək istiqamətində təkliflər hazırlayır.

–Kurslararası dövrdə pedaqoji kadrların özünütəhsil və inkişafı üzrə tədbirlər görür, müvafiq metodik məsləhətlərin verilməsini təmin edir.

–Həm özləri, həm də pedaqoji kadrlar tərəfindən kurikulumların, yeni pedaqoji texnologiyaların, müasir təlim metodları və strategiyalarının öyrənilməsi və tətbiqi işini təşkil edir, bu istiqamətdə müəllimlərlə seminarlar və treninqlər keçirir.

–Təlim-tərbiyə işlərinin keyfiyyətinin yaxşılaşdırılması, yeni pedaqoji texnologiyaların, müasir təlim metodları və strategiyalarının öyrənilməsi və yaradıcılıqla tətbiqi sahəsində məktəb və metodbirləşmə rəhbərlərinin, müəllimlərin işini istiqamətləndirir, onlara metodik kömək göstərir.

–Müəllimlərlə aparılacaq metodik işlərin məzmununa, forma və üsullarına dair məktəb və metodbirləşmə rəhbərlərini təlimatlandırır.

–Fənlərin tədrisi metodikasının təkmilləşdirilməsi, yeniliklərin və nailiyyətlərin öyrənilməsi və pedaqoji prosesdə tətbiqi sahəsində müəllimlərin fəaliyyətini istiqamətləndirir.

–Müəllimlərin dərslərinin dinlənilməsini və müzakirəsini təşkil edir, onların peşəkarlıq səviyyəsinin artırılması və inkişafı, ixtisasartırma təhsilinə cəlbi barədə təkliflər hazırlayır.

–Fənlər üzrə proqram materiallarının yerinə yetirilməsi vəziyyətini öyrənir, bu istiqamətdə müəllimlərə və metodbirləşmə rəhbərlərinə metodik köməyi həyata keçirir.

–Yeni proqram, dərslik və dərs vəsaitlərinin müzakirəsini, müəlliflərlə görüşləri təşkil edir, onların tətbiqi üzrə təklif və tövsiyələrin hazırlanmasını təmin edir.

–Təhsil müəssisələrində psixoloji xidmətin təşkili, istedadlı uşaqların aşkar edilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işin təşkili sahəsində məktəb rəhbərlərinə və pedaqoji kollektivlərə metodik kömək göstərir.

–Yeni qiymətləndirmə sisteminin tətbiqi ilə əlaqədar məktəb rəhbərləri və müəllimlərlə təlim seminarları keçirir, müntəzəm olaraq müəllimlərə metodik kömək göstərir.

–Pedaqoji kadrları və ictimaiyyəti tədris sahəsindəki ən yeni nailiyyətlər və qabaqcıl pedaqoji təcrübələrlə tanış etmək məqsədilə mühazirələr, qrup və fərdi məsləhətlər, sərgilər, disputlar, seminarlar, “dəyirmi masa”lar təşkil edir.

–Mütəmadi olaraq qabaqcıl pedaqoji təcrübələri öyrənir, ümumiləşdirir və yayılmasını təmin edir.

–Gənc müəllimlərlə iş üzrə xüsusi plan tərtib edir, onların inkişafı və təcrübə mübadiləsi sahəsində müntəzəm iş aparır.

–Təhsil müəssisələrində metodik işin vəziyyətini, şagirdlərin nailiyyətlərinin səviyyəsini, həmçinin tərbiyə işinin təşkili vəziyyətini öyrənir, Metodşurada və RTŞ şurasında müzakirəsini təşkil edir.

–Pedaqoji kadrların ehtiyac və tələbatlarının diaqnostikasını aparır, müvafiq təklif və tövsiyələr hazırlayır.

–Tərbiyə işinin səmərəli təşkilinə metodik kömək göstərir, pedaqoji kollektivlərdə milli-mənəvi dəyərlərin, dövlət rəmzlərinin təbliği işini təşkil edir.

