Sağ qalan ləpirlər
Ağdam turistlər arasında maraq doğuran 20 ruhlar şəhərindən
Ruhlar şəhəri” – 14
Məktəbə
rayon səviyyəli kommunist Əli İbrahimovun adını
daşıyan küçənin tinindən burulub dünya
proletariatının banisi Leninin adı verilən küçənin
sol tərəfiylə gedirdim. Milis idarəsindən
sonra dalana oxşayan, səssiz-küysüz Mirbəşir
Qasımov küçəsini keçən kimi soldakı birmərtəbəli
binadan çal-çağır səsi gəlirdi.
Pionerlər
Evində “Qarabağ bülbülləri” ansamblı məşq
edirdi. SSRİ yekəliyində ölkənin, Allah bilir,
hansı şəhərindəsə verəcəkləri
konsertə hazırlaşırdılar. Moskvada Brejnevin də
baxdığı konsertdə möhtəşəm
çıxışdan sonra bura gələn uşaqların
sayı xeyli artmışdı; oxuyan kim,
nağara çalan kim, rəqs eləyən kim... Mən də gəlirdim. Səs-zad
yoxuydu məndə, bir də bura hamı oxumağa gəlmirdi
ki, cürbəcür dərnəyi vardı “dom pioner”in, mən
də foto dərnəyini seçmişdim. Bir dəftəri fotoqrafiyaya aid nəzəri məlumatlarla
doldursam da, heç şəkil çəkmədim. “Smena” adlı ucuz fotoaparatım evdə qalan
qızların cehizi kimi öz qutusunda təptəzə
dururdu. Amma o nəzəri biliklər
sonralar dadıma çatdı, indi bir sərgilik fotolarım
var.
Sonrakı
binada Ağdam Rayon Maarif Şöbəsi yerləşirdi. Bura çatıb səkiyə
döşənmiş ağ-qırmızı kvadrat
daşların üstüylə addımlayanda “Çapayev” filminin
qəhrəmanı sayaq ağ
qvardiyaçıları biçirəmmiş kimi
ayaqlarımı qırmızı yox, ağ lövhələrə
çırpırdım. Maarif binasının pəncərələrindən
gələn yazı makinasının
çaqqıltısı da pulemyot səsinə fon verirdi. Müdir Qara müəllim
qarayanız, kök kişiydi, tez-tez görürdüm – ya
“Villis”ə minəndə, ya da düşəndə. Vaxtilə rayon partiya komitəsi bu ikimərtəbəli
binada yerləşirmiş. Uşaq
vaxtı atam Mircəfər Bağırovu elə burdaca, Qara
müəllim kimi maşından düşüb binaya girən
yerdə görübmüş. “Eynəkli
bir kişi maşından düşüb tələsik binaya
girdi”.
Növbəti
kəsişən küçə Voroşilov adlansa da, bu
sovet marşalını at belində burdan keçən
görən olmamışdı. Onu heç sinfimizin
Elbrusları da tanımırdı, nə Quliyev (Allah rəhmət
eləsin!), nə də Mirturabov, çoxda ki, burda
yaşayırdılar. Amma Abbas əmi
yaşadığı küçənin adını
daşıdığı adamı tanıyardı
(Tağıyev Abbas 1950-ci ildə, 20 yaşında rəhmətə
gedən Roza bibimin əri olub). Çünki
uzun illər partiya-təsərrüfat sahəsində işləyib,
belə adamlar Voroşilovu tanımamış olmazlar.
Ağdam Dram Teatrının sol böyürü, “Lenin yolu” qəzetinin
redaksiyası və rayon prokurorluğu binasının
qabağından keçən “28 Aprel” küçəsindən
başlayan “Voroşilov”un harada qurtardığı yadıma
düşmür, trayektoriyasının yarısını
xatırlayıram: “28 Aprel”dən yola çıxan
“Voroşilov” “Lenin”dən aldığını alıb,
“Frunze”dən götürdüyünü götürüb, “Əzizbəyov”dan
keçib sonra haracan gedirdi, ta bilmirdim.
