...Hə, Məzahir müəllim...
BU DA ÖMRÜN BİR
GÜNÜ
Yaman yorulmuşam. Uzaq yol gəlmiş adam kimiyəm. Elə bil təkcə ayaqlarımdan, qollarımdan, çiyinlərimdən deyil, ruhumdan da, ürəyimdən də nəsə asılıb. Varlığımda nəyinsə ağırlığını hiss edirəm. Bu bəlkə də duyğu, bəlkə də düşüncə, bəlkə də söz asılılığıdı... nə bilim. Amma hər nədisə ondan qurtulmaq, ondan xilas olmaq da istəmirəm heç. Çünki mənə doğma gəlir, çox məlhəm hiss edirəm onu... Hətta bir az əzizləmək də, bir az nazını çəkmək də keçir könlümdən...
Hərdən özüm özümlə tək qalanda divarlarla danışmağı xoşlayıram. Lap uşaqlıqdan beləyəm. Yay gecələri həyətdə oturub, daha doğrusu, tut ağacımızın dibində düzəltdiyim taxta çarpayıda uzanıb ulduzlarla danışırdım. Qış gecələri evimizin tavanıyla... əllərimi çarpazlayıb qoyurdum başımın altına və başlayırdım söhbətə. İndi də mənə qəribə gəlir o söhbətlərin mövzuları. İnanın ki, ulduzlarla, tavanla elədiyim söhbətlərin mövzuları qalaq-qalaq kitablara, neçə-neçə ağır məclislərə mövzu olub bəs edərdi. Özü də sərhədsiz idi mövzularım. Söhbətimdə heç nədən, heç kimdən çəkinmirdim. Nə qlavlit qorxusu var idi, nə də kiminsə duyub irad tutacağı... Mən də bu azadlıqdan istifadə edib yerlə göyün arasını ağ cığır etmişdim. O cığırla gedib-gəlmək necə də xoş idi... İndi də ölkənin baş kəndində, paytaxtımızdakı Motodrom ərazisində özülü olmayan gecəqondu evimdə ara-sıra divarlarla danışıram. Amma burda bir az yavaş, bir az səsimi qısıram. Çünki divar tək daşdan olduğundan qorxuram ki, qonşuları narahat edərəm və onlar da elə bilər ki, havalanmışam, dəli olmuşam... Amma öz aramızdı, indi dəliliyin də öz özəlliyi, öz gözəllikləri var. Sadəcə dəliliyini anlayan olsa...
Özümlə danışdığım anlarda özüm özümlə haqq-hesab da çəkirəm. Nəyi harda, necə etdiyimi, kimin xətrinə dəydiyimi, kimə haqsızlıq etdiyimi və yaxud da əksinə, kimlərin mənim xətrimə dəydiyini, kimlərin mənə haqsızlıq etdiyini qoyuram tərəziyə... və bu tərəzinin hansı gözünün ağır olduğunu müəyyənləşdirmək çətin olsa da, amma başımın üstündə Allah xofu olduğundan heç nəyi əyri-əskiklik etmədən olduğu kimi görməyə çalışıram. Haqqı nahaqqa vermirəm, bir də ki, guya mən bu ölçüdə haqsızlıq etsəm nə dəyişəcək ki?..
Həyat çox qəribədi. Ona görə qəribədi ki, milyardlarla hissəciklərdən, zərrələrdən, daha nə bilim nələrdən ibarətdir. Biz insanlar da fərd olaraq onlardan ən yaxşı halda yüzünü, minini öyrənib başa çıxa bilirik. Daha doğrusu, elə öyrəndiklərimiz də bizləri başa çıxır. Ömür karvanı mənzil başına yetişir. Bizdən sonra gələnlər o karvanı təkcə növbəti dayanacağa kimi aparmırlar, həm də onlar bizim gəldiyimiz, bizlərdən əvvəlkilərin gəldikləri dayanacaqlara da baş vururlar. Və beləcə ömürlər həm çarpazlaşır, həm üst-üstə düşür, həm də bir-birinə calanıb üzü sabahlara doğru gedir. O sabaha gələn yolun əvvəlində bir ünvan da var. O ünvanı mən necə tapdım, necə kəşf etdim – özüm bildim. Elə “Ədalət”in də, digər yazılı KİV-lərin oxucularının necə tapdığını onlar özləri daha yaxşı bilirlər. Sadəcə bu iki bilginin üst-üstə düşən bir məqamı, bir nöqtəsi var. O da ünvan sahibinin kimliyidi...