–Təhsil müəssisələri ilə birlikdə müxtəlif bilik yarışları, müsabiqələr, olimpiadalar və digər tədbirləri təşkil edir.

–Tədris metodikasının təkmilləşdirilməsi, innovasiyaların tətbiqi, yeni pedaqoji texnologiyalardan istifadə və digər sahələrdə metodik tövsiyələr və tədris vəsaitləri hazırlayır.

–Təhsil işçilərinin konfranslarının (sentyabr və yanvar) bölmə iclaslarının təşkili, fənlər üzrə metodik tövsiyələrin hazırlanması və hesabatların hazırlanması ilə bağlı tədbirlər həyata keçirir.

–Metodistlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində məqsədyönlü iş aparır, onların vaxtaşırı “öyrədənlərin öyrədilməsi” təlimlərinə cəlb edilməsi, respublika və beynəlxalq səviyyəli treninqlərdə iştirakının təmin edilməsi, mütəmadi olaraq pedaqoji mətbuatda yazılarla çıxış etməsi istiqamətində tədbirləri həyata keçirir.

Qeyd etmək lazımdır ki, son illərdə ümumi təhsil müəssisələrinə metodik xidmətin təşkili, xüsusilə yeni kurikulumla işləyəcək ibtidai sinif müəllimlərinin treninqlərə cəlb olunması, təlimati seminarların təşkili, dayaq məntəqələrinin işinin istiqamətləndirilməsi, pedaqoji innovasiyalar və onların tətbiqinə dair tövsiyələrin hazırlanması, məktəblərdə monitorinqlərin keçirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi, yeni dərsliklərin müzakirəsi və s. bu kimi məsələlərlə bağlı bir sıra rayon və şəhər təhsil şöbələri metodiki kabinetləri tərəfindən müəyyən işlər görülmüşdür. Bu sahədə Sumqayıt Şəhər Təhsil Şöbəsi metodik kabinetinin müsbət işi xüsusi qeyd edilməlidir. Burada işin düzgün qurulmasının nəticəsidir ki, metodik kabinet tərəfindən təhsilin yeni məzmununun tətbiqi, təhsil müəssisələrində şagirdlərin faktik biliklərinin aşkara çıxarılması, müəllimlərin peşəkarlıq səviyyələrinin öyrənilməsi, dayaq məntəqələrində işin təşkili və müsabiqələrin keçirilməsinə daha çox diqqət yetirilir. Son illər şagirdlərin faktiki biliklərini aşkara çıxarmaq üçün IV sinfdən başlayaraq bütün siniflərdə monitorinq keçirilmiş, nəticələr ŞTŞ-də və məktəblərdə müzakirə olunmuşdur. Müəllimlərin elmi-nəzəri və peşəkarlıq səviyyəsini müəyyənləşdirmək məqsədi ilə ibtidai sinif və fənn müəllimləri arasında monitorinq keçirilərək nəticələr metodbirləşmə yığıncaqlarında müzakirə edilmiş, zəif nəticə göstərən müəllimlərin elmi-nəzəri səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Uzun illər təlim-tərbiyə müəssisələrində sənədlərin tərtibində formalizmi aradan qaldırmaq məqsədilə Sumqayıt metodik kabineti tərəfindən ondan artıq vəsait hazırlanıb yerlərə çatdırılmış, sağlam rəqabətin yaranması məqsədilə mütəmadi olaraq müəllimlər arasında müsabiqələr keçirilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi metodik mərkəzi, Gəncə, Şirvan şəhər, Beyləqan, Samux, Neftçala, Yevlax, Zərdab, Hacıqabul, İsmayıllı, Qazax, Xaçmaz RTŞ metodiki kabinetləri tərəfindən təhsil müəssisələrinə göstərilən metodik xidmətin mütərəqqi formalarından istifadə edilir.

