Daş yağan gün
Roman
(Əvvəli ötən
saylarımızda)
Nəcəf Təzə Həsənliyə qayıdanda gecədən xeyli keçmişdi. Tək-tək evin pəncərəsindən işıq gəlirdi. Əmisi də çırağı keçirib arvad-uşağı ilə yatmışdı. Nəcəf qoyun arxacının bir kənarında düzəltdiyi “yumşaq” çarpayıda uzanıb bir təhər gecəni səhər elədi. Nəcəf əvvəlcə tövləyə girib alapaça madyanın boynunu qucaqladı. Ağzını atın qulağına tutub pıçıltı ilə: – Əlvida, dostum, əlvida, alapaça köhlənim,- dedi. Atın yonca ətirli nəfəsi Nəcəfin üz-gözünə toxundu. Nəcəf ona pənah gətirən alapaça madyandan ayrılanda, at sanki Nəciyə – yolun uğurlu olsun, sağ get, salamat gəl, – deyirmiş kimi fınxırıb kırıldadı.
...Nəcəf həyətə çıxıb Qönçə xalanın axşamdan hazırlayıb dəhlizin küncünə qoyduğu bağlamanın ipini çiyninə keçirdi. Əmisi uşaqları hələ yuxudan durmamışdı. Qönçə xalanın başı ev işlərinə qarışdığından Nəcəf onun yadına düşmürdü. Zəriş geyinib-kecinib həyət-bacanı sil-süpür etmək bəhanəsi ilə özünü Nəcəfə göstərmək istəyirdi. Əlindəki dəmir yabanın ucunu qoltuğuna keçirib kənarda çəpəki dayanmış Mikayıl kişi irəli yeriyib Nəcəflə könülsüz əl tutdu və qardaşı oğluna ağızucu:
– Get, yaxşı yol, – dedi.
– Hərdən kağız yazarsan.
Nəcəf kənddən
çıxanda əyilib ayağındakı yamaqlı
çarığın bağını bərkitdi.
Addımlarını yeyinlədib deyilən vaxt Sovetliyin yerləşdiyi
kəndə çatdı. ldarənin qabağında dayanan
iyirmi-otuz nəfər çağırışçı əllərində
bağlama Nəcəfi gözləyirdi. Sovet sədri onu
görəndə atın belinə qalxıb:
– Gedək, – dedi. –
Vayenkomatdan zəng vurmuşdular. Tez getməliyik ki, qatar
ayağına vaxtında çataq.
Kənd sovetinin sədri
arxada, dalı şələli
çağırışçılar isə qabaqda gedirdi.
Hamı bir-biri ilə danışır, gülür,
zarafatlaşır, söhbət edirdi. Nəcəfin isə
eyni açılmırdı. İlk dəfə
gördüyü çağırışçı
yoldaşlarına yovuşa bilmirdi. Bəziləri ona söz
atıb dilə gətirmək istəyirdi. Ancaq daşdan səs
çıxırdı, Nəcəfdən yox. Bu dəfə kənd
sovetinin sədri:
– Nəcəf, gözümə
bir təhər dəyirsən, – dedi. – Bəlkə əsgərliyə
getməkdən qorxursan?
Nəcəf:
– Xasiyyətim belədir, –
dedi. – Bir də ki, müharibə yox, güllə
qabağına getmirəm. Hər yerdə dinclikdir. Əsgərlikdən
niyə qorxuram?
– Yəqin arxada
gözaltısı var, xiffətini eləyir. – İrəlidə
gedən zarafatcıl oğlan ona söz atdı.
Hamı
gülüşdü. Nəcəf də bir balaca
qımışdı və qəmli sifətini ani olaraq
işıqlandıran təbəssüm tez də sönüb
yox oldu.
lll
Hərbi komissarlıq... O qədər
də rahatlığı olmayan və hara isə baş
alıb gedən qatar... Nəcəfin ilk dəfə
gördüyü müxtəlif boy-buxunlu, müxtəlif
xasiyyətli, özü kimi cavan-cavan oğlanlar... Onları
aparan xüsusi qatar neçə gün yol getdikdən sonra
Ukrayna torpağına çatdı... Əsgərlər
haylı-küylü stansiyada qatardan düşüb, kənarda
dayanan maşınlara əyləşib, yaşayış yerlərindən
xeyli aralıdakı hərbi düşərgəyə
yollandılar.
