Dünya cazının Azərbaycan cazibəsi  

 

Azadlığın təkcə üsyan edən səsi olmur, onun həm də qəlbləri riqqətə gətirən musiqi səsi var. Döyüş təkcə qanlı-qadalı səngərlərdə deyil, həm də ürəklərdə, qəlblərdə, beyinlərdə aparılır. Deməli, ruh hardadırsa insan orda nəfəs alır, orda düşünə və düşündürə bilir. Saysız-hesabsız musiqi janrları içərisində sayılıb seçilən caz musiqisi bir qara zəncinin qəlb ağrısından yoğrulsa da, minlərin azadlıq eşqi ilə çırpınan ürəyinin səsi, qəlbinin əsrlərə boylanan, özü ilə keçmişin ağır dərdlərini daşıyan naləsini gəzdirirdi. Dünən, bu gün və sabah üçün...

O, zənci istədiyini deyə bildimi?.. Dedi və sübut etdi ki, yaşamağın yolu azadlıqdan, bərabərlikdən, insan kimi dəyərə və düşüncəyə sahib olmaqdan keçir. O qara zəncinin caz adlı izahı heç kəsə bəlli olmayan bir tapıntısı, “kəşfi”, bəlkə də ömür boyu nəsillərə “miras” qoyduğu sərvəti inam idi. Bu dərk edilən və edilməyən səsin melodiyası, pıçıltısı, qalxıb-enən harayı bütün zamanlara çatacaqdı və çatdı da...

Dünyada elə bir xalq yoxdur ki, onun özünəməxsus musiqi mədəniyyəti olmasın. Musiqi millətləri birləşdirən, onların qarşılıqlı anlaşmasını təmin edən universal bir dildir. Bu dilin bir açarı, ünsiyyət vasitəsi də bu gün dünyanı dolaşan caz musiqisidir.

Cazı vaxtı ilə ABŞ-da istismar edilən hüquqsuz zənci əhalisi – nə vaxtsa öz vətənlərindən didərgin salınmış qara qulların əcdadları yaratmışlar.

İlk zənci qullar XVII əsrin əvvəllərində gəmi ilə Afrikadan Amerikaya gətirilmişlər. Cənubi Amerikanın varlı fermerləri öz plantasiyalarında ağır işləri yerinə yetirmək üçün qul əməyindən istifadə edirdilər. Öz vətənindən, doğmalarından ayrı düşmüş, ağır əməkdən üzülmüş bu kölə insanlar musiqi ilə təskinlik tapmışlar. Zəncilərin musiqi duyumu, xüsusilə ritm hissiyyatı çox güclüdür. Bu da, əlbəttə, zəngin ritmi ilə seçilən Afrika musiqisi ilə əlaqədardır. İllər ötdükcə zəncilər öz vətənlərinin musiqisindən tədricən uzaqlaşırdılar. Yalnız təbii olaraq musiqi sədaları ilə rəqs etmək ehtirası, daxili ritm duyğusu qalırdı. Əvəzində isə onları əhatə edən mühitdə səslənən, musiqini – “ağlar”ın ifa etdikləri xristian dini himnlərini mənimsəyirdilər. Lakin zəncilər bu dini mahnıları özünəməxsus tərzdə ifa edirdilər. Onların oxuduqları mahnılarda daha çox iztirab, kədər hiss olunurdu.

Beləliklə, ilk zənci dini mahnıları –“spiriçuels” meydana gəlməyə başladı. XIX əsrin sonunda digər zənci mahnısı – şikayət, etiraz nidaları ifadə edən “blyuz” yaranır. Zəncilər blyuzu gitaranın müşayiəti ilə oxuyurdular. Onların orkestr alətlərini əldə etmək üçün imkanları yox idi. Ona görə də müxtəlif məişət əşyalarından kortəbii surətdə musiqi alətləri düzəltməli olurdular.