Bununla yanaşı son illərdə metodik xidmətin lazımi səviyyədə təşkil edilməməsi, Əsasnamə ilə müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməməsi barədə müxtəlif məlumatlar alırdım, yerlərdə bilavasitə ümumtəhsil məktəblərində müəllimlərlə ünsiyyətdə olarkən bu sahədə bir sıra ciddi problemlərin olduğu barədə mülahizələr də irəli sürülürdü. Məhz bununla əlaqədar Təhsil Nazirliyində mütəxəssislərin iştirakı ilə müşavirə keçirdik və qərara gəldik ki, işçi qrupu yaradaq, ölkədə metodik xidmətin təşkili vəziyyətini öyrənək. Yaradılmış işçi qrupu bütün təhsil şöbələrində metodik xidmətin təşkili sahəsində mövcud vəziyyəti öyrəndi, problemlər aşkara çıxarıldı, metodik xidmətin təkmilləşdirilməsi üzrə təkliflər hazırlandı, bu məsələ təhsil tarixində ilk dəfə olaraq Nazirliyin kollegiya iclasında müzakirəyə çıxarıldı.

Bir vacib məsələni də qeyd edim ki, vaxtilə ölkəmizdə metodik xidmətə ümumi rəhbərliyi və bu sahədə aparılan işləri əlaqələndirən Respublika elmi-metodik mərkəzi fəaliyyət göstərmişdir. 2000-ci ildə il təhsil sisteminin təkmilləşdirilməsi tədbirləri həyata keçirilərkən həmin Mərkəzin və Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun bazasında Təhsil Problemləri İnstitutu yaradılmışdır. Lakin təəssüf ki, metodik xidmətə ümumi rəhbərlik funksiyası həmin İnstitutun əsas fəaliyyət istiqamətinə çevrilməmişdir. Bu səbəbdən hazırda ölkə səviyyəsində metodik xidmətin təşkili və əlaqələndirilməsi məsələləri lazımi səviyyədə yerinə yetirilmir.

Hazırda Respublikanın 73 şəhər və rayonunda (Naxçıvan MR daxil olmaqla) təhsil şöbələrinin (idarələrinin) nəzdində metodiki kabinetlər, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində isə metodik mərkəz fəaliyyət göstərir. Bu metodiki kabinet və mərkəzlərdə 870 ştat vahidi vardır ki, onlardan 723-ü metodist, 147-si texniki işçi ştatlarıdır. Metodiki xidmət strukturlarında 723 nəfər metodist çalışır ki, onlardan 626 nəfəri tam, 97 nəfəri 0,5, 8 nəfəri 0,75, bir nəfəri isə 1,25 ştat vahidi üzrə işləyir. Metodik kabinetlərdə 40 ştat vahidi metodist vəzifəsi vakantdır.

Fənlər və sahələr üzrə əhatə baxımından təhlil göstərir ki, metodiki kabinetlərdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə 90, rus dili və ədəbiyyatı və ingilis dillərinin hər biri üzrə 40, fransız dili üzrə 9, ərəb dili üzrə 1, riyaziyyat üzrə 75, informatika üzrə 9, tarix üzrə 73, coğrafiya üzrə 40, kimya üzrə 36, biologiya üzrə 21, fizika üzrə 40, rəsmxətt və əmək hazırlığı üzrə 20, gənclərin çağırışaqədərki hazırlığı üzrə 37, fiziki tərbiyə üzrə 33, musiqi və təsviri incəsənət üzrə 4, ibtidai təhsil üzrə 78, məktəbəqədər tərbiyə üzrə 49, tərbiyə işləri üzrə 7, psixoloji xidmət üzrə 6, kitabxana işi üzrə 15 nəfər metodist fəaliyyət göstərir.

