AZƏRBAYCANIN YOL GÖSTƏRƏNİ
(Sevimli övladının – “Əkinçi” qəzetinin
ilk sayının 50 illiyi münasibəti ilə Həsən bəy
Zərdabiyə ithaf edilir)
XIX əsrin ikinci yarısı çar Rusiyası tarixinin ən qaranlıq dövrlərindən sayıla bilər. Bir sıra “böyük islahatların” (torpaq, zemstvo, məhkəmə, şəhər idarəçiliyi) həyata keçirilməsinə baxmayaraq, əslində qanunçuluğun və vətəndaş hüquqlarının inkişafına təminat verməli olan həmin islahatlar sayəsində istər ucqarlarda, istərsə də mərkəzdə hakimiyyət daha sərtləşir, hər şeyə şübhə ilə yanaşır, hökumətin “möhkəm əli” daha aydın şəkildə hiss edilirdi.
Hakimiyyətin ayıq-sayıqlığı, cəza tədbirlərinin gücləndirilməsi, onsuz da son dərəcə məhdud hüquqlara malik azsaylı ictimai təşkilatlar, habelə mətbuat və intellektual həyat üzərində sərt basqılar milli ucqarlarda, eləcə də Qafqazda aydın nəzərə çarpırdı. Hökumət agentlərinin fikrincə burada da mərkəzdə olduğu kimi paytaxt şəhərləri ilə nisbətən sıx əlaqələrə malik ermənilər və gürcülər arasında “cinayət” özünə möhkəm yuva qurmuşdu.
Qafqaz əhalisinin sayca daha çox olan və özlərini ümumi şəkildə “Qafqaz müsəlmanları” adlandıran hissəsi ilk baxışdan sanki yeni, Avropa tipli “cinayətkarlar” sırasına daxil deyildi. Lakin onlar imperiyanın tərkibindəki bütün digər xalqlarla müqayisədə daha əvvəl, həm də məxsusi özləri üçün düşünülmüş “cinayətdə” suçlu bilinərək artıq çoxdan nəzarət altına alınmışdılar. Bu “cinayətin” adı “panislamizm” və “pantürkizm” idi. Həm də birincilərin-yəni erməni və gürcülərin günahlarını boyunlarına qoymaq, onları “cinayət” başında yaxalamaq, faktları aşkara çıxarmaq və məhkəmə qurmaq tələb olunurdusa, hakim dairələrin nəzərində müsəlmanların günahları üstlərində idi. Onlar mövcudluqlarına zorla dözülən yad ünsür kimi hər vasitə ilə sıxışdırılırdı. Müsəlmanların başqa xalqlardan təcrid vəziyyətində saxlanmaları dövlətin maraq və mənafelərinə cavab verən məqbul addım sayılırdı.
Hökumət “yad ünsürlərlə” bağlı özünü heç bir əziyyətə salmır, üzərinə hər hansı təhəddüd və yük götürmək istəmirdi. Hökumətin nəzərində müsəlmanlar sadəcə buna layiq deyildilər. Çünki “hamısı gözlərini Türkiyəyə zilləmişdilər və Məhəmmədin ətəyindən bərk-bərk yapışmışdılar”.
Həqiqətən də polis qamçısından, soyuq zindanlardan, dilini anlamadıqları, ruh və mahiyyət etibarı ilə yad məhkəmələrin hökmü ilə göndərildikləri Sibirin ucsuz-bucaqsız çöllərindən başqa onlara göstərilən hər hansı qayğıdan danışmaq mümkün deyildi.
İmperiyanın “sadiq təbəqələr”ə belə ögey münasibəti nəticəsində müsəlmanlar daha çox içlərinə çəkilir, qınlarına girirdilər. Onlar başqa xalqlara, ilk növbədə əli qılınclı üstlərinə gələn və həmişə başlarının üstündə silahlı vəziyyətdə dayanan fatehlərin yardımına ehtiyac duyurdular.
Şərqi Zaqafqaziyanın müsəlman xalqlarının vəziyyəti xüsusilə dözülməz idi. Onlar ölkələrini əsl adı ilə “Azərbaycan”, özlərini isə “türk-azəri”, yaxud “azərbaycanlı” adlandıra bilmirdilər. Açıq şəkildə türk kökənli xalq olduqlarını dilə gətirə bilmirdilər. Başqa xalqlar kimi yalnız dini deyil, həm də intellektual inkişaf, elm, təhsil, iqtisadiyyat sahələrində maraq və mənafelərinin mövcudluğunu söyləyə bilmirdilər. Mədəni özünəməxsusluq və inkişafla bağlı tələblərini, ictimai həyatın, kənd təsərrüfatının, müasir texniki tərəqqinin nailiyyətləri ilə zənginləşmək və təkmilləşmək istəklərini önə sürə bilmirdilər. Son dövrlərə qədər müstəqil yaşadıqlarını, milli qayə və ideallara tələbat duyduqlarını, öz dillərini, ədəbiyyatlarını, tarixlərini öyrənmək haqqına malik olduqlarını uca səslə söyləmək də bu insanlara yasaq edilmişdi.
