... Və son zəng (lər)...

 

XALQ ARTİSTİ TELMAN ADIGÖZƏLOVUN PARLAQ XATİRƏSİNƏ

 

Afişa

 

Abbasqulu kişi ilə Fatimə xala adları qədərincə qosqoca ömürlərini bada vermədilər.

Vaqiflə Telmanı böyüdüb boya-başa çatdırdılar. Ən azı vətəndaş və insan tərbiyə etdiklərindən urvatlı ömür sürdülər.

Vaqif elm dalınca getdi. Telman səhnəni seçdi. Müxtəlif həyat tərzi yaşayan obrazlara çalar qatdı, sevilib-seçilən aktyor və humanist adam epiteti ilə ömrünü zinətləndirdi. Fəqət, final kədər notu ilə müşayiət olunacaqdı.

Afişa dəyişik düşəcəkdi. Fatmayı qəbiristanlığının giriş hissəsində ölümün də ayıra bilmədiyi (Abbasqulu dayı ilə Fatimə xalanın ölüm fərqləri 2 aya yaxındır) valideynlərinin yanına çox erkən gedəcəkdi 57 yaşlı qəhrəman.

 

Birinci zəng

 

Gələcəyin nazik tül pərdəsini bir anlıq illəri qarışdıran zaman küləyi əsdirir. Arzu, məqsəd və xoş düşüncələrin bolluca ehtiyat qatında sərgilənən qeyri-fokusda tale görüntüləri ara-sıra görünməkdədir. Bəzən bu görüntüləri məxmər pərdələr əvəzləyir və alqış musiqisinin təsirində yüzlərlə gözə birdən diqqət kəsilmək, yüzlərlə qəlbin hənirini birdən özündə duymaq təşnəsi oynadır yeniyetməni yerindən. Yer məhvərindən qopan sayaq o da mövcud olduğu zaman kəsiyindən və məkan trayektoriyasından qopur, heç kəsin görüb sezə bilmədiyi bir astalıqla, tamaşaçı nəfəsinin hənirtisində gəlib düşür avansəhnəyə. Səhnə güzgülərindəki əks əvvəl-əvvəl karıxdırır onu, sonra qəti gələcək zaman şəkilçisinin sonundakı nida öz gücünü göstərir. Güzgüyə baxmağa vadar olur.

“Bu, mənəm, fəqət, neçə ildənsə sonra...” yarınigaran, yarışübhə ilə qəfil sualın iti ucunu qəlb evinə yönəldir. Həyəcanlanır, uçunur, təntiyir, nəhayət, toxtayır, özünü gümanın gerçəkliyinə inandırır. Səhnə “tozunu” ciyərlərinə çəkir, məşhur filmdən fraqmenti eyni səslə söyləyir: “Açın pərdələri, açın pərdələri ”.

Sonda da özü gedib birinci zəngi vurur.

“Məktəb illərində, xüsusən, 7-ci sinifdə çox populyar olmaq istəyirdim. Bu hiss mənə rahatlıq vermirdi. Mən o uğurun dalınca düşmüşdüm, gedirdim. İnstitut illərində parodiyada özümü sınadım, müvəffəqiyyət qazandım. Amma sonda qorxdum. Gördüm ki, uğur atına minmək çox asandı, atın cilovunu əldə saxlamaq hər oğulun işi deyil. Düşündüm, öz üzərimdə işləməyə başladım. Sonradan bu bir həyat tərzinə çevrildi və heç uğur barədə düşünmədim. Səhnə məhəbbəti məni tam özünə çəkdi. Uğursa qeyri-ixtiyari gəlirdi”.

T.Adıgözəlovla köhnə, lap köhnə söhbətdən.

 

İkinci zəng

 

“Rol üzərində işləmək təhrim çox qəribədi. Premyeraya qədər sözləri yaxşı mənimsəmirəm.

Mizanları düzgün yerinə yetirmirən. Obrazın yetişməsi, onun bütövlüyü üçün gərəkən proses gedir. Premyera günü tamam başqa adam oluram”.

Köhnə söhbətlərindən.

Telmanın aktyorluğu Allah vergisiydi, obrazlara tapdığı əlavə cizgilər, improvizələr peşəkarlıqla yoğrulmuşdu. Duzu yetərincəydi. Aktyordan ötrü çox önəmli olan plastikası həsəd aparılası dərəcədə yüksək idi.

Pantomim elementləri oyun tərzinin yaraşığıydı.Karnaval estetikası boyuna biçilmişdi.

Lirik-psixoloji komediya ustasıydı.

Sosial-fəlsəfi komediyalarda rol almaq ona yaraşırdı.