Aparılmış monitorinqlər və təhlillər göstərmişdir ki, Əsasnamə ilə metodik kabinetlər üçün xeyli vəzifələr müəyyənləşdirilsə də, bu strukturlar tərəfindən həmin vəzifələr yerinə yetirilmir, bir sıra hallarda Əsasnamə tələbləri ciddi şəkildə pozulur. Hazırda metodiki xidmətin təşkili və həyata keçirilməsi sahəsində mövcud olan problemləri aşağıdakı kimi qruplaşdırmaq olar:

–Fənn kurikulumları, yeni qiymətləndirmə sistemi, dərslik siyasəti, yeni təlim texnologiyalarının tətbiqi ilə bağlı tədbirlər sistemli şəkildə həyata keçirilmir.

–Yaradıcı müəllimlərin qabaqcıl iş təcrübələrinin öyrənilib yayılması isiqamətində sistemli iş aparılmır.

–Gənc müəllimlərlə işin aparılmasına diqqət yetirilmir.

–Metodik tövsiyələrin hazırlanması və çap olunub yerlərə çatdırılmasına nail olunmur.

–Tədris proqramlarının yerinə yetirilməsi və proqram materiallarının mənimsənilməsi vəziyyətinə dair diaqnostik təhlillər aparılmır.

–Dayaq məntəqələri ilə əlaqənin zəif olmasının nəticəsi olaraq ixtisasartırma müəssisələri ilə birlikdə proqramların tərtibi, müəllimlərin ixtisasartırma kurslarında iştirakının tənzimlənməsi, onların pedaqoji, psixoloji və metodik sahələr üzrə ehtiyaclarının öyrənilməsi və təkliflərin hazırlanmasında metodiki kabinetlər zəif iştirak edirlər.

–Metodik kabinetlər tərəfindən gənc müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində səmərəli iş sistemi yaradılmamış, onlara təcrübəli müəllimlər təhkim edilməmiş, bu sahədə xüsusi tədbirlər- seminarlar, treninqlər təşkil edilməmişdir.

–Metodik kabinetlərin strukturunun təkmil olmaması innovasiyaların çevik şəkildə təhsil müəssisələrinə çatdırılması, metodistlərin peşəkarlıq səviyyəsinin davamlı olaraq yüksəldilməsinə imkan vermir, qabaqcıl ölkələrin mütərəqqi təcrübəsi öyrənilib tətbiq edilmir.

Təhlil göstərir ki, RTŞ metodik kabinetləri tərəfindən qabaqcıl təcrübənin öyrənilməsinə ciddi yanaşılmır. Baxmayaraq ki, son illərdə interaktiv təlim texnologiyalarının tətbiqi, İKT-nin pedaqoji prosesə inteqrasiyası sahəsində müəllimlər tərəfindən mütərəqqi təcrübə nümunələri nümayiş etdirilir, bu sahədə təcrübə öyrənilib digər müəllimlər arasında yayılmır. Bir sıra hallarda metodik kabinetlərin əməkdaşları bu məsələnin əhəmiyyətini lazımınca qiymətləndirmir, qabaqcıl pedaqoji təcrübəyə dair materiallar məktəb pedaqoji şura iclaslarında, metodbirləşmə yığıncaqlarında müzakirə edilmir.

Ölkə Prezidentinin sərəncamına əsasən son 2 ildə 200 nəfər ilin müəllimi müəyyənləşdirildiyi halda, metodik kabinetlər tərəfindən həmin müəllimlərin qabaqcıl iş təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi istiqamətində əsaslı addımlar atılmır, belə müəllimlərin bazası yaradılmır.

Bir sıra metodik kabinetlərdə metodistlərin işə qəbulunda mövcud Əsasnamə tələbləri pozulur, 5 il pedaqoji stajı tamam olmayan müəllimlər metodist kimi işə qəbul edilir. Belə faktlar Şabran, Beyləqan, Sabirabad, Laçın, Goranboy RTŞ metodik kabinetlərində daha çox aşkar olunmuşdur.