Qafqaz müsəlmanları nümayəndələrinin 1905-ci ildə Nazirlər Kabinetinə təqdim etdikləri “Qafqaz müsəlmanlarının petisiyası”nda bu acınacaqlı vəziyyətdən bəhs edilərək deyilirdi. “...Xalq təhsili sahəsində indiyə qədər Qafqaz müsəlmanları üçün heç bir iş görülməmişdir. Müsəlman əhalisi arasındakı mövcud xalq məktəbləri şagirdlərin savad və bilik almağa olan-qalan maraqlarını da öldürür. Çünki təhsildə tətbiq edilən metod-Levitskinin lal üsulu öz mahiyyəti və əhatə dairəsi etibarı ilə Qafqaz tatarının (azərbaycanlının-V.Q.) və dağlının təbiətinə tamamilə yaddır. Ana dili bütün tədris müəssisələrindən o dərəcədə sıxışdırılıb çıxarılmışdır ki, hətta doğma dildə kitab oxumaq da cinayət sayılır. Ana dilinin, milli ədəbiyyat və tarixin tədrisi haqqında isə ümumiyyətlə söhbət gedə bilməz. Müsəlman cəmiyyətinin nümayəndələri təlim-tərbiyə və tədris məsələlərindən tamamilə uzaqlaşdırılmışlar. Mədəniyyət və maarifin mühüm vasitələri olan qəzet, jurnal və kitabların yoxluğu xüsusən kəskin hiss edilir. İstər orijinal, istərsə də tərcümə kitablarının nəşrinə qoyulmuş qarşısıalınmaz qadağalar əslində bu gün həmin sahənin müsəlmanlar arasında ümumiyyətlə mövcud olmadığını söyləməyə əsas verir. Aydın məsələdir ki, belə şəraitdə qiraətxanalar, kitabxanalar, müxtəlif xalq təhsili kursları və maarifçi səciyyəsi ilə seçilən digər müəssisələr də fəaliyyət göstərmir. Bütün bunlar azmış kimi Qafqaz müsəlmanları uzun illərdən bəri hətta xeyriyyə cəmiyyəti təsis etmək hüququ da qazana bilmirlər”.
Moskva Universitetinin təbiət elmləri fakültəsini bitirib ictimai fəaliyyət meydanına atılan Həsən bəy Məlik-Zərdabi (1837-1907) öz xalqını belə fərəhsiz və kədərli vəziyyətdə görmüşdü. Bu 1865-ci ildə, həyatının 28-ci ilində olmuşdu. Həsən bəy orta təhsilini parlaq müvəffəqiyyətlə başa vurmuşdu. Tiflis gimnaziyasını qızıl medalla bitirmiş, adı o zaman gimnaziyada mövcud olan mərmər lövhəyə həkk edilmişdi. Onun tələbəlik illəri rus ictimai fikrinin və mətbuatının qüdrətli yüksəlişi ilə eyni vaxta düşmüşdü. 60-cı illərdə aparılan islahatların təsiri altında cəmiyyətdə eşidilən cəsarətli azadlıq çağırışları da bu prosesə ciddi təkan vermişdi. Həmin dövrdə gündəlikdə dayanan, cəmiyyətdə və mətbuatda qızğın müzakirə olunan xalq təhsili, xalqın zehni və iqtisadi tələblərinin daha dolğun ödənilməsi, bütünlükdə milli şüurun dirçəldilməsi kimi məsələlər təbiətən böyük istedada və həssas qəlbə malik Həsən bəyə son dərəcə ciddi təsir göstərmişdi. Hələ gimnaziyanın son siniflərində o, yaşayış və məişətlərini Kür üzərindəki doğma Zərdab kəndində yaxından müşahidə etməyə imkan tapdığı kəndlilərin həyatına böyük maraq göstərməyə başlamışdı. Tələbəlik illərində kəndli məsələsi ilə bağlı maraq və diqqəti daha da artmışdı. Azadlıq ideyalarının təsiri altında Həsən bəy xalqın hüquqlarının qorunmasının, xalq mənafeyi uğrunda mübarizənin coşqun tərəfdarlarından birinə çevrilmişdi.
