Daş yağan gün

 

Roman

 

(Əvvəli ötən saylarımızda)

 

Nəcəf tərəddüdlər burulğanında çabalayırdı. – Kaş bu gün başqa yerə gedəydim. Bura gəldiyim yerdə dizim qırıleydı. Komandirimiz bu hayıfı yerdə qoymaz. Hərriyib-fırrayıb bir bəhanə ilə məni tələyə salmasa yaxşıdır.

Rövzət dostunun dilxor olduğunu görüb, ona ürək-dirək verdi:

– Belə şeyləri çox da vecinə alma, canım, – dedi. – Arsen Manukyan ifallı adamdır. Bizimlə bəd rəftar etməz. Onun birdən-birə halsızlaşması sənin ermənilər haqqında dediklərin olmaz. Yəqin xəstələnib və ya səhhətində başqa bir nasazlıq da ola bilər. Ona görə halı dəyişdi. Bu qara fikirləri başından çıxart getsin. Bir də ki, danışığımızı başa düşüb, cəhənnəmə düşsün. Axırı ölüm deyil?! Əlindən gələni iki qaba çəksin. Ona görə çox da dərinə gedib, təşvişə düşməyin əbəsdir. İntəhası, özümüzü elə apararıq, əl ilişməyə yer qalmasın. Qayda-qanunu gözləyəndən sonra komandir bizə neynəyəcək?! Körpüdə qoyunumuzu böləcək?! Gördük ki, bizə qarşı başqa cür hərəkət eləyir, on ili gözümün altına alıb, onun təpəsinə iki güllə vuraram.

Nəcəf güldü:

– Doğru deyirsən. Nə vaxtacan bu daşnakların qabağından qaçmaq olar? – Dostunun sözünə qüvvət verdi.

Nəcəfin erməni xəyanətkarlarından gözü qorxmuşdu. Ona görə də keçirdiyi nigarançılıq onu tərk etmirdi. Arsen Manukyandan nə yollasa bir pislik gözləyirdi.

Səhər, təlimdən sonra yenə də əsgərlər komandirin əmri ilə sıraya düzüldülər. Arsen Manukyan bəzilərinə iradını bildirdi, bəzilərinə tənə vurdu. Nəcəfin adı gələndə baxışları duruldu və yenə də onun fəaliyyətini təqdirlə qeyd eydi. Nəcəf isə ona əsla inanmırdı. Bunu erməni daşnaklarının hiyləgərliyi kimi başa düşürdü.

 

lll

 

İstirahət günü hərə bir tərəfə çəkilmişdi. Nəcəf isə hərbi hissənin ərazisindən çıxmamışdı. Yoldaşları ilə voleybol oynayırdı. Bir nəfər ona yaxınlaşıb:

– Komandirimiz səni çağırır, – dedi. – Arsen Bağdasaroviç kabinetdə gözləyir.

Nəcəfin ovqatı korlandı. – İş vaxtı olsaydı, ayrı məsələ, bazar günü komandir məni neynəyir?! - O, öz-özünə sual verdi. – Yəqin elə o məsələyə görədir. Ermənilər barədə danışdığım şəstinə toxunub. Şübhəsiz, məni çağırır hesab çəkməyə. Çox olsa, iş tapşıracaq. Deyəcək, bu gün tualetləri sən təmizləməlisən. Və ya mətbəxin döşəməsini yumalısan. Yaxud da bir bəhanə tapıb “qubvaxta” saldıracaq...

Qara şübhələr Nəcəfin fikrini yüz yerə aparıb çıxarırdı. O, komandirin kabinetinə daxil olub rəsmi görkəm aldı və Arsen Manukyanın qarşısında şax dayanıb təzim etdi. Komandir mülayim bir tərzdə gülümsünüb, əyləşmək üçün Nəcəfə yer göstərdi. Və özü ayağa qalxıb sakit addımlarla bir neçə dəfə kabineti o baş-bu başa var-gəl etdi, sonra pəncərəyə yaxınlaşıb fikirli-fikirli bayırdakı mənzərəni ötəri nəzərdən keçirdi, tez də geri döndü. Lakin xidməti stolunun arxasına keçmədi, Nəcəflə üzbəüz oturdu. Baxışlarına mərhəm ifadə verərək təmiz Azərbaycan dilində:

– Sizi bura iş üçün çağırmamışam, – dedi. – İstəyirəm adi insan, əsgər yoldaşı kimi söhbət edək. Bir qədər də açıq-saçıq, səmimi, artırıb-əskiltmədən. Hesab edin ki, bu istirahət günündə nərd oynayırıq. Bilirsən ki, zər vəzifəyə, varlıya, kasıba, qocaya, cavana baxmır. Atdın, qurtardı getdi, baxtına nə verə, verə. Hər iki oyunçu çalışır ki, udsun. Bax, belə. Sual-cavabımız da, komandirin olduğumu nəzərə alıb, etika xatirinə reallığı xoşuma gələn tərzdə yozmağa cəhd etsəniz, söhbətimiz alınmayacaq. Mənim erməniliyimi, sənin azərbaycanlı olmağını bir kənara qoyaq. Bayaq dediyim kimi heç nədən çəlinmədən, insan kimi...