Bu bolşevik,
kommunist adlarına fikir vermə, buralar nəinki kommunizmdən,
sosializmdən də çox uzaq yerlər idi.
Öz yolunla
yüz metr də gedib sağda bankın binasına, onunla
üzbəüz isə Zıbıgilin evinə
çatırdın. Məndən üç sinif yuxarı
oxuyan bu oğlanı hamı Zıbı
çağırdığından elə bilirdim, adı həqiqətən
belədi. Bir dəfə salam verib
“Zıbı, nətərsən?” soruşanda az
qalmışdı məni öldürə. Sən
demə, bu adın şəhər uşaqları arasında nəsə
pis mənası varmış. O hadisədən sonra ta
ona salam vermədim. Elə
bütün günü atasının maşınını
yuyurdu, ümid eləyirdi ki, atası verəcək sürməyə,
amma vermirdi. Düz də eləyirdi,
heç Zıbıya da maşın verərlər?
Növbəti kəsişən
küçənin sağında təzə “qostinitsa”, solunda
isə Ukan əmigilin (ona niyə Ukan deyirdilər, bilmirəm)
məhəlləsi – Maksim Qorki küçəsiydi. Bu adı
məhz bu küçəyə verən sovet məmuru Maksim
Qorkinin “Günəşin uşaqları” pyesini oxumuşdumu,
Ukan əminin bizim sinifdə oxuyan “Dəli” ləqəbli
oğlu Ədaləti görmüşdümü, kamera
yamayan, maşın yağı dəyişən neçə-neçə
uşağa salam vermişdimi, Qorkinin pyesindəki çilingər
Yeqoru “Dəli”nin əmisi oğlu Yeqora bənzətmişdimi?
Əgər cavab “Yox!”dursa, onda niyə bir
heylə küçəni qoyub Qorkinin adını bura
qoymuşdu? Nə biləsən! Bizimlə
oxuyan, oxuyan deyəndə dərsə gedib-gələn (Bunun
heç nəyə dəxli yoxdu. Əsas
odur ki, Dəli yaxşı oğlanıydı və mən
onunla dostluq edirdim), Dəli qoy Qorkinin tamaşasına
baxsın, bizsə yolumuza davam edək.
Soldakı birmərtəbəli
binanın hər pəncərəsindən bir səs gəlirdi;
piano, qarmon, tar, kamança, skripka, başqa səslər. 1 saylı
Şəhər Musiqi Məktəbiydi, el arasında Laura
müəllimənin məktəbi deyirdilər. Mənim skripka, atamın tar təkidi bu sətirlərin
müəllifini hər ikisindən qoydu.
Görünür, uşağı bəzən məcbur eləmək
lazımdı! Elə heyfsilənirəm ki...
indiki ağlımla, atam məni lap kontrabas sinfinə
qoysaydı da, gedərdim.
Qabağa beş
addım da at, bağçamıza çatacaqsan! İkimərtəbəli uşaq
bağçamız hündür ağaclar əhatəsində
bir cənnət guşədi. Burdakı
nizam-intizamı, Mina, Brilyant kimi müəllimələri
unutmaqmı olar? Taxta peçenye, kisel, südlü
kaşa... Burda ən zəhləm gedən
şey günortalar adamı zorla yatızdırmaqları idi.
Bir dəfə Mina müəllimə dirənmişdi
ki, yatmamısan, gözünü yalandan yummusan. O belə
dedikcə mən gözümü daha da bərk-bərk
sıxırdım. Sən demə, yatmaq
görüntüsü yaratmaq üçün gözü
möhkəm sıxmaq yox, yavaşca yummaq bəs edirmiş.
Belə biclikləri sonralar öyrənəcəkdim... Ən xoşuma gələn isə yolun o
üzündəki Lenin bağına oynamağa getməyimiz
idi. Əl-ələ tutub cərgəylə
yolu keçəndə maşınların dayanıb bizə
yol verməsindən xoşhallanırdım.
