Hekayələr
Yağış, milçək,
mən...
Dayanmadan yağan yağışın gecəyə geyindirdiyi don heç yaraşmırdı ona. Ölçüsü böyük, rəngi tünd... Bu uzun libas yerlə süründükcə, daşlara, otlara toxunduqca gələn səs məni eyvana çıxmağa məcbur etdi...
– Dəyiş paltarını!
– Niyə?
– Yaraşmır sənə. Görmürsən necə böyükdü əyninə? Yerlə sürünür, səsdən yata da bilmirəm. Külək də bir yandan. Nə olub axı sizə? Nədi bu?
– Təbiətin mənə hədiyyəsidi bu libas, çıxarmayacağam!
– Uff, özün bilərsən, heç olmasa səssiz ol bir az... – deyib otağa keçdim.
Şablonlaşan “Yaz yağışı” ifadəsi heç bir xoş hiss yaratmırdı məndə. Ancaq etiraf edim ki, havadan gələn torpaq iyi məni eyvanın qapısını yavaş örtməyə vadar etdi. Bunu yağışa və gecəyə büruzə verməməyə çalışsam da, otağımı bu torpaq iyli havayla soyutmaq xoşuma gəldi. Bir az əsəbi, bir az yuxulu, bir az yorğun halda çarpayıma uzanmışdım ki, qulağıma yeni bir səs də gəldi. Aha, bircə bu çatmırdı. Milçək... Vızıltısı qulağımdan beynimə ildırım sürəti ilə yayıldı zalımın. Deyinə-deyinə yenidən ayağa qalxdım.Qalxan kimi ilk işim stolun üstündən əlimə keçən kitabı götürüb milçəyə tərəf getmək oldu. Həmişəki kimi yüksək sürətlə milçəyə yaxınlaşsam da, vurmağa ürəyim gəlmədi. Kitabı yerə atıb, milçəyi qapıya tərəf qovmağa başladım. Olan-qalan enerjimi tükətdimsə də milçəyi otaqdan çıxarmağı bacarmadım ki bacarmadım. Yenə də bir az yorğun, bir az əsəbi,bir az yuxulu şəkildə çarpayımda oturdum. Milçək isə mənimlə üzbəüz olan rəfə qonub dayandı.
Olduqca yorğun bir səslə:
– Çıx get daaa. Yatmaq istəyirəm, geeet.
– Getmirəm.
– Necə yəni getmirəm, durum öldürüm səni?
– İnsan ki, insan. Fikrin elə ziyan vurmaqda, öldürməkdə, dağıdıb tökməkdədi.
– Hə, bircə milçəkdən məsləhət almağım əskik idi. Xoşluqla çıx, get.
– Dedim ki, getməyəcəm! Niyə belə israrla qalmaq istəməyimin səbəbini soruşmursan? Niyə siz insanlar bizi görən kimi ilk işiniz əlinizə nəsə götürüb üstümüzə hücum çəkmək olur? Hətta xüsusi silahınız da var adını da qoymusunuz “milçək öldürən”. Belə qorxuluyuq sizinçün?
– Güldürmə məni.
– Yediyiniz çörəkdən düşən qırıntının üstünə qonanda da öldürürsünüz, bir qurtum suyunuzu içəndə də. Niyə məni çıxarmağa çalışırsan otağından, niyə? Bu boyda otaqda mənə yer yoxdu? Mən ki çox balacayam...
– Balaca, qara və çirkinsən.
– Elə sən də...
– Kəs səsini!!!
– Yaxşı. Səhər eyvanda yediyin çörəyin qırıntılarını götürməyə gəlmişdim. Yağış gücləndi, qayıda bilmirəm. Soyuqdu burda qalım bu gecə?
– Ufffffffff. Nə dəhşətli gecədi, İlahi. Yaxşı qal. Ancaq yerindən tərpənmə! Səsin də çıxmasın.
– Sağ
ol,insan! Gəl razılaşaq. Mən vızıldamayım, sən
də deyinmə. İlk dəfədir ki, özündən zəifə kömək edirsən. Heç olmasa deyinmə!
– Uff mənim günümə bax daaa... Milçəklə
şərt kəsirəm...Belə də iş olar? Yuxu
görürəm mən?
– Nərmin,
yat!
Hörük
Qız uzun, bir-birinə dolaşan dalğalı, şişkin
saçlarını 3 hissəyə
ayırdı. Sonra hörməyə başladı.
İlahi, bu mənasız saçlar necə gözəl, necə səliqəli görünürdü hörüklə.
