Xəyal memarı

 

Ağdam turistlər arasında maraq doğuran 20 ruhlar şəhərindən biridir. WebUrbanist.com

 

“Ruhlar şəhəri” – 15

 

Mən Ağdamı yenidən tikəcəyimizə çox inanıram. Bitməyən müharibə yoxdu, bu dava da bitəcək. Dağılan şəhər ev-ev, tin-tin, küçə-küçə tikiləcək. Parklar, bağlar, yollar salınacaq. Uşaqlar yenə məktəbə, atalar, analar işə gedəcək, karusellər yellənəcək, xəzəllər süpürüləcək, küçələrə su səpiləcək... Gecələr yağış damlalarının evimizin damında bəstələdiyi simfoniyanın notlarını səhərlər günəş bütün şəhərə yayacaq. Unudulacaq bütün kədərlər, ...şəhər yeni sevgi dastanı yaşayacaq.

Heç bilirsənmi, Ağdamı xəyallarımda neçə dəfə tikmişəm?! Uşaq vaxtı qonşu Şahinlə həyətimizdəki qum təpəciyində şəhər salırdıq – yolları, tunelləri, evləri olan şəhər. Hər dəfə də dağıdıb əvvəlkindən daha yaxşısını tikirdik. Bax o qumluqdakı kimi hər gecə dünənki şəhəri dağıdıb yenisini tikirəm.

 

lll

 

Mənimlə Ağdamı tikməyə gedərsənmi? Gedərsən, bilirəm! İnanıram sənə, səninlə canbir qəlb olmadımmı bu 15 yazımda – 15 səyahətimdə...

Birinci bilirsən, nədən başlayarıq? Şəhərin bərpası komissiyasını yaratmaqdan. Sonra bu komissiya üzvlərini müharibədən sonra yerlə-yeksan olan Varşavanın necə tikildiyini öyrənsinlər deyə Polşaya göndərərik. Varşava foto, video arxivlər, adamların yaddaşıyla yenidən əvvəlki görkəmində tikilib, binaların rənginə qədər bərpa ediblər. Yaxşı təcrübədir, öyrənərik. Yadıma Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın Ağdamın işğalının 15-ci ildönümü ilə bağlı “Hesabat Mirşahinlə” verilişində söylədikləri düşür: “Ağdamda gördüklərim məni dəhşətə gətirdi. Böyük bir şəhər xarabazarlığa çevrilmişdi. Mən özüm polyakam. Ağdamın işğalı mənə ikinci dünya müharibəsindən sonra Varşavanın düşdüyü günü xatırlatdı. O zaman faşistlər Varşavanı darmadağın etmişdilər”.

Başqa təcrübələr də var, baxarıq.

Bərpa işlərini şəhər məscidindən, İmarət, Qarahacılı qəbiristanlığından başlarıq. Şuşa yolunun üstündəki abidənin yerində Qarabağ müharibəsi qurbanlarına əzəmətli heykəl ucaldarıq. Elə uca abidə ki, Bərdə yolu gələndə Uzundərədən, bir də Şuşa yolu gedəndə Əsgərandan görünsün. Ağdamın şəhid olmuş 6 min adamının adını qranit lövhəyə yazarıq bir-bir. Vəssalam! Müharibəni xatırladacaq daha heç nə lazım deyil! Müharibəylə yaşadığımız yetər, onun bizə yaşatdıqları yeddi arxa dönənimizə də bəsdi. Təzələnmiş şəhərimizdə yeni həyata başlarıq!

 

lll

 

Xahiş edəcəm bizi küçələrə ad qoyma komissiyasına yazsınlar. Küçələrə ağac adlarını qoyarıq. “28 Aprel” olar Palıd prospekti, əvvəlindən axırınadək palıd əkirik. “Kommunist” küçəsini Küknar edərik. “Süleyman Sani Axundov” olar Vələs, “Əzizbəyov” Şam, “Voroşilov” Gilas, “Maksim Qorki” Alma, “Lenin”in əvvəlki çinarlarını bir də əkərik, olar Çinar küçəsi. “Budaqov”u Heyva, “İslam Hacıyev”i Söyüd adlarına dəyişərik. Şuşa dayanacağındakı məşhur armuddan o yana armud əkərik, Armud küçəsi deyərik. “26 Bakı Komissarı”nın sağ-solunda şabalıd əkərik, çiçəkləyəndə bilirsən nə gözəl görünür? Kiyevdə görmüşəm, onlar kaştan deyirlər şabalıda, şəhərin simvoludu.