Bağçanın
divarı qurtaran yerdən başlayan Musəvi küçəsi
Sarı Təpə məhəlləsini keçib Qiyaslı kəndinəcən
uzanırdı. Bütün günü əlindən
kitab düşməyən Əjdərin budkası fotoatelyenin
yanında balaca görünürdü. Uşaqlıq
şəkillərimin çoxunu burda çəkdiriblər.
Elə bir yaşımdakını da. Ağlamağım kəssin deyə fotoqrafın
verdiyi konfet də eləcə əlimdədi, yeməmişəm.
“Kişi iki şey haqqında danışmaz: bir sevgiləri, bir də ağrıları”. Ştirlis rolunun ifaçısı, məşhur rus aktyoru Vyaçeslav Tixonov son müsahibəsində belə demişdi – bunu növbəti cümləyə keçid üçün yazdım. Səbəbini yaza bilməyəcəyim həyəcan dolu unudulmaz anlar yaşadığım bu küçənin başlanğıc nöqtəsində südsatan Lətafət xalanın dükanı adətən səhərlər açıq olurdu. İlk dəfə “smetan” adında ağartını burdan almışdıq. Xıdırlı arvadlarının satdığı qaymağa oxşasa da, ondan deyildi, elə smetan idi. Dolu bədənli Lətafət xalanın mülayim səsi qulağımda, mərhəmətli sifəti gözlərimin önündədi. Güclü olmağı ağır süd bidonlarını rahatca götürüb-qoymağından görünürdü.
Lenin küçəsi “dördmərtəbə” deyilən binanın tinində qurtarırdı. Burda yol V hərfi kimi haçalanırdı: solla Ceyran bağı, sağla yan-yana sıralanmış dükanlara sarı gedirdin – hər ikisi məşhur Ağdam bazarına aparırdı. Ümumiyyətlə, adama elə gəlirdi ki, şəhərdə bütün yollar bazara uzanırdı. Ağdam bazarı məbəd deyildi, elə bazar idi, bütün yolların apardığı bazar. Heç bilmirəm yazının bu yerində Tengiz Abuladzenin “Tövbə” (“Pokayaniye”) filmindəki məşhur “Bir yol ki, məbədə aparmır, nəyə gərəkdi?” kəlamı nədən yadıma düşdü...
Kaş elə bütün yollar məbədə aparaydı!
...Qışdakı bayramlarda şəhərin “Dijurnu” deyilən növbətçi mağazasında donmuş okean balığı, soyuduculardan təzəcə çıxarılan üzümü almağa növbələr olurdu. Bu mağazanın müdiri Nadir İsmayılov Ağdama sevgisini hələ sonralar, dava başlayanda göstərəcəkdi, varını, yoxunu, üstəlik sağlamlığını qoymaqla... İstər “Obpit” deyilən idarənin müdiri (İctimai İaşə Birliyi), istərsə də Ağdam Rayon İcra Hakimiyyətinin başçısı kimi...
1993-cü ilin yazında dövlət müşaviri Arif Hacıyevlə Ağdama gəlmişdik. Köməkçisi otağını açıb bizə yer göstərmişdi ki, Nadir müəllim gələnə qədər gözləyək. Stolunun üstündə az qala barmaq qalınlığında toz vardı – icra başçısının qapısı günlərlə açılmırdı, çünki o, otaqda yox, əsgərlərin yanında olurdu. Mənim tanıdığım ağdamlılarda belə bir əminlik var ki, o vaxt başçı dəyişməsəydi və yerli batalyonlar tərk-silah edilib əvəzinə “milli ordu” adında Surət Hüseynova tabe başıpozuq dəstələr yeridilməsəydi, şəhərin işğalı mümkünsüz idi. “Əl borcu verilən” şəhəri 17 ildir qaytara bilmirik. Lənət Şeytana!
...Burdan sıra mağazalar başlayırdı: Elmanın çeklə satılan “vneştorq mallar” mağazası, Bəhlulun qızıl mağazası, güllə atdığımız tir, 3 qəpiyə ağ, 5 qəpiyə rəngli su süzən avtomat budka, İnzibatın “xoztovar” dükanı, Zahidin dərzixanası, Rövşənin mebel mağazası, Samayanın parça mağazası... Sıraya Tələtin 237 saylı apteki son qoyurdu. Tindən sola burulub bazarın qabağındakı maşın basırığına, siqnal səsinə əhəmiyyət vermədən məktəbə girirdim.
