Xalq yazıçısı
İlyas Əfəndiyev: həmişə bizimlə...
Zaman bəzən elə
şəxsiyyətlər yetişdirir ki, onlar yalnız öz
ailəsinin deyil, bütün xalqın sevgisini qazanır, əməlləri,
xeyirli işləri, faydalı fəaliyyəti ilə milləti
irəli aparmağa qadir olurlar. Xalq yazıçısı,
görkəmli dramaturq, dəyərli ziyalı İlyas Əfəndiyev
də belə şəxsiyyətlərdəndir. İlyas Əfəndiyev
təkcə Azərbaycan ədəbiyyatında deyil, eləcə
də milli teatr sənətimizdə yeni səhifə
açan dəyərli qələm sahibidir. Bundan başqa o,
millətinin yükünü çiyninə götürən,
işıqlı əməlləri ilə özündən
sonrakı nəsillərin yolunu nurlandıran əsl aydın
olmaqla yanaşı, cismani ölümündən sonra da
özünə rəhmət oxutduran dəyərli
oğulların, nəvələrin sələfidir.
60 ildən artıq davam edən
yaradıcılıq yolunda İ.Əfəndiyev çoxsaylı
qiymətli ədəbi nümunələr qələmə
alıb. Bu əsərlər təkcə kəmiyyət yox, eləcə
də keyfiyyət etibarı ilə seçilir və ədəbiyyatımızı
zənginləşdirməklə bərabər uzun illər
yetişməkdə olan gənc nəslin mənəvi tərbiyəsində,
dünyagörüşünün formalaşmasında önəmli
rol oynayıb. Əsərlərinin hamısında
böyük yazıçının zəngin könül
dünyası öz əksini tapıb. Bu əsərlərdə
nəcib bir soya, qədim bir nəslə malik
yazıçının nəsil şəcərəsi
haqqında məlumatlar, keçirdiyi hisslər, duyğu və
düşüncələr, yaşadığı situasiyalar,
mənalı ömrün çoxillik həyat təcrübəsi
yer alıb. Yazıçının
yaradıcılığındakı rənglər
palitrası ümumilikdə bir mövzunu əhatə edir:
İNSAN. Hansı mövzuya müraciət etməsindən
asılı olmayaraq, İlyas Əfəndiyev dünyanın əşrəfi
sayılan insanı, onun arzu və düşüncələrini,
həyatını ön planda verib. O insanı həmişə
insan ucalığında görüb, zirvədə təsvir
eləyib. Bəzən insanlıq adına yaraşmayan obrazlara
öz əsərlərində yer versə də onların
böyüklüyünə, islah olunacağına, əsl
insan adına uyğun həyat yaşayacağına inanıb.
İlyas Əfəndiyev hansı mövzulardan yazmayıb? O
insanla bağlı bütün mövzulara
yaradıcılığında güzgü tutub. Saf məhəbbət,
məişət, tarixi şəxsiyyətlərin həyatı,
beynəlmiləlçilik, qəhrəmanlıq, mənəvi
zənginlik, çökmüş vicdan sahiblərinin aqibəti,
daha nələr, nələr... Bütün bu mövzularda da
bütövlükdə insanın mövcudiyyətinin fəlsəfi-psixoloji
səbəbləri, nəticələri bədii aspektdən
araşdırılıb.
