Ə.Topçubaşi
– Zərdabişünas
1925-ci ildə ilk Azərbaycan
qəzetinin – ”Əkinçi”nin birinci
sayının çapdan çıxmasının 50 illiyi
tamam oldu.
Milli mətbuat və teatrımızın banisi Həsən bəy Zərdabini şəxsən tanıyanların, habelə tək-tük “Əkinçi” oxucularının hələ həyatda olmalarına baxmayaraq, mədəniyyət və ictimai fikir tariximizdə silinməz izlər qoymuş bu diqqətəlayiq şəxsiyyət və onun milləti qarşısındakı ən böyük fədakarlıqlarından biri – “Əkinçi”nin yarım əsrlik yubileyi ümumən sükutla qarşılandı.
Sadəcə maarifpərvər pedaqoq və ədəbiyyatşünas Fərhad Ağazadə ilk Azərbaycan qəzeti ilə bağlı kiçik broşüra çap etdirdi.
Zərdabinin həyat yoldaşı və məslək dostu Hənifə xanım Abayeva-Məlikova “Həsən bəy Zərdabi haqqında xatirələrim” adlı diqqətəlayiq memuarlarını qələmə aldı.
Bu qədər.
Amma yox! Milli dəyərlərə nihilist münasibətin başlandığı həmin dövrdə Zərdabi şəxsiyyəti və “Əkinçi”i ilə bağlı indiyə qədər diqətdən kənarda qalan daha bir mühüm tədqiqat da qələmə alınmışdı.
1920-ci ildən etibarən Fransada siyasi mühacir həyatı yaşayan milli-azadlıq hərəkatının və Azərbaycan Cümhuriyyətinin öndərlərindən biri – Əlimərdan bəy Topçubaşi da bu mühüm, əlamətdar ildönümünə öz töhfəsini vermişdi – “Azərbaycanın yol göstərəni” (rusca orijinalı “Mayak Azerbaydjana” – V.Q.) adlı tədqiqatı ilə Zərdabi fenomeni üzərinə işıq salmağa çalışmışdı.
Əlimərdan bəy nə xaricdə, nə də Vətəndə çapına heç bir ümid bəsləmədiyi bu əsəri qələmə almağı yalnız H.Zərdabinin işıqlı xatirəsi qarşısında deyil, övladları və xalqı qarşısında da özünün vicdan borcu saymışdı.
Onun ailəsində Həsən bəy Zərdabinin beş nəvəsi böyüyürdü.
İlk səhifəsində öz əli ilə “Sevimli qızım Sara üçün babası haqqında” sözləri yazılmış yağcam, lakin dolğun mündəricəyə və ümumiləndirmə gücünə malik əsər vasitəsi ilə Əlimərdan bəy ilk növbədə övladlarının Azərbaycanın ictimai-siyasi fikir və mədəniyyət tarixində silinməz izlər qoymuş bir nəslin davamçıları olduqlarını öyrənmələrini və yadda saxlamalarını istəyirdi.
O, 1893-cü ildə Həsən bəyin böyük qızı Pəri xanım Məlikova ilə ailə qurmuşdu. Kiçik yaşlarında valideynlərinin hər ikisini itirən, nənəsinin himayəsində böyüyən Ə.Topçubaşi Həsən bəyin simasında özünə ikinci ata, Hənifə xanımın simasında isə ana tapmışdı.
“Çox hörmətli və əziz ana, – deyə Əlimərdan bəy Pəri xanımla nikahlarından bir ay sonra, 1894-cü il yanvarın 28-də Tiflisdən Hənifə xanıma göndərdiyi məktubda yazırdı: – Sizə müraciətlə ”Ana” sözünü demək nə qədər xoşdur! Həyatımda ilk dəfədir ki, böyük məna daşıyan və yaddaşımda əbədi iz buraxan bu sözü belə zövq və məmnunluqla işlədirəm. İlk dəfədir ki, bu sözü “şüurlu” şəkildə dilimə gətirirəm və inanıram ki, müraciətim Sizin ana ürəyinizdə də əks-səda tapacaq. Ümid etmək istərdim ki, bundan sonra o ürəkdə öz övladlarınızla birlikdə mənə də kiçik bir guşə ayrılacaq”. (Məktubun orijinalı rus dilində yazılmışdır-V.Q.)