Məktəbdən çıxanda tələsmirdim deyə ta Lenin yox, 28 aprel küçəsiylə qayıdırdım. İki yol arasındakı Gopanın çayxanası adlanan yerə “Manıslar bağı” da deyirdilər, şəhərin musiqiçiləri bura yığışırdı, Qədir Rüstəmovdan başqa. Çayxananın o biri yanı “Məhsul” cəmiyyətinin idman zalıydı. Sinfimizin bəzi uşaqları bura güləşə gəlirdilər. Bir dəfə Muxtarov Elşad Belarusdan lap bürünc medal da gətirmişdi, beşinci sinifdə oxuyurdu, səhv eləmirəmsə. Yarışdığı Baranoviç şəhərindən elə ağızdolusu danışırdı ki, deyirdin bəs bütün şəhərin kürəyini yerə vurub gəlib. Bu məktəbin ən məşhur idmançısı Ceyhun Məmmədov oldu. Sonralar yeddi-səkkiz dəfə Avropa çempionu oldu, mən bilən, elə o qədər də dünya çempionu.
...
Günaşırı Tağı dayının Lenin
bağının girəcəyindəki kitab mağazasına
dəyməsəydik, sanki kitablar bizdən küsərdilər.
Bağın
solunda, iki yol arasındakı Çay Evinə xüsusi
hallarda gəlirdik. Onun birinci mərtəbəsində xəngəl
verirdilər. Şuşalılar inciməsin,
buranın xəngəli heç Şuşadakı “Qaya”
kafesində süzülən xəngəldən geri
qalmırdı (Yeri gəlib, qoy yazım!
Ağdamlılarla şuşalıların bir-birinə
xüsusi münasibəti var: dünyada 1001
bağlantısı olan belə iki şəhər az tapılar. Doğmalıqdandı,
nədəndi bilmirəm, qarşılıqlı atmacalardan o
qədər məzəli söhbətlər yaranırdı
ki, dəftər götürüb yazan gərək. Məsələn,
kənddə tut ağacının altında nərd oynayanda
dayımın əslən şuşalı olan atamla belə
bir zarafatı yadımdadı: “O qədər sərçəni
boyayıb bülbül adına
qalalılara satmışıq ki”. Bir şuşalıdan da bu
zarafatı eşitmişəm: “Ağdamlıya salam verəndən
sonra barmaqlarını
...Məscidi 1868-ci ildə əvvəl
başqa yerdə tikmək istəyiblərmiş. Qazıblar, çoxlu ilan çıxıb. Ağsaqqallar seçib, indiki yeri məsləhət
biliblər. Sovetin vaxtında regionun işləyən
tək məscidiydi. Uşaq vaxtı məhərrəmlikdə
nənəm məni bura gətirirdi. Uşaqları
böyüklərin göz yaşı qədər kədərləndirən
heç nə yoxdu. Arvadlı-kişili
hamı ağlaşırdı, hər yanda qara parçalar
qorxunc hisslər doğururdu. Kürəyinə
zəncir vuranların iniltisi ürək
parçalayırdı. Nənəm nə
qədər vacib əməl olmasından danışsa da, həmin
günlər bura gəlmək istəmirdim. Məscidi azan səsiylə sonralar sevəcəkdim,
Allahı qəlbimdə sonralar duyacaqdım.
...Üçmərtəbəli
univermaq Ağdamı bir qədər də şəhərləşdirmişdi.
Daha bizdə də Moskva, Bakı kimi hər
şeyin bir yerdə satıldığı böyük
mağaza vardı. Buranın ən
maraqlı şöbəsi oyuncaq satılan yer idi. Bir az da böyüyəndən sonra ona bitişik
kafe bizi cəlb elədi. Mövsüm ərzində vur-tut
yığdığımız 150-200 kilo pambığın
pulunu alan kimi özümüzü verirdik
bura, böyük qonaqlıq düzənləyirdik: limonad,
tort, çay, kofe, kakao –
qatıb-qarışdırırdıq. Özümüzü
kinolarda gördüyümüz böyük şəhərlərin
uşaqları kimi hiss edirdik.