Nəcəf tam yəqin etdi ki, komandir Azərbaycan dilini təmiz bilir. Və bir neçə gün bundan qabaq ermənilər barədə dediklərinin hamısını eşidib, başa düşüb. Ancaq tələsib tez həmin məsələnin üstünə gəlmək istəmədi. Təmkinini pozmadan söhbətin axarını gözlədi:

 

Arsen Manukyan:

– Həmişə bir oturub-durduğun Rövzətlə, o günkü danışığınızdan hiss etdim ki, heç bir təhsilin yoxdur. Kiçik yaşlı bir dostundan yazıb-oxumağı öyrənmisən. Deməli, əsl müəlliminiz təbiət, çöl-biyabanlar olub. Onu da bil ki, bilik məsələsində heç bir təhsil ocağı təbiəti əvəz edə bilməz. Ən böyük məktəb elə həyatdır, bir də təbiət. Bu da yaxşı haldır ki, kitab oxumağa meyllisiniz. Ona görə də adi çoban olsanız da, danışıqlarınızda bəzi elm sahiblərinin qibtə edə biləcəyi bir məntiq, müdriklik var. Həm də qoçaq, fərasətli oğlansınız. Bunu tanışlığımızın ilk günlərindən hiss etmişəm. Ona görə də yeri gələndə sizi əsgərlər qarşısında tərifləməyim təsadüfi deyil.

– Arsen Bağdasaroviç, bu xoş sözlərinizə görə sağ olun. Ancaq mən özüm barədə siz deyən qədər də yüksək fikirdə deyiləm. – Nəcəf cavab verdi.

– Siz təvazökarlıq edirsiniz. Mən isə həqiqəti deyirəm.

Nəcəf komandirlə daha söz güləşdirmək istəmədi, susdu.

Arsen Manukyan:

– Şahidi olduğunuz kimi həmin gün Rövzətlə danışıqlarınızı eşidəndə özümü saxlaya bilmədim, bərk pərt oldum – dedi. – Ürəyim qısıldı, hətta sizdən gizli dərman içdim. Axı, məni də ana doğub, insanam.

Nəcəf udqundu və:

– Yoldaş komandir, onda bərk əsəbləşmişdim. Nə danışdığımı özüm də bilmədim, buna görə sizdən üzr istəyirəm, – dedi.

Arsen Manukyan:

– Əvvəla, bu komandir, yoldaş kəlmələrini qoyaq bir qırağa, – dedi. – Xahiş edirəm, mənə Arsen deyə müraciət edin, bu, kifayət edər. Bəli, sadəcə olaraq Arsen! İkincisi də, biz əvvəlcədən şərtləşmişdik ki, yoldaş, əsgər, insan kimi danışaq. Əslinə qalsa, siz məndən yox, başınıza gələn müsibətlərin səbəbkarı kimi mənsub olduğum millətin nanəcibləri əvəzinə mən sizdən üzr istəməliyəm. Bir də ki, bir neçə əclaf adamı millət adlandırmaq ədalətsizlik olardı. Millətim barədə qatil, vəhşi kimi, qeyri-əxlaqi rəy formalaşdıranlar gözümün işığı olsa da, elələri əlimə düşsə, tərəddüd etmədən onların başını kəsib, qanlarını içərəm.

Nəcəf:

