Nağıldan başlanan yazıçı ömrü

 

Haqqında söz açacağım insan – Ağalar İdrisoğlu yazıçı, dramaturq, rejissordur. Bir çox kitabların- romanların, povestlərin, hekayələrin, esselərin, dörd yüzdən artıq məqalələrin, resenziyaların, publisist yazıların müəllifidir. Yüzdən artıq tamaşaya quruluş verib. Qırxa yaxın rolda çıxış edib. “Vicdan mühakiməsi” kitabı onun yenicə nəşrdən çıxan və bir çox povest və hekayələrin toplusudur.

Neçənci il olduğu dəqiq yadımda deyil. “Ulduz” jurnalından oxuduğum “Qul bazarının qulları” hekayəsi yaddaşıma əbədi həkk olunmuşdu. Müəllifini yadımda saxlamışdım. Hekayəni vurğun olduğumdan dönə-dönə oxuyaraq hafizəmə yaxşı həkk etmişdim. Müəllifi yaxından görmək və tanımaq üçün yaxın dostlardan sorağını da almışdım. Lakin...

İllər ötdü. Xırdalan şəhər 7 saylı məktəbdə keçirilən tədbirə mən də dəvət olunmuşdum. Aparıcının: - İndi də söz verilir, yazıçı-dramaturq, rejissor Ağalar İdrisoğlunademəsi, məni xəyallarımın gerçəkliyinə çağırdı. İllərlə həsrətində olduğum bir insanı tapdığıma çox sevinirdim. Odlu-alovlu çıxışı, səlis nitqi hamı kimi məni də valeh etmişdi. Tədbirin qurtarmasını səbirsizliklə gözlədim. Tədbir qurtaran kimi dərhal ona yaxınlaşdım və özümü təqdim edərək, oxuduğum hekayəsini müəllimlər qarşısında danışmağa başladım. Bu hekayə müəllimlər üçün əsl hədiyyə oldu desəm, yanılmaram. Çünki hekayədə müəllimlərin ağrılı-acılı taleləri elə gözəl təsvir olunmuşdu ki, bu hər bir müəllim həyatının güzgüsü idi. Həmin andan Ağalar İdrisoğlu ilə böyük bir dostluq körpümüzün bünövrəsi qoyuldu. Mətbu və ədəbi əlaqələrimiz genişləndikcə onu daha yaxından tanımağa başladım. Əsərlərini oxuya-oxuya, səhnəyə qoyduğu və rejissoru olduğu tamaşalarına baxa-baxa onu bir daha kəşf etməyə başladım. Ürəyi geniş, qəlbi saf, əqidəsi təmiz olan bu insanın varlığına heyran qalmışdım.

Amerika yazıçısı Uilyam Folkner yazırdı: “Hər bir insan öz yaddaşının məhsuludur. Xalqın maddiləşmiş yaddaşı isə onun ədəbiyyatıdır. Bu mənada ədəbiyyatı xalq yaratmır, ədəbiyyat xalqı, milləti yaradır”.

Anasının danışdığı nağıllardan başlayıb onun yazıçı ömrü. Uşaq yaddaşına həkk etdiyi nağılların bir çoxunun həqiqət olduğunu görən balaca Ağalar həyatın qəribəliklərini qeyri-adi baxışıyla naxışlamağa başlayıb. Ana qucağından başlanan vətən sevgisi, torpaq sevgisi və bir də vətəni qorumaq üçün müharibəyə gedən atasının əzablı müharibə həyatı. Bu əzabdan doğan ana zülmü, ana məşəqqəti, balaca qardaşının müharibə vaxtı aclıqdan dünyasını dəyişməsi və bu kimi başqa ağrı-acılar, haqsızlıq, ədalətsizlik onun gözünü hələ erkən açmış, nağıllar aləminin kədər beşiyində ona lay-lay çalaraq, həyatın amansız qanunlarına qarşı hazırlamışdı. Hələ körpəlikdən gördüklərini, eşitdiklərini anasının nağılları ilə birlikdə ağ kağızların qara səhifələrinə köçürən Ağalar İdrisoğlu özü də bilməzdi ki, elə körpəlikdən müsəlləh əsgər kimi yetişərək, haqq-ədalət uğrunda döyüşə-döyüşə mübarizə apararaq XXI əsr Azərbaycan ədəbiyyatının və teatr sənətinin görkəmli xadimlərindən biri olacaqdır.

Bu mənada “Anamın nağılları” hekayəsində hər şeyi açıqlayan yazıçını başa düşmək o qədər də çətin deyil. Körpə ikən dünyasını dəyişmiş qardaşının adını adı ilə qoşalaşdırıb, bütün əsərlərinin adını iki adla yazıb. Bu Ağalar İdrisoğlu şəxsiyyətinin nağıl dünyasından boylanan və əbədiliyin haqq qapısına qədər cəsarətlə atdığı dahilik addımı idi ki, bu addımlar bu gün də, sabah da öz nəhəng səsini itirməyib və itirməyəcəkdir. Müharibəyə və onu törədənlərə, eləcə də cəmiyyətdəki qaniçənlərə qarşı haqq səsini ucaldan yazıçı, əslində real həqiqətlərin var gücünə inam hissi ilə yanaşaraq biganəliyi, insanlıqdan kənar olan hər şeyi lənətləyir.