1928-ci ildə maddi sıxıntılar və məhrumiyyət içərisində yaşadığı Parisdə Əlimərdan bəy dostlarının və Azərbaycan mühacirəti nümayəndələrinin iştirakı ilə Hənifə xanımın yeddi və qırx mərasimlərini, növbəti 1929-cu ilin martında isə il mərasimini keçirmişdi. Ceyhun bəy Hacıbəyliyə məktubları Əlimərdan bəyin Bakıda rəhmətə getmiş qaynanasının xatirəsinə nə qədər böyük ehtiramla yanaşdığını göstərməkdədir. Həsən bəy Zərdabinin geniş, çoxçeşidli fəaliyyətindən bəhs edən bu yazıda da Hənifə xanımın Azərbaycan maarifi qarşısındakı böyük xidmətləri öz əksini tapmışdır.
Həsən bəyin həyatının son on ili kürəkəni ilə yalnız qohumluq deyil, həm də əməl və əqidə dostluğu şəraitində keçmişdir. Mübariz keyfiyyətlərə malik bu iki təmiz, əqidəli, millətsevər insan səylərini birləşdirərək maarif və mədəniyyət uğrundakı hərəkata böyük təkan vermiş, ilk növbədə isə Azərbaycan türklərinin tapdanan haqq və hüquqlarını qorumuşdular.
Birgə fəaliyyət həm Ə.Topçubaşovun naşirliyi və redaktorluğu ilə çıxan “Kaspi” qəzetində, həm də o dövrdə Bakının əsas qanunverici qurumu olan şəhər Dumasında davam etdirilmişdi. Onların əlbir səyi nəticəsində Bakıda ilk qadın təhsil müəssisəsi- Birinci qız məktəbi açılmış, maarif şəbəkəsi genişləndirilmişdi. Onlar çeşidli fəaliyyətləri ilə milli və ictimai şüurun inkişafına ciddi töhfələr vermiş, Azərbaycanın gələcək siyasi müstəqilliyinin əsasını qoymuşdular. Bütün bu əvəzsiz xidmətlər digər vətənpərvər ziyalıların əməl və arzuları ilə birləşərək mahiyyət etibarı ilə Azərbaycan türklərinin daha artıq dərəcədə öz məmləkətlərinin, milli-mənəvi dəyərlərinin, sərvətlərinin həqiqi sahiblərinə çevrilməsinə imkan yaratmışdı.
Ona görə də “Əkinçi”nin Sovet Azərbaycanında çox az adamın yadına düşən şanlı yarım əsrlik yubileyi Fransada ideyaları, ailəsi, özü üçün həqiqi bir yaşam savaşı verən Əlimərdan bəyin diqqətindən kənarda qalmamışdı.
Əsli rus dilində qələmə alınmış bu qiymətli məxəzi ilk dəfə diplomat həmkarım Ramiz Abutalıbov Türkiyədən, Əlimərdan bəyin nəvəsi (Sara xanım və Əliəşrəf Sultanov-Kürdəmirin qızı) Zərifə Kürdəmir vasitəsi ilə əldə edərək Vətənə gətirmiş, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil vermişdir. İctimai-siyasi fikir və mətbuat tariximizlə bağlı diqqətdən kənarda qalmış qiymətli mənbələrdən biri olduğunu nəzərə alaraq onu Azərbaycan dilinə çevirib “525-ci qəzet”in oxucularına təqdim etmək qərarına gəldim. Əsərin orijinalı isə tanınmış tədqiqatçı-alim və diplomat H.Həsənovun tərtibi, mənim redaktorluğumla nəşrə hazırlanan Ə.Topçubaşinin “Seçilmiş əsərləri”nin rusca ikicildliyinə daxil edilmişdir.
Vilayət Quliyev
525-ci qəzet.- 2010.- 28 may.- S.20.