Televiziya tamaşalarında möhür vurduğu obrazlar da bu səpgidəydi. O, bəzən Çarli Çaplini xatırladırdı, bəzən Lyu de Funesi, bəzən Pyer Rişarı, bəzən Norman Uizdomu... Fəqət, bu oxşarlıq olsa-olsa, onun potensial oyun imkanlarının sərhəd diapazonuydu. Bütün hallarda zəngin, daxili oyun imkanlarına malik Telman Adıgözəlov idi. Sadəcə müasir Azərbaycan kinokomediyası boşluğunda o da uduzdu. İmkanları tutumunda meydan tapa bilmədi.

“Mənim daxilim və zahirim tərs mütənasibdir. Daxilimi Vaqif İbrahimoğlu yaxşı duya bilir. Məndəki karnaval estetikasını o, üzə çıxarmağı bacarır.

Şişirdilmiş vəziyyətlər, qrotesk oyun tərzi mənə çox doğmadır. Yəqin kinorejissorlar daxilimi duymurlar... Çarli Çaplinə həsəd aparıram”.

Yenə köhnə söhbətlərindən.

Telman haqqında üç cümlə.

1.Telman tragikomediyanı üzünün doğma janrı sayırdı.

2.Çaplini çox sevir və onu bu janrın zirvəsi hesab edirdi.

3.Görünür, onun ən böyük, dahiyanə rolu elə Telman Adıgözəlov obrazıydı.

 

Namiq Qurbanov, kinorejissor

 

Qəti inamım hər zaman məni bu düşüncəyə sövq edib: Telman müəllim böyük kinolarda alt qatında dərd yatan obrazların kədər qəhqəhəsinin ustası kimi daha böyük şöhrət qazana bilərdi. Hər şeydən öncə, o, insanları, insanlığı sevməyi bacarırdı, kədəri böyük Füzuli eşqi ilə sevə bilirdi:

 

Ümidlə yaşadım bir ömür mən ki,

Başımın üstünü alıbdır çən ki,

Yıxılıb ölərəm, əgər bilsəm ki,

Hamının kədəri ölər mənimlə.

 

Dostum Sabir Sarvandan xatırladığım bu parça, nədənsə, mənə elə gəlir ki, Telmanın yaşam tərzinin sloqanı, fəlsəfi çıxarışıydı. Dəbdəbəli həyat tərzindən uzaq, mehriban, duz-çörəyin qədrini köhnə kişilər qədər bilən, dostcanlı, qohumcanlı, canlara dəyən oğlandı. Kimsənin kədərinə dözməzdi.

 

Üçüncü zəng

 

...Yeniyetmə avansəhnədən, alqışlara əhəmiyyət vermədən gözünü zilləmişdi uzağa. Bu nə izdihamdı, ağlı kəsdirmirdi. Hərçənd, bu təəccüblü baxışdan qabaq səhnə güzgüsündə gördüklərindən diksindi, qışqırmaq istədi, səsi çıxmadı. Axı zamanın bu tayından o tayına ün yetən deyil. Əgər səsi çıxsaydı, qışqıracaqdı:

– Atam, qardaşım, dost, qardaş müəllim, sənə nə olub? Nədən bunca bədbinsən? Hansı qüvvə hansı öncəduyumu diktə edir beyninə? Bu günkü “Kinoklub”un çəkilişində Etibarı da karıxdırdın, Əzizi də, Rəsulu da, operatorları da, qonaqlarını da. Ancaq rəhmətliklərdən danışdın. Mirzə Babayevdən, Həsən Məmmədovdan, Eldəniz Zeynalovdan... Üstəlik, qayıtdın ki, bu gün böyük sənətkarları xatırlamaq borcumuzdur. Gəlin onları yada salaq. Nə vaxtsa, bizi də xatırlayacaqlar.

“Telman yaxşı oğlandır, xeyirxahdır, dostdan ötrü özünü fəda etməyi bacarandı, sabit xarakterli, mərd adamdır, arxalanmalı dostdur. Telmanla kəşfiyyata getmək olar. Yumoru da məni təmin edən yumordu. İncə, zərif, mənalı komediya ruhu var Telmanda”.

Bu sözlər də xalq artisti, ən yaxın dostu Ramiz Novruzovun köhnə söhbətindəndir. Təzədən onunla bu barədə söhbətləşməyə qıymadım. Hələ qaysaq bağlamamış yarasına toxunmadım.

Ramiz Novruzovu xatırlamışkən, lap çoxdan sahildə Ramiz Novruzovla oturmuşduq. Bir portret yazı işləmək fikrim vardı. Az keçmiş Telman da gəldi. Ramizə ünvanlanan “Nədən narazısan?” sualına o cavab verdi:

– İşıqdan – gözünə düşür.

Evdən – darısqaldır.