– Fikrinizə şərikəm, – dedi. – Erməni milləti andraniklərdən, nijdehlərdən, hamazaslardan, drolardan və onların fitnə-fəsadına uyub Azərbaycan kəndlərini viran qoyanlardan ibarət deyil. Axı, ermənilərin Ovanes Tumanyanları, Sayat Novaları, görkəmli elm, incəsənət xadimləri, sadə, xeyirxah, səmimi insanları da az deyil. Onun da şahidiyəm ki, bizim rayonun ərazisindən keçən gur çayın üzərindəki körpünü Laləzar adlı erməni salıb. Bildiyimə görə, Laləzar bu xeyirxah iş üçün ətək-ətək qızıl pul töküb. Buna bənzər yüzlərlə, minlərlə misallar göstərərdim. Mənə elə gəlir ki, qatı millətçilik toxumu ən çox sizin sivilizasiyalı şəhərlərdə, bəzi erməni ziyalılarının beynində cücərir. Xəyanətkarlıq, xəbislik, qisasçılıq, ədavət kimi mənfi keyfiyyətlər erməni kəndlərindən və kəndlilərindən çox uzaqdır. Uzun illər erməni çobanları ilə dostluq etmişəm. Onlardan heç bir yamanlıq görməmişəm. Erməni bənnaları, dülgərləri, nalbəndləri... bizim kəndlərdə ağıllı-başlı kara gəlir. Müsəlmanlar da yaxşılıqlarını onlardan əsirgəmirlər. Ermənilərin bir çox oxuyub, şlyapa qoyanları isə bu ünsiyyətin tellərini usanmaq bilmədən daim baltalayır, aranı qarışdırır, ortalığa ədavət toxumu səpirlər. Ən dəhşətlisi odur ki, elələri bu cür eybəcərlikləri ilə hətta fəxr edir, Ermənistanda özləri üçün milli qəhrəman imici yaratmaq istəyirlər. Məncə özlərini vətənpərvər, ağıl dəryası hesab edən hər bir erməni ziyalısı dərk etməlidir ki, onlar qatı millətçiliyi ilə azərbaycanlılardan daha çox öz millətinin başını bəlalara salırlar.

Bu sözlər Arsen Manukyana qəbahətlərini məhkəmə qarşısında etiraf edən, müttəhim təsiri bağışlayırdı. Lakin komandir əsgərinə meydan vermişdi. Nəcəf bu fürsətdən istifadə edib hər şeyi olduğu kiimi, həm də həqiqətdən kənara çıxmadan danışırdı.

Nəcəf baxışlarına ciddi ifadə verərək:

– Arsen, – dedi. – Gorus saf ab-havasına görə Qafqazda bərabəri olmayan erməni şəhəridir. Barmağınızı qatlayıb deyə bilərsinizmi ki, orada bircə nəfər belə azərbaycanlı və ya qeyri millət yaşayır?! Ancaq Gorusun ətrafında yerləşən və heç də normal məişət şəraiti olmayan Azərbaycan şəhər və qəsəbələrinin, rayon mərkəzlərinin hər birində onlarla erməni ailəsi məskunlaşıb. Onlara – gözün üstə qaşın var – deyən yoxdur. Həmin şəhər və qəsəbələrdə ermənilər yüksək vəzifələr tutub, kefə baxırlar. Məncə bunları deməyə ehtiyac yoxdur. Çünki bildiyimə görə siz özünüz elə o tərəfdənsiniz. Və dediklərimi məndən yaxşı bilirsiniz. Bax, budur millətçiliyin bariz nümunəsi. Bunları dilə gətirmək istəməzdim. Çünki bu iki qonşu xalqın barəsində fikir yürütmək üçün siz Arsenlə mən Nəcəfi heç kəs vəkil etməyib. Bizə belə bir səlahiyyət də verilməyib. Siz özünüz əvvəlcədən şərt qoydunuz ki, bu barədə açıq, olduğu kimi danışaq, düzünü... O da danılmaz bir həqiqətdir ki, Azərbaycanla sərhəd olan elə bir erməni kəndi tapılmaz ki, müsəlmanların hücumuna məruz qalsın və bircə evin daşına-divarına toxunulsun. Lakin iyirminci əsrin əvvəllərində ermənilər dəfələrlə Azərbaycan torpağına soxulub, onlarla kəndi viran qoyublar. Dediklərimin birinə belə şübhəniz varsa, buyurun deyin... Hansı yalandır?!

Arsen Nəcəfin ittihamları qarşısında söz tapa bilmirdi. O, əlini çənəsinə qoyub gözlərini qırpmadan Nəcəfin üzünə baxırdı. Nəcəf isə erməni daşnaklarının insan zəkasına sığmayan bəd əməllərindən danışdıqca həyəcanlanırdı. O, Arsenin yaxasından tutub silkələmək istədi. Lakin özünü ələ alaraq:

– Niyə dillənmirsən, Arsen?! – Qəzəblə soruşdu. – Görürəm, susursan?! Ona görə də sənə yazığım gəlir. De görüm, Çin, Hindistan, Amerika, İngiltərə, Rusiya... kimi böyük dövlətlərin hansı biri başqa ölkələrin görkəmli şəxsiyyətlərini terror yolu ilə qətlə yetirməyi qarşısına məqsəd qoyub?! Danılmaz bir həqiqətdir ki, ermənilərin yaratdığı “Asala” terror təşkilatı türkləri zinhara gətirib. Xaricdə fəaliyyət göstərən görkəmli türk diplomatları mənhus “ASALA” təşkilatı tərəfindən qanına qəltan edilib. Bu bədnam terror şəbəkəsinin törətdiyi qanlı hadisələr bütün dünyaya bəllidir. Siz isə o cür qatillərin törətdiyi əməllərdən xəcalət çəkmək əvəzinə, onlara rəğbət bəsləyib qürur duyursunuz.