ABŞ-da 1861-1865-ci illərin Vətəndaş müharibəsi bitdikdən sonra hərbi hissələrin nəfəs alətləri orkestrləri buraxıldı. Bu orkestrlərin alətlərini nisbətən ucuz qiymətə əldə edən zəncilər öz musiqi kollektivlərini yaratmağa başladılar. Zənci musiqicilər marşlar, rəqslər ifa etməklə yanaşı, spiriçuels və blyuz üslubunda melodiyaları təqlid edirdilər. Onlar zənci vokal musiqisinin xüsusiyyətlərini, onun ritm sərbəstliyini müxtəlif orkestr alətlərində (truba, klarnet, trombon) ifadə etməyə çalışırdılar. Bu musiqiçilərin not savadı yox idi.

Zənci vokal musiqisinin və zənci ritminin instrumental sahəyə tətbiq edilməsi sayəsində yeni orkestr musiqisi –“caz” yaranmağa başladı.

Cazın əsas xüsusiyyətləri improvizasiya (hazırlaşmadan, bədahətən ifa etmə), ritm sərbəstliyi və geniş melodik nəfəsdən ibarətdir. Ritmdəki müntəzəm vurğuların (“bit”) və bu vurğulardan yayınmaların (“svinq”) mövcudluğu caz musiqisinə özünəməxsus rəngarənglik gətirmişidir.

Afrika xalq musiqi ənənələrini özündə birləşdirən caz musiqisində ritm sərbəstliyi və zərb alətlərinin geniş istifadə edilməsi ilə yanaşı müxtəlif alətlərdə danışıq intonasiyalarının təqlid edilməsi mühüm yer tutur.

Cənubi Amerikanın Yeni-Orlean şəhərində təşəkkül tapmış ənənəvi cazın erkən mərhələsi üçün kollektiv improvizasiya əsas idi. Erkən Yeni-Orlean cazı daha sonra Çikaqo cazı ilə birləşərək “diksilend” üslubu adlandırılmışdır.

Yarandığı gündən indiyədək caz musiqisi çoxşaxəli inkişaf yolu keçmiş, onun bir çox cərəyanları və məktəbləri (bi-bop, proqressiv, xard-bop, soul-caz. caz-rok, fri-caz, simfo-caz və s.) yaranmışdır.

Caz musiqisinin mahir ifaçıları və yaradıcıları olan Lui Armstronq, Dyuk Ellinqton, Benni Qudmen, Qlen Miller, Ella Fiscerald, Bessi Smqet və başqaları artıq bütün dünyada məşhurlaşmışdır.

Caz elementlərindən iri formalı musiqi əsərlərində (simfoniya, opera, konsert) istifadə edilməsi (“simfo-caz”) sayəsində bir sıra görkəmli sənət əsərləri yaranmışdır:

Bu gün bütün dünyada azadlıq şərqisi kimi sələnənən cazın öz qolu, öz axarı və cəzbetmə qüvvəsi vardır. Məsələn, Braziliya, Kuba, Polşa və digər bir neçə ölkədə cazın spesifik çalarları mövcuddur. Kuba cazı daha çox emosionallığı ilə seçilirsə, Azərbaycan cazı isə muğam üzərində qurulması ilə diqqəti cəlb edir.

Azərbaycan cazının bünövrəsi ötən əsrin 30-cu illərinin sonunda böyük musiqi xiridarları Niyazi və Tofiq Quliyevin yaratdıqları “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulmuşdur. Ansamblın ilk tərkibi üç trombon, eyni sayda truba, beş saksafon, royal, gitara və zərb alətlərindən ibarət olmuşdur. Orkestrin ilk konsert proqramına klassik cazla eyni səviyyədə Niyazinin və Tofiq Quliyevin pyesləri də daxil edilmişdir.

1941-1945-ci illər müharibəsi dövründə və müharibə qurtardıqdan sonra “Dövlət cazı”na rəhbərliyi Rauf Hacıyev həyata keçirmişdir. Amma 50-60-cı illərdə SSRİ-nin Qərb əleyhinə yönəlmiş təbliğat maşını ölkədə bu musiqi janrının inkişafına güclü ziyan vurmuşdur. Ancaq bütün qadağalara baxmayaraq, bu musiqinin fanatları bir yerə toplaşır, Qərb radiostansiyalarını dinləyir, sonra isə eşitdikləri musiqi parçalarını müstəqil surətdə ifa etməyə cəhd edirdilər.

60-cı illərdə Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı başlamışdır. Rafiq Babayevin “Qaya” vokal kvarteti yaranmış və nəhayət Vaqif Mustafazadə dövrü başlamışdır.

