Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
(əvvəli ötən şənbə
sayımızda)
Hörmətli oxucular, bu məqalədə təhsilin bir pilləsindən, səviyyəsindən digərinə keçid, bu sahədə olan problemlər və onların həlli yolları barədə mülahizələrimi diqqətinizə təqdim edirəm.
Təhsilin keyfiyyətli, səmərəli və davamlı olması üçün bir çox şərtlər mövcuddur. Buraya cəmiyyətin tələbatına görə dövlət standartları əsasında optimal müəyyənləşdirilmiş məzmun, çevik qiymətləndirmə modelləri, peşəkar pedaqoji heyət, əlverişli maddi-texniki baza və sair daxildir. Bu məsələlərə ötən məqalələrdə toxunmuşuq. Lakin, bütün bu amillər olduqda belə, təhsil pillələri və səviyyələri arasında varislik prinsipi üzərində qurulmuş dialektik bağlılıq təmin edilməzsə, keyfiyyət və səmərəliliyin reallığa çevrilməsində boşluqlar yaranar. Eyni zamanda varisliyin yaradılmasına yalnız nəticələrin bir-birini izləməsi və tamamlaması prosesi kimi də baxmaq düzgün olmazdı. Varislik, ilk növbədə, inkişafa xidmət etməli, hər hansı bir nəticə özündən əvvəl gələnin mahiyyətcə zənginləşməsinə və əhatə dairəsinin genişlənməsinə yönəlməlidir.
Bu mənada təsadüfi deyil ki, varislik “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi təsbit olunmuşdur.
Qeyd etmək lazımdır ki, varislik prinsipinə iki yanaşma mövcuddur. Birinci yanaşma ondan ibarətdir ki, tətbiq edilən təhsil proqramları, məzmun pillədən pilləyə, səviyyədən səviyyəyə inkişaf etməli və biri birini tamamlamalıdır.
Digər yanaşma birincidən heç də az əhəmiyyət kəsb etməyən, lakin əksər hallarda kölgədə qalan bir məsələ ilə bağlıdır. Belə ki, bir pillədən digər pilləyə, bir səviyyədən digər səviyyəyə keçid zamanı əvvəlki pillə və səviyyələrdə qazanılmış bilik, bacarıq və nəticələrin nəzərə alınmaması, keçid prosesində müşahidə edilən problemlər məni daim düşündürən və narahat edən məsələlərdir.
İlk növbədə məktəbəqədər təhsil pilləsi haqqında. Məlumdur ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.
“Təhsil haqqında” Qanuna görə təhsil məktəbəqədər mərhələdən başlanır. Bununla belə, məktəbəqədər təhsil müəssisəsinə gələnə qədər uşaq ailədə tərbiyə olunur. Onu da etiraf etmək lazımdır ki, uşaqların xeyli hissəsi məktəbəqədər təhsil mərhələsini, eləcə də məktəbə hazırlıq dövrünü keçmədən birbaşa məktəbə qəbul edilirlər. Beləliklə, aydın təsəvvür olunur ki, uşağın tərbiyəolunma sistemində varisliyin pozulması halları bu zamandan başlanır. Belə nəticə çıxarmaq olar ki, yaranmış problemin həlli məqsədilə, ilk növbədə, valideynlər üçün yerlərdə metodiki məsləhət və əlaqələndirmə mərkəzləri təşkil edilməlidir. Yəni məktəbəqədər təhsil müəssisələrindəki təlim-tərbiyə prosesi ailələrdəki eyni prosesin, ibtidai təhsil isə məktəbəqədər təhsil və məktəbə hazırlıq təliminin davamı kimi vahid sistemdə birləşməlidir. Yalnız bu halda uşağın psixoloji və mənəvi cəhətdən məktəb təliminə hazır olmasından danışıla bilər. Belə bir sistemin qurulması, heç şübhəsiz, ibtidai təhsilin keyfiyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər. Bəs ölkəmizdə ailədən məktəbəqədər tərbiyə müəssisəsinə keçid sahəsində hansı problemlər mövcuddur. Təhlil göstərir ki, hər il birinci sinfə qəbul edilən uşaqların orta hesabla yalnız 20 faizə qədəri bağçalardakı məktəbə hazırlıq qruplarından gəlir. Bir sıra inkişaf etmiş ölkələrdə 5 yaşlıların hamısı icbari olaraq məktəbə hazırlıq mərhələsini keçirlər. Ölkəmizdə isə bu vəzifəni yerinə yetirmək üçün, əlbəttə, mövcud uşaq bağçalarının imkanları heç də kifayət deyildir. Belə ki, uşaq bağçaları ən yaxşı halda ölkə üzrə 5 yaşlıların yalnız 40-45 faizini qəbul edə bilər. Düşünürəm ki, təxirəsalınmadan 5 yaşlı uşaqların məktəbəqədər təhsili üçün hazırlıq işlərinə başlanmalı, nazirliyin bu sahədə 8-10 ili əhatə edən strateji planı hazırlanmalı, hökumət səviyyəsində tədbirlər görülməlidir. Eyni zamanda digər yaş qrupları da unudulmamalı, ölkədə məktəbəqədər təhsil imkanlarının və əhatə səviyyəsinin artırılması istiqamətində Dövlət Proqramı çərçivəsində zəruri tədbirlər davam etdirilməlidir.