İlyas Əfəndiyevin əsərləri
həmişə gənclərin stolüstü kitabı olub,
indi də belədir. Onun bütün əsərləri
haqqında ürəklə söhbət açmaq, hər bir
əsərində ruhumuza, könlümüzə bir
yaxınlıq tapa bilərik. Hələ orta məktəbdə
oxuyarkən yaşıdlarımla İlyas Əfəndiyevin
povest və romanlarını, hekayə və pyeslərini
oxumaq üçün yarışardıq. Sonra bu əsərləri
müzakirə edərdik. Həmin müzakirələrdə hərə
öz ürəyinə yaxın bir mövzunun əsl
ustalıqla işlənməsindən, bədii həllindən
ağızdolusu danışardı. İlyas Əfəndiyevin
bir yazıçı kimi böyüklüyü ondadır ki,
onun əsərlərinin oxucuları konkret yaş
kateqoriyasına aid deyil. Bu əsərlərdəki problemlər,
cəmiyyətə verilən mesaj hər kəsi
maraqlandıran mövzulardır. Gənclər burada özlərinin
gələcək həyat arzularının təcəssümünü,
uşaqlar onun hekayələrində cəlbedici, maraqlı təbiət
lövhələrini, kənd mənzərələrini,
yaşlılar yaşanmış zəngin bir ömrün
ümumiləşmiş bədii ifadəsini tapa bilər. Bu
sübut edir ki, İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatında
bütün zamanların və nəsillərin təkrarolunmaz
yazıçısıdır.
İlyas Əfəndiyev həm
də Azərbaycan milli teatr sənətinin inkişafına
böyük töhfələr verən sənətkardır. Ötən
əsrin ən müxtəlif illərində Azərbaycan səhnəsini
yaxşı mənada İlyas Əfəndiyevin
çoxsaylı, qiymətli pyesləri “zəbt eləmişdi”.
Bu səhnə əsərlərinin geniş
tamaşaçı auditoriyası qazanması inamla deməyə
əsas verir ki, o, “İlyas Əfəndiyev teatrı”
yaradıb. Dramaturqun səhnələşdirilən pyesləri
həm də səhnədə özünü təsdiqləyən,
görkəmli aktyor ordusu yetişdirib. Bu aktyorlar bu gün Azərbaycan
teatrının korifeylərinə çevrilməklə bərabər,
özlərindən sonrakı davamçılarını
yetişdiriblər. Bu, İlyas Əfəndiyevin Azərbaycan
teatrına göstərdiyi əvəzsiz xidmətin təzahürü
kimi çoxdan təsdiqini tapıb.
İlyas Əfəndiyev təkcə
yaratdığı əsərləri ilə deyil, həyata bəxş
etdiyi əsl ziyalı övladları ilə də fəxr edə
bilər. Bütün ömrü boyu onun
yaradıcılığını böyük şəxsiyyəti
tamamlayıb. O, əvəzsiz yazıçı, dramaturq
olmaqla bərabər, həm də yaxşı ata və
yüksək mənəviyyata malik insan olub. İlyas Əfəndiyevin
insani keyfiyyətlərindən söhbət açan akademik
Kamal Talıbzadə yazırdı: “Övlad üçün
özünü oda-közə vuran, onun üçün
xoşbəxt gələcək haqqında düşünən
narahat ata idi... Oğullar da atalarına borclu qalmadılar,
atalarını sözün əsl mənasında
yaşatdılar”.
Şəxsi həyatında
çox çətinliklər yaşasa da, o, mətinliyini
sonadək qoruyub saxlayıb və üzərinə düşən
böyük missiyanı həyata keçirməyi bacarıb. Bu
gün – mayın 26-da görkəmli yazıçının
dünyamıza gəlişindən 96 il ötür. Tarixən
uzun ömürlülər diyarı kimi tanınan ölkəmizin
bu şərəfli insanı yaşasaydı,
ömrünün 96-cı baharını qeyd edəcəkdi. Amma
belə ali missiya daşıyıcıları bəşər
əhlini yalnız fiziki baxımdan tərk edirlər. İlyas
Əfəndiyevin qoyub getdiyi ədəbi irs onun əbədi
yaşamasını təmin edən başlıca amildir. 14
ildir bizi cismən tərk edən İlyas Əfəndiyev əslində
xalqımız, ədəbiyyatımız, teatrımız və
onun genini daşıyan xələfləri var olduqca
yaşayacaq və əsərlərində əbədi həyat
tapan ruhu ilə bəşəriyyətin inkişafına xidmət
göstərəcək. Sən həmişə bizimləsən,
ustad yazıçımız!
SARA
525-ci qəzet.- 2010.- 26 may.- S.7.