Arsen Manukyan özünü saxlaya bilmədi. Ayağa qalxaraq:

– Bəsdi, Nəcəf! Məni lap hövsələdən çıxartdın! Bəsdi!! - dedi.

– Yoox!! Sözümü qurtarmamışam, Arsen! Mənə cavab ver! Allah-taala məni yaradıb ki, bu işıqlı dünyada qismətimə düşən qədər ömür sürüm. Erməni xəyanətkarları isə Tanrının mənə bəxş etdiyi bu əsrarəngiz dünyanı zimistana çevirib. Yurdumu yerlə yeksan eləyib, valideynlərimi qəddarcasına qətlə yetirib, özümü zəlalətə salıb. Axı niyə?! Nə üçün?! Cavab ver, Arsen?! Cavab ver!! – O cür millətdən olan şəxs kimi səndən cavab istəyirəm. Axı, sən özün də necə olsa, erməni övladısan. Odur ki, başıma gələn müsibətlərin baiskarı olan belə bir vəhşilərə, sənin özünə də nifrətimi gizlədə bilmirəm. Bir halda ki, məni düzgün danışmağa vadar edirsən, xoşuna gəlsə də, gəlməsə də, bax, bu da düzü! İndi buyurun, mənə cavab verin. Sözüm sizədir, Arsen? Alicənablıq edib, həmişə mənə qayğı göstərən hörmətli komandirimi diqqətlə dinləməyə hazıram!! Mən adi, kimsəsiz bir çobanam. Ancaq cəlladların törətdiklərini xatırladıqca nəzakət qaydalarını ayaqlar altına atan başqa bir məxluq oluram. Qəlbimi intiqam hissləri çulğayır, qarşımdakı həmsöhbətimlə ittihamçı kimi danışmalı oluram. İstərdim ki, inanasınız, aldığım ədəbə sığmayan bu sözləri mənə dedirdən, viran olmuş kəndimin fəryadı, erməni namərdləridir.

Arsen:

– Təəssüf ki, bilmədiklərin də var, Nəcəf.

– O nədir, de, bilim.

– Mənim azərbaycanlılara olan ehtiramım, millətimdən olub millətimin adını batıran eybəcərlərə nifrətim.

Nəcəf acı bir istehza ilə:

– Yəqin dediklərimin təsiri altında xəcalət çəkib, mənim üçün inandırıcı olmayan belə bir qənaətə gəlmək istəyirsiniz, – dedi.

– Xeyr, bu barədə yanılırsan.

– Bəlkə də. – Nəcəf tərəddüdlə çiyinlərini çəkdi.

Arsen:

– Düzünü bilmək istəyirsənsə, mən də, atam da müsəlmançılığı qəbul etmək niyyətindəyik, – dedi. – Çünki islam dini insanları pis əməllərə sövq edən yolda, keçilməz bir səddir. Siz Məhəmməd hümməti kimi həmişə şərdən uzaqlaşıb xeyrə can atırsınız. Savab iş görənlər, öz xeyirxah əməlləri ilə Tanrıya yaxın olmaq istəyir. – Günah işlədən Allahın düşmənidir- deyirsiniz.Ona görə də Allah-taala isti günəşini, gen-bol, bərəkətli torpaqlarını, yeraltı-yerüstü sərvətlərini, dünyanın naz-nemətlərini müsəlman dünyasından əsirgəməyib. Biz isə qəhəri çox, baharı qısa millətik. Yazımız gec gəlir, qışımız tez düşür. Güman edirəm ki, bu, içimizdəki bədnam ermənilərin kor qoyduğu evlərin, tökdüyü nahaq qanların müqabilində Tanrının bizə cəzasıdır. Qurunun oduna yaşın yanması kimi, belə bir cəzanı çəkməyə məhkumuq. Mən bunu etiraf etməyə məcburam.

Nəcəf dillənmədi. Arsen sözünə davam etdi:

– Şərtləşdiyimiz kimi söhbətimiz səmimi olmalıdır və məcrasından kənara çıxmamalıdır. Həm də deyilənlərin hamısı aramızda qalmalıdır.

Nəcəf başının hərəkəti ilə müsahibi ilə razılaşdığını bildirdi.

 

 

(Ardı var)

 

Əli İLDIRIMOĞLU

 

525-ci qəzet.- 2010.- 27 may.- S.6.