Ümumi təhsilin səviyyələri arasında varisliyin təmin olunmasına da xüsusi diqqət yetirilməlidir. Hər səviyyənin ümumi təlim nəticələrini yüksələn xətlə əlaqələndirmədən, ümumi təhsil sahəsində tədris edilən fənlərin məzmununun təhsil səviyyələri və siniflər üzrə varisliyini yaratmadan bu məqsədə nail olmaq qeyri-mümkündür. Hazırda tətbiqinə başlanmış ibtidai təhsil səviyyəsi üçün fənn kurikulumları, əsasən, siniflərarası varislik tələbi nəzərə alınmaqla tərtib edilmişdir. Heç şübhəsiz, ümumi orta təhsil səviyyəsinin kurikulumları ibtidai, tam orta təhsil səviyyəsinin kurikulumları isə ümumi orta təhsil səviyyəsinin nəticələri üzərində qurulmalıdır. Demək, şagirdlərə öyrədilən biliklər və aşılanan bacarıqlar varislik əsasında sadədən mürəkkəbə doğru inkişaf etdirilməklə standartlarda öz əksini tapmalıdır. Əslində, mənimsənilməsi nəzərdə tutulan konkret bilik xüsusi çəkisi baxımından aşılanacaq bacarığın səviyyəsini müəyyən etməli və bu iki proses mahiyyətcə bir-birini tamamlamalıdır. Eyni zamanda hər bir fənn üzrə məzmun standartlarının dialektik baxımdan varisliyinin təmin edilməsi ilə yanaşı, bu standartların dərsliklərdə reallaşdırılması ardıcıllığı da ciddi surətdə gözlənilməlidir. Dərsliklər yazılarkən müvafiq fənn kurikulumlarına, standartların tələblərinə uyğunsuzluq hallarına yol verilərsə, bu, son nəticədə varisliyin pozulmasına, nəzərdə tutulan bacarıqların lazımi səviyyədə formalaşmamasına gətirib çıxara bilər. Əlbəttə, bütün bunlar məzmunun varisliyi ilə bağlı məsələlərdir.
Bəs ümumi təhsil pilləsində bir səviyyədən digərinə keçid məsələləri necə tənzimlənir. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafına, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.
Ümumi təhsilin ilk səviyyəsi olan ibtidai təhsilin məqsədi təhsilalanlara oxumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.
Təcrübə göstərir ki, ibtidai təhsildən ümumi orta təhsilə keçiddə ciddi problem müşahidə olunmur. Bu səviyyəni uğurla başa vuran şagirdlər maneəsiz növbəti səviyyədə təhsillərini davam etdirirlər. Statistika göstərir ki, hər tədris ilində təxminən 150 min şagird ibtidai təhsildən ümumi orta təhsilə keçir.
Hazırda ümumi təhsil sistemində yeni qiymətləndirmə sisteminin tətbiqi ilə əlaqədar ibtidai təhsil səviyyəsinin sonunda (IV sinifdə) milli qiymətləndirmənin keçirilməsi nəzərdə tutulmuşdur.