İlk baxışdan
adi görünən bu hörük çox düşündürdü
məni. Bütün dolaşıq, qarışıq,
səliqəsiz, lazımlı,
lazımsız fikirlərimi
bir araya toplayıb hörmək qərarına gəldim mən də.
3 hissəyə
ayırdım. Dost tanışlarımı
bir, tanımadığım,sevmədiklərimi
bir yerə yığdım. Bir tərəfdə isə özüm dayandım. Sonra hörməyə başladım. Sağdakıları
soldakıların üstünə
qoydum hər ikisini ortadakına qarışdırdım. Sonra
yenə...yenə...davam etdim. Hördüm
sevinci də, kədəri də,yalanı
da, doğrunu da hamısını hörüb özümə
qatdım. Doladım hamısını bir birinə. Uzun, upuzun bir hörük
alındı. O qızın
hörüklərindən də
uzun oldu ancaq, onun kimi
gözəl olmadı...
Çünki dostlarım
içində süniləri,
saxtaları var idi. Onlar qarışmadı
mənim öz dünyama, kənara qaçmaq istədilər,
pozdular sıranı. Sevmədiklərim, tanımadıqlarım
içərisində sən
demə mənə yaxın olanlar da var imiş.
Durduqları yerdən
daha yaxına gəlmək istədilər,
onlar da pozdular sıranı. Elə mən də, mən də səhvlər etdim... Yaxşını pisin üstünə yığıb ört-basdır
etməyə çalışırdım.
Bəzən də əksinə, pislər önə keçirdi. Əvvəlcədən səhv
qurmuşdum sıranı.
Gərək pislə səhvi, yaxşıyla düzü yanaşı qoyardım... Mübahisə
edib hörüyümü
pozmasınlar deyə.
...Alınmadı,
dostla yadı, səhvlə düzü bir arada saxlamağı
bacarmadım. Fikirlərimi
nizama salmağı bacarmadım. Açdım
hördüyüm hörüyü,
hər şey yenə əvvəlki kimi qarışıq, dolaşıq oldu. Nə isə... belə daha yaxşıdı.
Etiraz
...Metronun
çıxışındakı “ Super market”in alverçiləri
səslərini kökləyib
sıraya düzülmüşdülər
yenə. Birinci sırada limonsatan xala dayanmışdı. 8
oktava səsi olan bu xala
“Lonkaran limonu vooor” deyib elə
qışqırırdı ki, ordan keçincə
kar olmamaq üçün adam acqarına bütün limonları alıb yemək istəyirdi lap. Çətinliklə bu xaladan uzaqlaşa bildim. Bir az
qabaqda bir oğlan da elə
qışqırırdı ki, “Ləpədən qalmadı” – deyə yanındakı böyük,dolu
kisələri görməsəydim
az qala inanacaqdım
səhər tezdən
hamının ləpə
aldığına. Beləcə,
gözəl məlahətli
səsləri dinləyə-dinləyə
yoluma davam edirdim. Bir az
gedəndən sonra səsin kəsilməsi diqqətimi çəkdi.
Yəqin kimsə boğazını yaşlayır
deyə düşündüm.
Ehmallıca , hər
an bir qışqırtı
eşidəcək kimi
qorxa-qorxa, asta addımlarla irəliləyirdim.
Ancaq səssizlik diqqətimi cox çəkdiyi üçün
sağa çevrilib baxdım. Ortayaşlı,
ziyalı, nurani sifətli bir kişi gördüm. Qucağındakı corab cığarasından möhkəmcə
yapışıb balaca
bir daşın üstündə oturmuşdu.
Üzündə burda
oturduğu üçün
utanan bir ifadə vardı elə bil.
...Dərsə
tələsdiyim növbəti
gün idi. Elə güclü yağış yağırdı
ki, göz qırpmağa da imkan yox idi.
Metrodan çıxıb
islanmamaq üçün
var gücümlə qaçırdım. Bu gün
xalanın da, digərlərinin də səsini elə kəsmişdi ki, yağış... Bir az irəliyə getdikdə isə qulağıma
...Onunçün
ayırdığım manat
bir neçə gün cibimdə qaldı.
Bu gün
evdən çıxanda
düşünmədən həmin manatı marşurut sürücüsünə
uzatdım. Manatımı
dəmir parçaları
edib özümə qaytardı. Birini metroya, birini dilənçiyə... verdim.
Metrodan çıxanda
gözlərimə inanmadım.
Nərmin HÜSEYNZADƏ
525-ci qəzet.- 2010.- 28 may.- S.28.