Yetim Nəcəfin həyatında
hər gün yeni bir səhifə açılırdı... Və
Nəcəfin sıxıntılı günləri getdikcə
arxada qalırdı. Gözünü açandan
çobanlıq etsə də, əsgərlik həyatına
şəhərdə böyümüş, təhsil
görmüş həmkarlarından tez
alışmışdı. Təlim vaxtı çevik hərəkətləri
ilə hamıdan fərqlənirdi. Silahları söküb
yığmaqda, atəş vaxtı hədəfi dəqiq
nişan almaqda yoldaşları ona qibtə edirdi. İdman
yarışlarında, hündürlüyə tullanmaqda,
qaçmaqda, güləşdə hamını üstələyirdi.
Əslən erməni olan Arsen adlı gənc komandir əsgərləri
cərgəyə düzəndə Nəcəfi bir neçə
addım qabağa çıxarıb hərbi qayda-qanunlara əməl
etməkdə onu nümunə göstərirdi. Arsen Manukyan onu
nə qədər tərifləsə də, erməni
olduğundan Nəcəfin ondan gözü su içmirdi. Hər
dəfə Arsen Manukyanın adı çəkiləndə
Köhnə Həsənlinin xarabalıqları, ata-anası,
dünyadan nakam gedən bacı-qardaşları gəlib
dururdu gözünün qabağında. Amma nə sirrdisə,
komandirdə özünə qarşı çətin izah
olunan bir mərhəmlik hiss edirdi. Nəcəf intizamlı əsgər
kimi neçə dəfə təşəkkür
almışdı. Rus dilini bilmədiyi üçün ilk
günlər bəzən komandirini əsəbləşdirirdi.
Nəcəf vəziyyətdən çıxmaq
üçün canına cəfa basıb az vaxt ərzində
hərbidə işlənən sözlərin çoxunu
öyrənmişdi. Rus dilində səlis danışa bilməsə
də, deyilənləri az-çox başa
düşürdü və fikrini çatdıra bilirdi.
Nəcəf asudə
vaxtlarını hərbi hissənin klubunda, kitabxanasında,
müxtəlif qəzet-jurnallar olan qırmızı guşələrdə
keçirirdi. O, artıq hamı ilə
doğmalaşmışdı. Sadə qəlbli insan,
intizamlı əsgər, həm də komandirin tərif etdiyi hərbiçi
kimi əsgər yoldaşları onu sayıb, hörmətini
saxlayırdılar. Ancaq ən çox mesxeti türklərindən
olan Rövzətə ürək qızdırıb etibar eləyirdi.
Rövzət yeganə adam idi ki, Nəcəf onunla
açıq-saçıq danışırdı. Onların
bir-birindən gizli sirri yox idi. Hər dəfə
qırmızı guşəyə və ya kitabxanaya
yığışanda əsgərlər vaxtaşırı
qələm-kağızlarını götürüb evlərinə
məktub yazırdılar. Bircə Nəcəf, nə evlərinə
məktub yazırdı, nə də ki, poçtdan ona paket gəlirdi.
Bir gün qırmızı guşədə oturub söhbət
edəndə Rövzət təəccüblə soruşdu:
– Nəcəf, fikir verirəm,
gələndən bəri nə evə məktub yazırsan, nə
də məktub alırsan. Tənbəllik eləyirsən,
yoxsa evdəkilərdən bezmisən?! Xatirinə dəyməsin,
qəlbi soyuq adama oxşayırsan.
Rövzətin belə bir
sualı Nəcəfi daxilən sarsıtdı. Onun gözlərinin
altı kölgələndi. Kədərli bir ah çəkdi
və:
– Haqlı sual verirsən,
Rövzət. Ancaq birini bilirsən, birini yox. Hara məktub
yazım?! Kimə məktub yazım?! – deyib susdu.