Bir sıra ölkələrdə ibtidai təhsil səviyyəsindən növbəti səviyyəyə keçiddə xüsusi imtahanlar təşkil edilir ki, şagirdin növbəti səviyyədə hansı profil üzrə təhsil alacağı müəyyənləşdirilsin.
Ümumi orta təhsilin məqsədi təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir.
Ümumi orta təhsil səviyyəsini hər tədris ilində təxminən 145 min şagird bitirir. Onlardan 8 mini texniki peşə məktəblərinə və peşə liseylərinə, 8 mini orta ixtisas məktəblərinə qəbul olunur. Ümumi orta təhsil səviyyəsini bitirənlərdən 110 mini növbəti səviyyədə təhsillərini davam etdirir. Narahatlıq doğuran haldır ki, ümumi orta təhsil səviyyəsindən tam orta təhsil səviyyəsinə keçiddə xeyli sayda şagirdin təhsildən yayınması halları mövcuddur. Bu hal məktəb rəhbərlərini, yerli təhsil orqanlarını ciddi düşündürməli, hər bir şagirdin təhsildən yayınma səbəbləri araşdırılmalı və müvafiq tədbirlər görülməlidir.
Şübhəsiz, cari dərs ilindən IX siniflərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması həm şagirdlərin davamiyyətinə müsbət təsir göstərmiş, həm də təhsildən yayınma hallarının qarşısını xeyli almışdır. Eyni zamanda bu təhsil səviyyəsinin sonunda mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsi tam orta təhsil pilləsində təhsilin təmayüllər üzrə təşkilinə də öz töhfəsini verəcəkdir.
Burada narahatlıq doğuran digər hal ondan ibarətdir ki, ümumi orta təhsil səviyyəsini bitirən məzunlar qabiliyyətindən, bacarığından, potensial imkanlarından asılı olmayaraq, kütləvi şəkildə təhsillərini tam orta təhsil pilləsində davam etdirməyə səy göstərirlər. Lakin təhlil göstərir ki, heç də həmin şagirdlərin hamısı sonradan ali təhsil pilləsində təhsillərini davam etdirmirlər. Texniki peşə məktəblərinə gedənlər isə cəmi məzunların 6 faizini təşkil edir. Düşünürəm ki, Azərbaycanda da beynəlxalq təcrübəyə əsaslanaraq, ümumi orta təhsil səviyyəsini bitirən məzunların 40-50 faizinin məhz texniki peşə məktəblərinə və peşə liseylərinə yönəldilməsi istiqamətində ciddi tədbirlər görülməli, ümumi təhsil müəssisələrində peşəyönümü işi səmərəli təşkil edilməli, şagirdlərin gələcəkdə məhz hansı səviyyədə və ya pillədə təhsillərini davam etdirmələri imkanları barədə diaqnostik qiymətləndirmələr aparılmalıdır.
Ümumi təhsil pilləsinin
son səviyyəsi olan tam orta təhsil barədə. Tam orta təhsil
səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin
reallaşdırılması, müstəqil həyata və
peşə seçiminə hazırlanması, fəal vətəndaş
mövqeyinin, milli və ümumbəşəri dəyərlərə,
insan hüquqlarına və azadlıqlarına hörmət
hissinin və tolerantlığın
formalaşdırılması, müasir informasiya-kommunikasiya
texnologiyalarından və digər texniki vasitələrdən
sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına
yiyələnməsi, xarici dillərdən birində, yaxud bir
neçəsində ünsiyyət saxlaması və sair təmin
olunur.
Bu səviyyədə təhsilalanların
biliyinin qiymətləndirilməsinin yekun dövlət
attestasiyası həyata keçirilir. Attestasiyanın nəticələrinə
görə məzunlara müvafiq qaydada dövlət nümunəli
sənəd – attestat verilir. Tam orta təhsil səviyyəsini
hər tədris ilində təxminən 110-120 min şagird
bitirir. Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş
test imtahanına keçidə qədər, demək olar ki, həmin
şagirdlərin hamısı attestat alırdılar.
Hazırda isə məzunların təxminən 10-15 faizi tam
orta təhsil səviyyəsini lazımi nailiyyətlərlə
başa vura bilmədiklərinə görə attestat ala
bilmirlər.