İllərin o biri üzündə, indi gəldiyim yolun 80-ci illər adlanan məntəqəsində qarşıma bir imza çıxdı. Özünü görmədiyim, amma sözünü oxuduğum bir imza. Və mən o imza sahibini tanıdığım gündən o sözlərin arxasında dayanan qələm adamının yaddaşımda, nəzərlərimdə, xəyalımda surətini yaratmağa başladım. Çünki o sözlər hamının işlətdiyi, hamının yazdığı, hamının dediyi sözlər olsa da, amma onun düzümü, onun sərgilənməsi fərqli idi. Bu fərq mənim çox böyük sevgi və sayğı bəslədiyim insanları, qələm adamlarını xatırladırdı. 90-cı illərdə daha yaxından tanıdığım o insanı ilk dəfə görəndə əvvəlki fikrimdə yanılmadığıma bir daha inandım. Düzünü deyəcəm, onun yerişi də, maneraları da, danışığı da, yazısı da mənə sanballı sovet jurnalistikasını xatırladırdı və elə indi də xatırlatmaqdadı. Çünki bu qələm adamında tanıdığım, şəxsiyyətinə, insanlığına, səmimiyyətinə, sözünə böyük sevgilər və ehtiram bəslədiyim jurnalistlərin, yəni Nəriman Zeynalov, Əli İldırımoğlu, Ziyəddin Sultanov, Firudin Rəsulov və digərlərini möhtəşəm obrazlarını görürdüm onda. Düşünürdüm ki, yaşca adlarını sadaladığım insanlardan kiçik olan bu yeni tanışım sovet jurnalistinin kamil obrazını sanki onlardan əxz eləyib, öyrənib. Ona görə də kənardan onu izləyən hər kəs, heç şübhəsiz bu insanın məhz jurnalist olduğuna təqdimatsız qərar verə bilər...
Biz onunla “Ədalət”də daha yaxından tanış olduq, daha yaxından bir-birimizi oxuyub öyrəndik. Və onu “oxuduqca” da ilk təəssüratıma, ilk qərarlarıma özümdə əminlik hiss etdim. Gördüm ki, Məzahir Əhmədoğlunu xarakterizə etməyimdə yanılmamışam. Çünki o...
Məzahir sözünün, qələminin qara fəhləsi və sözünün, qələminin ustasıdı. O, usta məharəti ilə fəhləlik də edə bilir, fəhlə cəfakeşliyi ilə ustalıq da. Ona görə yazdıqları özünün oxşarı, özünün bənzəri, özünün təqdimatçısı olur. Oxucu da yazılarla, bu təqdimatla qələm sahibini yaxından tanıyır, anlayır və ona daxili bir sayğı ünvanlayır. Zənnimcə, jurnalist üçün, söz adamı üçün cəmiyyətdə sayğı ilə qarşılanmaq, oxucu diqqətini qazanmaq ən böyük uğurdu, ən böyük qələbədi. Çünki söz ürəyə yol tapanda sahibini də özü ilə birlikdə o ürəyə aparır, o ürəkdə yaşadır. İllərin çox böyük bir zamanını sözə həsr edəndə adam özü də sözləşir, söhbətləşir. Bu mənada Məzahir Əhmədoğlu artıq öz sözü ilə, öz söhbətləri ilə jurnalistikamıza möhürünü vurub, dəsti-xəttini təsdiq edib. Uzaqlardan baxanda onun izini görmək, onun xəttini tanımaq mümkündü. Əvvəldə qeyd etdiyim kimi, bu onun sovet jurnalistikasının yaxşı mənada təqdimatçısı olmasından irəli gəlir. Hə, Məzahir müəllim, bu məsələnin birinci tərəfi...
Bilmirəm, neçə yaşı olur. Heç bilmək də istəmirəm. Çünki təvəllüdü deyəndə, yaşı xatırladanda istər-istəməz söz adamını bir kövrəklik də bürüyür. İndiki məqamda isə mən buna heç ehtiyac da duymuram. Mənə görə Məzahir hardasa ya 100 yaşındadı, ya 150... Çünki oturuşmuş, özünü təsdiq etmiş, öz yolunu dağdan, daşdan adlada-adlada bu günə gətirib çıxara bilən, bu mərtəbəyə qaldıran KİŞİNİN yaşı ancaq mənim hesab etdiyim kimi olmalıdı. Qısa ömürdə bu qədər işi görmək özü böyük bir ömrü yaşamaq kimi bir şeydi. Elə deyilmi, Məzahir müəllim?..