Öz sənətinin vurğunu olan, elə əvvəldən də valideynlərinin deyil, öz niyyətinin, arzusunun dalınca gedən yazıçı, sənətinə vurğunu olduğunu “Başlanğıc” hekayəsində bir daha açıq aydın şərh edir. Sənətinin kamil bilicisi, ustası olmaq istəyi ilə əsl aktyor kimi tanınaraq millətinin fəxri, elinin-obasının tacı olan Ağalar İdrisoğlu elə arzularını bu cür də həyata keçirir. Onun içindəki haqsızlığa qarşı mübarizə o qədər alovludur ki, o qədər güclüdür ki, yaxşı aktyor, əla rejissor və güclü yazıçı olsa və nə qədər yazsa belə, bu alov sönməzdir, bu alov səngiməzdir. Bu alovun közü min illiklərin haqsızlığından od alıb, neçə min əsrlərin harayından qaynaqlanıb, atəşə qalanıb. Ona görə də onun əsərlərini həyəcansız oxumamaq olmur. Haqqın, ədalətin, həqiqətin, gercəkliyin köklərinə bağlanmış bu əsərlər keçmişimizin, bu günümüzün və gələcəyimizin mədəni irsini, tarixini, əbədiliyini və bu əbədiliyin, bu tarixin qan yaddaşını qoruyan, milli şüurunu oyadan, milli düşüncəmizdir, mənəvi dəyərimizdir.

Ağalar İdrisoğlu yaradıcılığında Mirzə Ələkbər Sabir irsi və Cəlil Məmmədquluzadə məktəbi var. Satira, yumor şəklində, sətiraltı ifadələrlə hakim dairələrin, dövlət məmurlarının eybəcər simalarını, xalqa qarşı mənfi baxışlarını müxtəlif obrazların diliylə çatdırılması Sabir irsindən, Cəlil məktəbindən qaynaqlandığını xəbər verir. Ağalar İdrisoğlu həyati gerçəkliyin acı həqiqətini açıb göstərməklə Cəlil Məmmədquluzadə məktəbinə və bu həqiqətləri obrazlı şəkildə satirik qələmə almaqla Sabir irsinə, ənənəsinə sadiq qaldığını bütün əsərlərində təsdiq edir.

Ümumiyyətlə, yazıçının bütün əsərləri müasir dövrümüzlə, həyatımızla çox səsləşən əsərlərdir. Keçmişin üzərində müasirlik quran, müasirliyin demokratik, azad, müstəqil ruhda xalqa, cəmiyyətə bağlı şəkildə təbliğ olunması, onların istəyi üzərində həyati gerçəkliklərinin bərpa olunması əsərlərin əsas qayəsi, yazıçının məramnaməsidir. “Sadiqlik” hekayəsindəki məqsəd dediklərimin eynidir. Yaradıcılığını həyatdan əxz elədiyi, görüb götürdüyü hadisələri olduğu kimi yazıçı təxəyyülündən keçirib, onları bədii şəkildə qələmə alan yazıçı millətin şüurunda, düşüncəsində mənəvi keyfiyyətlərin aşılanmasına zəmin yaradır.

Ağalar İdrisoğlunda sözü mərdi mərdanə demək, həqiqət acı olsa da, ünvanlı şəkildə söyləmək çətin deyil. Onun yazdıqları xalqın deyə bilmədikləri, illərlə ürəyində yuva salıb, kimdənsə çəkinərək gizlətdikləri və həllini gözləyən məsələlərdir. Belə ki, həmin məsələlər yazıçının əsərlərində öz həllini asanca tapır. Elə bu mənada Ağalar İdrisoğlunu müasir dövrümüzün dəyərli və sözünü deməyi bacaran böyük ədibi kimi qiymətləndirirəm. Millətçilik, xəlqiçilik onun türk qanında, güclü zəkasında, təmiz əqidəsində özünü tam bərqərar edib. Dönməzlik, cəsarət, qeyrət əbədi sərvəti kimi yaratdığı əsərlərində də özünü aydın göstərir. Düzgün mövqe, düzgün baxış, millətə, xalqa qərəzsiz yanaşma, yalandan uzaq olmaq kimi xüsusiyyətlər onun yaradıcılığında haray çəkir, imdad eyləyir. Qələmindən azadlıq süzülən, gözlərində həqiqət işığı yanan, ürəyində ədalət hökm sürən Ağalar İdrisoğlunun tutduğu yol Ulu Tanrının bəxş etdiyi, peyğəmbərimizin buyurduğu yoldur ki, bu yol həqiqət mayakı kimi əbədiyyətinə çevrilib onun. O, bu yoldan daha yaxşı görür hər şeyi. Xeyirxahlığı özü ilə yol yoldaşı edən, yaxşı əməlləri ilə öyünən yazıçı əsərlərində bu xüsusiyyətləri naxışlarla ilmələyir.