Təhlil göstərir ki, hər
il ümumi təhsil pilləsini bitirənlərin 20 faizi ali təhsil
müəssisələrinə, 10 faizi orta ixtisas məktəblərinə,
11 faizi texniki peşə məktəblərinə qəbul
olunurlar. Məzunların təxminən 60 faizi, yəni 60 min nəfər
heç bir peşəyə yiyələnmədən əmək
bazarına qədəm qoyur. Əlbəttə, bu vəziyyət
hər birimizi düşündürməlidir. Hesab edirəm
ki, müvafiq maddi-texniki baza, kadr təminatı həyata
keçirildikdən sonra və keyfiyyətə xələl gətirməmək
şərtilə yaxın gələcəkdə ali təhsil
müəssisələrinə qəbul planı
artırılmalı, ümumi təhsil pilləsi məzunların
ali təhsil alma imkanları genişləndirilməlidir. Digər
tərəfdən isə texniki peşə məktəblərinin
şəbəkəsi genişləndirilməli və məzunların
əksər hissəsinin məhz həmin pillədə təhsillərini
davam etdirməsinə imkan yaradılmalıdır.
Burada əsas narahatlıq
doğuran hal ondan ibarət idi ki, bir təhsil pilləsindən
digərinə keçiddə təhsilalanların nailiyyətləri
nəzərə alınmır. Azərbaycanda ali məktəblərə
qəbul zamanı orta məktəbin nəticələri, yəni
şagirdlərin 11 illik təhsilinin yekunu olan attestat balı
ümumiyyətlə nəzərə alınmır. Təhlil
göstərir ki, bu hal ümumi orta təhsilin keyfiyyətinə
mənfi təsir etməklə, məktəbin və müəllimin
statusunun aşağı düşməsinə gətirib
çıxarır. Eyni zamanda şagirdləri və müəllimləri
keyfiyyətli orta təhsilə stimullaşdırmanın
qarşısını alır.
Təhlil göstərir ki,
dünyada ali məktəblərə qəbulun əsas
parametri məhz orta məktəbin nəticələridir.
ABŞ təcrübəsini misal gətirək. Həmin
ölkədə ali məktəbə qəbul imtahanı tələb
olunan balın yalnız 30 faizini toplamağa imkan verir. Digər
70 faiz isə məhz məktəbin nəticələri, yəni
şagirdin orta məktəb göstəriciləri, məktəbin
şagird haqqında rəyi, şagirdin maraq və qabiliyyəti
və sair nəzərə alınmaqla formalaşır.
Bu vəziyyət magistratura
pilləsinə qəbulda da eynidir. Belə ki, magistratura pilləsinə
qəbul zamanı bakalavriat pilləsində tələbələrin
4 il ərzində qazandıqları nailiyyətlər
ümumiyyətlə nəzərə alınmır. Yəni ən
yaxşı nailiyyətləri olan və heç bir nailiyyəti
olmayan tələbə qəbul prosesində eyni vəziyyətdə
olur. Dünya təcrübəsi göstərir ki, bu
yanaşma düzgün deyildir. Əksər ölkələrdə
magistraturaya qəbul prosesində aparıcı rolu bakalavriat
pilləsindəki nəticələr və universitetlər
oynayır. Yəni qəbul haqqında son qərarı məhz
universitetlər qəbul edirlər. Düşünürəm
ki, bizdə hazırda belə bir qərarın qəbulu müəyyən
problemlər yarada bilər.
Təhsil Nazirliyi uzun müddət
nailiyyətlərin növbəti pillədə nəzərə
alınması istiqamətində təşəbbüslər
göstərmiş, təkliflər irəli sürmüş
və bu istiqamətdə müəyyən addımlar da
atmışdır. İlk növbədə XI siniflərdə
mərkəzləşdirilmiş imtahanlar tətbiq edildikdən
sonra şagirdlərin yekun qiymətinin
çıxarılmasında həm X sinif, həm də XI
sinifdə il ərzində əldə etdikləri nailiyyətlərin
nəzərə alınması təmin edilmişdir.