Bir sıra metodik kabinetlərdə ştat vahidlərindən düzgün istifadə edilmir, eyni ixtisaslı metodistlər işə qəbul olunur, digər ixtisaslar üzrə metodistlərin işə götürülməsinə diqqət yetirilmir. Xızı RTŞ-də 4 metodistdən 3-ü, Göyçay RTŞ-də 12-dən 4-ü, Şəmkir RTŞ-də 20-dən 5-i, Ağdam RTŞ-də 19-dan 3-ü, Qubadlı RTŞ-də 8-dən 3-ü Azərbaycan dili və ədəbiyyat fənni, Mingəçevir ŞTŞ-də 8 metodistdən 3-ü rus dili və ədəbiyyatı, Salyan RTŞ-də 12-dən 8-i humanitar fənlər, Ağdam RTŞ-də 19-dan 4-ü ümumi texniki fənlər, Zaqatala RTŞ-də 11-dən 4-ü xarici dil, Astara RTŞ-də 8-dən 3-ü ibtidai təhsil, 3-ü fiziki tərbiyə fənləri, Masallı RTŞ-də 13-dən 5-i humanitar fənlər üzrədir.

Təhlil göstərir ki, metodik kabinetlərin ştat vahidlərindən düzgün istifadə edilmədiyinə görə hazırda Respublikanın 73 metodik kabinetindən 42-də kimya, 50-də biologiya, 58-də fizika, 65-də informatika, 44-də fiziki tərbiyə, 53-də əmək hazırlığı, 71-də musiqi, təsviri incəsənət, 36-da məktəbəqədər təhsil, 23-də isə ibtidai təhsil ixtisasları üzrə metodist yoxdur. İbtidai siniflərdə fənn kurikulumlarının tətbiqinə başlanmasından iki il keçməsinə baxmayaraq, Şirvan, Naftalan şəhər, Şabran, Sabirabad, Siyəzən, Kürdəmir, Goranboy, Kəlbəcər, Zəngilan, İmişli, Yardımlı, Hacıqabul və sair rayon təhsil şöbələrinin metodik kabinetlərində ibtidai siniflər üzrə metodist yoxdur. Düşünürəm ki, hazırkı şəraitdə belə bir vəziyyət xüsusi narahatlıq doğurur. Müvafiq sahə üzrə metodistin olmaması bilavasitə həm yeni fənn kurikulumları və dərsliklərin, həm məktəbdaxili qiymətləndirmə sahəsində yeni mexanizmlərin tətbiqi işinə mənfi təsir göstərir, müəllimləri metodik köməkdən məhrum edir.

Narahatlıq doğuran faktlardan biri də budur ki, ayrı-ayrı fənlər üzrə metodistlərə ciddi ehtiyac olduğu halda, metodiki kabinetlərdə 40 ştat vahidi vakant saxlanılır. Hesab edirəm ki, bu məsələ ciddi araşdırılmalı, vakant ştatlara müsabiqə yolu ilə metodistlər işə qəbul olunmalıdır.

Təhlil göstərir ki, metodistlərdən 156 nəfəri (21,6%) pensiya yaşında olanlardır. Şirvan RTŞ, Şəki, Ağdam, Ağcabədi, Qubadlı, Kəlbəcər, Tovuz, Füzuli, Göygöl RTŞ metodkabinetlərində metodistlər arasında 75 və daha yaşlıları vardır.

Daha ciddi problem metodistlərin praktik fəaliyyətlə məşğul olmaması, ixtisasları üzrə dərs deməməsi ilə bağlıdır. Belə ki, metodik kabinetlərin əməkdaşlarından 200 nəfər (27,6%) məktəblərdə ixtisasları üzrə dərs aparmır, Bakı şəhəri üzrə Təhsil İdarəsi metodik mərkəzində 95 metodistdən 29-u, Gəncə ŞTŞ metodiki kabinetində 19 metodistdən 6-sı, Şabranda 5-dən 4-ü, Xızıda 4-dən 3-ü, Göyçayda 12-dən 3-ü, Tovuzda 20-dən 10-u, Göygöldə 8-dən 7-si, Bərdədə 16-dan 11-i, Zaqatalada 11-dən 3-ü, Gədəbəydə 9-dan 5-i, Saatlıda 7-dən 4-ü, Şəkidə 18-dən 5-i, Ağdaşda 10-dan 4-ü, Goranboyda 9-dan 4-ü, Ağcabədidə 10-dan 7-si, Şamaxıda 9-dan 5-i pedaqoji fəaliyyətlə məşğul olmur.