Bir də puldan- çünki əl çirkidir, lakin...

Telmanın bu cavablarını indi xatırladığımda onu özü ilə bağlı assosasiya olunan başqa bir cavab beynimi çulğaladı.

Telman yekəxana və lovğa olmadığına görə zahiri işığı sevmədi, könül evi, iç dünyası çil-çırağlıydı. Telmanın evi sənətinin, şəxsiyyətinin böyüklüyü müqabilində çox darısqaldı. Fəqət, bu evə az qala bütün Azərbaycan yerləşirdi, həmişə qonaqlı-qaralıydı.

Pulu doğrudanda əl çirki saydı, bunun da sübuta zatən ehtiyacı yoxdur.

“Həmişə Telmana deyirdim ki, qardaş müəllim, (bu rəhmətliyin öz müraciətiydi) səninlə uzaq yola çıxmaq sərf eləmir. Dörd saatlıq yolu səkkiz-doqquz saata başa vururuq. Təsəvvür elə, sübh tezdən çıxmışıq Lerikə gedirik. Az qala gecəyə gəlib Lerikə çatırdıq. Bilirsən niyə? Hər addım başı rəhmətliyin maşınını görürlər, siqnal verirlər. Düşdü, salamlaşdı, azından yarım saat hal-əhval tuturlar. Hələ mən demirəm, nə qədər yeməyə dəvətdən imtina edir. Elə məqam olurdu ki, çay süfrəsindən qaçmaq mümkün deyil. Salyan, Biləsuvar, Cəlilabad, Masallı – yolboyu keçdikcə dostları ilə rastlaşır, düşür görüşür... Özü də bütün bu münasibətlər səmimiydi, sidqi-ürəkdəndi. Bax elə bu fakt səmimi tamaşaçı məhəbbətinin, əsl xalq sevgisinin göstəricisiydi”.

 

Etibar Babayev,

Azərbaycan Televiziyasının bədii rəhbəri

 

“Üç ildi onu tanıyırdım. İlk görüşümüz “Kinoklub”-un çəkiliş meydançasında oldu. 28 iyul 2007- –ci il. Kim bilirdi ki, bu görüş səmimi dostluğa çevriləcək.

... sonuncu görüşümüz.....

2010-cu il, aprelin 14-də oldu... Ənənəvi olaraq zarafatla ayrıldıq...

O, həyatdan gedəndən sonra anladım ki, Telman müəllim ən yaxın dostum və dayağım idi.

... Hələ də mobil telefonumdan onun nömrəsini silməmişəm. Hər zaman vətənpərvər, qeyrətli, xeyirxah insanın, böyük aktyorun, əvəzolunmaz dostumun zəngini gözləyəcəyəm”.

 

Əziz Əliyev Prodüser

 

“Telmanı başqalarından fərqləndirən cəhəti onun özəl ünsiyyətçiliyi idi. Aktyorluğu məlum, bunu hamı bilir. İnsan kimi olduqca maraqlı adamdı. İstənilən kontigentdə, müxtəlif sahə adamları tərəfindən qəbul ediləndi. Bir nəfər görmədim, desin ki, Telmanı qəbul etmirəm. Bu, nadir haldır və onun izindəki işıqdan, saflıqdan irəli gəlirdi”.

 

Fuad Vəlixanov,

əməkdar incəsənət xadimi

 

Yeniyetmə karıxıb qalmışdı. Güzgüdə gördüyü, üzünün ömür mabədinin cizgilərini əks etdirən şəkil qara lentlə birgə ştangetdən aşağı gəlirdi... səhnənin ortasına... tamaşaçı sayını hesablamaq imkansızdı.

Amma izdiham şəklin qarşısında baş əyib qəbiristanlığa doğru axışırdı.

Deyəsən, o şəklin səsiydi, ya nəydi, Allah, yeniyetməyə pıçıldayırdı:

 

...Bir küçədə, bir tində

Səni geyindirəcək

ölüm var,

Amma, amma:

ölümə inanma.

Qurtar.

Qəbir daşında yazıya

baxan kimi

baxma dünyaya,

qurtar!

Dan yerinə bax,

dan yerinin

sənə sözü var!

 

...Və sonuncu – üçüncü zəng davam edirdi, ardı-arası kəsilmədən, bir azdan bu səslər telefon zəngləri ilə əvəz olundu. Dostlar, əziz – giramilər bəd xəbərin yalan çıxması ümidiylə zəngləşirdilər...

... Və bir də dan qızartısında yeniyetmə başa düşdü ki, bu “Əbədi sevgi” tamaşasının son zəngiymiş.

 

 

Hafiz İMAMNƏZƏRLİ

 

525-ci qəzet.- 2010.- 25 may.- S.7.