O, böyük qüvvə və ümidlərlə geri qayıtmışdı.Özünü bütün varlığı ilə doğma vətəninə xidmətə, geridə qalmış xalqının tərəqqi və rifahına həsr etmək istəyi ilə alışıb-yanırdı. Bu yolda Həsən bəyi dayandıra biləcək heç bir maneə, əsirgəyəcəyi heç bir qurban yox idi.
Əlbəttə, hələ mövcud şəraitin mahiyyətinə dərindən varmadığı, lakin xalq üçün faydalı olmağı qəti qərara aldığı ilk vaxtlarda Həsən bəy hər şeydən öncə Qafqaz idarəçiliyində hökm sürən özbaşınalıq və dərəbəyliklə, məhkəmələrdəki qanunsuzluq və rüşvətxorluqla, əhalinin üzərinə qoyulan hədsiz vergilərlə, kəndlilərin torpaq mülkiyyəti ilə bağlı məsələlərdəki hərc-mərclik və nizamsızlıqla, nəhayət, bütün bunların mənbəyi olan cahillik və hüquqsuzluqla, kütlələrin mədəni və iqtisadi səfaləti ilə tanış olmalı idi.
Eyni zamanda xalq mənafelərinə atəşin bağlılıq, ədalətin təntənəsinə dərin inam hissi 60-cı illərdə geniş vüsət alan azadlıq hərəkatının məqsəd və ideyaları ilə üzvi şəkildə birləşərək ona böyük qüvvət verir, müəyyənləşdirdiyi fəaliyyət proqramının həyata keçirilməsində iradə və inamını daha da artırırdı.
Budur, artıq biz gənc Həsən bəy Məlik-Zərdabini ağ üzlə, açıq alınla müxtəlif sahələrdə doğma xalqına təmənnasız xidmətin daşlı-kəsəkli, lakin nəcib yolları ilə irəliləyən görürük.
Bu yolda o, təbii ki, dəf edilməsi qeyri-mümkün görünən, tək bir nəfərin qüvvələri xaricində olan çətinlik və maneələrlə qarşılaşmalı idi. Və qarşılaşırdı. Tez-tez özünü xalqına açıq-aşkar düşmən kəsilmiş canavar təbiətli adamların əhatəsində tənha, köməksiz görürdü. Lakin bu, Həsən bəyi qorxutmurdu. Əksinə, seçdiyi yolun düzgünlüyünə inamını artırırdı. Xalqının tapdalanmış hüquqları uğrunda çar hökuməti və onun məmurları ilə mübarizə yolunun ilk yolçusu olmaq hissi Həsən bəyi bir anlığa da tərk etmirdi.
Xalqın tərəfində dayanmaqla Həsən bəy özünü həmişəlik şəxsi, maddi səciyyəli maraq və faydalardan məhrum etmişdi. Bu həm də onun sadə, səmimi, təvazökar təbiətinə uyğun gəlirdi. O, ali təhsil almış ilk Qafqaz müsəlmanlarından idi, deməli, xidmət pillələri ilə sürətlə irəliləmək, yaxşı mənsəb qazanmaq imkanı vardı. Lakin Həsən bəy həyatının sonuna qədər özü və ailəsi üçün cazibədar görünən şəxsi maraqlardan yüksəkdə dayandı. Xalqının həyati mənafelərinin qorunması, onun maarifləndirilməsi yolunun dönməz, təmənnasız yolçusu oldu, Azərbaycanın yolgöstərəninə və mayakına çevrildi.
Həsən bəy qarşısına qoyduğu proqramı həyata keçirmək üçün işıq ucu gördüyü hər yerə baş vururdu.
1865-ci ildən 1907-ci ilə, yəni ömrünün sonuna qədərki bütün fəaliyyəti dövründə Həsən bəy məhz həmin prinsiplə hərəkət etmişdi.
Həsən bəy Məlik-Zərdabinin doğma xalqına xidmətinin bütün mərhələləri haqqında söz açılan proqramda öz əksini tapmışdı.