Mənim “Əli İbrahimov” küçəm Gilənar adlanacaq. Heç gilənarı küçə boyu çiçəkləyən görmüsən? Bəs al-qırmızı gilənarlı yüzlərlə ağacı necə? Küçəmiz çiçəkləyəndə gələrsən bizə! Bir də gilənar yetişəndə gəl, yığım sənə də verim...

İmarətdə Lerikdən gətirdiyimiz Dəmirağac əkib, oranı qoruq edərik. Göygöldən Eldar şamı gətirib Lenin bağının yerində yeni bağ salarıq. Qozlu bağa qoz ağaclarını Ordubaddan, Zaqataladan, Fındıq küçəsinin fındığını Qəbələdən, Narın narını Göyçaydan, Almanın almasını Qubadan, qovağı, vələsi İsmayıllıdan, ənciri Abşeron kəndlərindən göndərəcəklər dostlar. “Məşədi Abbas” küçəsinə akasiya əkərik, özü də Lənkərandan gətirərik, çiçəkləyəndə hər yan Lənkəran akasiyasının ağ-çəhrayı rəngini alar. Xaricə gedən biznesmenlərə deyərik oralardan da yaxşı ağac tingləri alıb gətirərlər, yeni-yeni küçələr salarıq. Bitəcək, narahat olma, burda hər ağac bitir!

 

lll

 

Ağdam bazarında dünyanın hər yerindən gül toxumu gətirib satdırarıq. Hamı alar. Həyətlər, küçələr, bağlar çiçəklə dolub daşar. Hər məhəllədən bir gülün ətri gələr. Fəvvarələrin içində su zanbağı əkərik, yaşıl yarpaqları, ağ gülləri suyun üzünə çıxar.

Aeroportu tez tikmək lazımdır. Əvvəllər adına “alverçi”, “zavmaq”, “tovaroved” dediyimiz neçə-neçə biznesmenimiz Dubaya, İstanbula, Moskvaya, Şanxaya birbaşa uçacaq. Yadında qalsın, “Xəlilin stalovası”na mütləq əl gəzdirmək lazımdı. Gələn turistlər Xəlilin tabakasını yeməmiş getməsinlər.

Çaxır strateji məhsuldu, zavodları təcili bərpa edərik. “Ağdam” çaxırını ta rus “ağdamşik”ləri yox, fransız xanımları üçün istehsal edərik, konyakı da ingilis lordlarına satarıq. Limonadı müsəlman ölkələrinə ixrac edərik, onlara spirtli içki olmaz.

Şellidə nar zavodu açarıq. Göyçaylılara göstərərik nar necə olur.

Ta pambıq əkmərik, əvəzində taxıl becərərik. Mərzilidən üzü Haramı düzünə elə bir taxıl zəmisi salarıq ki, sorağı Qazaxıstana çatsın, təcrübəmizi öyrənməyə gəlsinlər. Amma Mərzilidəki üzərlik təpələrinə toxunmarıq, qalar.

...Uşaq vaxtı Mərziliyə qonaq gəlmişdik. Bir kömbə çörək götürüb nənəmlə üzərlik yığmağa çıxmışdıq. Nənəm üzərliyi qoparıb yerinə çörək qoyurdu. Deyirdi ki, üzərliyin yerini boş qoymazlar.

Bax həmin yerləri saxlayarıq, üzərlik olan yerə başqa şey əkməzlər...

 

lll

 

...İmarətdəki stadionun tikintisini yubatmaq olmaz. “Qarabağ” öz meydanında oynamalıdı. Gələnilki Avropa kuboklarınadək hazır olmalıdı. Qonaqları öz aeroportumuzda gül-çiçəklə qarşılayarıq. Oyundan sonra apararıq Şuşaya, gəzdirərik, Cıdır düzündə şəkil çəkdirərlər, yedirib-içirib yola salarıq.

...Kəhrizlərin bərpasını başı çıxana tapşırmaq lazımdı. Naşı adama etibar etmək olmaz. Şəhərə suyu yenə Qara Qayadan çəkərik, əvvəlki kimi.