Vaqif Mustafazadə Şərq muğamını Qərb dinləyicisi üçün anlaşılan dildə – yəni caz dilində təqdim edib, yurdunun dinləyiciləri üçün isə cazı doğma muğam dilində səsləndirirdi. Məşhur caz tənqidçisi, amerikalı Velis Konover demişdir: “Vaqif Mustafazadə ekstra ifaçıdır. O, dinlədiyim lirik caz ifaçıları arasında ən gözəl ifaçıdır”.

Onun barmaqları pianinonun şirmayi dillərinə toxunduqca dinləyicilər heç vaxt eşitmədikləri musiqinin sehrində özlərini unudurdular. İnsanlara olan hörmətini, səmimi münasibətini o, öz musiqi əsərləri ilə bir növ tamamlayır, bütövləşdirirdi. Musiqiyə hamı kimi yox, özü kimi, fərqli, qeyri-adi və tam yeni nəzərlə baxırdı. Onun musiqisində və duyumunda Qərbin caz üslubu, elementləri ilə yanaşı, Şərqin qəlbi riqqətə gətirən min bir duyğu çaları özünə yuva salmışdır.

Vaqif Mustafazadə çox az yaşadı, cəmi 39 il. Ömür payı yarım əsrə çatmasa da, mənalı yaşadı, ömrünü sənətin içində elə yandırdı ki, bu gün də onun işiğı öləzimir, əksinə günbəgün gurlaşır, daha da uzaqlara yol açır. Çünki o, zamana sığmayan və bütün dövrlərdə dərk olunacaq bir istedad sahibi idi. Düzdür, zamanında dərk olunmadı, çox incitdilər, küsdürdülər, layiq olduğu qiyməti ondan əsirgədilər. Bütün bunlara baxmayaraq Tanrının Vaqifə bəxş etdiyi böyük istedadı, sənət eşqini söndürə bilmədilər. O, bu qəlb göynədən münasibətlərə rəğmən daha böyük həvəs və tükənməz enerji ilə, gecə-gündüz işlədi, yazdı-yaratdı. Dünən, bu gün və neçə-neçə sabahlar üçün....

V.Mustafazadənin musiqiyə vurğunluğu elə göz açdığı ailədən başlamışdır. Vaqif Mustafazadə ilk musiqi təhsilini anası Zivər xanımdan aldıqdan sonra 1957-ci ildə Asəf Zeynallı adına musiqi məktəbinə daxil olmuşdur. Təhsil aldığı illərdə o, əvvəlcə xalq çalğı alətləri orkestrində pianoçu, az sonra isə Azərbaycan Radio Komitəsində pianoçu-solist kimi işləmişdir. Vaqif 1965-ci ildə Tiblisidə “Orero” ansamblına musiqi rəhbəri kimi dəvət almış, elə həmin ildə “Qafqaz” caz triosunu yaratmışdır.

Vaqifin 1967-ci ildə Tallinndə ümumdünya caz festivalındakı çıxışı ona dünya şöhrəti gətirmişdir. Bu festivala dünyanın 3 mindən çox musiqiçisi qatılmışdır.

V.Mustafazadə digər bir uğura isə 1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə keçirilən festivalda imza atmışdır. Festivalın şərtlərinə görə, əsərin müəllifi, ifaçısı hətta onun hansı ölkəni təmsil etməsi gizli saxlanılmalı idi. Münsiflər heyəti bu lentləri bir-bir dinləyib, qalibi müəyyənləşdirdikdən sonra, əsərin müəllifi, ifaçısı, o cümlədən ölkənin adı elan olunacaqdı. Yüzlərlə naməlum ad içərisindən yenə də bizə doğma ad çəkilir: “Azərbaycan, Vaqif Mustafazadə, “Əzizəni gözləyərkən”. Vaqif Monako caz festivalından Vətənə “Ağ royal” mükafatı ilə qayıtdı.

