“Aşıq yaradıcılığının müasir problemləri” müzakirə olunub
ZƏLİMXAN YAQUB: “ÜRƏKAÇAN
HALLARLA YANAŞI, CİDDİ PROBLEMLƏR DƏ VAR VƏ ONLAR
MÜTLƏQ ARADAN QALDIRILMALIDIR”
Ötən gün Azərbaycan Dövlət Pedaqoji Universitetində Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Aşıq yaradıcılığının müasir problemləri” mövzusunda elmi konfrans keçirilib. Tədbiri universitetin rektoru professor Yusif Məmmədov açaraq, qarşıdakı 28 May Respublika Günü münasibətilə iştirakçıları təbrik edib, Xalq Cümhuriyyətinin yaradıcılarından, yaranma tarixindən danışıb. Rektor aşıq yaradıcılığına həsr olunan bu konfransın mühüm əhəmiyyətə malik olduğunu deyib.
Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Respublika Gününün Azərbaycanın tarixində əlamətdar bir bayram olduğunu bildirib və aşıq yaradıcılığının müzakirəsinin belə bir gündə keçirilməsini diqqətəlayiq məqam kimi dəyərləndirib. Sonra xalq şairi müasir aşıq yaradıcılığındakı problemlərdən danışıb: “Aşıq sənətinin YUNESKO-da təsdiqilə bağlı böyük işlər həyata keçirilib. Bu gün aşıqlarımız Fransa, İngiltərə, Amerika, Rusiya kimi böyük dövlətlərin səhnəsində çıxış edirlər. Ancaq belə ürəkaçan hallarla yanaşı, ciddi problemlər də var və onlar mütləq aradan qaldırılmalıdır. Televiziyalarda yayımlanan bəzi bayağı verlişlərdə aşıq mədəniyyətindən uzaq olan şəxslər çıxışları ilə aşıq sənətini də, sazı da gözdən salırlar. Bu da bizi həddindən artıq mütəəssir edir. Aşıq öz səviyyəsini bilməlidir. Biz aşıq sənətini yüksəyə qaldırmaq istəyirik, ancaq ucuz, yaramaz, xoşagəlməz hərəkətlərlə bəzi adamlar insanların hissiyyatı ilə oynayırlar. Onlar aşıq sənətindən xəbərləri olmaya-olmaya çıxıb müxtəlif telekanallarda ucuz şoulara qoşulurlar. Mən onların hansının adını çəkim? Belələri çoxdur. Lakin biz belə ədəbsizliyin qarşısını almalıyıq. Onlar kimdir ki, çıxıb ağızlarına gələnləri danışırlar?...”
Z.Yaqub həm telekanallarda məzmunsuz şoulara qatılan aşıqların, həm də onları belə verilişlərə dəvət edənlərin düzgün davranmadıqlarını dilə gətirib. Onun sözlərinə görə, vəziyyətlə bağlı mediaya müraciət olunacaq ki, aşağı səviyyədə saz çalıb-oxuyanlar aşıq adı ilə təqdim edilməsinlər: “Onlardan bəziləri Aşıqlar Birliyinin üzvləridir. Özlərini düzəltməsələr, onları Aşıqlar Birliyindən uzaqlaşdıracağıq”. Daha sonra Zəlimxan Yaqub indiyədək Aşıqlar Birliyi tərəfindən aşıq sənətinə, onun görkəmli nümayəndələrinə həsr olunan bir sıra tədbirlər və yaradıcılıq gecələrinin keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən professor Məhərrəm Qasımlı müasir aşıqların səhnə və nitq mədəniyyəti barədə fikirlərini açıqlayıb, onlara bu baxımdan bir qədər diqqətli olmağı məsləhət görüb. Məhərrəm Qasımlı gənc aşıqların aşıq sənəti üzrə təhsil almasının vacib amil olduğunu vurğulayıb.
Sonra konfransda mövzu ilə əlaqədar geniş müzakirə aparılıb.
GÜNEL
525-ci qəzet.-
2010.- 27 may.- S.7.