Fəaliyyətinin ilk mərhələsində biz onu Zaqafqaziyada torpaqların mərzlənməsi və kəndlilərin torpaq mülkiyyəti ilə bağlı meydana çıxan mübahisələrin həlli məqsədi ilə yaradılmış Tiflis Torpaq Palatasında görürük. Hələ universitetdə təhsil aldığı dövrdən kənd əhalisinin vəziyyətinin yaxşılaşdırılması xəyalları ilə yaşayan Həsən bəy belə qurumda çalışmaqla daha çox fayda gətirəcəyini düşünürdü. Lakin o, Torpaq Palatasının əkin sahələrini müsəlman kəndlilərin əllərindən aldığını və Rusiyanın daxili quberniyalarından Qafqaza köçürülən gəlmələrə verdiyini gördükdə belə məsələlərdən biri (Borçalı qəzasının müsəlman əhalisinin torpaqlarının əllərindən alınması) ilə əlaqədar rəislərinin göstərişini yerinə yetirmək əvəzinə, sərəncamla bağlı xüsusi fikrini yazdı və nəticədə dərhal tutduğu vəzifədən uzaqlaşdırıldı.
Zaqafqaziyada məhkəmə islahatının tətbiqi (tamamilə təhrif edilmiş 20 noyabr 1864-cü il tarixli Məhkəmə Nizamnaməsi əsasında) Həsən bəyi fəaliyyətini həmin istiqamətə yönəltməyə, məhkəmələr vasitəsi ilə xalqın tapdanan hüquqlarını qorumağa şövqləndirdi. Artıq o, Quba şəhərindəki Barışıq Məhkəməsinin katibidir. Bu vəzifə Həsən bəyə kütlələrlə birbaşa ünsiyyətə girməyə, onlara doğma ana dillərində yeni məhkəmə quruluşunu, ədliyyə sistemində aparılan dəyişikliklərlə əlaqədar əldə etdikləri hüquq və vəzifələri aydınlaşdırmağa imkan yaradırdı. O, bütün qüvvə və səylərini yeni məhkəmə qaydaları haqqında heç bir təsəvvürü olmayan xalq kütlələrini, xüsusən də avam kəndliləri ara vəkilliyinə qurşanan, adamların son tikəsini “uf” demədən boğazlarından çəkib çıxaran çirkin niyyətli, yaramaz şəxslərin asılılığından qurtarmağa sərf edirdi. Ara vəkilləri təhlükənin haradan gəldiyini dərhal anladılar, qara əməllərinə qorxu törədən düşməndən xilas olmağa qərar verdilər. Onlar Qubada Həsən bəyin həyatına sui-qəsd təşkil etdilər. Xoşbəxtlikdən, hər şey yaxşı sonluqla başa çatdı.
Bundan sonra
biz Həsən bəyi Bakıda, real məktəbin təbiət
tarixi müəllimi simasında görürük. Həmin
dövrdə real məktəb əvvəlcə bütün
keçmiş Şamaxı, sonra isə Bakı
quberniyasında yeganə orta təhsil müəssisəsi idi.
Güman etmək olardı ki, nəhayət Həsən bəy
bilik və bacarığını üzə çıxara
bildiyi əsl fəaliyyət sahəsini tapmışdır. Bu
həm də onun pium desiderium-una (latın ifadəsidir, mənası)
tam uyğun gəlir, maarifçilik niyyətlərini həyata
keçirməyə imkan verirdi. Tezliklə Həsən
bəyin həqiqətən də gözəl pedaqoq olduğu
üzə çıxdı. O, yalnız şagirdlərdən
tədris proqramına yiyələnməyi tələb etmirdi,
həm də öz dərsləri, mühazirələri ilə
onlarda maraq oyatmağı bacarırdı, digər tərəfdən
isə səmimi münasibəti ilə şəxsiyyətinə
hörmət və ehtiram yaradırdı. Bakı real məktəbində
müsəlmanlar, ermənilər və digər millətlərdən
olan yüzlərlə şagird təhsil alırdı. Həsən
bəy onların hamısının ümumi məhəbbətini
qazanmışdı. O, müxtəlif
xalqları təmsil edən gənclərin bütöv bir dəstəsinin
yetişməsində mühüm rol oynamışdı.
Sonralar bu gənclər Rusiyanın və xarici ölkələrin
ali məktəblərində öz təhsillərini davam
etdirmişdilər. Onların demək olar ki,
hamısı müəllim və tərbiyəçiləri
saydıqları Həsən bəyi həmişə yad
edirdilər, həmişə mənəvi ünsiyyət saxlayırdılar.