Dünyanın heyrətlə izlədiyi və bəstələrinə vurğunluqla qulaq asdığı Vaqif Mustafazadə heç kimin gözləmədiyi anda hamını tərk etdi, Daşkənd qastrolu Vaqif Mustafazadə üçün sonuncu oldu. 1979-cu il dekabrın 16-da çıxışı zamanı royal arxasında o, ikinci dəfə infarkt keçirdi. V.Mustafazadəni xəstəxanaya çatdırsalar da, onu xilas etmək mümkün olmadı.

Bu gün Vaqifin ruhu çox şaddır. Ona görə ki, sənət yolunu qızları Lalə və Əzizə ilə yanaşı, neçə-neçə istedadlı həmvətəni davam etdirir.

Hazırda Azərbaycan cazının lideri bəstəkar-pianoçu Salman Qəmbərovdur. Hərtərəfli və ensiklopedik biliyə malik musiqiçi ən müxtəlif istiqamətlərdə işləyir və həmişə də uğur qazanır.

Azərbaycan cazı unudulmamış əfsanədir. Cazın görkəmli nümayəndələrindən biri – Rain Sultanov demişkən, “caz var, amma olduqca az...”.      Bu azlıq bizi o qədər də narahat etməməlidir, ən azı ona görə ki, bu barmaqla sayılmada əslində bütöv bir “sayılma”, tanınma, sevilmə və saya gəlməz alqış var.

Bu məqamda Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəylinin bu musiqi janrı ilə bağlı dediklərini xatırlayıram: “Azərbaycan cazının dünyada öz yeri var. Vaqif Mustafazadə bunun möhrünü vurdu və hazırda gənc ifaçılarımız İsfar Sarabski, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli bu ənənəni davam etdirir”. Xalq Artisti Azərbaycan cazının dünyada özünəməxsusluğu ilə fərqləndiyini, bu fərqin də bilavasitə muğamla bağlı olduğunu söyləmişdir.

Bu gün yuxarıda adları sadalanan cazmenlər ölkəmizi beynəlxalq festivallarda, müsabiqələrdə layiqincə təmsil edirlər. 2009-cu il Montre Caz Festivalında Azərbaycanı təmsil edən və birincilik qazanan İsfar Sarabskinin adını çəkməyimiz dediklərimizin təsdiqi üçün yetərlidir. O, dünyanın 30-dan çox ölkəsindən gəlmiş (özü də cazın daha çox papulyar olduğu ölkələrdən) cazmenlərin içərisində birincilik qazanırsa, bu, əslində Vaqif Mustafazadə ruhundan və Azərbaycan xalq musiqisindən irəli gələn bir məsələdir. Bu bütövlükdə Azərbaycan musiqisinin qələbəsidir və inanırıq ki, bunun davamı olacaqdır.

Bu sahədə Şahin Növrəslinin də xidmətləri əvəzsizdir. O, da bir neçə il bundan əvvəl Montre Caz Festivalında ikinci yerə layiq görülmüşdür. O, gənc olmasına baxmayaraq Türkiyə, Fransa, Rusiya digər ölkələrdə geniş konsert proqramları ilə çıxış edərək ustad dərsləri vermişdir. Şahin Növrəsli bu möhtəşəm konsertlərdə klassik musiqi ilə yanaşı, muğamı və müasir caz musiqisini sintez halında ifa etmişdir.

Ş.Növrəsli Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek, Mat Zebroski, Cef Lederer, Con Vikan, Saşa Maşin və başqa tanınmış musiqiçilərlə çıxışlar etmiş və albomlar yazdırmışdır.

Hazırda Bakıda gözəl və müasir Caz Mərkəzi fəaliyyət göstərir. Artıq burada ənənəvi olaraq beynəlxalq caz festivalları keçirilir. Dünyanın ən tanınmış cazmenləri bu səhnədə bənzərsiz ifaları ilə azərbaycanlı pərəstişkarlarını sevindirlər.

Azərbaycan cazı dünya caz musiqisinin qollarından biri kimi bu gün beynəlxalq festivallarda, müsabiqlərdə birinci olması ilə çoxlarında təəccüb doğurur. Mayasında Amerika caz üslubunu və Azərbaycan muğam musiqisinin bənzərsiz gözəlliyini cəmləmiş caz sənətimizin bu qolu hələ çox uğurlara imza atacaqdır.    

 

 

 Abdulla SUVAR

 

525-ci qəzet.- 2010.- 27 may.- S.7.