Rövzət:
– Atana-anana, – dedi. – Axı,
onlar səndən nigarandılar. Hər gün
övladlarından məktub gözləyirlər.
Nəcəf qəhərlənən
kimi oldu və boğuq bir səslə:
– Mənim ata-anam yoxdur, –
dedi.
– Rəhmətə gediblər?
– Xeyr. Ata-anamın
üzünü görməmişəm. Mən bələkdə
olanda ermənilər onları öldürüb. Özüm də
yetim böyümüşəm.
– Bəs
bacı-qardaşın yoxdur?!
– Yeddi bacı-qardaş
olmuşuq. Ermənilər onları da qırıb. Elə
ata-anamla bir yerdə. Ailəmizdə məndən başqa,
salamat adam qalmayıb.
Onların hər ikisi
sükuta daldı. Rövzət verdiyi suala peşman oldu.
Aldığı cavablar onun qəlbindən ağır bir
daş kimi asılıb dözülməz əzaba
çevrildi. Nəcəf sükutu pozaraq:
– Bizim Həsənli adlı
böyük kəndimiz olub, – izah etdi. – Ermənilər qəflətən
hücum çəkib evləri başdan-ayağa
yandırıb, adamları arvad-uşaqlı
hamısını işgəncə ilə məhv ediblər.
Anam məni bələyib evimizin qabağındakı bağda
düzəltdiyi yüyrükdə
yatızdırıbmış. Ona görə Allah üzümə
baxıb ermənilərin əlinə keçməmişəm.
Əmim Mikayılin evi kəndin qurtaracağında olub. Ona
görə girəvə tapıb arvad-uşaqlı qaça
biliblər. Top-tüfəng səsindən
hıçqırıb-ağladığımı eşidən
əmim, məni yüyrükdən götürüb, bələk
qarışıq çuxasının altında gizlədib və
sonra da birtəhər aradan çıxardıb. Məni,
südəmər uşağı ermənilər tərəfindən
öldürülən yad bir qadın əmizdirib.
Ayağım yer tutan gündən əmimə
çobanlıq etmişəm. Günüm çöllərdə
keçib. Əmim, oğlanlarını məktəbə
qoyub, mənə yazıb-oxumağı məktəb
yaşına çatmayan balaca bir dostum öyrədib. Onu da hələ
məktəbə getməmişdən qabaq
yazıb-oxumağa, kolxozda hesabdar işləyən
dayısı məcbur eləyib. Həmin balaca dostum
yaxşı şer oxuyurdu, hekayə danışırdı.
Tapdığı kitablardan mənə də verirdi. Onnan
çoxdan əlaqəm kəsilib. Anası bizim Həsənlidəndir.
Atası qonşu kənddəndir. Bizim kənddə məktəb
olmadığından ata kəndinə gedib. Oradakı məktəbdə
oxuyur. Ona da necə məktub yazım, nə yazım? Kənddə
çoban olanda tez-tez görüşürdük.
Çaldığım tütəyə həvəslə
qulaq asırdı. Sağıb bulağın gözündə
soyutduğum qoyun südündən xoşu gəlirdi. Uşaq
olsa da, qəribə xasiyyəti vardı. Yerimi bilsə, bəlkə
də məni itirib-axtarar. Ancaq belə yaxşıdır. Onun
uşaq qəlbi dərdimin ağırlığına tab gətirməz.
Ona görə əlaqəmi üzmüşəm. Qoy
olub-keçənləri unutsun. Keçirdiyim məşəqqətli
günlərimi yadından çıxartsın. Öz dərslərinə
fikir versin. Bəlkə oralara qayıdanda axtarıb-tapdım.
O da ya qismət. Bu gündən sabaha etibar yoxdur. Bax, belə.
Bu da indiyə qədər
açıb-danışmadığım tale yazım.