Etiraf etmək lazımdır ki, müəllim kimi fəaliyyət göstərməyən, bilavasitə məktəbdə pedaqoji prosesdə iştirak etməyən, müəllimin hansı qayğılarla yaşadığını və işlədiyini, hansı problemlərlə üzləşdiyini bilməyən metodist uğurlu nəticələr əldə edə bilməz. Belə metodistlər müəllimlərə məsləhət vermək, onları istiqamətləndirmək, innovasiyaların mənimsənilməsində onlara kömək etmək missiyasını da layiqincə yerinə yetirə bilməz, müəllimlərin etibarını qazana bilməzlər.

Aparılmış monitorinqlər onu da göstərir ki, metodik kabinetlərin fəaliyyətinin planlaşdırılması sahəsində nöqsanlara yol verilir. Bir çox metodiki kabinetlərin fəaliyyət planlarında hələ də yoxlama xarakterli tədbirlər nəzərdə tutulur, nəzərdə tutulan digər məsələlər isə aktuallıq kəsb etmir, gözlənilən nəticələr əvvəlcədən müəyyənləşdirilmir, icra barədə hesabatlar hazırlanıb təqdim edilmir. Metodik xidmətin əsasını təşkil edən pedaqoji kadrların ixtisasının artırılması, dayaq məntəqələrinin fəaliyətinin təşkili, fənn kurikulumlarının, yeni qiymətləndirmə mexanizminin tətbiqi ilə bağlı məsələlər fəaliyyət planlarında öz əksini tapmır.

Hazırda metodik xidmətin səmərəli təşkilinə mane olan amillərdən biri də ümumtəhsil məktəblərində fəaliyyət göstərən fənn metodbirləşmələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil edilməməsidir. Etiraf etmək lazımdır ki, müəyyən istisnalar olmaqla metodbirləşmələr formal fəaliyyət göstərir, məktəb səviyyəsində müəllimlərin metodik hazırlığının yüksəldilməsi, metodik xidmətin təşkili, dərslərin müşahidəsi və tövsiyələrin verilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilmir. Bunun isə əsas səbəblərindən biri metodik kabinetlərin məktəb metodbirləşmələrinin fəaliyyətinə kömək göstərməməsi, metodik tövsiyələr və vəsaitlərin hazırlanmasına diqqət yetirməməsi ilə bağlıdır. Digər səbəb isə metodbirləşmə rəhbərlərinin fəaliyyətinin stimullaşdırılmamasıdır. Metodbirləşmələrin fəaliyyətinin qənaətbəxş olmamasının nəticəsidir ki, məktəb və rayon metodşuraları da formal fəaliyyət göstərir, metodik xidmətin səmərəli təşkili, innovasiyaların tətbiqi ilə bağlı məsələləri müzakirəyə çıxarmır.