Bu dəstə üzvləri sırasındakı müsəlman
gənclərin olması xüsusilə diqqətəlayiq və
sevindirici hadisə idi. Həmin gənclər özlərinin mənəvi
rəhbəri saydıqları Həsən bəydən xalq mənafelərinə
sadiqlik və onun xidmətində dayanmaq kimi yüksək bəşəri
keyfiyyətlər əxz etmişdilər. Bu gənclərin
arasından sonralar müxtəlif sahələrdə uğurla
fəaliyyət göstərən müəllim, həkim,
hüquqşqnas, mühəndis və ictimai xadimlər
yetişmişdilər. Onların içərisində bir
neçə türk yazıçısı (dramaturq Nəcəf
bəy Vəzirov, Gəncə şəhərinin
keçmiş başçısı, yazıçı Əsgər
ağa Adıgözəlov və başqaları) da var idi.
lll
Bu dövrdə
artıq Həsən bəyin adı yetərincə məşhurlaşmışdı.
Onu keçmiş Bakı quberniyasının
hüdudlarından kənarda da tanıyırdılar.
Haqqında yalnız Zaqafqaziyanın deyil, Şimali Qafqazın
da müxtəlif yerlərində də
danışırdılar. Təbii ki, o dövrdə cəmiyyətdə
baş verən hadisələri diqqətlə izləyənlərin
əksəriyyəti Həsən bəyin tərəfində
idi, apardığı mübarizədə onunla birlikdə
idi. Lakin cahillik də öz mövqelərini hələ əldən
verməmişdi. Bisavad mollaların, tamahkar
qolçomaqların, satqın və qudurğan hakimiyyətin
ayrılmaz yol yoldaşları olan digər şübhəli
ünsürlərin təsir dairəsi hələ kifayət qədər
qüvvətli idi. Cəmiyyətə həqiqət
və işıq gətirmək qayəsindən uzaq olan belə
ünsürlər, aydın məsələdir ki,
qarşısına xalq həyatını sağlam və
ağıllı təməl üzərində qurmaq
üçün yeganə vasitəni- milli şüuru hərəkətə
gətirmək məqsədi qoymuş ilk müsəlman
öncülünün – Həsən bəyin fəaliyyətini
hər vasitə ilə əngəlləyirdilər. Həsən
bəy isə əleyhdarlarının rütbə və vəzifələrinə
baxmayaraq, qorxmadan, cəsarətlə onların üzərinə
gedirdi. Sonuncuların isə Həsən bəylə
mübarizədə əsaslandıqları və tez-tez istifadə
etdikləri yalnız bir dəlil vardı: onu dinsizlikdə
suçlayırdılar. Əlbəttə, bu yanlış qənaət
hər şeydən öncə sərbəst fikir adamı
olan Həsən bəyin məqsəd və ideyalarını
anlamamaqdan irəli gəlirdi. Həsən bəy
ömrünün sonuna qədər beləcə daxilən
azad insan kimi qalmışdı. Hər dəfə müvafiq
imkan yarananda o, dini əqidənin insanın daxili inam və
etiqadı ilə bağlılığını izah edirdi. Bunu zahiri vasitələrlə nəzərə
çarpdırmağın ikiüzlülükdən başqa
bir şey olmadığını anladırdı. Onun fikrincə,
səmimiyyət dərəcəsindən asılı olmayaraq
heç bir halda yalnız dini inanc üzərində həyat
qurmaq qeyri-mümkün idi. Həyatda öz yerini tapmaqdan
ötrü çalışmaq, öyrənmək, bilik
qazanmaq, başqa xalqların təcrübəsini əxz etmək
tələb olunurdu. Bütün sahələrdə,
bütün istiqamətlərdə həyat şərtlərini
yaxşılaşdırmaq üçün daim təkmilləşməyə
ehtiyac vardı. Amma gözləri və qulaqları cahillik pərdəsi
ilə örtülmüş ünsürlər normal insan həyatı
ilə bağlı bu adi çağırışlarda da
şəriət ehkamlarının pozulmasını
görür, qəzəbli gücsüzlük içərisində
həmin fikirlərin müəllifini “sünni Həsən bəy”
adlandırmaqdan başqa söz fikirləşə bilmirdilər.
Bu sözlərdə isə əslində Həsən bəyin
ləyaqətini alçaldacaq heç bir şey yox idi. Həqiqətən
də, onun atası “sünni”, anası isə “şiə” idi.
Avam xalq kütlələrini zərərli təsirləri
altında saxlayan cahil mollalara, dərvişlərə, seyid və
mərsiyəxanlara qarşı haqlı
çıxışlarını istisna etmək şərti
ilə Həsən bəyin insanların dini hisslərinə
münasibətində heç zaman azacıq da olsun, təhqir
səviyyəsinə çatacaq heç bir təsadüfə
rast gəlinməmişdi.
(Ardı var)
Əlimərdan bəy TOPÇUBAŞİ
525-ci qəzet.- 2010.- 28 may.- S.21.