Nəcəf bir qədər
fikrə getdi, gözləri doluxsundu. Sonra titrək bir səslə
əlavə etdi:
– Düzdür, məni ermənilərin
əlindən xilas eləyən əmim olub. Bu barədə
onun haqqını yerə vura bilmərəm. Lakin indi ona
qardaş oğlu kimi yox, gecə-gündüz istidə-soyuqda,
dağlarda-daşlarda qoyun-quzu otaran, çarıq-patavalı
çoban kimi lazımam. Bəli, evsiz-eşiksiz çoban!!
İndi səbrsizliklə yolumu gözləyir ki, Zəriş
adlı qarıyıb-qartayan, adına yüz söz
çıxan bir qızı mənə sırısın. Əmimin
iki nökəri olsun. Ona görə əsgərlik müddətim
qurtaranda geri dönmək fikrim yoxdur. Bir də ki, ata-anamın,
bacı-qardaşlarımın ruhundan başqa məni oralara
üz döndərməyə heç nə vadar etmir. Ermənilər
şəhər boyda bir kəndi yandırıb kül eləyiblər.
Qaçıb qurtaran on bir ailə, iki dağın arasında
təzə yurd salıb. Cəmisi on bir ev!! İndi ora təzə
Həsənli adlanır. Köhnə Həsənlidə isə
bayquşlar ulayır. Bütün kürreyi-ərzdə erməni
qəddarlarını alqışlayıb, mədh edən
yeganə bir canlı varsa, o da xarabalıqlar aşiqi
bayquşlardır. Erməni vəhşiliyi olmasa, bayquşlar
yurdsuz-yuvasız qalar. Düşünürəm ki, Tanrı bəlkə
də erməni qaniçənlərini ona görə peyda eləyib
ki, bayquşlar sığınmağa xarabalıqlar tapa bilsin.
Ata-baba yurdum Köhnə Həsənlinin xarabalıqları,
ermənilərin bayquşlara səxavətlə bəxş
etdiyi böyük bir ərməğandır. Əsgərliyə
gəldiyim günün axşamı Köhnə Həsənliyə
baş çəkdim. Kəndin ibadətgahında bayquşlar
səs-səsə vermişdi. Mənə elə gəlirdi ki,
o quşlar, abadlığı xarabalığa çevirən
erməniləri mədh edirdilər.
Rövzət
özünü saxlaya bilmədi:
– Nəcəf, daha bəsdir!
Sən Allah bəsdir! O barədə danışma! Kaş səndən
bu sözləri eşitməyəydim, – dedi. – Ermənilərə
lənət de, çıxart başından o iblisləri. Qəza
insan başına gələr. Olacağa çarə yoxdur. Səbr
etmək lazımdır. Səbr Allahın adıdır.
Nəcəf daha da həyəcanlandı:
– Məktub məsələsində
haqlısan. O barədə səhvimi düzəldərəm,
– deyib kağız-qələm tapıb qoydu
qarşısına. Qəddini əyib yazdı: “Əziz atam Cəbrayıl,
anam Mehriban, Ukraynada hərbi hissədə xidmət edirəm.
Yola düşməzdən əvvəl sizinlə xudahafizləşməyə
gəlmişdim. Həmin gecə özümə gələ
bilmədim. Sübhə qədər ağladım.
Şükürlər olsun ki, indi sağ-salamatam. Ancaq mənə
məktub yazmadığınıza görə sizdən
incimişəm. Poçtalyon gələn kimi əsgər
yoldaşlarım sevinib onu dövrəyə alırlar.
Poçtalyon çantasını açıb, kimə
atasından, kimə anasından, kimə
bacı-qardaşından, kimə sevgilisindən gətirdiyi məktubu
bir-bir sahiblərinə paylayır. Mənsə, kənarda məlul-müşkül
dayanıb baxa-baxa qalıram. Ürəyimin başı
göynəyir. Kor-peşman geri dönürəm. Əsgər
yoldaşlarım aldıqları məktubu sevinə-sevinə
oxuyur. Mənsə dalda bir yerə çəkilib göz
yaşı axıdıram. Kədərli anlar keçirirəm...”
Rövzətin mütəəssir
baxışları onun yazdığı məktubun sətirlərində
donub qalmışdı. Nəcəf məktubu tamamladıqdan
sonra xırda-xırda cırıb, paketə qoydu. Və paketin
üstünə əmisi Mikayılın ünvanını
yazdı.