2000-ci ildə Təhsil Nazirliyinin “Dayaq məntəqələrinin şəbəkəsinin yaradılması barədə” əmrinə uyğun olaraq respublikada ayrı-ayrı ixtisaslar üzrə 3000-ə yaxın “dayaq məntəqəsi” yaradılmış, onların əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, digər reqlamentləşdirici sənədlər hazırlanıb yerli təhsili idarəetmə orqanlarına göndərilmişdir. Lakin RTŞ-lər və onların metodiki kabinetləri tərəfindən bu işə laqeyd münsibət göstərildiyindən yaradılmış “dayaq məntəqələri”nin böyük əksəriyyəti formal fəaliyyət göstərməkdədir. Hər bir rayon və şəhər üzrə “dayaq məntəqəsi” kimi nəzərdə tutulan məktəblərin dislokasiyası bu günə qədər tam və düzgün müəyyənləşdirilməmişdir. Yerli təhsil orqanları tərəfindən qabaqcıl müəllimlərdən ibarət “öyrədənləri öyrədən” müəllimlərin siyahıları müəyyənləşdirilməmiş, bu barədə müvafiq ixtisasartırma təhsili müəssisələrinə məlumat verilməmişdir. İxtisasartırma təhsili və təkmilləşmə prosesinə yeni mexanizmlərin tətbiqi ilə əlaqədar metodiki kabinetlərdə konkret tədbirlər həyata keçirilməmişdir. Rayonlar üzrə ayrı-ayrı ixtisasdan olan fənn müəllimlərinin ixtisasartırma təhsilinə olan real təlabatının, ehtiyaclarının öyrənilməsi, bu barədə ixtisasartırma təhsili müəssisələrinə əsaslandırılmış təkliflərin verilməsi təmin edilməmişdir. İxtisasartırma təhsili müəssisəsi, RTŞ – metodiki kabinet-məktəb – dayaq məntəqəsi arasında əlaqələrin yaradılması üçün bütün imkanlardan istifadə edilməmişdir.

Metodik xidmət sahəsində mövcud olan nöqsanların aradan qaldırılması və bu sahədə islahatların aparılması hazırda xüsusi aktuallıq kəsb etmişdir. Belə ki, hazırda ölkəmizdə ümumi təhsilin məzmunu, şagird nailiyyətlərinin qiymətləndirilməsi, dərslik siyasəti, yeni təlim strategiyalarının tətbiqi sahəsində köklü islahatların aparılır. Bununla əlaqədar metodik işin məzmunu və formalarının təkmilləşdirilməsi, rayon təhsil şöbəsi metodik kabinetlərinin fəaliyyətinin daha səmərəli təşkili, metodistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bacarıqlarının artırılması, metodik xidmətin təşkilində müasir metodologiya və mexanizmlərin tətbiq edilməsi sahəsində ciddi tədbirlərin həyata keçirilməsi zəruri əhəmiyyət daşıyır.

Əlbəttə, metodik xidmətin təkmilləşdirilməsi üçün dünya təcrübəsinin öyrənilməsi, bu sahədə dünyada gedən prosesləri, müsbət nailliyyətləri və tendensiyaları öyrənmək vacib idi. Bu məqsədlə ABŞ, Böyük Britaniya, Almaniya, Hollandiya, Türkiyə, Finlandiya, Ruminiya, Rusiya, Litva və başqa ölkələrin metodik xidmətin təşkili sahəsində təcrübəsi öyrənilmişdir.

Metodik xidməti sistemli şəkildə həyata keçirmək üçün ABŞ-da, Avstraliyada kurikulum departamentləri, Hollandiyada kurikulum və qiymətləndirmə mərkəzləri, Türkiyədə təlim və tərbiyə qurumları, Litvada təhsilin inkişaf mərkəzləri, Gürcüstanda resurs mərkəzləri ölkə və yerli səviyyələrdə metodik xidmətin təmin olunmasına yönəldilmişdir. Təcrübə göstərir ki, həmin ölkələrdə metodik xidmətlə məşğul olan qurumlar, eyni zamanda idarəetmə sahəsində digər fəaliyyətlərlə də məşğul olurlar.

Litvada təhsil islahatları aparılarkən əvvəllər mövcud olmuş təhsil şöbələri yanında fəaliyyət göstərən metodkabinetlər yeni yaradılmış təhsil departamentləri ilə birləşdirilmişdir. Gürcüstanda təhsil şöbələri və onun nəzdində olan metodkabinetlərin əvəzinə metodik xidməti də həyata keçirən resurs mərkəzləri yaradılmışdır. Rusiya, Belarus, Ukrayna və Orta Asiya respublikalarında təhsil şöbələri yanında metodik mərkəzlər fəaliyyət göstərməkdədir.