Təhsil Nazirliyinin təklifləri
əsasında “Təhsil haqqında” Qanunda bu məsələ
də öz əksini tapmışdır. Qanunda təsbit
edilmişdir ki, (maddə 26.4) “Ali və orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu
zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində
əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada nəzərə
alınır”. Təəssüf ki, bu günə qədər
bu maddənin icrası ilə bağlı müvafiq qərar qəbul
edilməmişdir.
Bununla əlaqədar Qanunda
daha vacib bir müddəa da öz əksini
tapmışdır: “Dünya fənn olimpiadalarının,
yüksək səviyyəli beynəlxalq müsabiqələrin
və yarışların qalibləri müvafiq ixtisaslar
üzrə ali təhsil müəssisələrinə
müsabiqədənkənar qəbul olunurlar. Bu
olimpiadaların, beynəlxalq müsabiqələrin və
yarışların siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir”. Onu da
qeyd edim ki, Təhsil Nazirliyinin illərlə təklif etdiyi bu
müddəanın xeyli əleyhdarları var idi. Lakin Qanunda bu
müdəanın öz əksini tapması, hesab edirəm ki,
təhsilin inkişafına və
stimullaşdırılmasına yönəlmiş uğurlu
bir addımdır.
Gözləyirik ki, Qanuna
müvafiq olaraq, yaxın gələcəkdə tədricən
ümumi orta, ilk peşə-ixtisas, orta ixtisas təhsili pillələrinin
nəticələri ali təhsilin bakalavriat səviyyəsində,
bakalavriat səviyyəsinin nəticələri magistratura səviyyəsində
nəzərə alınacaqdır.
Təhsil sisteminin vacib bir
pilləsi olan ilk peşə-ixtisas təhsili barədə.
Qanunda qeyd edilir ki, ilk peşə-ixtisas təhsili əmək
bazarının tələbatına uyğun olaraq, ümumi
orta təhsil və tam orta təhsil bazasında müxtəlif
sənətlər və kütləvi peşələr
üzrə ixtisaslı işçi kadrların
hazırlanmasını təmin edir. İlk peşə-ixtisas
təhsili mülkiyyət formasından asılı olmayaraq
peşə-ixtisas təhsili müəssisələrində və
təhsil fəaliyyəti üçün xüsusi
razılığı (lisenziyası) olan ayrı-ayrı təşkilatların,
müəssisələrin, əmək birjalarının, məşğulluq
idarələrinin və digər müvafiq qurumların təhsil
strukturlarında həyata keçirilir və məzunlara
müvafiq istiqamətlər üzrə ilk peşə dərəcələrinin
verilməsi ilə başa çatır.
Əlbəttə, mövcud
qanunvericilikdə ilk peşə-ixtisas təhsilini başa
vuranların ali təhsil almaq imkanları nəzərə
alınmışdır. Lakin bu hüquq yalnız peşə
liseylərini bitirən məzunlara şamil edilmişdir.
Statistika göstərir ki, hər dərs ilində ölkəmizin
peşə liseylərinin son kursunda təxminən 4-5 min
şagird təhsil alır. Cari ildə onların sayı 4651 nəfərdir.
Təhsil Nazirliyi tərəfindən tam orta təhsil kursu
üzrə keçirilən mərkəzləşdirilmiş
imtahanların nəticələrinin təhlili göstərir
ki, məzunlar yüksək göstəricilər
nümayiş etdirmir və onların bir hissəsi attestat ala
bilmirlər. Bu zaman iki problemlə üzləşirik. Bir tərəfdən,
onsuz da peşə liseyləri məzunlarının sayı məhduddur,
deməli, daha az sayda şagirdin ali təhsil almaq imkanı
vardır. Digər tərəfdən isə onların müəyyən
hissəsinin attestat almaması onsuz da məhdud sayda olan
kontingentin ali təhsil alma imkanlarını azaldır. Bu elə
başa düşülməməlidir ki, peşə liseylərində
təhsil alanların hamısına, nailiyyətlərindən
asılı olmayaraq, attestat verilməlidir. Burada diqqət ona
yönəlməlidir ki, peşə liseylərinin şəbəkəsi
genişləndirilməli, daha çox sayda şagird bu təhsil
müəssisələrinə yönəldilməlidir.
Peşə liseylərinin üstünlüyü ondan ibarətdir
ki, məzunlar müəyyən bir peşəyə yiyələnməklə
yanaşı, tam orta təhsil alırlar və beləliklə
təhsillərini ali məktəblərdə davam etdirmək
şansı qazanırlar.