...Memarlardan xahiş edərik çoxlu ev layihələri cızsınlar, seçim bol olsun. Evlər qəşəng olmalıdı, hər kəs öz zövqünə uyğun layihəni seçər. Hər kəsin evi memarlıq ənənələrinə uyğun tikilsin, burada özfəaliyyətə yer yoxdu. Amma evlərin hamısının damını dəmirdən vurdurarıq ki, bir rəngdə olsun. Yuxarıdan damlı Ağdama baxan Allahın da üzünü ağ edək!

...Çay Evini əvvəlki görkəmində tikərik. Çertyojları tapmasaq, Sadıq Murtuzayevdən alarıq, onda qalmış olar. Nə təhər idisə, elə də tikərik, ancaq əvvəlki yerində yox. Məsciddən bir az aralı.

...Məscidi yaxşı təmir edərik. Ustaları İstanbuldan, Səmərqənddən gətirərik. Məsciddə azanı yenə Hafiz oxuyar.

...Çörək Muzeyinə qaçqınlıq illərinin yadigarı olan çörəkləri eksponat kimi düzərik. Ərəblərin, almanların, türklərin göndərdiyi yardım unlarını qalın şüşə altında nümayiş etdirərik. Gələcək balalar, nəvələr, nəticələr elin dar gününü unutmasınlar...

...Xalça fabrikini ən son texnika ilə təchiz edib, Qarabağ gəbələrinin kütləvi istehsalına başlarıq. Abı xala, Xuraman, Bəhruz, Hüseynov Vaqif kimi “tovaroved”lərimizin təcrübəsi böyükdü. Adına “Qorpo” deyilən Ağdam Şəhər Pərakəndə Ticarət Birliyinin sədri olmuş Müseyib Məcidov yeni biznesmenləri toplayar başına, dünyanın dörd bir tərəfində erməni, İran xalıları deyə satılan gəbələrimizin adını qaytarmaq üçün ixracı sürətləndirərlər.

...“Konzavod”a strateji obyekt kimi baxmaq lazımdı. Qarabağ atının şöhrətini qaytarmalıyıq. Növbəti olimpiadaya öz atımızla gedərik. Neçə milyonasa kənardan at almaq ayıbdı. Bir azdan özümüz başlarıq ora-bura at satmağa. Minsk qrupu ölkələri prezidentlərinin hərəsinə bir at bağışlayarıq. Yazıqlar bu illər ərzində əldən-ayaqdan getdilər.

...“Natəvan” qızlar bayramını, “Xarı bülbül” festivalını bərpa etdirərik. Polad Bülbüloğluna deyərik gəlib təşkil eləsin. Ta Moskvada işlədiyi bəsdi. German da ona kömək eləyər.

...Dostlar turist firmaları açar. Gələn qonaqlara Şahbulaqda Koroğlu qalasını, Ağdamın kurqanlarını, Füzulidə Azıx mağarasını, Əsgəran qalasını, Vəngdə Qandzasar, Kəlbəcərdə Dastagir Alban kilsələrini, Şuşa qalası, Turşsu, Qırxqız yaylası, min-min bulaq, daha nə bilim nələri göstərərik. Dünyanın hər yerindən şəhərimizə turistlər axışar.

...Şuşa, Kəlbəcər, Gülablı sanatoriyalarında adam əlindən tərpənmək olmaz. Buraları ruhların dincələn, azad olan yerinə çevirərik.

 

lll

 

Sən də gələrsən!

Gözləyəcəm Səni! Bu yazılarımla sənə çox acılar yaşatdım!

Bir az dincələrsən...

Bilirsən, bura daha ruhlar şəhəri deyil. Burdakı ruhlar ilahi bir əfsunla öz bədənlərinə döndü. Xatırlayırsanmı, yazmışdım: “Yaxşı bax bu külə, çünki gələcəyin bu küldən yoğrulacaq...”. Allah onları yanmış ruhların külündən yoğurdu, ağızlarına nəfəs üfürdü...

Həyətimizdəki kötükdən pöhrələyən cavan tut ağacının yarpaqlarını daha kabus nəfəsi əsdirmir...

 

Oğlumdu, tut çırpır, şipşirin...

Yuxu kimi şirin tut...

 

 

Vahid QAZİ

 

525-ci qəzet.- 2010.- 28 may.- S.8.