Beynəlxalq təcrübə və Azərbaycanda təhsilin inkişaf tendensiyaları, eləcə də bu sahədə təcrübəsi olan təhsil ekspertlərinin rəyləri nəzərə alınaraq metodik xidmətin təkmilləşdirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiqdir:

–Ümumtəhsil məktəbləri və məktəbəqədər müəssisələrin müasir pedaqoji texnologiyalara, tədris resurslarına ehtiyacını ödəmək üçün rayon təhsil şöbələri nəzdindəki metodik kabinetlərin resurs mərkəzlərinə çevrilməsi və bu sahədə fəaliyyəti tənzimləyən Nümunəvi Əsasnamənin və resurs mərkəzinin strukturunun işlənib hazırlanması, bu prosesə Təhsil Problemləri İnstitutunun cəlb olunması.

–Yeni kurikulumların, dərsliklərin, qiymətləndirmə sisteminin tətbiqinə dair məsələlərin təhsil şöbələrinin metodkabinetlərində (gələcəkdə resurs mərkəzlərində) və dayaq məntəqələrində mütəmadi olaraq müzakirə olunması, məktəblərə bu sahədə müvafiq kömək göstərilməsi.

–Metodistlər üçün islahat aparılan sahələrlə bağlı müşavirələrin, seminarların, treninqlərin keçirilməsi.

–Metodik xidmətin müasir tələblər səviyyəsində təşkili, bu sahədə mövcud nöqsanların aradan qaldırılması məqsədilə Bakı şəhərində və zonalar üzrə müşavirələrin keçirilməsi.

–Dərs yükü olmayan metodistlərin növbəti dərs ilindən ixtisasları üzrə dərs aparmalarına şərait yaradılması.

–Fənlər üzrə metodistlərin tərkibinə yenidən baxılması, imkan daxilində bütün fənlər üzrə metodistlərin təmsil olunmasının təmin edilməsi, bu məqsədlə Əsasnaməyə uyğun olaraq 0,5 və 0,25 ştat vahidindən istifadə edilməsi.

–Metodistlərin işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsi, vəzifə funksiyalarının öhdəsindən gələ bilməyən metodistlərlə bağlı müvafiq tədbirlərin görülməsi.

–Metodik xidmətin səmərəli təşkili məqsədilə Təhsil Nazirliyi tərəfindən hazırlanmış Fəaliyyət planı əsasında metodik kabinetlər üçün fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi.

–Məktəb metodbirləşmələrinin işinin müasir tələblər səviyyəsində təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsi, metodbirləşmə rəhbərlərinin fəaliyyətinin stimullaşdırılması sahəsində təkliflərin hazırlanması.

–Metodik kabinetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, İKT vasitələri ilə təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi.

Hesab edirəm ki, ən ciddi tədbirlərdən biri də metodistlərin ixtisasının artırılması, onların “öyrədənlər” kimi hazırlanması, dayaq məntəqələrinin koordinatorları üçün müvafiq proqramlar əsasında təlimlərin təşkili istiqamətində əlavə təhsil müəssisələri tərəfindən tədbirlər müəyyənləşdirib həyata keçirilməsidir. Əlavə təhsil müəssisələri RTŞ metodiki kabinetləri ilə əlaqələrin daha səmərəli forma və metodlar üzrə qurulmasını, ixtisasartırma tədbirlərinin təşkilində metodiki kabinetlərin imkanlarından səmərəli istifadəni təmin etməlidirlər.

Daha ciddi bir problem onunla bağlıdır ki, ümumi təhsil sistemində metodik xidmətin təşkili sahəsində müəyyən işlər görülsə də, texniki peşə, orta ixtisas və ali təhsil sahəsində belə bir xidmətin təşkili ümumiyyətlə unudulmuşdur. Hesab edirəm ki, bu barədə düşünməyin və konkret təkliflərin hazırlanması vaxtı çatmışdır.

 

 

(ardı var)

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri,

 fizika-riyaziyyat  elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2010.- 22 may.- S.10-11.