Eyni zamanda peşə liseylərini
bitirən məzunlar təhsillərini orta ixtisas təhsili
müəssisələrində də davam etdirə bilirlər.
Təhlil göstərir ki, həmin məzunların 10-15 faizi
sonradan orta ixtisas təhsili müəssisələrinə
üz tuturlar. Lakin hesab edirəm ki, ilk peşə-ixtisas təhsili
proqramları və orta ixtisas təhsili proqramları
arasında varisliyin təmin olunması sahəsində problemlər
mövcuddur və onların aradan qaldırılması da vacib
məsələlərdəndir.
Orta ixtisas təhsili barədə.
Orta ixtisas təhsili cəmiyyətin və əmək
bazarının tələbatına uyğun olaraq, ümumi
orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı
fəaliyyət sahələri üçün müxtəlif
ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis
hazırlığını təmin edir. Orta ixtisas təhsili
əsasən kolleclərdə və ali təhsil müəssisələrinin
tabeliyində yaradılan müvafiq strukturlarda həyata
keçirilir və subbakalavr ixtisas dərəcəsinin verilməsi
ilə başa çatır. Ümumi orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə
daxil olanlar həm də tam orta təhsil alırlar.
Göründüyü kimi,
bu təhsil pilləsi də ali təhsilə
çıxış imkanlarını təmin edir. Belə
ki, orta ixtisas təhsilli mütəxəssislər ali təhsil
müəssisələrində təhsillərini davam etdirmək
imkanına malikdirlər. Uzun müddət ərzində
müzakirə olunan məsələlərdən biri təhsil
proqramlarının ali təhsil proqramları ilə varisliyinin
təmin edilməsidir. “Təhsil haqqqında” Qanunda bu məsələ
də öz əksini tapmışdır: “Orta ixtisas təhsili
proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil
proqramlarına uyğunluğu təmin edilir və bu təhsil
pilləsini yüksək nəticələrlə başa vuran
məzunların – subbakalavrların topladıqları kreditlər
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində
nəzərə alınır”. Qeyd edim ki, bununla əlaqədar
müvafiq normativ-hüquqi sənədlər də hökumət
tərəfindən təsdiq edilmişdir.
Ali təhsil barədə.
Ali təhsil pilləsində cəmiyyətin və əmək
bazarının tələbatı nəzərə
alınmaqla yüksək ixtisaslı mütəxəssislərin
və elmi-pedaqoji kadrların hazırlığı həyata
keçirilir. Azərbaycan Respublikasının ali təhsil
müəssisələrində mütəxəssis və
elmi-pedaqoji kadr hazırlığı üç səviyyəlidir:
bakalavriat; magistratura; doktorantura.
Ali təhsil pilləsinin
bakalavriat səviyyəsinə keçid həm ümumi təhsil,
həm texniki-peşə, həm də orta ixtisas təhsili
pillələrindən nəzərdə tutulmuşdur. Lakin
qeyd etmək lazımdır ki, keçid prosesində varislik məsələləri
hələ də tam həllini tapmamışdır. Ümid
edirik ki, “Təhsil haqqında” Qanunun icrası istiqamətində
yaradılacaq normativ-hüquqi baza bu sahədə olan problemlərin
aradan qaldırılmasına zəmin yaradacaq.
Bu sahədə məni
narahat edən daha bir problem ondan ibarətdir ki, ali təhsilə
girişdə ciddi qəbul prosedurları nəzərdə
tutulur və seçim aparılır. Ali məktəbdən
çıxışda isə bu işə nəzarət arxa
plana keçir. Ötən illərdə ali təhsil müəssisələrini
bitirənlərlə bağlı aparılan təhlillər
göstərir ki, qəbul olunanların 100 faizi ali təhsil
müəssisələrini bitirirlər. Dünya təcrübəsində
isə məhz çıxışda ciddi nəzarət
mexanizmləri tətbiq edilir və nəticədə qəbul
olunanların 60-70 faizi mütəxəssis kimi təhsil sənədi
almağa müvəffəq olurlar. Hesab edirəm ki, ali təhsil
müəssisələri bu məsələyə diqqəti
artırmalı, yalnız müvafiq standartlar səviyyəsində
kompetensiyalar əldə etmiş məzunlara təhsil sənədinin
verilməsini təmin etməlidirlər. Bu hal keyfiyyətin
yüksəldilməsinin qarantı olmaqla yanaşı, ali məktəblərimizin
reytinqinin yüksəlməsinə də öz müsbət təsirini
göstərərdi.