“Vicdan mühakiməsi” povestində Sunayla Fuadın qəribə bir taleyindən bəhs olunur. Sunay əriylə sevmədən ailə qurub. Təsadüfdən rast gəldiyi rəssam Fuadla məhəbbət məcarası yaşayır. Qırx beş yaşlı Fuad evlənməyib, günlərini eyş-işrətlə keçirib. Sunayı bir qadın kimi sevir və onunla ailə qurmaq fikri ilə həyatında olan boşluqlara, keçirdiyi həyat tərzinə son qoymaq istəyir. Lakin düşdüyü mühit və ətrafında olan tüfeyli həyat sürən dostlarının torundan çıxa bilməyən Fuad, Sunayı da inamından döndərir. Sunayın onun haqqında deyilənlərə inanması və tez qərar çıxarması, Fuadın isə həminki kimi evə gəlməməsi və dostlarıyla kef məclisində olması onların yenicə baş tutacaq ailə həyatını və möhkəm sevgisini məhv edir. Burada inamın zəifliyi, düşüncənin dayazlığı, iradənin möhkəm olmaması bir-birini dəlicəsinə sevən aşiqləri uçuruma yuvarlayır. Sunayın yazıb qoyduğu məktub Fuada həyatı bahasına başa gəlir. Səhvini başa düşən Sunay isə artıq gecikdiyini anlayır. Səhvini özünə bağışlaya bilmədiyindən, dəlicəsinə sevdiyi Fuadı itirdiyindən həyat gözündə tamam sönür. Fuadsız yaşamağı özünə rəva bilmir. Hər iki sevgilinin faciə ilə başa çatan həyatı bizdə hiddət doğurur.

Yazıçı Ağalar İdrisoğlunun burada sevgiyə, insanlığa yüksək mənada hörmətlə yanaşmağı, qadın və kişi sevgisinin adi hisslər üzərində, ürəyin şıltaqlığı üzərində deyil, insanlığın hörməti üzərində qurulmasına önəm verməsi aydın görünür. Mənim düşüncəmə və həyatda əxz elədiklərimə görə qadınlar kişilərin əksəriyyətindən güclü sevirlər, amma kişilər dostluqda daha möhkəmdirlər. Burda Sokratın bir kəlamı yadıma düşür: “Qadın məhəbbəti kişi nifrətindən qorxuludur. Qadın məhəbbəti zəhərdir və adama xoş gəldiyi üçün ikiqat təhlükəlidir”.

Ağalar İdrisoğlunun əsərlərində insan həyatının faciəli anları, insana qarşı olunan haqsızlıqlar, ədalətsiz mühakimə o qədər gözəl və canlı süjetlə verilibdi ki, onu oxuduqca insan mənən rahatlıq tapır və elə düşünürsən ki, başdan-başa qalmaqal olan həyat əslində özü mübarizə meydanıdır. Sadəcə bu meydana atılmaq üçün özündə möhkəm iradə toplamağı, səbir və dözüm yaratmağı bacarmalısan.

“İnan mənə” faciəli dramında təmiz əqidəli, vicdanlı jurnalist Elçin, məmləkətin çirkinliyi içərisində boğulur, ona qarşı yürüdülən ittihamlar, ailəsinə və uşağına olunan haqsızlıqlar onu ölkədən çıxıb getməyə məcbur edir. Qürurunu sındırmayan Elçin onlara layiqli sözlərini deməkdən belə çəkinmir.

Ağalar İdrisoğlunun bütün əsərlərindəki yaratdığı obrazlarda millətin dünəni, bu günü, gələcəyi əks olunur. Əsrlərin faciəsi, millətimizin başına gətirilən bəlalar, nifrət doğuran milli haqsızlıqlar məzmun və ideya cəhətdən tam dolğunluğuyla bizi özünə ram edir. Bəli, əsl yazıçı xalqı qaranlıq dünyadan aydınlığa aparan insan olmalıdır.

İnsanlıq, ziyalılıq, vətəndaşlıq Ağalar İdrisoğlu həyatının triadası olduğu üçün əsərlərində gənclərimizin işıqlı yolu, xalqın xoş gələcəyi, millətin sağlam əqidəsi yaşanır. Düşünürəm ki, belə yazıçıya və yaratdığı əsərlərinə vaxtında qiymət vermək və onu dəyərləndirmək bizim hər birimizin vəzifə və vətəndaşlıq borcumuzdur.

 

 

Nəcibə İLKİN

 

525-ci qəzet.- 2010.- 28 may.- S.30.