– Yəqin Nəcəfin
başına hava gəlib. Yoxsa yazdığı məktubu
cırıb, sonra da paketə qoymazdı. Yalnız ağlı
başında olmayan dəli, sərsəri adamlar bu cür hərəkət
edə bilər. Burda bəlkə də mənə məlum
olmayan başqa bir sirr var. – Rövzət öz-özünə
düşündü. Sonra əlini yanaşı oturduğu
dostunun çiyninə qoyub:
– Nəcəf, bu nə oyundu
çıxarırsan?- soruşdu. – Həm deyirsən ata-anam
yoxdur, həm də məktub yazırsan?! Bir də ki, de
görüm, bəs yazdığını nə
üçün cırıb, sonra da paketə qoyursan?!
Düzü, sənin bu cür əcaib hərəkətlərindən
baş aça bilmirəm.
– Mən bu məktubu
atamın və anamın ruhuna göndərirəm. – Nəcəf
cavab verdi.- Əmim və onun arvadı, oğlanları paketi
alanda içərisindəki cırıq kağızları
görüb, yəqin ki, hirslənəcək, məni söyəcəklər.
Və ya düşünəcəklər ki, Nəcəf belə
bir iş tutmaz. Yəqin yolda əli dinc durmayanların biri
paketi açıb, oxuyub və nə səbəbə isə
cırıblar. Beləliklə, onsuz da heç kəsə
lazım olmayan məktubumun cırıqlarını havaya
sovuracaqlar və yaxud zibilliyə atacaqlar. Hər
qarışında izim olan dağlarımızın küləyi
məktubumun qırıntılarını kəpənək
kimi uçurdub, Köhnə Həsənlinin
xarabalıqlarına səpələyəcək. Onda valideynlərimin
ruhu, Ukrayna torpağında əsgərlik çəkən
övladlarının yazdığı məktubun lal
harayından agah olub rahatlıq tapacaq.
Nəcəf bunları
danışdıqca Rövzətin qaşları düyünlənir,
sifəti avazıyır, qəlbi kövrəlir,
başını qaldırıb dostunun kədərli sifətinə
baxmağa cürət etmirdi. Onların hər ikisi sükuta
daldı. Sanki nitqləri qurumuşdu. Danışmağa
söz tapmırdılar. Birdən Rövzətlə Nəcəfin
əyləşdiyi stulun arxa tərəfində
tappıltı eşidildi. Hər ikisi diksinib geriyə
baxdı. Komandirləri stuldan aşıb yerə
yıxılmışdı. Əsgərlər onun qolundan
tutub qaldırırdılar. Komandir huşunu itiribmiş kimi
dikəlib stulda əyləşdi, halsız vəziyyətdə
kürəyini arxaya söykədi. Onun baxışları məchul
bir nöqtədə donub qaldı. Sonra dilxor halda ayağa
qalxıb yan-yörəsinə baxmadan otağı tərk
etdi.
Sən demə, Arsen Manukyan
bayaqdan bəri Nəcəflə Rövzət arasında gedən
söz-söhbətə diqqətlə qulaq
asırmış. Nəcəf pərt oldu. – Qanımız
getdi. Həmişə mənə xoş üz göstərən
komandir, ermənilər barədə işlətdiyim sözləri
eşidəndən sonra münasibətimiz korlanacaq. – Daxilən
düşündü. – Ola bilməz. O, Azərbaycan dilini
hardan bilir?! Danışıqlarımı başa düşməz.
– Özü-özünə təsəlli verdi. – Bu
çağacan azərbaycanca bir kəlmə işlətməyib.
Yoox, yəqin azərbaycanca bilir ki, ermənilərin vəhşiliyindən
danışdığım ona acıq gəldi. Və ona
görə əsəbləşib, hirsindən döşəməyə
yıxıldı.
(Ardı var)
Əli İLDIRIMOĞLU
525-ci qəzet.- 2010.- 26 may.- S.6.