Yetkin və fəal həyat
mövqeyinə malik şəxsiyyətin yetişdirilməsi
üçün təhsil səviyyələri ilə bərabər,
təhsil pillələri arasında da varisliyin təmin edilməsi
zəruri tələbat kimi meydana çıxır. Pillələrarası
varislik, hər şeydən əvvəl, təhsil
proqramlarının (kurikulumların), bunların vasitəsilə
reallaşdırılan nəticə və dəyərlərin
varisliyidir. Lakin elmi-pedaqoji cəhətdən əsaslandırılması
heç bir mübahisə doğurmayan bu müddəanın həyata
keçirilməsi sahəsində mövcud olan boşluqlar
bütövlükdə təhsilin keyfiyyətinə, son nəticədə
mütəxəssis hazırlığına mənfi təsir
göstərir. İbtidai sinif müəllimlərinin, bir qayda
olaraq, I siniflərə qəbul edilmiş bəzi
uşaqların psixoloji durumundan, inkişaf səviyyəsindən,
təhsil mühitinə uyğunlaşa bilməməsindən
narahatlıq hisslərini büruzə vermələri,
ümumi orta təhsil səviyyəsinə keçirilən
şagirdlər arasında təhsil almağa marağın illər
ötdükcə tədricən zəifləməsi
hallarının müşahidə edilməsi, ali məktəblərə
qəbulla bağlı nəticələrin istənilən səviyyədə
olmaması və sair bu kimi reallıqlar, eyni zamanda, həmin
amillə də bağlıdır. Bütün bunlar ciddi
pedaqoji problem olaraq təhsil mütəxəssislərini, təhsili
idarəetmə orqanlarını dərindən
düşündürməlidir.
Belə faktlar da mövcuddur
ki, ali təhsil müəssisələrinin rəhbərliyi və
müəllimləri müəyyən qrup tələbənin
zəif təlim nəticələrinə malik olmasını
orta məktəblərdə təhsilin keyfiyyətinə nəzarət
edilməməsi, bunu isə laqeyd münasibət bəslənilməsi
ilə izah etməyə çalışırlar. Ümumtəhsil
məktəblərini təmsil edənlər isə öz
növbələrində pedaqoji ali və orta ixtisas təhsili
müəssisələrində müəllim
hazırlığının səviyyəsindən şikayətlənirlər.
Əlbəttə, bu cür fikirləri tam inkar etmək də
olmaz, lakin problemi təkcə həmin mülahizələrlə
məhdudlaşdırmaq da düzgün deyildir. Etiraf edək
ki, ali məktəblərimizlə orta məktəblər
arasında əlaqə, demək olar ki, yox dərəcəsindədir
və bugünkü vəziyyətdə əlaqələrin
yenidən qurularaq səmərəli əməkdaşlıq səviyyəsinə
çatdırılmasına böyük ehtiyac vardır. Hesab
edirəm ki, ali məktəblər orta məktəblərdə
tədris olunan fənlərin yekun proqramlarını
(kurikulumlarını) ətraflı təhlil etməli,
onların öz müəssisələrindəki müvafiq
ixtisasların proqramları ilə varisliyinin yaradılması
qayğısına qalmalıdırlar. Orta məktəb rəhbərlərinin
gələcək müəllimlərini pedaqoji ali təhsil
müəssisələrinin tələbələri, ali məktəblərin
isə öz gələcək tələbələrini orta məktəb
şagirdləri arasında seçməsi, istedadlı
şagirdlərin görkəmli alimlər tərəfindən
elmi himayəyə götürülməsi praktikasının
tətbiq olunması, fikrimcə, ümumi işimizə
müstəsna dərəcədə böyük fayda verərdi.
(ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri
doktoru,
professor
525-ci qəzet.- 2010.- 28 may.- S.10-11.