...Univermağın tinindəki
yol gedib mətbəəyə dirənirdi. Elşən
Əliyevi (indi “Azərbaycan işıqları” qəzetinin
baş redaktorudu), Salman Babayevi axtaranda burda tapırdıq.
Üst-başları mətbəə rəngində,
yəni qapqara olurdu. Gözləyirdik,
işi bitirib, əl-üzlərini yuyurdular, sonra çayxanaya
gedirdik, şəhərin yazı-pozu adamlarının söhbətlərinə
qulaq asmağa.
...Köhnə
mehmanxananın tinindəki mağazaya “Qızıl Mamed”in
dükanı deyirdilər. Sonra şəhər
meydanı gəlirdi. Axşamlar şəhər
əhli bəzənib-düzənib çıxırdı gəzintiyə,
kimi teatra, kimi kinoya, kimi bulvara. Kimi Məşədi
Abbas küçəsiylə üzü poçta, “Dostluq”
kinoteatrına, “Üzümçülər evi”nə sarı,
kimi də elə düz keçib, yanğınsöndürmə
stansiyası, şahmat məktəbini ötüb son dəbdə
tikilmiş ikimərtəbəli restorana gəlirdi. Buranı Allahverdi Bağırov işlədirdi.
Adamlar birinci mərtəbədə Gorus pivəsi
içir, Bakı sosiskası yeyirdi. İkinci
mərtəbənin stol-stulu, boşqab-nəlbəkisi, pərdə-tülü
buranın ciddi yer olmasından xəbər verirdi. Ağdamın işgüzar adamları başqa yerlərdən
gələn hörmətli qonaqlarını bura gətirirdilər.
O vaxt danışırdılar ki, Allahverdi ağdamlılar
haqda nalayiq danışan bir müstəntiq adaşını
çağırtdırıb elə burdaca mitilini
atıbmış, qələtini başa salıb
buraxıbmış. Dava başlayanda rəhmətlik
buranı əsgər yeməkxanasına çöndərmişdi.
Bəzən avtobusla əsgərlər gəlib
burda yeyir, bəzən də bişirib səngərlərə
hazır yemək aparırdılar.
...Restorandan sonra
qonağı olmadığım, tanımadığım
adamların evləri gəlirdi. Sonrakı ikimərtəbəli
sıra evlərdə bizim fizika müəllimimiz Kamal
Qaradağlı (məşhur diktor Aydın
Qaradağlının əmisi oğluydu) yaşayırdı.
Səliqə-sahmanlı geyimi, mədəni
davranışıyla Qori seminariyasının müəllimlərini
xatırladırdı. Çörəksatan
Gülxar xala da burada yaşayırdı. Oğlu
Akif Rüstəmov sonralar jurnalistika fakültəsində mənə
dərs deyəcəkdi.
...
...Göy üzünün
qapısından keçirəmmiş kimi səma rəngli
darvazanı açıb həyətimizə girirəm!
İndi nə o küçələr,
nə o tinlər var... Yollar da yoxdu, yoldakı izlər də...
İndi bu yolları alaq otları, qanqal,
tikanlı kollar tutub. Hər səhər bu kolların
yarpaqları şəhərin xarabalıqlarını
dolaşan kabusun nəfəsiylə titrəşir...
İndi nə o küçələr,
nə o tinlər var... Yollar da yoxdu, yoldakı izlər də...
Tək mənim izlərim durur... Mənim
körpə izlərimi – yaddaş ləpirlərimi
dünyanın heç bir gücü silə bilməz,
ölümdən savayı.
Özün ki, şahid oldun!
Səni bu ləpirlərlə gəzdirmədimmi?
Vahid QAZİ
525-ci qəzet.- 2010.- 22 may.- S.8-9.