Onunla istənilən
mövzuda mühakimə yürütmək, istənilən məsələyə
münasibəti çözmək, onunla yol-yoldaşı
olmaq, onunla bir süfrə arxasında əyləşmək və
onunla ailənin, ürəyinin sirlərini çəkinmədən
müzakirə etmək mümkündü. Çünki
saydıqlarımın hər birində o həmişə
özü olub. Necə tanımışamsa, o cür.
Ağrı-acıya da münasibətdə, qəzet işinə
də qayğıda, diqqətdə o əvvəldən
tanıdığım parametrləri heç vaxt pozmayıb.
Həmişə ağır, amma qətiyyətli
addımları ilə özünün əmin olduğu yolla
getməkdə və heç kimə də badalaq vurmadan, mane
olmadan, qısqanclıq büruzə vermədən yazmaqda,
yaratmaqdadı. İstər bir vaxtlar yazdığı
şeirlərində, istər ədəbi mühitə
münasibətində, istərsə də bu xaoslu zamanda
çat verən dostların sırasında o özünü
olduğu kimi saxlamaqda davam edir. Təbii ki, bu ona asan başa gəlmir, bunu bilənlər
bilir...
Mən lap ilk cümləmdə
xatırlatdım ki, yorulmuşam, elə bil uzaq yol gəlmişəm.
Yenə o fikrimə qayıdıram. Həqiqətən də
dünyamızın bu kələfi dolaşmış
zamanında yorulmamaq mümkün deyil. Sadəcə
yorğunluğu çıxarmağın bir neçə
yolu, üsulu var. Onlardan biri də ürəyincə olan və
ürəyində olan insanlardı. Onlarla baş-başa
qalmaq, onlarla söhbətləşmək, onların
yanında olmaq və onların yanımda olmalarıdı. Mən
istəyirdim ki, Məzahir Əhmədoğlunun yubileyi ilə
bağlı nə isə yazım. Amma yaza bilmirəm.
Çünki yazmaq istədiklərim əslində mənim Məzahirə
demək gücümdə ola bilmədiklərimdi. O elə bir
dostdu, həmkardı ki, ona nə isə təzə bir söz
tapıb demək lazımdı. İndiki halda mən onu
bacarmıram və bir də indi heç bilmirəm ki, Məzahir
Əhmədoğlunun hansı sözə ehtiyacı var.
Çünki onun özünün ömrü elə sözlərin
içərisindədi. Sadəcə gücüm onun bir
vaxtlar “Ədalət”də çap olunmuş çat verən
dostlarla bağlı yazısını oxuyandan sonra qələmə
aldığım şeiri özünə ünvanlamağa
çatdı. Bilmirəm bəyənəcək, bəyənməyəcək,
amma bu şeiri məxsusi onun üçün yazmışam:
hərdən xəyallara
dalırsan
hisslərə
aldanırsan...
və özün də bilmədən,
otuz il öncədə
ilişib qalırsan-
ətrafındakı gurluq,
canındakı şuxluq,
gözlərindəki od, atəş-
ağlının
ucundan da keçməyən
və səni heç
cür
narahat etməyən
bu sıxlıq,
çoxluq...
əridi yavaş-yavaş
əridi illər,
əridi aylar,
əridi günlər kimi...
əridi
sabun köpüyü olan
kimlər kimi...
bir qismi də
qəlp çıxdı
ya da çat verdi...
olsun...
özünə
yaxın buraxma
bu dərdi.
bil ki,
mədəsiylə
yaşayıb,
cib ilə düşünənlər
ürəyini,
başını-
yük kimi
daşıyıb,
güc ilə
düşünənlər-
bitən zaman kimi-
gəldi gedərdi...
sənin kimliyin
və sənin dünyan
Allahın sənə
lütfü qədərdi...
gəl,
barışaq qədərimizlə...
barışaq, boyumuza
biçilib
çat verməyən
kədərimizlə...
yaşayaq,
ruhumuzdan da
yaxın və əbədi
sevgilərimizlə...
kimlərsə istəyirsə
qoy, gəlsin bizimlə!..
Hə, Məzahir müəllim,
bu mənim deyə bilmədiklərimin qol-budağı...
İnşallah, nə vaxtsa köklü-köməcli bir
ağac da əkərik, kölgəsində oturub çat verməyənlərdən
danışmaq üçün...
Əbülfət MƏDƏTOĞLU
525-ci qəzet.- 2010.- 25 may.- S.6.